Bizə yazın

Baku

-°C

USD

-

Fazil Mustafa Çevikin döyülməsi ilə bağlı mövqe bildirdi: “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” 

Cəmiyyət 03 Sentyabr 2026, 13:47

21137

Milli Məclisin deputatı Fazil Mustafa Qəbələdə “Çevik” ləqəbi ilə tanınan qazinin iki şəxs tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

CityPost.az-ın  xəbərinə görə, Fazil Mustafa sosial şəbəkədəki paylaşımında Çevikin özünü ateist kimi təqdim etdiyini və din mövzusunda canlı yayımlarda müzakirələr apardığını qeyd edib.

Deputat onun müzakirələrdəki üslubunu bəyənmədiyini, lakin qarşı tərəfdən də “köntöy və dözümsüz yanaşmalar” gördüyünü bildirib.

Onun sözlərinə görə, ölkədə “Allah qoruyuculuğu, din qoruyuculuğu, məzhəb-təriqət qoruyuculuğu” adı altında insanların vəhşi üsullarla susdurulmasına yol verilməsi ciddi narahatlıq doğurur.

Deputat bəzi şəxslərin Çevikin “Allah yoxdur!” ifadəsini inanclara təhqir kimi qiymətləndirməsinə də sərt reaksiya verib:

“Kiminsə ‘Allah yoxdur!’ deməsi Allahı yox etməz, əksinə, bir inanclını daha çox Allahın varlığını idrak etmək üçün düşünməyə, araşdırmağa yönəldər.”

Fazil Mustafa hesab edir ki, dini və ya məzhəbi motivlərlə zorakılığın həyata keçirilməsi ehtimalı varsa, hadisənin üzərindən “oldu-bitdi” deyərək keçmək olmaz.

“Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəyə onsuz da prinsipial yanaşıb məsələnin motivini dəqiq araşdıracaqlar və qanuna uyğun addımları atacaqlar”, – deyə deputat bildirib.

O, hadisənin həqiqətən də “din və ya məzhəb qoruyuculuğu” niyyəti ilə törədildiyi müəyyənləşərsə, bunun ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Fazil Mustafa fikirlərinin sonunda dini inancdan daha çox vətənə və dövlətə xidmət anlayışını önə çəkərək belə bir sual ünvanlayıb:

“ “Allah yoxdur!” deyən adam heç olmasa “Vətən var!” deyib canını dövlətimizin və millətimizin yolunda fəda etmişdisə, “Allah vardır!” deyib “Mənim ağam, mənim həm Vətənimdir, həm də millətimdir, mənsə onun nökəriyəm!” deyən Azərbaycan vətəndaşından daha şərəfli varlıq deyilmi?”.

Fazil Mustafa həmçinin mövzu daha dəqiq anlaşılsın deyə, ötənlərdə yazdığı və hər zaman aktual hesab etdiyi bir məqaləni də ağıllı insanlar üçün paylaşıb.

Həmin yazını təqdim edirik:

“QƏZƏB VƏ GÜL DAĞIDANLAR”

İsveçdə bir dəli Quran kitabını yandırdı. Düşünək ki, adam heç dəli deyil. Ağlı başında bir siyasətçi kimi, qəsdən təxribat yaratmaq məqsədi ilə müsəlmanların inanc dəyərlərinə saldırmaq istəyib. Onlar üçün sıradan bir kitab, bizim üçün isə kitablar kitabı sayılan Qurandan söhbət gedir. Burada inancdan o tərəfə dünya insanının anlayacağı bir gerçək var: Nəhayətdə yandırılan bir kitabdır!

Bu kitabı kimin yandırması və hansı kitabı yandırması sonra müzakirə olunacaq məsələdir. Ritual olaraq yenə də bir kitab yandırılıb. Tarix kitabın hansı olduğuna boylanmadan kitab yandıranların hamısına eyni cür baxır. İsveç kimi demokratiyası, sosial ədaləti ilə qürur duyan bir dövlətdə hər hansı bir kitabın yandırılması demokratiyanın da, sosial ədalətin də yavaş-yavaş tüstülənməsi deməkdir. İsveç məhz “kitab yandırılan ölkə” kimi bədnam bir adı öz üzərinə götürməmək üçün birbaşa Kitaba inancı olan bütün insanlardan üzr istəməli idi.

Yeri gəlmişkən deyəlim ki, kitab yandırmaq yalnız dinlə, inancla bağlı məsələ deyil, heç dəliliklə də əlaqəli deyil. Fikrimcə, səmimi bir müsəlman əgər ağlı başından uçmayıbsa, başqaları üçün müqəddəs sayılan Tövratı, İncili nadir hallarda yandıra bilər. Sadəcə onları məhz Quran təsdiqlədiyinə görə, onları Qurandan aşağı mərtəbədə, həm də təhrif olunmuş variantda görməklə kifayətlənər. Ancaq hansısa yobaz bir müsəlman, işidçı, talibançı, hizbullahçı və s. Qurana zidd saydığı istənilən başqa kitabı yandıra bilər.

