Bizə yazın

Baku

-°C

USD

-

Bu adamların hamısı təfəkkürcə Məhəmmədhəsən əmidir - FAZİL MUSTAFA

Cəmiyyət 21 Avqust 2026, 16:46

21309

Orta əsrlər Azərbaycan tarixinin görkəmli simalarından olan Şah İsmayıl Xətai haqqında fikirləri ilə gündəmə gələn deputat Fazil Mustafa Hafta.az-a müsahibə verib.

Düzdür, müsahibimiz suallarımızın əsas mahiyyətindən yayınmağa, konteksdən uzaqlaşmağa çalışa da, onun cavablarını olduğu kimi təqdim edirik.

- Azərbaycan tarixini tədqiq edən, Şah İsmayıl Xətainin Azərbaycan xalqının böyük oğlu olduğunu elmi araşdırmalarla təsdiq etməyə çalışan saysız-hesabsız tarixçiyə qarşı çıxan Fazil Mustafanın Xətaiyə münasibəti şəxsi fikirlərdən doğur, yoxsa tarixi-elmi faktlara söykənir? Əgər faktlardan irəli gəlirsə, mənbələr barədə danışa bilərsinizmi?

- Hər bir tarixçinin tarixi mənbələr üzrə hansısa dövrün proseslərini araşdırma haqqı var və bu da əslində, onun əsas işidir. Ama mənbələr üzrə araşdırdığı tarixi ideologiyaya çevirmək, onunla bağlı müasir dövrümüz üçün hansısa bir nəzəri tezislər ortaya qoyub o dövrü ideallaşdırma haqqı kimsəyə tanınmır.

Tarix faydalı dəyərlərin götürülməsini özündə ehtiva eləyir. Yoxsa bütün hadisələr, bütün savaşlar, bütün baş kəsmələr, hansısa bir proseslər müasir dövrümüzün insanını əslində maraqlandırmamalıdır. Hansı epizodlar, hansı hadisələr bir dəyər yaradıbsa, onun üzərində dayanmaq lazımdır.

Azərbaycan cəmiyyəti olaraq bütövlükdə tariximizdə ən böyük dönüş nöqtəsi nə IX əsr, nə XI, nə də XVI əsrdir. Əsas dönüş nöqtəsi XIX əsrdir. XIX əsr Azərbaycanın Şərqin ən mühafizəkar bir mühitindən qoparaq yeni bir müstəmləkə sisteminə daxil olması ilə mədəni tarixinin başlamasıdır. Mədəni tarix deyəndə nəyi nəzərdə tuturuq? Ədəbi, fəlsəfi, siyasi mətnlərin ortaya çıxması. Və bu da Axundovla başlayan bir dövrdür. Axundov bunu həm əlifba islahatı, hərtərəfli fəlsəfi traktat, həm dram əsərləri formasında teatr və povest formasında bədii mətni yaratmışdı. Bu da Azərbaycanın yeni dünyagörüşə sahib bir elitasının formalaşmasına təsirini göstərmişdi. Ardınca da bu prosesi Həsən bəy Zərdabi kimi nəhəng, bizim jurnalistikamızın banisi, ilk qəzetimizin banisi davam etdirmişdir. Və sonrakı dövrlərdə də "Molla Nəsrəddin" məktəbi, "Füyuzat" məktəbi, "Həyat" məktəbi, "Kaspi" məktəbi — bu istiqamətləri daha da irəli götürmüşdülər. Nəticədə Qori Müəllimlər Seminariyası ilə başlayan yarı-akademik təhsilin verdiyi imkanlar sayəsində Azərbaycan düşüncə adamları yetişmiş və onlar da ilk fürsətdə Rusiyanın çöküşü dövründə müstəqil dövlətimizi qura bilmişdilər.

