Bizə yazın

Baku

-°C

USD

-

Sədrin müşavirindən AÇIQLAMA: Hicab məsələsinə gəldikdə isə... 

Cəmiyyət 12 Oktyabr 2026, 09:28

2197

HİCAB, DÜNYƏVİLİK VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ  MƏSƏLƏSİ

Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Məsələ ətrafında yaranan geniş müzakirələri nəzərə alaraq demək istəyirəm ki,  güclü dövlətlərin gücü insanların nə geyinməsində deyil, hansı düşüncəyə, hansı mənəvi dəyərlərə və hansı dövlətçilik şüuruna sahib olmasındadır.

Bununla yanaşı Azərbaycan cəmiyyəti indiki həssas dönəmdə hər hansı bir məsələyə münasibətini müəyyənləşdirərkən təkcə hadisənin zahiri tərəfinə deyil, onun arxasında dayanan ictimai, siyasi və mənəvi məzmuna da diqqət yetirməlidir. Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan müzakirələr də belə məsələlərdəndir. İlk baxışda görünən odur ki, söhbət şagirdlərin geyimindən gedir. Əslində isə bu müzakirənin mərkəzində təhsilin mahiyyəti, dövlətin dünyəvi xarakteri, milli kimlik, dini düşüncə və gələcək nəslin hansı mənəvi-siyasi mühitdə yetişməsi dayanır.

CityPost.az  mövzunu  AYB sədrinin müşaviri,yazıçı-publisist  Sayman Aruzla müzakirə edib.

O,bildirib ki,məktəbdə vahid qaydaların olması özü-özlüyündə ictimai intizamın bir hissəsidir. Məktəb yalnız fərdi seçimlərin deyil, ümumi məsuliyyətin də öyrədildiyi yerdir.

"Mən hesab edirəm ki, bu məsələyə münasibət bildirərkən emosiyaların, dini həssaslıqların və siyasi şüarların fövqünə qalxmaq, Azərbaycan dövlətçiliyinin maraqlarını əsas götürən aydın və ziyalı mövqeyi ortaya qoymaq lazımdır.

Əvvəlcə bir həqiqəti qəbul etməliyik. O da budur ki, Azərbaycan dünyəvi dəyərlər əsasında formalaşan və idarə olan dövlətdir. Bu, nə təsadüfi tarixi seçimdir, nə də hansısa müvəqqəti siyasi zərurətin nəticəsidir. Dünyəvilik müasir Azərbaycan dövlətinin hüquqi əsaslarından, idarəçilik prinsiplərindən və müstəqil inkişaf modelindən biridir. Bu prinsipin qorunması hər bir vətəndaşın dini inancına hörmətlə yanaşı, ümumi dövlət qaydalarının hamı üçün eyni dərəcədə qüvvədə olmasını tələb edir.

Anlamaq lazımdır ki, dünyəvilik din düşmənçiliyi demək deyil. Təəssüf ki, dünyəvilik anlayışı bəzən məqsədli şəkildə yanlış təqdim edilir. Elə təsəvvür yaradılır ki, dünyəvi dövlət dini dəyərləri qəbul etmir, dinə inanan insanlarla qarşıdurma aparır və ya cəmiyyətin mənəvi əsaslarını zəiflətməyə çalışır. Halbuki dünyəviliklə dinsizlik eyni anlayışlar deyil.

Dövlətin dünyəvi olması o deməkdir ki, dövlət idarəçiliyi hər hansı dini cərəyanın, məzhəbin və ya dini ideologiyanın müstəsna nəzarətində deyil. Dövlət bütün vətəndaşların dövlətidir. Onun qanunları yalnız bir dini dünyagörüşünə sahib olanlar üçün deyil, müxtəlif inanclara malik bütün insanlar üçün qüvvədədir.

Azərbaycan Konstitusiyasının məntiqi də budur: din dövlətdən ayrıdır, dini etiqadlar qanun qarşısında bərabərdir, təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Burada ziddiyyət axtarmağa ehtiyac yoxdur. Əksinə, dövlətin dünyəviliyi dini müxtəlifliyin və vicdan azadlığının hüquqi təminatlarından biridir.