İndi bəzi ölkələrdə müsəlmanlar küçələrə axışaraq İsveçdəki dəlinin yandırdığı Qurana görə cəza tələb edirlər. Ancaq ən ağıllı və tərbiyəli davranışı çağdaş düşüncəli inanc sahibləri ortaya qoydu. Əllərində gül dəstələri ilə ölkələrindəki kilsələri ziyarət edərək bu gülləri qapısına düzdülər. Yəni bir axmağın hərəkəti onların əxlaq müvazinətini, insanlıq sevgisini pozmadı.

Ən qorxulusu odur ki, İsveçdə də, dünyanın hər yerində də xristianlar küçəyə axışıb əks tələblə çıxış edə bilərdilər. Onlar da iddia edərdilər ki, Quranı məhz müsəlmanlar özləri yandırmışlar. Onu əsrlərdir təhrif edərək yandırmışlar. Onu məzhəblərə bölünərək bir-birinin qanını tökməklə yandırmışlar. Elmin, düşüncənin, sənətin, ədəbiyyatın qarşısına Quranı dikərək onu yandırmışlar. Onu günlük siyasətə qataraq, mənasını təhrif edərək yandırmışlar. Ön Asiyadan, Şimali Afrikadan Cənub-Şərqi Asiyaya qədər bütün bölgələrdə bir-birinin haqqını yeyərək, qanını içərək yandırmışlar. Qadını ən alçaq məxluqa çevirərək, hərəmxanalarda cinsi istismara məruz qoyaraq, erkən yaşda ağzı dualı sayılan şeyxlərin, mollaların, hacıların, kərbəlayıların, məşədilərin yatağına salaraq Quranı yandırmışlar. Fərqli fikir sahibi olan düşüncə adamlarını, elm adamlarını, ədalətsizliyə etiraz edən sıradan insanları kafir adı ilə, müşrik, münafiq adı ilə edam edərkən, qamçılayarkən Quranı yandırmışlar. Məgər bütün müsəlman dünyasından hər gün eşitdiyimiz ahu-nalənin gerisində yanan Quranı görmürsünüz? Məgər anlamırsınız ki, adını İslam dövləti qoyub milyonlarla fahişəliyə, uşaqbazlığa, zorakılığa, köləliyə, narkomaniyaya, savadsızlığa düçar etdiyiniz insanın gözündə bu Quranı məhz siz müsəlmanlar yandırmısınız?

Uşaqlıq illərindən yaddaşımda qalan ən acı xatirələrdən biri evimizdə, qonşuda, qohumda kömür sobasının yandırılması prosesi idi. Az qala hər sobanın yanında lazımsız sayılan bir və ya bir neçə kitab qoyulurdu və qış aylarında sönmüş sobanı o kitabdan cırılan bir neçə vərəqi bükümləyərək yandırardılar. Anlamazdıq ki, ancaq yanacaq vasitəsi olaraq gördüyümüz o kitab Yaradanın yaratdığı bir varlığın zehninin haqqı idi. Bizlər o haqqı düşünmədən yandırırdıq. Heç şübhəsiz ki, dünya xalqlarının əksəriyyəti kitaba bu cür münasibət sərgiləmişlər.

Bütövlükdə bu gün tərəqqi edən, texnoloji kəşflər edən, mədəni haqları tanıyan millətlərin hamısının ilk tanıtım xassəsi kitaba olan münasibətin dəyişməsi ilə ortaya çıxıb. Onların da içində vaxtilə Almaniyada olduğu kimi faşistlər, vaxtilə SSRİ-də, Çində olduğu kimi kommunistlər çıxıb ideologiyasına zidd kitabları yandıra bilər. Ancaq bu İsveçdəki dəlinin müsəlmanların duyğularını incitmək məqsədlə Quran kitabını yandırması, əslində müsəlmanlar üçün yenidən Quran üzərində düşünməyə çağırış zərurəti kimi də baxıla bilər. Bu dəlinin yandırması ilə Quranın mahiyyətinə, mətninə zərrə qədər zərər dəyməz, ancaq bizim yandırdığımız Quran bütün İslam arealının itirdiyi fürsətlər, yaşadığı qaranlıq, xurafat, vəhşi həyat tərzi, ədalətsizlik kimi anlaşılmalıdır. Həmin dəlinin yandırdığı Quran həm də o çağırışdır ki, əgər Quranın yandırılmasına bu qədər həsassınızsa, o zaman onun mətninə də, mənasına da, təlqin etdiyi əxlaqa da öz yaşamınızda eyni həssaslığı göstərin.

Bu cür davranışlar bundan sonra da gözləniləndir. Ötənlərdə başqa bir dəlisi də çıxıb öz yaşamı ilə insanlıq üçün örnək olan İslam Peyğəmbərinin karrikaturasını çəkməklə müsəlmanları qəzəbləndirmişdi. O zaman da müsəlman Şərqində insanlar küçələrə tökülüb etiraz etmişdilər.