Dəyər budur, mədəni tarix budur. Keçmiş də bizim tariximizdir, heç kim təkzib eləməməlidir. Ama keçmişdən götürdüyün dəyərləri bu günə əsaslandırılmış şəkildə təqdim eləməlisən. Bunu əsaslandırılmış şəkildə təqdim eləmək, açığı, müəssər olmur bir çoxuna. Və onda artıq mifik bir yol tuturlar: mifik qəhrəmanlar, mifik deyimlər, mifik fərmanlar icad eləməyə başlayırlar. Bu da bizə bir dövr üçün bəlkə də faydalı görünə bilərdi — müstəmləkə altında idik, qəhrəman keçmişimiz, tariximiz və başqa məsələlər vardı. Amma Azərbaycan tarixində XVI əsrdə göstərilən hər hansı qəhrəmanlıqdan daha böyük bir qəhrəmanlıq baş verib. Bu da 2020-ci ildə Azərbaycan torpaqları azad olunub, Azərbaycanın bütövləşməsidir. 2023-dən bəri ərazilərimiz suveren şəkildə Azərbaycanın iradəsi altında idarə olunmağa başlayıb. Və əgər biz qəhrəmanlıq axtarırıqsa, ən böyük qəhrəmanlıq tariximiz budur. Qəhrəmanlıq axtarırıqsa, qəhrəmanlıq Bakının işğaldan azad olunub Azərbaycan dövlətinin paytaxtına çevrilməsidir.

- Cavabımızı bir az da konkretləşdirək...

- Yəni metodoloji baxımdan bu gün gedib XVI əsrdə eşələnmək bəlkə 80-ci, 90-cı illərdə mümkün idi. 87-ci ildə Bakı Dövlət Universitetində - bunu hətta sənədləri də durur - Şah İsmayılın 500 illik yubileyinin təşkilatçısı mən olmuşam. Mən də bu gün düşünən insanların hamısı kimi eyni cür düşünmüşəm ki, həmin o qəhrəmanlıq, həmin mifoloji tarix haqqında... Amma illər keçir, araşdırırsan və yeni mənbələrlə tanış olursan. Onda Məhəmməd Əmin Rəsulzadəni tanımırdıq axı, biz onda Nuru paşanı tanımırdıq, Axundovu dərindən tanımırdıq, hansı dəyərlər yaratdığını bilmirdik.

- Cəmiyyətdə Sizin bu çıxışınızı manipulyativ gediş kimi, yəni bu qədər hadisələrin fonunda bir partiya sədri kimi, deputat kimi, tanınmış şəxs kimi informasiya selinin axınında yaddan çıxmamaq cəhdi kimi qiymətləndirənlər də oldu...

- Cəmiyyətin necə düşünməyi - o, cəmiyyətin özünü maraqlandıran məsələdir. Cəmiyyət çoxşaxəlidir və belə düşünməyən xeyli də insan var. Və bu insanlar ona görə belə düşünmür ki, onlar bizim yazdığımız kitabları oxuyurlar. Onda mən kitab yazıramsa, demək, onu da özüm yaddan çıxmamaq üçün yazıram?

Yox, mən əslində, özümüzdən sonrakı nəslə doğru istiqamətləri göstərmək üçün bunu bir ziyalı borcu hesab eləyirəm. Bir əgər düşünə bilirəmsə və bunu özümün gəldiyim rəy varsa və onu əsaslandıra bilirəmsə, bunu mütləq yazmalıyam. Ötən il mənim üç kitabım çıxdı. Bu boyda mübarizə, mübahisə aparanların heç biri o kitablarla ciddi tanış olmadılar, bir ağıllı tənqidi mətn yaza bilmədilər. Bu da onu göstərdi ki, onlar ancaq öz yaddaşında saxladıqları 30-40 il qabaqca eşitdikləri nağılları söyləyirlər. Halbuki o nağılları mən onlardan da yaxşı əzbər bilirəm, onu da yaşayıb gəlmişəm. Dediyim kimi, o dövrün ideallaşdıranlarından, təbliğat aparanlarından biri, bəlkə də ən birincisi mən olaram. Amma illər keçəndən sonra, oxuduqca, araşdırdıqca, normal bir şeydir ki, insanın məsələlərə baxışı dəyişir və bu baxımdan da mən, açığı burda necə qiymətləndirməyə önəm vermirəm. Əsas odur ki, doğru fikirləri bu gün də olmasa, 5 gün sonra, 10 gün sonra, əgər lap bu günün özündə 5 nəfər, 10 nəfər mənimsəyirsə, bu elə bizim uğurumuzdur. Çünki hamının kütləviliklə, ya xorla eyni istiqaməti götürməsindən təhlükəli bir proses yoxdur.

