Bizə yazın

Baku

-°C

USD

-

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib 

Hadisə 12 Dekabr 2025, 22:01

1264

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.

CityPost.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.

Müdafiəçi birinci vəsatətində cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə verən bütün şahidlərin və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kamo Hayrapetyanın, Muşeq Qriqoryanın və digər tədqiq olunan şahid ifadələrinin mötəbər sübut hesab edilməyərək, iş üzrə təqsirləndirilən R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən sübut siyahısından çıxarılması və təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olunmamasını, eləcə də yekun məhkəmə qərarı qəbul edilən zaman nəzərə alınmamasını xahiş edib.

E.Babışov ikinci vəsatətlə bağlı qeyd edib ki, məhkəmə istintaqı zamanı ittihamın əsasını təşkil edən bir sıra sübutlar tədqiq olunub, yüzlərlə zərərçəkmiş şəxs, habelə zərərçəkmiş şəxslərin hüquqi varisləri ifadə verib, prosesdə iştirakı müəyyən səbəblərdən mümkün olmayan şəxslərin ifadələri, digər aidiyyəti sənədlər elan edilib, bir çox şəxslərin aldığı xəsarətlər barədə faktlar açıqlanıb. Vəkil deyib ki, buna baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyinə görə, həmin şəxslərin verdiyi ifadələrin təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur.

Belə ki, zərərçəkmiş şəxslərin verdikləri ifadələrdən məlum olub ki, onların aldıqları xəsarətlər müxtəlif tarixləri əhatə edir. Həmin tarixlərin müəyyən hissəsi iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanın Ermənistan Respublikasının vətəndaşı olmadığı, yəni Rusiya Federasiyası vətəndaşı olaraq şəxsi biznesi ilə çalışdığı dövrlə üst-üstə düşür. Ona görə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkəmədə verdiyi ifadələrinin iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən yekun məhkəmə qərarı çıxarılarkən təqsirləndirilən şəxsə qarşı sübut olaraq istifadə edilməməsini xahiş edib.

Təqsirləndirilən şəxs vəsatətləri dəstəklədiyini bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, hər iki vəsatət eyniməzmunlu xarakter daşıyır. Təqsirləndirilən şəxs Ermənistan dövləti tərəfindən formalaşdırılmış, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı zamanı, həmçinin işğal dövründə çoxsaylı cinayətlər törətmiş cinayətkar birliyə daxil olaraq, ümumi cinayətkar niyyət və məqsədlərə uyğun fəaliyyət göstərib, zərərçəkən şəxs qismində ifadə verən şəxslər də həmin dövrdə yaralandıqlarına, öldürülmələrinə cəhd olunduğuna, eləcə də hüquqi varislərin ifadələrində göstərildiyi kimi, zərərçəkən şəxslərin öldürülmələrinə görə müvafiq ittihamlar verilib.

T.Məmmədova ikinci vəsatətlə bağlı çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar barədə xəbərdar olan şəxslərin ifadələri də şahid ifadəsi hesab olunur.

Dövlət ittihamçısı bildirib ki, bunlar müşavirə otağında qiymət veriləsi xüsusatlardır. "Odur ki, hazırkı mərhələdə vəsatətlərin baxılmamış saxlanmasını xahiş edirik", - deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, hər iki vəsatətdə göstərilən xüsusatlar yekun məhkəmə qərarı qəbul edilən zaman qiymət verilməli hallar olduğundan hazırda bu vəsatətlər baxılmamış saxlanılır.

Məhkəmə prosesi ittiham tərəfinin vəsatəti əsasında cinayət işi üzrə digər zəruri sənədlərin tədqiqi ilə davam etdirilib.

Tədqiq olunan sənədlərdə göstərilib ki, Xankəndi şəhərində yerləşən radioqəbuledici və radio veriliş mərkəzinə baxış zamanı tünd yaşıl rəngli 03-11 31PB qeydiyyat nişanlı hərbi təyinatlı avtomobil aşkarlanıb. Avtomobilin üzərində xüsusi radio avadanlıq və arxa hissəsində "Repellant-1" sisteminin quraşdırıldığı müəyyən edilib. Sistem pilotsuz uçan aparatların idarəetmə sisteminin siqnallarının 30-35 kilometr məsafədən susdurulması üçün nəzərdə tutulub. Avtomobilin içərisində monitor, idarəetmə sistemi, soyuducu sistem olub.

Eyni zamanda, Xocalı rayonunda yerləşən hərbi hissədə saxlanılan 7 ədəd müxtəlif ölçülü tünd yaşıl rəngli qablaşmada olan avadanlıqlara baxış zamanı avadanlığın "Polya-21" adlı radiomaneə stansiyası olduğu və həmin stansiyanın da təyyarələrin "GPS" sisteminə maneə yaratmaq üçün istifadə edilməsi müəyyənləşib.

Bundan başqa, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycanın hava məkanında peyk naviqasiyası siqnallarının maneəyə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə göndərilən 2021-ci il 27 sentyabr tarixli məktubda bildirilir ki, 2021-ci ilin iyul ayının əvvəllərindən ölkənin hava məkanında uçuşlar yerinə yetirən müxtəlif aviaşirkətlərin hava gəmiləri ekipajlarından qlobal peyk naviqasiya sisteminin (GNSS) siqnallarının qeyri-sabit işi, o cümlədən bu siqnalların söndürülməsi və təhrif edilməsi halları göstərilməklə çoxsaylı şikayətlər daxil olur.

