Bizə yazın

Baku

-°C

USD

-

TAPDIQ ƏLİBƏYLİNİN POEZİYASI: ƏNƏNƏ VƏ SƏMİMİYYƏT  

Cəmiyyət 11 Aprel 2026, 16:04

504

     Müasir Azərbaycan poeziyasında, ədəbi mühitdə xüsusi dominant mövqe tutan şairlər olduğu kimi, daha sakit, iddiasız, lakin öz daxili poetik dünyasını qoruyub saxlayan müəlliflər də var. Tapdıq Əlibəyli məhz bu tip şairlərdən biri kimi diqqəti cəlb edir. Onun şeirləri oxucuda səmimi duyğuların, klassik poetik ənənəyə bağlılığın və şəxsi həyat təcrübəsinin ifadəsi kimi maraq doğurur.

    Tapdıq Əlibəylinin “Qəbdən qələmə” duyğu-söz çələngi  ilə baş-başayam. Düşüncələrimi də elə bu ovqatda bölüşnək istərdim. Kitabda toplanmış şeirlər mövzu baxımından rəngarəngdir. Burada həm söz və şeir haqqında düşüncələr, həm vətənpərvərlik motivləri, həm də sevgi, xatirə və həyat fəlsəfəsi öz əksini tapır. Müəllifin “Şeir - bir ruh, könül işi” kimi yanaşması onun poetik dünyasının əsas istiqamətini müəyyənləşdirir. 

Düzdəsə sözun düzu,

Sübhədək inləmişəm...

Başıma çəkib sözü,

Özümü dinləmışəm...

     Bu misralarda şair üçün söz ifadə vasitəsi olduğu qədər də mənəvi dayaq, daxili aləmin aynasıdır.

     Tapdıq Əlibəylinin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri onun klassik üsluba yaxınlığıdır. Qafiyə, ritm və bədii təsvir vasitələri ənənəvi çərçivədə qurulur. Bu isə bir tərəfdən şeirlərin oxunaqlığını artırır, digər tərəfdən isə yenilik axtaran oxucu üçün müəyyən sadəlik təsiri yaradır. Məsələn, “Şairlər”, “Yanğı həzzi”, “Şeir - sözün ən göyçəyi” kimi nümunələrdə şair sözə, şeirə, sənətə münasibətini klassik poetik qəliblər daxilində ifadə edir.  

     “Şairlər” şeirində o, şair obrazına özünəməxsus yanaşma təqdim edir. Müəllif şairləri “eşq sərxoşu”, “söz pərvanəsi” kimi təsvir etməklə onların sözə və ilhama bağlılığını ön plana çıxarır. Burada şair obrazı adi insan yox, daha çox yanaraq yaşayan, söz uğrunda əzab çəkən bir varlıq kimi təqdim olunur. Şeirdə diqqət çəkən əsas məqamlardan biri sözlə şair arasındakı ayrılmaz bağlılıqdır. Bu bağlılıq şairin taleyinin əsas yükü kimi təqdim olunur. “Şair ürəyinə güllə çaxılıb” misrası bu mənada şair taleyinin ağrılı tərəfini ifadə edir. 

     Eyni zamanda, şeirdə şairin həqiqəti demək missiyası da vurğulanır. 

Şairlər əzəldən söz pərvanəsi, 

Atəşə tutulub, oda yaxılıb. 

Sözü açıbsa da zindan-qəfəsi, 

Şair ürəyinə güllə çaxılıb... 

Şairlər vurnuxur yer-göy üzündə, 

Könlünü oxşayan sözlə ovunur. 

Düzünü söyləyir, qalsa da düzdə... 

Özünün odunda sözü qovurur. 

     “Düzünü söyləyir, qalsa da düzdə” misrası göstərir ki, şair cəmiyyət qarşısında məsuliyyət daşıyan bir obrazdır. O, çətinliklərə baxmayaraq sözünü deməkdən çəkinmir.

     Ümumilikdə, bu şeirdə Tapdıq Əlibəyli şairliyi həm ilahi ilham, həm də daxili yanğı kimi təqdim edir. Şair obrazı idealizə olunsa da, bu ideal daha çox səmimi və ənənəvi təsəvvürlər üzərində qurulub. Bu isə müəllifin poeziyaya yanaşmasının sadə və klassik ruhda olduğunu göstərir.

     Şeirin son bəndində isə klassik ədəbiyyata, xüsusilə Nəsimi irsinə bir işarə hiss olunur. 

Şairlər dünyanın söz divanəsi, 

“Divan”ı üstündə qurulub divan... 

Dərisi soyulub, ancaq haqq səsi 

Susmayıb, ucalıb, susmaz heç zaman!.

      “Dərisi soyulub, ancaq haqq səsi / Susmayıb...” misraları Nəsiminin taleyini xatırladır. Bu paralel vasitəsilə müəllif şairin haqq söz uğrunda çəkdiyi əzabları daha da ümumiləşdirir və onu tarixi bir kontekstə bağlayır.

     Beləliklə, şair obrazı yalnız fərdi deyil, həm də ənənədən gələn bir davam kimi təqdim olunur. Bu isə Tapdıq Əlibəylinin poeziyasında klassik düşüncəyə bağlılığın bir daha təsdiqi kimi görünür.

