Bizə yazın

Baku

-°C

USD

-

DAHİ – Şəmsi Vəfadarın YAZISI  

Söz adamı 16 Mart 2026, 15:17

14032

Mən ona nə müəllim deyirdim, nə də bəy. Elə ilk ünsiyyətimiz yaranan gündən ona belə müraciət edirdim... Dahi. Sonralar müştərək dostlarımız hamısı – Oqtay Rza, Qulu Məhərrəmov, Ənvər Əhməd, Ramiz Məmmədzadə, Fazil Rəhmanzadə, Sərvaz Hüseynoğlu, Dayandur Sevgin, Sabir Abdin, Yusif Nəğməkar, Ramiz Bahadıroğlu,Mübariz Süleymanlı və digərləri də onu öz adı ilə deyil, mənim dilimlə elə Dahi deyə çağırırdılar. Amma, sözün əsl mənasında kişi doğrudan da elə dahi idi. O, dahiliyini bütün tərəfləri ilə sübut etmişdi. Söhbət  Dövlət Mükafatı Laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədən gedir. 

Yaxşı xatırlayıram, Xalq şairi Zəlimxan Yaqubun 65  illik yubliyi idi. N.Şəmsizadə və mən də rəsmi tədbirdən sonrakı ziyafətə dəvət edilmişdik. Unutmuşam, hansısa səbəbdən 2 saatdan artıq ziyafətə gecikdik. Biz zala daxil olanda məclis artıq sovulurdu. Zəlimxan Yaqub özü bizi qarşıladı. Onlar Yeni Yasamalda Yazıçılar Birliyinin verdiyi mənzildə qonşu olmuşdular. Demək olar, bütün masalar dolmuşdu. Oturmağa yer belə yox idi. 10 dəqiqəyə yaxın ayaqüstə gözlədik. Bizim üçün ucqar bir yerdə tələm-tələsik ayrıca stol açdılar. N.Şəmsizadə gülümsünərək üzünü mənə tutdu: “Sən heç narahat olma, 15 dəqiqədən sonra bu stolun ətrafında yer olmayacaq, bura mərkəzə çevriləcək”. Doğrudan da elə oldu. Nizami Cəfərov, Şirindil Alışanov, Əsəd Cahangir, Qurban Bayramov, Sərvaz Hüseynoğlu, Əlizra Xələfli, Asif Rüstəmli, Fuad Poladov, Ramiz Əzizbəyli və  digər tanınmış şəxslər bizim masaya onun başına toplaşdılar. 

Mənim düşüncəmə görə insanlar 2 yerə bölünür, tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər. Mənə elə gəlirdi,O,hər gün kamilləşirdi,abidləşirdi.Demək olar ki, hər gün səhər saatlarında O, mənə, ya da mən ona zəng edərdim. Telefonun o başından səsi gələn kimi zarafatla bu bəndi söyləyərdim: 

İndi oxucuma xəbər verim mən, 

Dahilər dahisi Şəmsizadədən.

Qubada, İspikdə dünyaya gəldi,

Onun əsərləri qızıldı, ləldi... 

Xeyli gülürdü və deyirdi: Gəl sən mən deyənə qulaq as, bu bəndi proqramlaşdırıb, sənin və mənim telefonuma yazdıraq. Sənin də canın qurtarsın, mənim də... 

Hər günün əksər hissəsini biz birlikdə keçirdik. Mən həyatda ondan çox şey öyrənmişəm. Mənim adım onun soyadı idi. Bəlkə də elə bu səbəbdən bəziləri bizi qohum bilirdilər. Amma, bizim münasibətlərimiz ən doğma qohumdan da yaxın və isti idi. O söhbətləri zamanı mənə dəfələrlə demişdi ki, bilmirəm, sən mənim kiçik qardaşımsan, yoxsa böyük oğlum? Bu iki fərd kimi  mənə yaxınsan. 

