Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Azərbaycan sülh və əməkdaşlığın mərkəzi aktoruna çevrilib

Siyasət 05 May 2026, 13:47

3404

Avropa qitəsində təhlükəsizliyin, sabitliyin və rifahın gücləndirilməsi məqsədilə yaradılan “Avropa Siyasi Birliyi” Avropa İttifaqı üzvləri ilə yanaşı, qitənin digər ölkələrini də bərabərhüquqlu tərəfdaş kimi bir araya gətirir. Azərbaycanın bu Birliyin Zirvə toplantılarında iştirakı, günün aktual məsələləri ilə bağlı mövqeyinə verilən önəm ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, eyni zamanda, Avropa ilə əməkdaşlığının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını şərtləndirən mühüm amillərdən biri təbii ki, enerjidir. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafından bəhs edərkən “Tərəfdaşlıq prioritetləri” sənədinin ardınca 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etməliyik. Azərbaycanın enerji və nəqliyyat imkanları onun Avropa İttifaqı üçün önəmini artırır. Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır. Azərbaycan və Avropa İttifaqı rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar münasibətlərin inkişafına mühüm töhfələr verir. Hazırda Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir. Ötən il qurumun Tirana və Kopenhagendə keçirilmiş Zirvə görüşlərində ölkəmizin uğurla təmsil olunması, dövlətimizin başçısı İlham Əliyevin hər iki toplantı çərçivəsində keçirdiyi görüşlər münasibətlərə yeni dinamizm gətirib. Dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışları ilə diqqətdə olan ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına, yeni körpülərin qurulmasına çağırışlar edərək birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə, əlaqələrin coğrafiyasının genişləndirilməsinə səy göstərir.

Citypost.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Vətən müharibəsində şanlı Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərində yeni səhifə açmaq, bölgədə dayanıqlı sülhü təmin etmək üçün qarşı tərəfə sülh təklifini etdi. Hər zaman bu məqam da xüsusi vurğulanır ki, Azərbaycan tərəfinin sülh təklifi heç də 30 illik işğal, 44 günlük Vətən müharibəsi dövrünün reallıqlarını, faciələrimizi, torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin unudulması anlamına gələ bilməz. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh razılaşmasının əldə edilməsi zəruri idi. Azərbaycan humanist siyasətinə söykənərək Ermənistana sülh təklifini etməklə bir daha sülhsevər ölkə olduğunu nümayiş etdirdi. Azərbaycanın beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifinə beynəlxalq dəstək bu məqsədlə müxtəlif məkanlarda və tərkiblərdə keçirilən görüşlərdə özünün aydın ifadəsini tapdı. Azərbaycan addım-addım tarixi sülh razılaşmasının əldə edilməsinə doğru irəlilədi. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı əldə olunan tarixi sülh razılaşması artıq bölgəyə sülh gətirib.

Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha Azərbaycanın sülh təcrübəsinin, Avropa İttifaqı və üzv dövlətlərlə əlaqələrinin, həmçinin bəzi Avropa təsisatlarının ikili standartlara əsaslanan siyasətlərinə dövlətimizin münasibətinin təqdimatı oldu. Çıxış, həmçinin Azərbaycanın strateji baxışının, sülhə sadiqliyinin və beynəlxalq ədalət prinsiplərinə əsaslanan siyasətinin bir daha dünyaya nümayişi kimi dəyərləndirilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan və bunu konkret addımları ilə təsdiqləyən Azərbaycan “Avropa Siyasi Birliyi” platformasından da dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığlı problemləri bəyan etdi. Prezident İlham Əliyevin hər zaman çağırışlarında bu reallıq xüsusi qeyd edilir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, işğal dövründə Azərbaycan üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Azərbaycanın işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə İkinci Qarabağ müharibəsi zamanı məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağı beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyi nadir bir təcrübədir. Dövlət başçısı İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında da bu məqamlara xüsusi diqqət yönəltdi. “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub” söyləyən cənab İlham Əliyev bildirdi ki, sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını - benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyətin bağlantılar olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etdi.

Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təşəkkürünü bildirdi və qeyd etdi ki, onun Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı Zirvə görüşündə iştirakı müzakirə edilərək tədbirə videobağlantı formatında qoşulacağına razılıq əldə edildi. Bu xatırlatmanı da etdi ki, bir il öncə Tiranaya səfəri zamanı Prezident Antonio Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına fikrini soruşublar. Prezident İlham Əliyev bu ideyaya dəstəyini ifadə edib. Dövlətimizin başçısı, həmçinin tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış edib. Təklif qəbul olunub. “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edən dövlətimizin başçısı Ermənistanın namizədliyimizi dəstəkləməsini iki ölkə arasında sülhün real olmasının aydın göstəricisi kimi dəyərləndirdi.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışları özündə ehtiva edir. Belə ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı inkişaf səviyyəsindən bəhs edən Prezident İlham Əliyev çıxışında bütün Avropa təsisatlarının eyni yanaşmanı sərgiləmədiyini də bildirdi. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməyib. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özü icra etdi. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Avropa Parlamentinə gəldikdə isə bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsindən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev beş il ərzində 14 qətnamənin qəbulunu aludəçilik kimi dəyərləndirdi.Sonuncu qətnamə bu günlərdə- Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Prezident İlham Əliyev Azərbaycan parlamentinin qəbul edilən bu qərarla bağlı səhv informasiya və manipulyasiya olmaması üçün həmkarlarını baş verənlər barədə məlumatlandırmaq istədiyini vurğuladı.