Azərbaycan vətəndaşı müsəlman da ola bilər, xristian da, yəhudi də, başqa bir dinin daşıyıcısı da. O, dindar ola bilər və ya dini inancı olmaya bilər. Bunların heç biri insanın vətəndaşlıq hüquqlarını dəyişdirmir. Dövlətin vəzifəsi insanların hansı inanca sahib olduğunu müəyyənləşdirmək deyil, onların hüquqlarını qorumaq və qanunun hamıya bərabər tətbiqini təmin etməkdir.

Azərbaycanın multikultural mühiti də məhz bu düşüncə üzərində möhkəmlənmişdir. Lakin multikulturalizm hər kəsin öz istədiyi qaydanı bütün cəmiyyətə qəbul etdirməsi demək deyil. Müxtəliflik ümumi dövlətçilik çərçivəsində mövcud və mına olunur. İnsan öz inancını qoruyarkən başqasının hüquqlarını da tanımalı, öz mədəniyyətini yaşadarkən ortaq qanunlara hörmət etməlidir. Dövlətin gücü də bu tarazlığı qorumaq qabiliyyətindədir.

Hicab məsələsinə gəldikdə isə, məncə, ilk növbədə bir anlayışı aydınlaşdırmaq lazımdır. O da budur ki, hicabın mənəvi məzmunu ilə onun zahiri geyim forması eyni şey deyil.

İnsan tarix boyu geyimə müxtəlif mənalar verib. Geyim bəzən mədəni mənsubiyyətin, bəzən sosial vəziyyətin, bəzən dini inancın, bəzən də şəxsi seçimin ifadəsi olub. Ancaq insanın mənəvi dünyasını yalnız geyiminə əsasən müəyyənləşdirmək mümkün deyil.

Hicab Ərəb-İslam ənənəsində örtünmə ilə bağlı dini anlayışdır. Onun mənəvi izahında həya, iffət, abır, ləyaqət və özünü mənəvi baxımdan qorumaq kimi dəyərlər mühüm yer tutur. Azərbaycan xalqının da tarixən yüksək qiymətləndirdiyi mənəvi keyfiyyətlər məhz bunlardır. Lakin həyanı yalnız bir geyim formasına bağlamaq doğru olmazdı. Həya insanın danışığında, davranışında, başqasına münasibətində, vicdanında və əxlaqında təzahür edir. İnsan başını örtməklə mənəviyyatını nümayiş etdirdiyini düşünə bilər, amma mənəviyyatın həqiqi ölçüsü onun bütün davranışlarında görünür. Eyni zamanda başını örtməyən insanın da yüksək əxlaqa, dərin mənəviyyata və güclü vicdana sahib olması mümkündür.

Bu baxımdan hicabın mahiyyətini müzakirə edərkən nə dini inancı kiçiltmək, nə də zahiri geyimi insanın mənəvi üstünlüyünün mütləq sübutu kimi təqdim etmək lazımdır.

Quranda örtünmə ilə bağlı göstərişlərin mövcudluğu dini müzakirənin yalnızca bir tərəfidir. Həmin göstərişlərin konkret geyim formasında necə təcəssüm etməsi isə dini təfsir və mədəni ənənələrlə də əlaqəlidir. Müsəlman cəmiyyətlərində örtünmə formalarının müxtəlifliyi də bunu göstərir.

Buna görə hicabı yalnız ərəb mədəniyyətinin bir elementi kimi təqdim etmək də, müəyyən ərəb geyim formasını İslamın yeganə mümkün zahiri ifadəsi saymaq da düzgün yanaşma deyil. Dini inancın mənəvi mahiyyəti ilə ayrı-ayrı xalqların geyim ənənələrini fərqləndirmək lazımdır.