Onun bu sözləri mənim yaddaşıma əbədi həkk olunub. Uşaqlıq və gənclik illərindən, ötüb keçənlərdən, ünsiyyətdə olduğu insanlarla (Mircəlal Paşayevlə, Vilayət Quliyevlə, Vaqif Kərimovla, Aydın Məmmədovla, Dilarə Əliyevayla, Rəşad Məcidlə, İsa Həbibbəyli ilə, Elçinlə, Timuçin Əfəndiyevlə, Gülşən Kəngərli və Arif Əmrahoğlu  ilə) bağlı mənə xatirələr danışardı. Mənə elə gəlir, hər kəs onu tanıyan sonuncu insan ölənə qədər yaşayır. N. Şəmsizadənin isə tanıyanların sayı hər gün, hər saat, hər dəqiqə artır. Ümumiyyətlə, mən belə hesab edirəm ki, N.Şəmsizadə kimi insanların məzar daşlarında vəfat etdikləri tarixi yazmaq düzgün deyil, ona görə ki, belə insanlar ölmürlər axı... Onları ölmüş saymaq olmaz. N.Şəmsizadə mənim üçün, onun qədirbilən dostları üçün ailəsi üçün heç zaman ölə bilməz. Şəxsən mən belə hesab edirəm ki, O, ölməyib. Sadəcə cismi bizimlə deyil. Mənəvi varlığa qovuşub. Ruhu hər an bizimlədir onun. Düşünürəm ki, N.Şəmsizadə yaşayır, nə qədər biz varıq, bu millət var, xalq var, nə qədər Azərbaycan var, o da olacaq, o da yaşayacaq. Mən addımbaşı onunla rastlaşıram: küçədə, xiyabanda, parkda, evlərinin yanında, kitabxanada, məsliclərdə... Hər gün xatırlayıram, yadıma salıram, yuxuda görürəm... Onun fikirlərindən sitatlar gətirirəm. Mən onu necə unuda bilərəm axı? Mən onu istəsəm belə unuda bilmərəm. Söhbətləri zamanı tez-tez təkrar edirdi ki, insan yalnız unudulanda ölə bilər. Unudulmaq ölmək deməkdir. Bir də ata-anası, uşaqlıq illəri barədə mənə çoxlu xatirələr danışardı, danışdıqca özü də mənə qoşulub ürəkdən gülərdi. Uşaqlaq illərini detalları ilə təsəvvür edib, nöqtəsinə qədər elə danışardı ki, özümü həmin mühitdə, Qubanın ucqar dağ kəndi İspikdə hiss edirdim. Kənd evinin özünəməxsus ətri, təndir çörəyinin tamı, həyəti bürümüş samanlıq qoxusu, dağlardan süzülüb gələn çayın şırıltısı, əyri-üyrü, daşlı-kəsəkli kənd yolları, neftlə işləyən çırağın torpaq döşəməli evi necə şölələndirməsi, odun-ocağın tüstüsünün divarlara hopması,həyətləri bir-birindən ayıran çırpıdan hörülmüş çəpər,axşamüstü naxırdan qayıdan mal-qaranın,qoyun-quzunun mələşməsi,itlərin hürüşməsi... O deyirdi ki, Allahın buyurduqlarını sevərək icra etmək lazımdır, qorxaraq yox. Cəhənnəm qorxusu və ya hər hansı qadağalar bir adamı yaxşı olmağa vadar edirsə, demək o adamın pisdən heç bir fərqi yoxdur. 

Belə bir deyim var: işlətdiyi günahları ört-basdır edənlərlə hər gün rastlaşıram, etdiyi yaxşılıqları gizlədən görmədim. Amma mən N.Şəmsizadənin timsalında görmüşəm. 

Dəfələrlə şahidi olmuşdum ki, onunla tədbirdə və ya hansısa məclisdə olarkən kimsə yaxınlaşıb, nə zamansa etdiyi yaxşılığın müqabilində ona minnətdarlıq bildirib. Hiss etmişəm ki, N.Şəmsizadə o adamı tanımayıb və bəlkə də heç xatırlamayıb da... Ona görə xatırlamayıb ki, o etdiyi yaxşılığı məqsədli etməyib, qarşı tərəfdən umacağı olmayıb. 

Birlikdə rayonlara tez-tez işgüzar səfərlər edərdik. Biz bir dəfə onunla Ağcabədiyə tanınmış şair Ənvər Əhmədin bacısının yas mərasiminə gedirdik. Maşını mən idarə edirdim. İmişlinin Bəhramtəpə qəsəbəsindən keçərkən avtomobili mənə saxlatdırdı. Tikanlı məftillərlə əhatələnmiş sərhəd dirəklərinə yaxınlaşdı. 20 dəqiqədən çox gözləri yaşla dola-dola o taya baxdı. Üzü Təbrizə sarı ağaya-ağlaya salavat çevirdi. Maşına oturub, hönkürdü. Uca səslə uşaq kimi ağladı. Onu tanıdığım 20 il ərzində heç vaxt belə görməmişdim. Maşındakılar Ramiz Məmmədzadə, Oqtay Rza, Fazil Rəhmanzadə və mən ona qoşulub ağladıq. Ağcabədiyə çatana qədər hamı kədər içində susdu. Heç kim danışmadı. Hüzür sahibləri bizi kövrəlmiş gözüyaşı görüb məsələnin nə yerdə olduğunu anlamadılar. Boynumuzu qocaqlayıb, onlar da kövrəldilər. 