     Şairin yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Şəhidlərə həsr olunmuş silsilə şeirlər müəllifin vətəndaş mövqeyini açıq şəkildə ortaya qoyur. Bu şeirlərdə emosional yük yüksəkdir, duyğunun birbaşa ifadəsi ön plandadır. 

Şəhidin qan yeri -

Torpağın san yeri!

Hər qarış Vətəndir,

Şəhidi an, yeri!..

Ücrəngli bayrağım -

Hürriyət sorağım!

Azadlıq yolunda

Şəhidlər çıragım. - 

kimi bəndlər səmimiliyi əks etdirsə də, şeirlərdə publisistik çalarları artırır. 

     Tapdıq Əlibəylinin şəhidlərə həsr olunmuş silsilə şeirləri var. General Polad Həşimova həsr olunan “Bayraq dalğalandı şəhid adınla”, polkovnik Şükür Həmidova ünvanlanan “Qəhrəman polkovnik Şükür Həmidov”,  əfsanəvi qəhrəman Mübariz İbrahimov haqqında yazılan “Mübariz” kimi şeirlərində müəllif konkret şəxsiyyətlərə müraciət edir və onların qəhrəmanlığını poetik şəkildə təqdim etməyə çalışır. Bu şeirlərdə əsas diqqət bədii mürəkkəblikdən çox, duyğunun birbaşa ifadəsinə yönəlir.

     Müəllif burada daha çox vətəndaş mövqeyindən çıxış edir. Şəhid obrazı ideallaşdırılır, onların adı Vətən, bayraq və zəfər anlayışları ilə eyniləşdirilir. Emosional ton yüksəkdir, şeirlərdə çağırış və tərənnüm ruhu aydın hiss olunur. Bu baxımdan, həmin nümunələr də, publisistik-lirik xarakter daşıyır və müəllifin daxili vətən sevgisinin ifadəsi kimi diqqət çəkir.

     Sevgi və xatirə motivləri də müəllifin yaradıcılığının mühüm hissəsini təşkil edir. “Bir ev vardı”, “Sevərdim yenə səni”, “Olmazdım sanki” kimi şeirlərdə daha yumşaq, lirizmə yaxın bir dil var. Bu mətnlərdə səmimiyyət daha qabarıq hiss olunur və şairin fərdi duyğu dünyası oxucuya daha yaxın gəlir. Xüsusilə keçmişə dönüş, uşaqlıq xatirələri və ailə obrazları üzərində qurulan şeirlər daha uğurlu təsir bağışlayır.

Tapdıq Əlibəylinin dili sadə və aydındır. O, mürəkkəb sintaktik quruluşlardan qaçır, fikrini daha çox birbaşa və anlaşıqlı şəkildə ifadə edir. Bu xüsusiyyət şeirləri geniş oxucu kütləsi üçün əlçatan edir. 

     Ümumilikdə, şairin şeirləri daha çox müəllifin daxili dünyasının səmimi ifadəsi kimi dəyərləndirilə bilər. Tapdıq Əlibəyli öz poetik xəttini qoruyan, ənənəyə bağlı, özünəməxsus ədəbi üslubu olan bir şairdir. Ona ömür təqviminin 65 illik şərəfli və mənalı yubileyi ərəfəsində möhkəm cansağlığı, uzun ömür və daim yüksələn əhval-ruhiyyə arzulayıram. Arzu edirəm ki, yaradıcılıq yolunda yeni-yeni uğurlara imza atsın, ilhamı heç vaxt tükənməsin, hər bir əsəri ilə oxucuların, qədirbilənlərin qəlbini fəth etməyə davam etsin. Həyatının bu gözəl mərhələsi ona sevinc, qürur və yeni zirvələr bəxş etsin.

✍️ Yusif Nəğməkar 

             yazıçı-şair,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bazar gününün havası açıqlanıb 

Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə...

11 Aprel 2026, 15:58

Xaçmazda yol qəzasında bir nəfər ölüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Həsənqala kəndi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 36 yaşlı İzzət Cəlilovu vurub.Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır.

11 Aprel 2026, 10:59

AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 

Taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.Bu barədə  AYNA-dan məlumat verilib.Bildirilib ki, Nazirlər Kabineti tərəfindən aprelin 7-də qəbul edilən 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşıma sahəsinə aiddir və taksi fəaliyyətini əhatə etmir.Qeyd olunub ki, sərəncama əsasən, iki ay müddətində təqdim ediləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır. Bu çərçivədə texniki göstəricilərin, eləcə də nəqliyyat vasitələrinin daxili və xarici tərtibatına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.Açıqlamada xatırladılıb ki, sifarişli sərnişindaşımalara turist və ya rayonlararası sifariş əsasında fəaliyyət göstərən avtobus və mikroavtobuslar, minik avtomobilləri, korporativ servis xidmətləri, eləcə də özəl tədbirlər üçün kirayə edilən nəqliyyat vasitələri daxildir. Bu yanaşmanın yükdaşıma fəaliyyətinə...

10 Aprel 2026, 21:05

FHN: İntensiv yağışlarla əlaqədar təhlükəsizik tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür....

10 Aprel 2026, 17:55

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.Citypost.az xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilib.Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.Qanun səsə qoyularaq qəbul edilib....

10 Aprel 2026, 17:23

Bu tarixlərdə Bakıda güclü külək əsəcək

Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

10 Aprel 2026, 17:14