Azərbaycanın özünəməxsus milli-mənəvi dünyası, qadınlıq anlayışı, ailə tərbiyəsi, ədəb və həya ənənəsi var. Bu dəyərlərimizi qorumaq üçün başqa mədəniyyətləri düşmən elan etməyə də ehtiyac yoxdur. Eyni zamanda hər hansı xarici mədəniyyət formasını milli kimliyimizin ayrılmaz şərti kimi qəbul etməyə də məcbur deyilik.

Əsl milli özünüdərk insanın nəyi, nə üçün qəbul etdiyini bilməsidir. Ona görə də bu qərara etiraz etmək istəyən olsa da belə ehtiyatlı olmalıdır ki, hicabı bəhanə və bəzən də alət edərək Azərbaycanda qarşıdurma yaratmaq istəyən yad qruplaşmaların oyununa gəlməsin.  

Yenə də anlamaq lazımdır ki, məktəb ailənin deyil, bütöv bir cəmiyyətin gələcəyini yetişdirir. Məktəbli forması ilə bağlı məsələnin əsl mahiyyətinə də buradan yanaşmaq lazımdır. Məktəbə uşağın yalnız bilik aldığı yer kimi bazmaq doğru olmaz. Ora, uşağın cəmiyyətə daxil olduğu, müxtəlif insanlarla ünsiyyət qurmağı öyrəndiyi, fərqliliklərə münasibətini formalaşdırdığı və gələcək vətəndaş kimi yetişdiyi əsas ictimai mühitdir.

Hər bir ailənin öz dünyagörüşü, tərbiyə üsulu, dini və mədəni ənənələri ola bilər. Bir ailə övladını daha dini mühitdə böyüdə bilər, başqa bir ailə isə dünyəvi həyat tərzinə üstünlük verə bilər. Bu müxtəliflik cəmiyyətin təbii xüsusiyyətidir.

Ancaq həmin uşaqlar məktəbə gəldikdə onların hamısını birləşdirən ortaq qaydalar olmalıdır. Çünki məktəbin vəzifəsi ayrı-ayrı ailələrin dünyagörüşlərini bir-biri ilə qarşılaşdırmaq deyil, uşaqlara ümumi bilik, vətəndaşlıq şüuru və sosial məsuliyyət qazandırmaqdır.

Vahid məktəbli formasının məntiqi də burada axtarılmalıdır.

Mən bu qərarın əsas ideyasını müdafiə etməyin mümkün və əsaslı olduğunu düşünürəm. Məktəbdə vahid geyim standartının olması şagirdlərin xarici görünüşünü müəyyən çərçivəyə salır, geyim üzərindən sosial fərqlərin nümayişini müəyyən dərəcədə azaldır və ümumi təhsil mühitinin formalaşmasına xidmət edə bilər.

Əlbəttə, vahid forma bütün sosial bərabərsizlikləri aradan qaldırmır. Ancaq məktəbdə vahid qaydaların olması özü-özlüyündə ictimai intizamın bir hissəsidir. Məktəb yalnız fərdi seçimlərin deyil, ümumi məsuliyyətin də öyrədildiyi yerdir.

Burada bir mühüm məsələni unutmayaq. Vahid forma tələb etmək uşaqları eyni düşüncəyə məcbur etmək demək deyil. Əksinə, məktəb şagirdlərin fərqli düşüncələrini qoruyaraq onları ortaq təhsil qaydaları daxilində birləşdirməlidir.

Məktəbin əsas vəzifəsi uşağın necə göründüyünü deyil, necə düşündüyünü, nə öyrəndiyini, hansı bilik və bacarıqlara yiyələndiyini müəyyənləşdirməkdir.

Ona görə də məktəblilərin vahid geyim forması Azərbaycan kimi modern dövlətin dünyəvi təhsil prinsipinin göstəricisidir. Azərbaycanın təhsil sisteminin dünyəvi xarakter daşıması dövlətin qanunla müəyyən edilmiş prinsipidir. Buna görə məktəblərdə geyim qaydalarının müəyyənləşdirilməsi məsələsi də təhsilin ümumi təşkilinin bir hissəsi kimi müzakirə oluna bilər.

