DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə MƏLUMAT YAYDI
Cəmiyyət 12 Fevral 2026, 12:59
357
Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.
Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət Təhlükəsiziyi Xidmətindən Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşmişlər.
Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər.
Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilmişdir.
Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir.
Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışlar.
Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.
Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir.
Həmçinin oxuyun
Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.
Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.
Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramiz Mehdiyevin bu şəxslərlə ŞOK səs yazısı yayıldı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib.Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri həmin təklifləri onlara elektron poçtla göndərəcəyini deyib.Xarici xüsusi xidmət orqanın qadın əməkdaşı ilə Ramiz Mehdiyevə təkliflərə "bu sizin öz işinizdir" deyə cavab verib.Ramiz Mehdiyev təkidlə təkliflərini dostlarına (xarici xüsusi xidmət orqanların rəhbərlərinə - Red) bir üsulla çatdırmaq lazım olduğunu qeyd edib.Bundan başqa,...
12 Fevral 2026, 13:34
DTX Abbas Abbasovu, Fuad Qəhrəmanlını, Qəniməd Zahidi axtarışa verib - RƏSMİ
Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunurlar.Citypost.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. İttiham olunanlardan 3-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib."Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib". - deyə açıqlamada deyilir....
12 Fevral 2026, 13:15
Sabah Azərbaycanda 18 dərəcə isti olacaq
Sabah Azərbaycanda hava necə olacaq?Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta,...
12 Fevral 2026, 12:39
Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI
"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği artıq tam şəkildə işçiyə ödəniləcək".CityPost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdirinin müavini Emil Əliyev DOST TV-nin efirində çıxışı zamanı deyib.O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği hesablandıqda əvvəl tam şəkildə işçiyə ödənilmirdi:"Çünki burada sığorta stajı tələbi var idi. 8 il sığorta stajı olanda 60 faiz, 8 ildən 12 ilə qədər olduqda 80 faiz, 12 ildən yuxarı və müəyyən kateqoriyaya aid olan şəxslərə 100 faiz miqdarında ödənilirdi.Yeni dəyişikliyə əsasən, sığorta stajı və yaxud hər hansı statusdan asılı olmayaraq, müavinətin məbləği...
12 Fevral 2026, 12:32
Pensiya kapitalı nə qədər artırıldı?
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib".CityPost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.Pensiya kapitalı nə qədər artırıldı?V.Bayramov qeyd edib ki, yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirilib:"Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 2026-cı il yanvarın 1-nə olan pensiya kapitalları 5.6...
12 Fevral 2026, 12:10
Ağalıda torpaqların əkin məqsədli istifadəsi üçün sonuncu müraciət qəbuluna başlanılıb
Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə sonuncu müraciətlərin qəbuluna başlanılıb.CityPost.az xəbər verir ki, Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonunadək davam edəcək.Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli...
12 Fevral 2026, 11:57