Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: Azərbaycan Ordusu regionun ən güclü ordusudur

Cəmiyyət 23 İyun 2026, 10:32

480

Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əziz xatirəsini özündə yaşadır.

Azərbaycan milli ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulmuşdur. Bu qərar Şərqdə ilk demokratik respublikanın öz milli ordusunu formalaşdırması istiqamətində mühüm tarixi addım olmuşdur. Bundan sonra Hərb Nazirliyi yaradılmış və qısa müddət ərzində peşəkar ordu quruculuğu istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli ordu fəaliyyətini dayandırsa da, xalqımızın dövlətçilik ənənələri və hərbi ruhu heç vaxt sönməmişdir. 

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında müasir milli ordunun formalaşdırılması prosesi başlanmış, ordunun döyüş qabiliyyətinin artırılması, hərbi təhsilin inkişafı və müasir texnologiyalarla təchizatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi və onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdur. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağı daha da artırdı, xeyli sayda azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

22 may 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən 26 iyun tarixi rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Bundan sonra hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyev 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. 

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuşdur.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Prezident İlham Əliyevin diqqəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilmişdir.

Ölkə Başçısının təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılmışdır ki, hazırda ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Dövlətimiz öz zavodlarımızda istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.

Ali Baş Komandan İlham Əliyevin əməyi və peşəkar yanaşması sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkə Başçısının 569 nömrəli, 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş yüzlərlə hərbi qulluqçusu mənzillərlə təmin olunmuşdur.

Yaxın tarixə nəzər salsaq görərik ki, 2 aprel 2016-cı il tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etmişdir. Bundan sonra Ali Baş Komandan İlham Əliyev 27 sentyabr 2020-ci tarixdə əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində xeyli sayda şəhər, qəsəbə və kəndi işğaldan azad etmişdir.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə dövlət suverenliyinin tam bərpası əməliyyatına başlanıldı. Bu əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Ordumuzun döyüş hazırlığı, peşəkarlığı və müasir hərbi texnika ilə təminatı dövlətimizin müdafiə qüdrətinin əsas göstəricilərindəndir. Azərbaycan əsgəri müxtəlif dövrlərdə vətən torpaqlarının müdafiəsində böyük qəhrəmanlıqlar göstərmiş, xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində xalqımızın tarixi Zəfərinin qazanılmasında həlledici rol oynamışdır.

Azərbaycanın Türk Dövlətləri Təşkilatı ölkələri ilə hərbi sahədə əməkdaşlığı son illərdə xarici siyasətin və milli təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan, təşkilata üzv olan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı davamlı şəkildə genişləndirir. TDT-nin əsas məqsədlərindən biri üzv dövlətlər arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrin möhkəmləndirilməsidir.

Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan TDT ölkələri ilə birgə hərbi təlimlər keçirir, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi aparır, hərbi təhsil və kadr hazırlığı istiqamətində layihələr həyata keçirir. Xüsusilə Azərbaycan və Türkiyə arasında formalaşmış strateji müttəfiqlik münasibətləri digər türk dövlətləri ilə hərbi əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Azərbaycan Ordusunun modernləşdirilməsi prosesində türk hərbi təcrübəsindən geniş istifadə olunur

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılmışdır. Bu Universitetinin əsas vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

Məlumdur ki, qardaş Türkiyə dövləti Azərbaycanın ən etibarlı tərəfdaşı və müttəfiqidir ki, Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaratmışdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir və ölkəmizin müdafiə qabiliyyətini daha da artırır.

İki dost ölkə arasında imzalanmış “Şuşa Bəyannaməsi”nə görə də,  iki qardaş ölkə öz silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Hətta, Bəyənnaməyə əsasən hər iki ölkənin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsinin, birgə təhsil və təlimlərin keçirilməsinin, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasının, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi də nəzərdə tutulmuşdur.

Nəticə etibarilə, Azərbaycanın TDT ölkələri ilə hərbi sahədə əməkdaşlığı regional təhlükəsizliyin təmin olunmasına, Silahlı Qüvvələrin peşəkarlığının artırılmasına və türk dövlətləri arasında strateji həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq gələcəkdə də yeni layihələr və birgə təşəbbüslər vasitəsilə inkişaf etdirilməsi nəzərdə tutulan prioritet istiqamətlərdən biridir.

Ölkəmizin hərbi sahədə və xarici siyasətdə hər zaman yanında olan və Azərbaycana dəstək olan tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaratmışdır.

Beləliklə, Azərbaycan Ordusunun gücü xalqla ordunun birliyində, əsgər və zabitlərimizin yüksək mənəvi ruhunda, dövlətimizin sarsılmaz iradəsindədir. Bu gün hər bir azərbaycanlı öz ordusu ilə fəxr edir və onun uğurlarını ölkənin müstəqilliyinin ən mühüm təminatlarından biri hesab edir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23 İyun 2026, 11:25

Türkmənistan Prezidenti Füzulidə səfərdədir 

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.Citypost.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.

23 İyun 2026, 10:52

K.Qafarov: Dövlət qulluğu mühüm sahədir

Milli Məclisin deputatı Kəmaləddin Qafarov 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Sərəncamda Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda dövlət qulluğunun rolu və BMT tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixdə peşə bayramının qeyd olunması müəyyən edilib.K.Qafarov qeyd edib ki, 23 iyun təkcə peşə bayramı deyil, həm də dövlət idarəçiliyində mühüm rol oynayan dövlət qulluqçularının...

23 İyun 2026, 10:48

Asif Əsgərov: Dövlət qulluğu şərəfli fəaliyyətdir

Milli Məclisin deputatı Asif Əsgərov 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edib.Citypost.az xəbər verir ki, deputat qeyd edib ki, dövlət qulluğu böyük məsuliyyət, yüksək peşəkarlıq, xalqa və dövlətə sədaqət tələb edən şərəfli fəaliyyət sahəsidir. Onun sözlərinə görə, dövlət qulluqçuları gündəlik fəaliyyəti ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə və ölkənin inkişafına mühüm töhfələr verirlər.Asif Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və dövlət qulluğu sistemi müasir çağırışlara uyğun olaraq daha da təkmilləşdirilir.Deputat peşə bayramı münasibətilə bütün dövlət qulluqçularına...

23 İyun 2026, 10:23

YPX narkotik təsiri altında olan sürücünü aşkarladı

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.Belə ki, Mingəçevir şəhər sakini İlyas Hüseynov "Ford" markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən olunub. Məhkəmənin qərarı ilə İ.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik...

23 İyun 2026, 10:21

Bakı və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq 

Bu gün Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Bu barədə Citypost.az  "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev küçələrinin bəzi hissələrini əhatə edəcək."Həmçinin Cəlilabad Elektrik Şəbəkəsi (EŞ)...

23 İyun 2026, 10:16