Bizə yazın

Baku

-°C

USD

-

Prezident yeni Komissiya yaratdı- Şahin Mustafayev sədr seçildi 

Cəmiyyət 26 Oktyabr 2026, 12:58

665

Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb.

Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərsalma və tikinti sahəsində islahatların davam etdirilməsi məqsədilə qərara alıram:

1. Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə aşağıdakı tərkibdə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilsin.

3. Komissiya:

3.1. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı bütün mövcud prosedurlar və mərhələlər üzrə icra intizamının cari vəziyyəti, eləcə də hər mərhələdə icra müddətlərinə riayət olunması vəziyyətinə və gecikmə səbəblərinə dair təhlillər aparılmasını təmin etsin;

3.2. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin operativ həllini, prosedurlar və mərhələlər üzrə normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərə riayət olunmasını və icra intizamını, aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini təmin etsin;

3.3. aidiyyəti dövlət orqanlarından (qurumlarından) hesabatlar əldə etməklə, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələri ilə bağlı razılaşdırma və icazə prosedurları çərçivəsində həmin orqanlara (qurumlara) daxil olan müraciətlərə normativ hüquqi aktlarla müəyyən olunmuş müddətlərdə baxılmasına nəzarət etsin, habelə bu sahədə icra intizamının artırılması məqsədilə rəqəmsal həllərin, məlumat mübadiləsi mexanizmlərinin və qabaqcıl təcrübənin tətbiqi imkanlarını araşdırsın;

3.4. aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.4.1. tikinti layihələri ilə bağlı razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, habelə icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi;

3.4.2. tikinti sahəsində investisiyaların stimullaşdırılması məqsədilə özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə münasibətdə – beynəlxalq təcrübəyə uyğun qabaqcıl alətlər və təşviq mexanizmləri, o cümlədən rəqəmsal alətlər vasitəsilə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizm;

3.4.3. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, habelə qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi;

3.5. görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;

3.6. zərurət yarandığı hallarda digər dövlət orqanlarını (qurumlarını), habelə ekspertləri (mütəxəssisləri) Komissiyanın işinə cəlb etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tikintiyə icazələrlə əlaqədar müraciətlərə baxılması üzrə mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, bunun üçün zəruri olan məlumatların vahid məlumat bazasında toplanması, habelə qurumlararası məlumat mübadiləsi və informasiya ehtiyatları və sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Komissiyaya təqdim etsin.

6. Bu Sərəncamın 3.1-ci bəndinin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağacın kəsilməsində nöqsana yol verən əməkdaş işdən çıxarılıb

Bakının Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur. Təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, əraziyə ilkin baxış zamanı aşma təhlükəsi olan ağaclar müəyyən edilib.“Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik...

26 Oktyabr 2026, 15:34

Sabiq deputat Zahid Xəlili sərt tənqid etdi

"Ay camaat!Qaçın, qara toyuq sizi dişləyəcək…Bu və buna bənzər mənasız şeirlərin müəllifi Zahid Xəlil  Bakı Kitab Sərgisində 50 yazarın içindən səsvermədə  2- ci yeri tutub. Adam 40 ildən çoxdur ki,  uşaq zövqünü, uşaq estetikasını, uşaq düşüncəsini məhv etməklə məşğuldur.Başqalarını demirəm Qulu Ağsəsin bircə şeiri bunun bütün yaradıcılığına dəyər".CityPost.az  xəbər verir ki,bu sözləri fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib.QARA TOYUQSəhərdən cəh-cəh vurursan,Kefin sazdı, qara toyuq.Səsin necə işıqlıdıBəmbəyazdı, qara toyuq.Kolluqda da oxuyursan,Dərdin yoxdur, sərin yoxdur.Qəlbinin içi çöldədi,Deyən sənin sirrin yoxdu.Hökmün tutub yeri-göyü,Hardan aldın bu həvəsi.Sanki xəzinə tapmısanBir toya bəs edər səsin.Yox, yanıldım, qara toyuq.Xəzinə batırır səsi.Dövləti çox olanların,Yoxa çıxır zümzüməsi.Neylirsən dünya...

26 Oktyabr 2026, 15:32

Ordubadda ayı sakinlərə hücum etdi 

Ordubadda ayı kəndlilərə hücum edib.Citypost.az “Qafqazinfo” a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.Hadisənin rayonun Bist kəndi ərazisində baş verdiyi bildirilir.

26 Oktyabr 2026, 15:26

DİM Dövlət qulluğuna imtahan verəcək şəxslərə müraciət edib

İnzibati dövlət qulluğu vəzifələrinin A (AB,AC) və B (BA, BB) növü üzrə 5 noyabr 2026-cı il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.Citypost.az  xəbər verir ki, bu barədə DİM məlumat verib.Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. ...

26 Oktyabr 2026, 15:10

Qarabağ qazisi vəfat etdi 

Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib.Citypost.az  xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb.O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində dünyasını dəyişib.Mərhum bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq.

26 Oktyabr 2026, 15:00

Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib 

Azad olunan ərazilərdə 19-25 oktyabrda 42 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 526 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Hesabata əsasən, həmin müddət ərzində 997 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....

26 Oktyabr 2026, 14:45