Lakin burada hüquqi dəqiqlik vacibdir. Vahid geyim qaydasının mövcudluğu ilə hər hansı dini geyimin bütün hallarda qadağan olunması eyni hüquqi məna daşımır. Qaydanın necə yazılması, necə tətbiq edilməsi və hansı nəticələr doğurması əhəmiyyətlidir.

Mən vahid məktəbli formasının tətbiqini müdafiə edərkən məsələnin bu tərəfinin də diqqətdən kənarda qalmasını istəməzdim. Çünki dövlətçilik mövqeyi yalnız qərarın müdafiəsindən ibarət deyil. Dövlətin qəbul etdiyi qərarların hüquqi əsaslarının aydın olması da dövlətçiliyin mühüm hissəsidir.

Əgər dövlət məktəbdə vahid geyim qaydası müəyyənləşdirirsə, həmin qaydanın məqsədi, tətbiq dairəsi və icra mexanizmi aydın olmalıdır. Qeyri-müəyyənlik nə məktəb rəhbərliyinə, nə müəllimə, nə valideynə, nə də şagirdə fayda verir.

Dövlətin hüquqi gücü qaydaların sərt səslənməsində deyil, onların əsaslandırılmış və ardıcıl tətbiqindədir.

Bununla yanaşı, dini inancın özünü təhsilə qarşı qoymaq da düzgün deyil. Dini inancı olan şagird avtomatik olaraq dünyəvi təhsilə qarşı çıxan şagird hesab edilə bilməz. Eyni qaydada, vahid geyim qaydasını müdafiə edən insan da dinə qarşı çıxmış sayılmamalıdır. Mən inanıram və əminəm ki, Azərbaycanda bu qayda və qanunların tətbiqində qeyd etdiyim vacib məqamlar nəzərə alınır və alınacaqdır. 

Vətəndaşlar da bilməlidilər ki, dövlətin istəyi insanları düşüncə və inanc olaraq bir-birinə qarşı qoymaq deyil, məktəbin ümumi qaydalarını hüquqa uyğun şəkildə müəyyənləşdirməkdir.

Mövzunun başqa bir tərəfi də var. Azərbaycan müstəqil dövlət olaraq öz təhsil sistemini, milli-mənəvi mühitini və gələcək nəslin dünyagörüşünü qorumaq hüququna malikdir.

Heç bir dövlət istəməz ki, onun məktəbləri kənar siyasi və ideoloji mərkəzlərin təsir meydanına çevrilsin. Bu prinsip yalnız dini təşkilatlara aid deyil. İstənilən xarici siyasi, ideoloji və ya digər təsir mərkəzinin milli təhsil sisteminə müdaxiləsi məsələsi ciddi diqqət tələb edir.

Burada məqsəd dini inancın özünü təhlükə kimi təqdim etmək olmamalıdır. Təhlükə ilə inancı, dini təhsil ilə ideoloji asılılığı, şəxsi seçimi ilə başqalarına təzyiq göstərməyi bir-birindən ayırmaq lazımdır.

Azərbaycan vətəndaşının dini inanclarını yaşatması onun xarici təsirin daşıyıcısı olması demək deyil. Lakin hər hansı qrup dini həssaslıqlardan istifadə edərək uşaqlara, ailələrə və məktəblərə öz iradəsini qəbul etdirməyə çalışırsa, bu məsələ ictimai və hüquqi baxımdan qiymətləndirilməlidir.

Mənim qənaətimcə, dövlətin təhsil siyasətində milli maraqları qorumaq, məktəbin müstəqilliyini təmin etmək və uşaqların dünyagörüşünün birtərəfli ideoloji təsir altında formalaşmasının qarşısını almaq həm legitim həm də vacib məqsəddir.

Ancaq konkret xarici dairələrin bu kimi qərara qarşı fəaliyyət göstərdiyini də diqqət və həssalıqla nəzartədə saxlamaq lazımdır. Onsuz da yaxın və uzaq sərhədlərimizdə müstəqilliyimizə göz dikən, xalqımızın rifahı və təhlükəsiz həyatına qıcıqla yanaşan mənfur və dar düşüncəli düşmənlərimiz az deyil. Xalq oyaq olmalıdır ki, özü də bilmədən düşmın dəyirmanına su tökülməsin.