Qeyd olunan dövrdə müxtəlif hava dəhlizləri üzrə uçuşlarda, həmçinin müəyyən edilmiş qalxma, gəliş və hava limanlarına enmə uçuş prosedurları zamanı ən azı 42 şikayət qeydə alınıb. Azərbaycanın hava məkanında qlobal peyk naviqasiyasının işinin sabitliyinin itirilməsi hava gəmilərinin uçuşlarının təhlükəsizliyi üçün ciddi təhdid törədir. Belə ki, bu hava gəmilərinin əksəriyyətində uçuş trayektoriyasına əsas nəzarət vasitəsi GNSS siqnallarını qəbul edən avadanlıqdır. Peyk siqnalının olmaması və ya dəqiqliyinin təhrif edilməsi ciddi nəticələrə gətirib çıxara bilər.

Həmçinin havadan kəşfiyyat aparılaraq Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələrinə məxsus radiomaneə vasitələrinin yerləri (koordinatları) pilotsuz uçuş aparatları vasitəsilə çəkiliş aparılaraq fotogörüntüləri aşkarlanıb.

Bundan sonra təqsirləndirilən şəxs R.Vardanyan bir sıra sənədlərin cinayət işinə əlavə olunmasını məhkəmədən xahiş edib.

Müdafiəçi təqsirləndirilən şəxsin vəsatətini müdafiə edib.

Dövlət ittihamçıları etiraz etməyiblər.

Məhkəmə qərara alıb ki, təqdim olunan sənəd rus dilində olduğu üçün Azərbaycan dilinə tərcümə edilərək cinayət işi materiallarına əlavə olunsun.

Təqsirləndirilən şəxs R.Vardanyan daha sonra cinayət işi üzrə 1-15-ci cildləri nəzərdən keçirmək istədiyini, onun saxlanılması ilə əlaqədar həmin cildlərdə adı keçən şahidlərin məhkəməyə dəvət olunmasını xahiş edib.

Vəkil E.Babışov vəsatətlərin təmin olunmasına etiraz etməyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, əgər vəsatət cinayət işi üzrə hansısa materialları əldə etməklə bağlıdırsa, etiraz yoxdur. Şahidlərin dindirilməsinə gəldikdə, sənədlər tədqiq olunanda təqsirləndirilən şəxs indiyədək sənədlərin heç birinə nə münasibət bildirib, nə etiraz edib, aşkar olunan sənədlərin ona məxsus olub-olmadığı ilə bağlı fikir söyləməyib. Protokolda olan hansısa məlumatın səhv olduğunu bildirməyib.

"Hazırkı mərhələdə həmin protokolda qeyd olunan məlumatların nə üçün mübahisəli, şübhəli olduğu görünmür. Hesab edirik ki, ortada bir ziddiyyət yoxdur, mübahisə yoxdur. Ona görə vəsatətin təmin olunmamasını xahiş edirik", - deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, təqsirləndirilən şəxsin cinayət işinin müvafiq cildləri ilə tanış olmağa dair vəsatəti təmin edilir, şahidlərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətə isə sonra baxılacaq.

Ardınca R.Vardanyan cinayət işi ilə bağlı audio-video materialları nəzərdən keçirməyə imkan yaradılmasını da istəyib.

Məhkəməyə sədrlik edən qeyd edib ki, hansı audio-video materiallar lazımdırsa, siyahısı təqdim olunsun və ona bu şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Axtarışda olan 111 nəfər saxlanılıb - DİN 

Fevralın 6-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Belə ki, axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb....

07 Fevral 2026, 20:17

Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb 

Türkiyənin Ağrı vilayətinin Pantos rayonununda sərnişin avtobusu aşıb."Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər xəsarət alıb.Əraziyə yanğınsöndürən və polis əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

07 Fevral 2026, 13:42

Prokurorun sürücü barədə təqdimatı rədd edildi  

Aynur Rzayevanın ölümünə səbəb olan sürücü ev dustaqlığında qaldı. CityPost.az xəbər verir  ki,Səbail rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Sumqayıt-Pirşağı avtomobil yolunda hakim Aynur Rzayevanın ölümü ilə nəticələnən qəzanı törətməkdə suçlu bilinə Nuran Abdurrahmanovun haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata dair keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən təqdimat təmin edilməyib. Məhkəmə təqsirləndirilən N.Abdurrahmanovun ev dustaqlığı qətimkan tədbirinin tələblərinə əməl etməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, onun haqqında olan ev dustaqlığı barədə qərarı qüvvədə saxlayıb. Xatırladaq ki, avtoqəza hadisəsi 22 dekabr 2025-ci il tarixdə Sumqayıt-Pirşağı avtomobil yolunda baş verib. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın avtomobili hərəkətdə olarkən...

06 Fevral 2026, 16:04

“Göyərti” yükündə gizlədilən 52 kiloqram marixuana TAPILDI

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Məlumata görə, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib....

06 Fevral 2026, 11:52

Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində... 

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi güllələyib.CityPost.az   "Unikal"-a istinadla xəbər verir ki müəllimi güllələyən uşağın atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.Hazırda isə işsiz olduğu bildirilir.

06 Fevral 2026, 11:30

Bakıda liseydə şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlanıb 

Bakıda "İdrak" liseyində müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya...

06 Fevral 2026, 11:24