Ən böyük problem odur ki, Azərbaycanda hansısa bir fikrin səsləndirilməsinə qarşı bir fikir-düşüncə qəssablığı ortaya çıxmaqdadır. İndi siz təsəvvür eləyin ki, heç Şah İsmayıl mövzusu deyil, sabah Babək mövzusunu sal — eyni axın, eyni kütlə. Sabah, tutaq ki, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Rəsul Rzanı müzakirə elə. Yəni yaxşı, müsbət ya mənfi — fərqi yoxdur. Həmin axın yenə başlayacaqdır. Məsələn, indi görürsüz Koroğlunun da qoruyucusu var, Qaçaq Nəbinin də qoruyucusu var, nə bilim Qatır Məmmədin də — hamının bir qoruyucusu tapılacaqdır. Yəni bu, bu "qoruyucu xəstəliyi"dir... Dinin "qoruyucu xəstəliyi" var. Adam hesab eləyir ki, namaz qılıramsa, deməli, Quranın qoruyucusu mənəm, peyğəmbərin qoruyucusu mənəm. Ona görə peyğəmbərə bir söz deyəndə o istəyir getsin öldürsün, vursun. Bu xəstəlik Azərbaycan cəmiyyətindən qalxmalıdır...

- Ötən əsrin sonlarında Azərbaycanın milli kimiliyi, müstəqilliyi, azadlığı uğrunda mübarizə yolu keçmiş bir şəxsin bu gün həmin mübarizənin nəticəsi sayılan müstəqil Azərbaycanın deputatı kimi xalqın keçmişinə, onun tarixi şəxsiyyətlərinin xalqın yaddaşındakı statusuna qarşı çıxmasını səbəbsiz hal kimi qəbul eləmək, bizcə, sadəlöhvlük olardı....

- Hər kəs hansısa bir ideyanın qoruyucusu, müdafiəçisindən daha çox, düşüncələrin Azərbaycan cəmiyyətində müzakirəyə çıxarılmasına şərait yaradan bir anlayışa sahib olmalıdır. Çünki belə dartışmalar olmasa, mən bir faydalı fikrimi açıq şəkildə heç cür söyləyə bilməyəcəyəm.

Mən bunu açıqca söyləmişəm - yəni biz cəhalətə qarşı sovet dövründə çəkdiyimiz filmi artıq müstəqillik dövründə çəkə bilmərik. Çünki o dövrdəki cəhalət əmsalımız indiki dövrdən qat-qat aşağı idi. İndi daha yüksəlmişdir və buna müqavimət yüksəlməyə başlayır. İndi kimi biz müzakirə eləyə bilərik? Bir özünüz tapın görün. Cəmiyyətdə ictimai nüfuz qazandırılmış ya qazanmış şəxslərdən hansını müzakirəyə çıxarsan, bu mümkün deyil. Birini, hətta deyək ki, hansısa bir bölgənin tanınmış bir adamını müzakirəyə çıxarsan, həmin bölgə səfərbər olub linç eləyəcək ki, mənim bölgəmə sataşırsan. Yəni ona görə də bu xəstəliyi Azərbaycandann qaldırmalıyıq. Azərbaycanda bu müzakirə mühiti, akademik müzakirə mühiti yaratmalıyıq ki, şairlər, düşüncə adamları, fikir adamları sözünü deyə bilsinlər. Bu cür boğmaqla... baxın, Azərbaycan tarixşünaslığında, məsələn, bir dövr gəldi ki, bizim populist, yalancı, heç savadsız, demək, dilçi-türkçü adını özünə pərçim eləmiş alimlərimiz belə bir fikir formaaşdırmışdılar ki, İqrar Əliyev kimi savadlı bir alimi harada gördün, linç eləmək lazımdır. Halbuki o, tarixşünaslığın metodologiya bakımından ən hazırlıqlı adamlarından biri idi, Fəridə Məmmədova eləcə. Yəni biz çoxlarını bu cür, demək, sıradan çıxartmaqla biz nə qazanırıq?

Ona görə də bu məsələlər ciddi bir psixoz yaradan, cəmiyyətdə müəyyən mənada neqativ bir tendensiyanın davam etməsinə imkan verən bir proseslərdir. Məsələn, bu gün, müstəqillik dövründə "Molla Nəsrəddin" jurnalı çıxarda bilməzsən. Mirzə Cəlil, Sabir, nə bilim filan... Bunlar hamısı yalandan deyirlər “Sabirin davamçılarıyıq, sevirik...” Bütün davranışlar Sabirə ziddir. Sabirin obrazları elə bu şəxslərdir, bu adamlardır. Bu adamların böyük əksəriyyəti Məmmədhəsən əminin idealını yaşayan adamlardır.