Azərbaycanın ideoloji müstəqilliyi yalnız qadağalarla qorunmur. O, güclü təhsil, milli tarixə dərindən bələdlik, elmi düşüncə, vətəndaş məsuliyyəti və öz dövlətinə şüurlu bağlılıqla möhkəmlənir.

Azərbaycanda milli kimlik bir geyimdən ibarət deyil. Bəzən milli-mənəvi dəyərlər haqqında danışarkən məsələni zahiri əlamətlərə qədər daraldırıq. Halbuki milli kimlik daha dərin anlayışdır.

Azərbaycanlı olmaq Azərbaycan dilində düşünmək, bu xalqın tarixini bilmək, onun ağrılarını və qələbələrini anlamaq, ədəbiyyatına, mədəniyyətinə, musiqisinə, dövlətçilik ənənələrinə sahib çıxmaqdır. Azərbaycanlı olmaq, eyni zamanda, bu torpaqda yaşayan başqa insanların da hüquqlarına hörmət etməkdir.

Milli və hətta insani kimlik insanın geyimində müəyyən dərəcədə ifadə oluna bilər, amma onunla məhdudlaşmır.

Bir insanın baş örtüyü taxması onu avtomatik olaraq daha milli etmir. Başqa bir insanın başını örtməməsi də onu milli-mənəvi dəyərlərdən uzaqlaşdırmır. Əsas məsələ insanın özünü hansı mənəvi və vətəndaşlıq dəyərləri ilə formalaşdırmasıdır.

Azərbaycanın tarixində milli kimliyi qorumaq üçün mübarizə aparan insanların həyatına nəzər saldıqda görürük ki, bu mübarizənin əsasında yalnız zahiri görünüş deyil, onunla yanaşı dil, düşüncə, azadlıq, maarifçilik və milli iradə kimi əhəmiyyətli məsələlır dayanıb.

Bu gün də milli kimliyi qorumağın yolu uşaqlarımıza öz tarixini öyrətməkdən, onların ana dilinə sevgisini gücləndirməkdən, müstəqil düşünməyi bacaran vətəndaşlar yetişdirməkdən keçir. Məktəbin üzərinə düşən ən böyük vəzifə də budur.

Vətəndaşlarımız bir məsələni də bilməlidilər ki, dövlətin hansısa qərarına münasibət bildirərkən  emosiyalar yox, milli və ictimak məsuliyyət əsas götürülməlidir.  

Həssas ictimai məsələlərdə dövlətin qəbul etdiyi qərarları müdafiə etmək təbii siyasi mövqedir. Ancaq dövlət qərarına dəstək vermək düşünməkdən imtina etmək də demək deyil. Əksinə, ziyalı mövqeyi qərarın arxasında dayanan məqsədi anlamağı, onun ictimai əhəmiyyətini qiymətləndirməyi və tətbiqinin hüquqi baxımdan düzgün olmasına diqqət yetirməyi tələb edir.

Mən vahid məktəbli forması məsələsinə dini qarşıdurma kimi baxılmasının tam əleyhinəyəm. Bu məsələni dinlə dövlət arasında müharibə təsiri yaradan bir müzakirəyə çevirmək cəmiyyətə fayda gətirməz.  Azərbaycan dövləti heç kimin dini inancını müəyyənləşdirməyə və ya xud dəyişməyə çalışmır. Eyni zamanda, heç bir dini qrup da dövlətin təhsil siyasətini öz dini baxışlarına uyğun formalaşdırmaq hüququna malik olduğunu düşünməməlidir. Bu iki prinsip bir-birini tamamlayır. Dövlətin qərarını müdafiə edənlər də, həmin qərara etiraz edənlər də ümumi hüquqi çərçivə daxilində danışmalıdırlar. Əgər hər hansı siyasi qüvvə bu məsələni Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışırsa ona əsaslandırılmış faktlarla lazımı şəkildə cavab verilməlidir.