O zaman da söyləyən olmadı ki, bu həssas müsəlmanlar öz yaşam tərzini, ədalətsizliyi, vəhşi davranışları ilə özləri çoxdan bu karrikaturanı çəkmişlər. Peyğəmbərin söymədiyini bunlar söyürlər, peyğəmbərin döymədiyini bunlar döyürlər, peyğəmbərin demədiyini bunlar deyirlər, peyğəmbərin sevmədiyini bunlar sevirlər, peyğəmbərin etmədiyini bunlar edirlər, karrikatura bundan artıq necə çəkilir ki?!

Quran insanlıq üçün bir örnək əxlaq və yaşam kitabıdır, İslam Peyğəmbəri insanlıq üçün bir örnək şəxsiyyətdir, lakin hər iki örnəyi öz yaşamında unudaraq bütövlükdə müsəlman təəssübkeşliyindən ağız dolusu danışanların həssaslıq, qəzəb, nifrət kükrəməsini anlamaq və anlatmaq heç cür mümkün deyil. Əlbətə, yer üzündə sağlam düşüncəli, insana sevgi və sayğı duyan, Quran əxlaqını mənimsəyən, Peyğəmbər yaşamını səmimi şəkildə örnək alan, çevrəsindəki insanlara güvən verən müsəlmanların da sayı az deyil. Eləcə də hər hansı inanc mənsubu olan bu xarakterdə insanlar da dünyada az deyil. Dünyanı müsəlmanın müsəlmanı sevdiyi düşüncə deyil, yalnız müsəlmanın insanı sevdiyi düşüncə gözəlləşdirə bilər.

Ancaq əfsus ki, dünyada müsəlman tanıtımı cavab addımı kimi kilsələrə gül dağıdan insanların üzərindən deyil, küçələrdə qəzəb dağıdan insanların üzərindən aparılır.

Gül dağıdan hər kəsə salam olsun! Siz həmişə gül dağıtsanız, kimsə nə Quranı yandıracaq, nə də peyğəmbərin karrikaturasını çəkəcək. Bu, həm də İnsanlığın böyük Peyğəmbərinə, Rəsullullaha göndərilən bir salamdır!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Parlamentdə 12 məsələ müzakirə olunacaq

Milli Məclisin gündəliyi məlum olub.Citypost.az  xəbər verir ki, gündəlikdə 12 məsələ var.1. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi...

13 Oktyabr 2026, 19:20

Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.Bu barədə "Report" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.Məlumata görə, Azərbaycanın sədrliyi çərçivəsində keçirilən forumun gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi, habelə AQEM-in gələcək institusional inkişafının aktual məsələləri daxil edilib."Nəqliyyat əlaqələndirilməsi, rəqəmsallaşdırma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.Bildirilib ki, iştirakçılar regional və beynəlxalq gündəliyin əsas məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.Sammitin yekunlarına əsasən, AQEM-in rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş Bakı Bəyannaməsinin və...

13 Oktyabr 2026, 18:55

Sayman Aruzdan İran haqda ŞOK FAKTLAR

"Mən vaxtilə İranda yaşamışam. Oradakı molla rejiminin insanlara, xüsusilə də insanların şəxsi azadlıqlarına qarşı sərgilədiyi qəddar münasibəti öz gözlərimlə görmüş, öz canımla yaşamışam. Mən adi bir qısaqol geyimə görə küçədə həbs olunmuş, polisə aparılmış, orada döyülmüşəm. İnanmağı çətin olsa da adicə xanım tələbə yoldaşım ilə birlikdə universitetdən çıxanda həbs edilmiş 40 zərbə şallağa məhkum olmuşam. 3-cü sinifdə oxuyanda müəllimlə Azərbaycan Türkcəsində danışdığıma görə sinifdən xaric edilmişəm. Mən İran fars-molla rejiminin yaymaq istədiyi mənfur "dini" ideologiyanı çox gözəl tanıyıram".Bu sözləri CityPost.az--a açıqlamasında Cənubi Azərbaycandan olan şair,AYB sədrinin müşaviri Sayman Aruz bildirib."Bəli, dostlar, sadəcə geyimimə, tələbə yoldaşımla birgə yeridiyimə, ana dilində sinifdə...

13 Oktyabr 2026, 18:50

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də...

13 Oktyabr 2026, 18:47

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb....

13 Oktyabr 2026, 17:38

Kəmaləddin Heydərov Sudan səfiri ilə görüşüb 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Sudan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən məmnunluq ifadə olunub, bu çərçivədə ölkələrimiz arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların mövcud olduğu bildirilib.İki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında mülki müdafiə, yanğın təhlükəsizliyi və digər istiqamətlərdə, o cümlədən təcrübə mübadiləsi və mütəxəssis hazırlığı məsələləri üzrə əməkdaşlığın qarşılıqlı faydası vurğulanıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib....

13 Oktyabr 2026, 16:35