- Deyirsiniz, yəni heç nə dəyişməyib?

- Yəni bunların XXI əsrdə bir dəyişən bir şeyi yoxdur ki. Həm də bunların faciəli tərəfi odur ki, hamısının da diplomu var, elmi dərəcəsi var, ama hamısı həm də təfəkkürcə Məmmədhəsən əmidir. Və biz bunu dəyişməsək, heç nəyi müzakirə eləyə bilməyəcəyik və cəmiyyətin gələcəyi çox təhlükəli mənzərəyə yönələcəkdir. Ona görə də mən bir millət vəkili kimi, komitə sədri kimi yaxud da deyək ki, hansısa bir partiya sədri kimi məsələyə yanaşmıram. Bu, onlardan üst məsələlərdir. Deyək ki, kimsə hansısa gerçəklikləri söyləməyə cəsarət eləyib-eləməyib, vaxtı olmadığını, ya düzgün olmadığını, ya idrak etmədiyini qəbul edirsə, bu onların seçimidir. Ama biz 45 illik siyasi mübarizə dövrümüzdə həmişə belə olmuşuq. Həmişə hansısa bir fikrin, düşüncənin avanqardı olmuşuq... Hətta Xalq Cəbhəsinin içində də mən bu qaraquruhçuluğa qarşı da eyni mübarizəni aparmışam. Özüm də bir vaxt bu qaraquruhçuluğun içində, o qışqırıqçılıq, hay-küynün içində yetişmiş bir adamam, bunun fəsadlarını görmüşəm. Mən bunun hakimiyyətə nə qədər böyük zərər vurduğunu görmüşəm. Yalandan o yolu imitasiya eləyib yaşayanların indi aqibətini görürük - biri bir fikrin, sözün sahibi deyil.

Məsələlər, məncə, sağlam zəmındə müzakirə olunmalıdır, bundan qorxmaq lazım değil. Sən hansısa ciddi bir mövzunu müzakirə elədiyin mühitdə, atasını tanımayan, anasını evə yığa bilməyən düşüb sənin ailəni müzakirə edir, şəxsiyyəti üç qəpiyə dəyməyən adamlar şəxsiyyətdən danışır...

Sən mənim fikrimə, yazıma mədəni münasibət bildir, bu qədər yetər. Bu da inkişafa xeyir ola bilər ancaq.

- Yəni Siz müzakirələrə səbəb olan fikrinizdə qaldığınızı israrla davam etdirirsiniz...

- Əslində, düşüncə qatillərinin odlu silahdan atəş açan qatillərdən elə bir ciddi fərqi yoxdur. Birinin əlində silah var, birinin əlində klaviatura var, söz var. Yəni eyni zehniyyətin daşıyıcılarıdır və o zehniyyətin də kökü elə həmin əsrlərə dayanır. Yəni fikirə görə qarşındakı insanları məhv etmək, yox etmək və onların bu formada zorakı yolla susdurmaq...

Yəni o baxımdan da bu, nə o dövrdə, nə indiki dövrdə qarşıda olan məhz bu aqressiyanı göstərən insanların bir-birindən fərqi yokdur ki. Sadəcə bunların atəş açmağa imkanı yokdur. Və bir çox hallarda bunu sosial şəbəkədə öz davranışlarına uyğun gerçəkləşdirməyə çalışırlar. Amma bu məsələlər bizim fikirimizə elə də böyük təsir göstərmir, çünki ona qədər də 10 illərdir məncə cəhalətə, xurafata qarşı fikrimi deyirəm. Cəhalətin də kökü elə o bunların sevdiyi keçmişdədir. Və mən tarixlə keçmişi ayrıram. Mədəni tarix mənim fikrimcə, Azərbaycanda həm yazılı mətnin, həm siyasi mətnin, həm fəlsəfi mətnin başladığı tarixdir. Çünki bir xalqın qədimliyini bir ərazidə çox yaşaması ilə əlaqələndirirlər: "Mən 5000 il qabaq burda olmuşam, mən 3000 il qabaq olmuşam..."