Üsyan etmək başqa şeydir, bəyənməmək tamam başqa şey. Onun bəyənmədiyi, qəbul etmədiyi konkret adamlar və xüsusiyyətlər mövcud idi. O iftiranı, yalanı, riyakarlığı qəbul etmirdi. İti qılınc kimi idi. Onu kiminsə üzünə yalandan gülən görmədim. Vəzifəsindən və mövqeyindən asılı olmayaraq adamlar onun üçün ya var idi, ya da yox...

Son gününə qədər də belə oldu. Onun mövqeyindən hansısa danışıq və ya güc yolu ilə döndərmək mümkün deyildi. Məhz, bu xarakterinə görə onu qəbul etməyənlər də var idi. Sirr deyil ki,insanların əksəriyyəti, xüsusən ixtiyar sahibləri düz danışan insanları, bir sifəti olanları sevmirlər axı... Deyirdi, mən döyüşə qalib gəlmək üçün girmirəm, vuruşmaq üçün girirəm. 

Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzvü olmaqdan ötrü iki dəfə seçkilərdə iştirak etdi. Ondan qat-qat aşağıda olanlar, aztanınmışlar vaxtilə doktorluq işlərini N.Şəmsizadənin yazdığı adamlar “seçildi”. Ona imkan vermədilər. Özü mənə demişdi ki, bu işlərin arxasında o zaman Prezident Adminstrasiyasının rəhbəri olan Ramiz Mehdiyev dayanır. Onun deməsinə görə hətta Ramiz Mehdiyev “Azərbaycançılıq” əsərinə görə Ümummilli Lider Heydər Əliyev tərəfindən ona Dövlət Mükafatı Laureatı adı verilən zaman da maneə yaratmaq istəyib.Amma bacarmayıb. Ramiz Mehdiyevin qılıncının dalı-qabağı kəsəndə, televiziyada görüntüsünü seyr edəndə, bəzi insanlarda hətta evində oturduğu yerdə tərpəniş yarananda N.Şəmsizadə qorxmadan açıqcasına onu Azərbaycan xalqının düşməni adlandırırdı. Deyidi ki, onun qarışığı var, o bizləri sevə bilməz. Vaxt gələcək, bu gün etdiklərinə görə cavab verəcək, Allaha şükürlər olsun  ki, gec də olsa bu gün  haqq yerini tutur.

Düzdür, N.Şəmsizadə Ramiz Mehdiyevin  dövlətçiliyimizə qarşı törətdiyi xəyanətinin necə ifşa olunmasını yaxınlarının payızda budaqdan bir-bir qopan yarpaq kimi vəzifələrini itirmələrini, kürəkəni İ.Əliyevin 15 sutkalıq həbs ediləcəyindən qorxaraq kamera qarşısında kövrəlməsini, erməni qayınanasının məzarının yerinin mətbuatın 1 nömrəli xəbərinə çevrilməsini, onunla münasibəti olduğunu danıb, küncə-bucağa sığınanları görmədi. Amma, inanıram ki, onun ruhu şaddır. Ona görə şaddır ki, N.Şəmsizadə əsl Azərbaycanlı idi, xalq adamı idi.... Azərbaycançılıq məfkurəsini , duyğusunu, ideyasını yayan şəxs idi... Allah sənə rəhmət eləsin, ey Dahi. Sənin arzularının sıra ilə həyata keçməsinə biz şahidik, sən rahat yat...

Şəmsi Vəfadar,yazıçı-şair

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyət

Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyətSeyid Rəsul Ağa Sabirabad rayonunun ictimai yaddaşında el ağsaqqalı, yüksək mənəvi keyfiyyətlərə malik görkəmli tarixi şəxsiyyət və mədəni irs siması kimi xüsusi yer tutur. Onun adı ilə bağlı formalaşmış ictimai hörmət və nüfuz yalnız yaşadığı dövrü deyil, sonrakı nəsillərin də sosial-mənəvi dəyərlər sistemini əks etdirir.Həyatı və mənəvi keyfiyyətləriMənbələrə əsasən, Seyid Rəsul Ağa 1871-ci ildə Sabirabad rayonunun Balvar kəndində anadan olmuş, 06 noyabr 1965-ci il tarixində Qalaqayın kəndində vəfat etmişdir. Onun məzarı həmin kəndin qəbiristanlığında yerləşir və üzərində günbəz tipli abidə inşa olunmuşdur.Seyid Rəsul Ağa yaşadığı dövrdə...

17 Aprel 2026, 09:31

Sevgi səhnələrində nəyi yazmaq olmaz  - Şahbaz Xuduoğlu yazır...