Millət vəkili qeyd edib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, real faktları və tarixi həqiqətləri özündə əks etdirən təbliğatı ölkəmizə qarşı bütün əsassız cəhdlərin qarşısını qətiyyətlə alır. Azərbaycan hər zaman olduğu kimi, bu gün də təhlükəsizliyin, sülhün, əməkdaşlığın, sabitliyin tərəfdarı olaraq bütün məsələlərin ədalət və beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasına səy göstərir. Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hicab müzakirələrinin arxasında hansı məqsəd dayanır? – Deputatdan AÇIQLAMA

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı deyil, həm də...

12 Oktyabr 2026, 16:06

Azərbaycanla Kamboca arasında üç sənəd mübadilə olunub 

Azərbaycanla Kamboca arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.Citypost.az xəbər verir ki, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər."Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov...

12 Oktyabr 2026, 12:48

“Paşinyan sülh adı ilə Ermənistanı gücləndirir” – Şəhla Cabbarlıdan SƏRT AÇIQLAMA

Araşdırmaçı-jurnalist, ictimai fəal Şəhla Cabbarlı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti, Ermənistanın xarici əlaqələri və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş. Cabbarlının sözlərinə görə, Paşinyanın əsas məqsədi sülh adı altında Ermənistanı təhlükəsiz bölgəyə çevirmək, ABŞ və Avropa şirkətlərini ölkəyə cəlb etmək, iqtisadi böhrandan çıxmaq və Ermənistanı Cənubi Qafqazın ən etibarlı dövlətinə çevirməkdir.Araşdırmaçı-jurnalistin fikrincə, Ermənistan rəhbərliyinin məqsədlərindən biri də Qərbə açılan nəqliyyat yolunun Ermənistan ərazisindən keçməsinə nail olmaq, bununla da Gürcüstanı və İranın Arazboyu bölgəsini arxa plana keçirməkdir.Şəhla Cabbarlı Ermənistanın müdafiə sahəsində siyasətinə də toxunaraq ölkənin Qərbdən və Hindistandan silah aldığını, müdafiə imkanlarını gücləndirdiyini qeyd edib.O, sosial...

12 Oktyabr 2026, 09:39

Kənan Rövşənoğlu: “Dövlət vətəndaşlarının ona olan inamı qədər güclüdür”

Jurnalist Kənan Rövşənoğlu ölkədə baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. O, kütləvi təbliğatın cəmiyyətə təsirindən və totalitar düşüncənin hələ də güclü olmasından məyus olduğunu bildirsə də, ümidini itirmədiyini vurğulayıb.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Kənan Rövşənoğlu qeyd edib ki, tanıyanlar onun hər zaman, hər mövzuda ağlın, məntiqin və sağlam düşüncənin üstün gələcəyinə inandığını bilirlər.“Neçə gündür müxtəlif təbəqələrdən insanlarla ünsiyyətdə oluram, insanlar maraqlanır, bu gedişatın hara gedəcəyini soruşur. Hələ də ümid edirəm, dövlətin hansısa yerlərində oturan vətənpərvər, müdrik insanların ağılsəlim, müdrik qərar verəcəyinə ümidimi itirməmişəm, sabah və ya qarşıdakı günlərdə bu mənasız, məntiqsiz, ölkəni, xalqı məyus edəcək...

12 Oktyabr 2026, 09:28

Elçin Rüstəmli: Trampın siyasəti Ukraynaya xəyanətdir

Siyasi şərhçi Elçin Rüstəmli ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasətini və Ukraynada prezidentin dəyişdirilməsi barədə səsləndirdiyi fikirləri tənqid edib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli bildirib ki, Tramp əvvəlcə Rusiyaya qarşı sanksiyaları dayandıraraq dizel sövdələşməsinə gedib, bu gün isə Ukraynada prezidentin dəyişməli olduğunu deyir.“Dünən Rusiyaya sanksiyaları dayandırıb dizel sövdələşməsinə getdi. Bu gün də deyir, Ukraynada prezident dəyişməlidir. Deyiləsi söz yoxdur artıq...Şübhəsiz ki, almanlar Hitlerdən utanc keçirdikləri kimi, amerikalılar da uzun illər Trampa görə bəşəriyyət qarşısında özlərini günahkar biləcəklər.Təkcə Ukraynaya xəyanət etdiyinə görə yox, bəşəri dəyərlərə vurduğu ağır zərbələrə görə...” – deyə siyasi şərhçi yazıb.Əli...

12 Oktyabr 2026, 09:23

“Energetika barışığı” Ukraynanın planlarını dəyişə bilər – Ədalət Verdiyevdən ŞƏRH

ABŞ Prezidenti Donald Trampın oktyabrın 11-də Ukrayna və Rusiya arasında energetika infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan “energetika barışığı” elan etməsi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, əgər bu razılaşma ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kəskin yumşaldılmasını nəzərdə tutarsa, bu, Ukraynanın maraqlarına tam uyğun gəlməyəcək.Ədalət Verdiyevin sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Rusiyanın hərbi hədəflərindən əlavə, data mərkəzlərinə, rabitə qovşaqlarına və istilik sistemlərinə daha çox zərbələr endirəcək.Turan...

12 Oktyabr 2026, 09:17