Şimali və Cənubi Amerikada olan xalqlar uzun əsrlərdən əvvəl də orada olublar, ama dövləti gəlib ingilislər qurub. İndi bu ərazidə də biz dövlət qura bilmişiksə, öz ideyamız əsasında müasir, dünyəvi dövləti qurmağı bacarmışıqsa, deməli, biz kiçik xalq değilik. Biz kifayət qədər öz dünyagörüşü, düşüncəsi olan xalqıq. Ama bizim götürdüyümüz mənbə o deyil. Biz əgər o dəyərlər üzərindən getsəydik, İrana bənzər bir dövlət qurmalıydıq. İndi o idealları daşıyanlar Azərbaycan Xalq Cümhuriyyətinin ideallarından imtina eləməlidirlər əslində. Mahiyyətcə onlar Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərini anlamış insan kateqoriyasından sayılmazlar.

- Bütün bunlar tarixlə cəng etmək deyil?

- Fəxr elədiyim tarixi mən bilirəm ki, haradan başlayır... Sevinirəm ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti 1828-ci ildə İrandan, İran arealından, Səfəvi mühitindən qurtulub, yeni bir eraya daxil olub, Qori Müəllimlər Seminariyası erasında daxil olub. Və orada da bizim dəyərli şəxsiyyətlərimiz yetişiblər və onlar bizə dövlət qurublar.

Bu qədər bəsit. Yəni biz o mühitdən ayrılmasaydıq, sayca 25-30 milyon olan soydaşımızdan, qardaşımızdan heç bir fərqimiz yox idi. 500 illə öz dilində məktəb aça bilməyən vəziyyətdə olan mühitin yaradıcısı kimdir? Bu suala cavab verin. Bu sualdan yayınmayın. Yəni 1828-dən sonrakı dövr olmasaydı, ana dilində məktəb əldə etməyimiz, ya qızlarımızı məktəbə qoymağımız mümkün olacaqdımı? Ya biz normal mədəni cəmiyyətə transfer oluna biləcəkdikmi? Bundan danışmaq lazımdır. Keçmişdə ilişib qalmaqla biz cahil potensialımızı kifayət qədər çoxaldıb, bunu cənub qonşumuza veririk ki, istifadə elə... Və bugün də onun arzuladığı, ideallaşdırdığı dəyərlərə sahib çıxan azərbaycanlının sayı Gürcüstanda da çoxalıb, Azərbaycanda da çoxalıb. Təhsilimiz də zəiflədikcə bu insanların sayı artmaqdadır. Bu da dünyəvi dövlətimizin gələcəkdə müəyyən dərəcədə problem yaşayacağını proqnozlaşdırmağa əsas verir. Ona görə də biz bir ziyalı olaraq sözümüzü deyib, gerçəkləri xalqımıza çatdırmalıyıq.

- Ötən əsrdə Fazil Qəzənfəroğlu... Bu əsrdə Fazil Mustafa... İki əsrin kəsişməsindəki zaman kəsiyi hələ yarım əsrlik müddətə çatmayan bir dövrdə iki dəfə imza dəyişən siyasi xadimin, 500 illik tarixin adını və imzasını bir dəfə də olsun dəyişdirə bilmədiyi sərkərdəyə münasibətində ədavət, yaxud nifrət hissi axtaranlara cavab vermək istəyərdiniz?

- Bu sual da bayaq dediyim xəstəliyin bir davamıdır. Baxın, mən heç bir imza dəyişdirməmişəm. Mən sadəcə Azərbaycan Respublikasında qəbul olunan soyadın milliləşdirilməsi qanununa ilk reaksiya verən millət vəkili olmuşam. Və öz Mustafayev soyadımı Mustafa ilə əvəz eləmişəm. Və öz xalqıma, millətimə, dövlətimə soyadını dəyişmə, milliləşdirmə yolunda öz borcumu yerinə yetirmişəm. Burda nə imza dəyişməkdən söhbət gedə bilər?

Və bu xəstəlik Azərbaycanda xeyli yayılıb. Yəni bu kimisə ittiham eləmək, yaxud da kiməsə irad bildirmək üçün səsləndiriləsi ən primitiv, ən səviyyəsiz yanaşmalardan biridir...Çünki biz... mən çox arzulayaram ki, Azərbaycanda hər kəs açık-aydın şəkildə bu qanuna uyğun davransın. Öz soyadını dəyişsin ki, başqalarına nümunə ola bilək. Ona görə də burada heç bir dəyişimdən söhbət getmir. Amma düşüncə dəyişimi hər zaman olmalıdır.