Sevgi səhnələrində nəyi yazmaq olmazBəzi müəlliflərin kitablarını oxuyarkən qarşıma çox qəribə sevgi səhnələri çıxır və qərara gəldim ki, bununla bağlı fikirlərimi paylaşım. Bəlkə yazdıqalrım yeni və gənc müəlliflərə faydalı olar.Əvvəla, çalışın yazdığınız sevgi, sevişmək səhnələrində hansısa tərəfi aşağılamayasınız. Cinsi fərqə görə, məsələn, sevgi səhnələrində qadını aşağılamaq kimi yanaşmalar düzgün deyil. Hər iki tərəfə eyni dərəcədə empati ilə yanaşmaq lazımdır. Belə məqamlarda müəllifin cinsi bilinməli deyil. Yazarkən bir şeyi unutmayın: siz reallığı yazmırsınız, siz reallığın estetikasını yaradırsınız. Bu isə çox həssas və incə yanaşma tələb edir.Sevgidən yazmaq, hisslərinin dilini anlamaq və onu sözə çevirə bilmək məharətidir.Erotika ilə pornoqrafiyanı bir-birindən ayırmaq lazımdır. Bəzən...

16 Aprel 2026, 10:07

Parlamentin rəqəmsal memarı - Osman Gündüz yazır...

30 ildir bu sektordayam. Bu qədər stajı olanları da yaxşı tanıyıram. Çünki zamanında sayımız elə də çox olmayıb.Azərbaycanda İT sektorunda uzun illər sistemli fəaliyyət göstərən nadir mütəxəssislərdən biri də Şahin müəllimdir. Maraqlıdır ki, o, təxminən 30 ilə yaxın müddətdə Milli Məclisdə İT sahəsinə rəhbərlik edərək, faktiki olaraq bu qurumun rəqəmsal infrastrukturunun memarı olub.Bir insan təsəvvür edin ki, həyatının az qala yarısını böyük bir dövlət qurumunun rəqəmsal mühitinin qurulmasına həsr edib. Onun rəhbərlik etdiyi struktur təkcə texniki dəstək funksiyası daşımayıb. Bildiyim qədər bu illər ərzində parlament iclaslarının elektron idarə olunması, elektron səsvermə sistemləri, bütün iclas və tədbirlərin video-audio qeydiyyatı, stenoqramların hazırlanması və arxivləşdirilməsi, qanunvericilik sənədlərinin...

15 Aprel 2026, 10:41

Zirvənin Sakit Sahibi  

Bu gün bir insanın yoxluğunu deyil, bir ömrün işığını xatırlayırıq…Bu gün sadəcə bir anım günü deyil, bu, bir xalqın yaddaşına həkk olunmuş zərifliyin, zəkanın və mərhəmətin səssizcə boy göstərdiyi gündür. Bu gün Zərifə Əliyeva-nın anım günüdür.O, yalnız bir alim deyildi. O, insan gözünə işıq verən həkim olmaqla yanaşı, qəlblərə də nur salan bir şəxsiyyət idi. Onun toxunduğu həyatlarda yalnız müalicə yox, ümid də vardı. O ümid ki, bəzən dərmandan daha güclü olur.Zərifə xanımın böyüklüyü onun sadəliyində gizlənirdi. O, zirvədə dayanıb aşağıdan baxanlardan deyildi , o, zirvəni özü ilə birlikdə hamı üçün əlçatan edənlərdən idi. Elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, insanlara yanaşma...

15 Aprel 2026, 10:29

Həqiqətin və intuisiya­nın nuru - Etibar Əliyev yazır...

15 APREL ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi MarağayiHər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin...

15 Aprel 2026, 08:12

Tural İrfan: “Rüşvət alan da, verən də eyni dərəcədə günahkardır”

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan rüşvət və bəndə haqqı ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, cəmiyyətdə bəzi insanlar rüşvət almağın günah olduğunu qəbul etsə də, verməyin günah olmadığını düşünür:“Əslində isə rüşvət verən də, alan qədər günaha batır. Hətta bu prosesdə vasitəçilik edən şəxslər də lənətlənmiş sayılır.”Dinşünas qeyd edib ki, haram yolla əldə olunan qazanc insanın ibadətlərinin qəbuluna ciddi maneə yaradır:“Kim rüşvət alıbsa və ya başqasının haqqını tapdalayıbsa, sadəcə ibadət etməklə, ziyarətlərə getməklə bunu ört-basdır edə bilməz. Əvvəlcə zərər vurduğu şəxsləri tapmalı, onların haqqını ödəməli və halallıq almalıdır.”Onun sözlərinə görə, bəndə haqqı İslamda...

10 Aprel 2026, 08:08