Azərbaycanın dövlətçilik maraqları cəmiyyətin süni qarşıdurmalara sürüklənməməsini, dini məsələlərin siyasi manipulyasiya vasitəsinə çevrilməməsini və məktəbin öz əsas missiyasını yerinə yetirməsini tələb edir.

Dövlətin nüfuzu da məhz bu cür möhkəmlənir. 

Qanunların aydınlığı, idarəçiliyin ardıcıllığı, hüquqların qorunması və cəmiyyətin dövlətə olan etimadı dıvlətin əsas silahlarıdır.

Mənim üçün bu müzakirənin əsas sualı hicabın olub-olmamasından daha genişdir. Biz məktəbdə hansı vətəndaşı yetişdirmək istəyirik?

Öz ölkəsinin tarixini bilməyən, milli kimliyini anlamayan, dünyada baş verənləri təhlil edə bilməyən, hər hansı ideoloji təsir qarşısında asanlıqla mövqeyini itirən insanmı? Yoxsa öz dövlətini tanıyan, öz hüquqlarını bilən, dini və dünyəvi düşüncələr arasındakı fərqi anlayan, milli-mənəvi dəyərlərə sahib çıxan və başqasının hüququna hörmət edən vətəndaşmı?

Mən ikinci yolu Azərbaycanın gələcəyi üçün daha doğru hesab edirəm. Hicab taxan insan da bu ölkənin vətəndaşıdır, taxmayan insan da. Dindar insan da milli dövlətin bərabərhüquqlu üzvüdür, dini inancı olmayan insan da. Heç bir vətəndaş yalnız zahiri görünüşünə görə dövlətə münasibətinin, milli kimliyinin və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə məruz qalmamalıdır, qalmır da.

Amma bütün bu müxtəlifliyin içində bizi birləşdirən ümumi prinsiplər var. Konstitusiyaya hörmət, dövlətin müstəqilliyi, təhsilin dünyəvi xarakteri, milli-mənəvi dəyərlər və qanun qarşısında bərabərlik bizim şanlı dövlətimizin prinsiplərimizdir. 

Vahid məktəbli forması bu prinsiplərin hamısını təkbaşına təmin edə bilməz. Lakin o, aydın məqsədlərlə və hüquqa uyğun tətbiq edildikdə, ümumi məktəb qaydalarının bir hissəsi ola bilər. Onun uğuru da yalnız geyimin vahidliyi ilə deyil, məktəbdə uşaqlara verilən təhsilin keyfiyyəti, yaradılan bərabər imkanlar və formalaşdırılan vətəndaşlıq şüuru ilə ölçülməlidir.

Azərbaycanın dünyəviliyi dinə düşmənçilik formalaşdırmır. Azərbaycanın multikulturalizmi milli kimlikdən imtina demək deyil. Azərbaycanın dövlətçilik mövqeyi isə insanları zahiri əlamətlərinə görə bir-birindən ayırmaq deyil.

Əsl dövlətçilik müxtəlif inanclara sahib insanları ortaq qanunlar, ortaq vətən və ortaq gələcək ətrafında birləşdirə bilməkdir. Azərbayvan isə nadir ölkələrdəndir ki, bu bu günə qədər bunu bacara bilibdir. Umutmayaq ki, bir insan cəmiyyəti üçün ən böyük və əhəmiyyətli hicab əslində elm, milli kimlik, ana dili, dövlət dəyərləri və əxlaqdır...",-deyə Sayman Aruz bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ səfirliyi bu gün fəaliyyət göstərməyəcək – SƏBƏB AÇIQLANDI

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 12-də fəaliyyət göstərməyəcək.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında məlumat paylaşılıb.Bildirilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Kolumb Günü ilə əlaqədar işləməyəcək.Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə qeyd olunur.