- Düşüncə dəyişikliyi olmalıdır, deyirsiniz... Nəyi daha çox öyrənmək lazımdır bunun üçün? 

- Əgər 30 il qabaqkı düşüncəmdə qalmışamsa, deməli, heç nə öyrənmirəm, heç nə araşdırmıram. Bunu belə sadəcə dəhşətli bir şey kimi qəbul eləyirik. Yaxşı, 85-ci ildə Azərbaycanın neçə faizi Rəsulzadəni tanıyırdı, onun bir kitabını, bir mətnini oxumuşdu? 1 faizi. Azərbaycanın neçə faizi bütövlükdə Cümhuriyyət haqqında məlumatlı idi? Heç 1 faizinin də məlumatı yox idi. Stalin repressiyasının dəyərli qurbanları, insanları haqqında biz dəqiq bilirdik? Ümumi adlarını eşitmişdik, o proseslərdən məlumatımız yox idi. Rəsulzadənin əsərlərini sonra oxuduq, anladıq ki, nə baş verib. Kimin rolu nədir? Nəsib bəy Yusifbəylinin rolu nədir? Topçubaşovun əsərləri ilə tanış olduq. Yəni bu nə deməkdir? Bu, o deməkdir ki, bunları oxuyub dəyişməyən, baxışlarında yeniləşmə aparmayan insanlar varsa, bununla fəxr eləməli deyillər ki... Bu korazehin bir yanaşmadır. Təhlil eləməliyik ki, bizim həm də tariximizə baxışımızda dəyişiklik yaranıb. Biz haradan azadlıq yoluna gəlib çıxmışıq? Hansı addımımız bizi məhz müstəqil dövlət qurmağa gətirib? Hər xalq müstəqil dövlət qura bilir? Hər xalq müstəqil ola bilir? Yüzlərlə döyüşən xalqlar var, hansı müstəqilliyə nail ola bilir? Böyük əksəriyyəti hələ bayrağını yarada bilməyib.

Belə bir vəziyyətdə biz o dövrdə Cənubi Azərbaycan, sərhədlərin açılması, başqa böyük məslələrin içində olmuşuq. Proseslərdə, ən gənc yaşlarımdan ən öndə olan insanlardan biri olmuşam universitetdə. Amma biz o dövrkü düşüncəmizin bu gün sosioloji baxımdan nə qədər yanlışlarla dolu olduğunu, tarix bilgimizin nə qədər bəsit, primitiv olduğunu indi daha çox anlamağa başlayırıq. Biz ideoloji tarix öyrənmişik, real tarixi, real gerçəklikləri anlamamışıq. Və bu günləri bunu anlayanda onu da yazırıq, fikirilərimizi bölüşürük. İndi mənim deyək ki, 30-dan artıq kitabım çıxıb. Bu adamların hansı oxuyub təhlil elədi ki, filan kitabda filan mövqeyin yanlışdır ya səhvdir?

- Həm də Fazil Mustafa cəmi iki il əvvəl iranpərəst və yaxud İran Xüsusi Xidmət Orqanlarına bağlılığı deyilən şəxslərin sui-qəsdindən sağ-salamat qurtuldu.... Bu hadisənin Şah İsmayılla bağlı fikirlərinizə hansısa formada təsiri ola bilər?

- Ümumiyyətlə, mən ədavət hissi, nifrət hissinə - məzhəbçiliyə, təriqətçiliyə İslama zidd təzahür kimi baxıram.

Heç bir məzhəbçi, təriqətçi deyiləm və bütünlüklə də şeyx, imam, molla, nə bilim ayətullah, hansısa bir şəkildə təriqətçilik və s. zehniyyətinə də qarşıyam. Yəni bunların hamısı hesab eləyirəm ki, İslamın uca peyğəmbərinin prinsiplərinə uyğun olmayan təzahürlərdir. Amma reallıqdır, ənənədir — bu başqa. Ənənədirsə, ümumi qaydada hörmət eləməliyik. Amma bunlar hamısı İslamın yerinə keçə bilməz ki, Quranın yerinə keçə bilməz ki. Qurandan başqa mükəmməl mətn tanımıram və əsas da onun üzərində mühakimə yürüdürəm. Və İslama da baxışım budur. Bunla bağlı dissertasiya müdafiə eləmişəm. Yəni bu mövzu mənim həm də elmi tədqiqat mövzumdur.

Ona görə də belə suallar, hansısa bir ədavət, kin-filan - bu məsələlər bizə yad məsələlərdir.

- Bir vaxtlar siyasi xadim kimi, deputat kimi xalqın problemləri haqqında cəsarətli çıxşlarınızın, çağırışlarınızın fonunda, bu gün sanki cəmiyyətin başqa problemləri yoxmuş kimi "tarixi qılınclamaq" təsiri bağışlayan açıqlamalarınız sanki daha siyasi arenadan getməyə işarə təsiri bağışlamır ki?

- Məni maraqlandıran Azərbaycanın gələcəyini bürüyən təhlükədir. Bu təhlükənin simptomlarını gördüyümə görə, buna indidən səs qaldırıram,. Amma zaman keçəndən sonra bizim söylədiklərimizin nə qədər həqiqət olduğunu görəcəklər.

Milli Məclisdə bu məsələni təkcə mən qaldırmışdım. Azərbaycanda 25 minlik auditoriyada Üzeyir bəyin uverturası çalınmır, ama hansısa bir mərsiyə səslənir. Bunu kim qaldırdı? Yaxud da məscidlərdə ancaq Azərbaycan bayrağı asıla bilər fikrini kim qaldırdı Milli Məclisdə? Yaxud da əhalinin sosial problemləri, şəhid ailələrinə vəsaitin verilməsindən tutmuş, onlara dəstək... Araşdırın, görün kimin tərəfindən qaldırıldı? Elektron siqaretin ləğvi və başqa məsələlər...

Öz səhifəmdə fikrimi yazıram, fikrimə qarşı böyük bir linçetmə başlayır. Özlərinə də deyirəm ki, çox zəifsiniz, çünki biliksizsiniz. Siz bu məsələdə Azərbaycan marağından daha çox özünüzün hansısa bir ideoloji mazoxizminizi önə çəkirsiniz. Məni maraqlandırmır, mənə kiminsə şəxsiyyəti önəmli değil, mənə Azərbaycan dövlətinin varlığı önəmlidir, onun quruluş fəlsəfəsi önəmlidir. Onu pozulması anında biz bu dövləti bu cahil zehniyyətinin qurbanına çevirə bilərik və buna da yol verməməliyik.

Əlbəttə, siyasi arenadan hər birimiz nə zamansa gedəcəyik və amma qoyduğumuz miras qalacaq, iz qalacaqdır. Və bu iz bizim hər halda onda daha dəqiq qiymətləndirməmizi ortaya qoyacaqdır. Və biz onda çox rahatlıqla deyə biləcəyik ki, biz xalqı aldatmadıq, biz cəhalət daşıyıcısı olan bir çoxluğa yaltaqlanmadıq. Biz sözümüzü dedik və biz aydınlarımızın bizə əmanət qoyduğu istiqaməti pozmadıq. Və biz bu ölkənin çağdaş, dünyəvi mahiyyətinin qorunması üçün əlimizdən gələni etdik. Demək, sözlə də təhqir olunduq, böhtanlara tuş gəldik, güllələndik, amma yenə də biz öz missiyamızı, öz rolumuzu anladığımıza görə bunu etdik.

Sabah mən deputat olaram, olmaram - fərqi yoxdur, mənim sözümün çəkisi, sözümün dəyəri həmişə olacaqdır. Allah bizim ağlımızı, zehnimizi korşatmasın.