12 Oktyabr 2026, 09:41

Nigar Sabirqızından hicab mübahisəsinə SƏRT TƏNQİD: “Cəmiyyəti parçalamaq istəyirlər”

İTV-nin aparıcı jurnalisti Nigar Sabirqızı hicab mübahisəsi ətrafında yaranan müzakirələrlə bağlı fikirlərini bölüşüb. O, bəzi şəxslərin başı açıq qadınlara, namaz qılmayanlara və fərqli düşünən insanlara münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızının sözlərinə görə, hicab mübahisəsi özünü dindar adlandıran bəzi şəxslərin başı açıq qadınlara, namaz qılmayanlara və fərqli düşünənlərə qarşı nifrətini üzə çıxarıb.“Fürsət düşən kimi özləri özlərini ifşa etdilər. Cəmiyyəti rəsmən parçalamaq istəyirlər. İranın köləsi olduqları o qədər açıq bəlli olur ki. Çox təhlükəli haldır”, – deyə jurnalist bildirib.Nigar Sabirqızı qeyd edib ki, onun fikrincə, İran illərdir Azərbaycanda müəyyən şəxslərin düşüncəsinə təsir göstərib və bu, onların hadisələrə yanaşmasında özünü...

12 Oktyabr 2026, 09:36

Tanınmış şairdən hicab AÇIQLAMASI: Vahid məktəbli forması...

VAHİD MƏKTƏBLİ GEYİMİ ƏN İDEAL SEÇİMDİR.İslami dəyərlər hər bir türk insanı, eləcə də Azərbaycan vətəndaşı üçün əzizdi. Biz bu dəyərlər daxilində tarixi ənənələrimizə və inanclarımıza sahib çıxdıq. Bütün hallarda islam əxlaqına tapındıq.  Peyğəmbər əfəndimizin təbirincə, İslamı gözəl əxlaq bildik. Bu əxlaqa düşüncəmizlə, xalq, millət , vətən , milli ənənələrə sadiqlik, vəfadalıq duyğumuzla, sevgimizlə sahib çıxdıq.Bunu Oxu24.com-a açıqlamasında tanınmış şair və publisist Sərvaz Hüseynoğlu bildirib. Şairin sözlərinə görə,ən çətin dövrlərdə belə türkçülük düşüncəmiz, islami dəyərlərimiz bizi ayaqda saxladı. Bütün bunlar tarixi həqiqət, millətimizin yaşam tərzidi.Bu tarixi və zəngin irsi siyasi oyunların ayağına vermək, suyu bulandırmaq cəhdləri isə həmişə olub. Necə ki, son...

12 Oktyabr 2026, 09:34

FHN ötən həftənin statistikasını açıqladı: 49 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 135 yanğına çıxış, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib....

12 Oktyabr 2026, 09:33

Etibar Əliyev təhsilin ana dilində olması məsələsini gündəmə gətirdi

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev professor Oqtay Sinanoğlunun təhsil dili, milli təhsil sistemi və xarici dilin tədrisi ilə bağlı fikirlərini paylaşıb.Citypost.az xəbər verir ki, o, paylaşımında Oqtay Sinanoğlunun elmi fəaliyyətinə diqqət çəkərək qeyd edib ki, alim 26 yaşında ABŞ-ın Yel Universitetində professor olub, iki dəfə Nobel mükafatına namizəd göstərilib. Fizika, kimya, biologiya və riyaziyyat sahələrindəki fəaliyyəti ilə tanınan Sinanoğlu “Türk Eynşteyni” kimi də yad edilir.Etibar Əliyev alimin “Mühacir Hamamı” kitabından təhsilin ana dilində olması və xarici dilin tədrisi ilə bağlı fikirləri sitat gətirib.Oqtay Sinanoğlu kitabında Türkiyədə 1953-cü ilə qədər orta və lisey təhsilinin dünyanın ən yaxşı təhsil sistemlərindən biri...

12 Oktyabr 2026, 09:32

Bakının bu ərazilərində 3 saat işıq olmayacaq

Bakının Yasamal rayonunun bir sıra ərazilərində oktyabrın 12-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E. Ağayev, Ə. Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatının keyfiyyəti artırılacaq....

12 Oktyabr 2026, 09:08