Və biz də ömrümüzün sonuna qədər bu xalqa bir xidmətçi olaraq, bu xalqın dəyərlərini yaşadan insanlar olaraq yenə də ön mövqedə olacağıq. Çünki mən bu siyasi hərəkata, Sovet rejiminə qarşı hərəkata qoşulanda hardasa 8-ci sinifdə oxuyurdum və ilk dəfə Əbülfəz bəylə 9-cu sinifdə oxuyanda tanış olmuşam. Onda mən ailəmdən kənar, öz müstəqil iradəmlə bu yolu seçmişəm və bu yolda da çoxlu təlatümlər yaşamışam. Mənim yaşadığımı və mənim etdiyim cəsarətin cüzi bir hissəsini edə bilməyənlər bu günləri klaviatura arxasından ən büyük tərbiyəsizlikləri edirlər. Ama nə olacaq, bu da bizim taleyimizdir. Biz, mən tam əminliklə söyləyirəm ki, mən bu vətənə, xalqa, dövlətə hansısa bir zərər gətirəcək bir addım atmadım. Ona görə də rahatam və bundan sonra da hansısa cəhalətin xoruna qoşulmaq niyyətində deyiləm. Aydınlıq içində olacaq gələcəyimiz üçün aydın, məsuliyyətli insanlarla bir yerdə bu yolu davam etdirəcəyik. Gələcəkdə də Azərbaycanın əsl dəyərlərinin kim olduğunu deməyə, daha doğru dəyərlərin cəmiyyətə çatdırılmasına, bu istiqaməti bizim ardımızca gələn nəsillərə göstərməyə bundan sonra da çalışacağıq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İDRAKİ GÜNƏŞSİZLİYİN PATOLOJİ AKSİOMASI...  

Bir müddətdir ki, ictimai sferada məlum hicab mövzusundan qaynaqlanan uğursuz emosional çəkişmələri eləcə müşahidə edirəm.Konseptual mahiyyətə söykənən mülahizə metodları, çıxışetmə qabiliyyəti, mütərəqqi addımlar atmaq ideyası... qalıb bir kənarda, əksəriyyət kütlə hirsi, hətta “meşə psixologiyası” ilə bir-birinə barmaq silkələyib, nifrət nümayiş etdirir...... Əvvəla, dəfələrlə qeyd etmişəm, indi də xüsusi şəkildə deyim ki, əzizlərim, 21-ci əsr inanclar sistemində moizə, xütbə (hətta dini təlqin!) əsiri deyil, idrak, fundamental təfəkkür, yüksək maştablı dünyagörüş, elitar mədəniyyət, analtika, analiz, tərəqqi... əsridir.Amma və lakin(!) vurğuladığım bu mütləq mahiyyətə bir fərdin çatması xüsusi hal kimi öz üzərində çalışmaqdan keçirsə (heç şübhəsiz ki, keçir!), bütövlükdə bir dövlətin, kütlənin, xalqın......

13 Oktyabr 2026, 19:39

Parlamentdə 12 məsələ müzakirə olunacaq

Milli Məclisin gündəliyi məlum olub.Citypost.az  xəbər verir ki, gündəlikdə 12 məsələ var.1. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi...

13 Oktyabr 2026, 19:20

Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.Bu barədə "Report" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.Məlumata görə, Azərbaycanın sədrliyi çərçivəsində keçirilən forumun gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi, habelə AQEM-in gələcək institusional inkişafının aktual məsələləri daxil edilib."Nəqliyyat əlaqələndirilməsi, rəqəmsallaşdırma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.Bildirilib ki, iştirakçılar regional və beynəlxalq gündəliyin əsas məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.Sammitin yekunlarına əsasən, AQEM-in rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş Bakı Bəyannaməsinin və...

13 Oktyabr 2026, 18:55

Sayman Aruzdan İran haqda ŞOK FAKTLAR

"Mən vaxtilə İranda yaşamışam. Oradakı molla rejiminin insanlara, xüsusilə də insanların şəxsi azadlıqlarına qarşı sərgilədiyi qəddar münasibəti öz gözlərimlə görmüş, öz canımla yaşamışam. Mən adi bir qısaqol geyimə görə küçədə həbs olunmuş, polisə aparılmış, orada döyülmüşəm. İnanmağı çətin olsa da adicə xanım tələbə yoldaşım ilə birlikdə universitetdən çıxanda həbs edilmiş 40 zərbə şallağa məhkum olmuşam. 3-cü sinifdə oxuyanda müəllimlə Azərbaycan Türkcəsində danışdığıma görə sinifdən xaric edilmişəm. Mən İran fars-molla rejiminin yaymaq istədiyi mənfur "dini" ideologiyanı çox gözəl tanıyıram".Bu sözləri CityPost.az--a açıqlamasında Cənubi Azərbaycandan olan şair,AYB sədrinin müşaviri Sayman Aruz bildirib."Bəli, dostlar, sadəcə geyimimə, tələbə yoldaşımla birgə yeridiyimə, ana dilində sinifdə...

13 Oktyabr 2026, 18:50

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də...

13 Oktyabr 2026, 18:47

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb....

13 Oktyabr 2026, 17:38