Bizə yazın

Baku

-°C

USD

-

Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər

Hüquq 11 Mart 2025, 21:32

7454

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən şəxs Ruben Vardanyan əvvəlki məhkəmə proseslərində verdiyi vəsatətlərin bir qisminin təmin olunmadığını qeyd edərək, işə baxan hakimlər kollegiyasına etirazını bildirib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərarlar qəbul olunub. Həmçinin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edildiyi və həmin etirazın əsaslandırılmasının zəruri olduğu vurğulanıb. Buna baxmayaraq, R.Vardanyanın öz etirazını qanunvericiliyin müəyyən etdiyi hallara uyğun deyil, vəsatətlərinin təmin olunmaması ilə əsaslandırması cinayət-prosessual qanunvericiliyə əsasən, etiraz üçün əsas ola bilməz. Bu səbəbdən prokuror etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

İclasa sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin eyni xüsusat üzrə artıq dördüncü dəfədir hakimlər kollegiyasına etiraz etdiyini, göstərdiyi halların hər birinə əvvəllər ətraflı baxılaraq qərar verildiyini, hazırkı prosesdə hər hansı yeni dəlil təqdim olunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təmin etməyib.

Sonra dövlət ittihaçısı Təranə Məmmədova təqsirləndirilən şəxsə Azərbaycanın Respublikasının əvvəllər işğal altında olmuş suveren ərazilərinin minalanması, oraya müxtəlif yerlərdən, o cümlədən Ermənistandan silahların daşınması prosesi, əldə olunması, bunun üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydada formalaşdırılması, həmin prosesdə Ermənistan dövləti, onun rəhbərliyi və yüksək vəzifəli şəxslərinin iştirakı, dəstəyi, razılıq və icazələri, eləcə də könüllü və muzdluların Azərbaycanın suveren ərazilərində qalan Ermənistan ordusu ilə və Ermənistanla əlaqələri barədə suallar verib.

Təqsirləndirilən şəxs sualları cavablandırmaqdan imtina edib.

Daha sonra iş üzrə şahidlər dindirilib. Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl şahidlərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən yalnız həqiqəti danışmaq vəzifəsini izah edib.

Şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirərək deyib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”.

Şahid bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavə edib.

O deyib ki, Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə edirdilər. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbiçilər fəaliyyət göstəriblər. Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatı olub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

Şahidin sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb, insanlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar. Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.

2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərində gələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyən şahid deyib: “Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.

Sonra digər erməniəsilli şahid Qriqoryan Muşeq Qurgenoviç ifadə verib.

Şahid deyib ki, Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub. “Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olan ixtisaslarını öyrənib və onlardan istifadəyə yararlı olan şəxsləri dəstələrə cəlb edib. Əsasən radiotexniki sahədə hərbi təcrübəsi olan əsgərlərin öz könüllü muzdlu dəstələrinə qoşulmasını həyata keçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər “İdman Turizmi Federasiyası”nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsi yaratdıraraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr və yuxarı sinif şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib. Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”, - deyə şahid vurğulayıb.

Məhkəmə iclasında şahidlərin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub. Onlar ibtidai istintaqda verdikləri ifadələrini təsdiqləyiblər.

Sonra zərərçəkmişlər ifadə veriblər. Zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib.

Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.

Məhkəmənin növbəti iclası martın 18-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həkim səhvi və hüquqi məsuliyyət: Ekspert açıqladı  

Həkimlərin fəaliyyəti Azərbaycanda əsasən Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş kliniki protokollara əsaslanır. Əgər müvafiq protokol mövcuddursa, həkim həmin protokolda göstərilmiş bütün addımları icra etməlidir. Əks halda, hüquqi məsuliyyət yaranır.Cityost.az xəbər verir ki, məsələn, bir şəxs hündürlükdən yıxılır və zədə alırsa, həkim onu dərhal müayinə etməli, ehtiyac varsa əlavə testlər və müalicə tədbirləri görməlidir. Həkim protokolda nəzərdə tutulmuş addımları atlamış və xəstəni təhlükəli vəziyyətdə evə göndərmişsə, baş verəcək ağırlaşmalara görə məsuliyyət daşıyır.Bu barədə praktiki nümunələr mövcuddur. Yol nəqliyyat hadisəsi zamanı xəstə dövlət xəstəxanasına müraciət etmiş, həkim onu sadəcə baxışdan keçirərək evə göndərmişdi. Qısa müddət sonra xəstənin vəziyyəti pisləşmiş və sonrakı müayinələrdə artıq...

09 Mart 2026, 16:32

Torpaq üzərində fərdi ev tikintisi və qanuni addımlar

Əgər torpaq sahəniz varsa və orada fərdi yaşayış evi tikmək istəyirsinizsə, əvvəlcə heç kimdən icazə almağa ehtiyac yoxdur. Lakin tikinti qanunvericiliyinə uyğun addımlar atmaq vacibdir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 80-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində tikiləcək mənzilin layihəsi lisensiyalı şirkət tərəfindən hazırlanmalı və normativlərə uyğun təsdiq olunmalıdır. Bu zaman şəxsiyyətinizi təsdiq edən sənədin notarial təsdiq olunmuş surəti və torpaq sahəsinin çıxarışı icra orqanına təqdim edilir. İcra orqanının baş memarı sənədləri yoxladıqdan sonra layihə lisensiya ilə birlikdə şəhərsalma qurumuna göndərilir. 15–30 iş günü ərzində irad bildirilmirsə, tikinti qanunlara uyğun həyata keçirilə bilər.Əgər torpaq sahəsinin çıxarışı yoxdursa və ya...

06 Mart 2026, 13:51

Nikah zamanı borcların və gəlirlərin bərabər bölünməsi: Qanunvericilik izahı  

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, nikah dövründə ər və arvadın maliyyə məsələləri yalnız gəlirlərlə məhdudlaşmır. Eyni zamanda, hər iki tərəf nikah zamanı yaranan borclara da bərabər məsuliyyət daşıyır. Yəni, əgər ər və ya arvad müəyyən borc götürüb və ya kreditlərə imza atıbsa, həmin borcun yarısı digər tərəfə də aid edilir.Citypost.az xəbər verir ki, bu prinsip nikahın birgə iqtisadi həyat prinsiplərinə əsaslanır və həm şəxsi, həm də birgə aktivlər və öhdəliklərin bərabər payda bölünməsini təmin edir. Beləliklə, nikah dövründə hər iki tərəf maliyyə baxımından həm hüquqi, həm də maliyyə məsuliyyətini paylaşır.Qanun bunu xüsusi olaraq nəzərdə tutur ki, boşanma və ya nigahın pozulması...

03 Mart 2026, 12:09

Hamiləlikdə boşanma mümkündür - QANUN nə deyir?

Ailə Məcəlləsinə əsasən, hamiləlik dövründə qadın öz iradəsi ilə boşanmaq üçün məhkəməyə müraciət edə bilər. Yəni, 6 aylıq hamilə olan xanımın boşanmaq üçün müraciəti qanunla mümkündür və məcburi şəkildə ər ilə razılaşması tələb olunmur.Citypost.az xəbər verir ki, Qanun kişilərə isə müəyyən məhdudiyyət qoyur: ər hamiləlik dövründə və uşağın doğulmasından bir il ərzində boşanmaq üçün yalnız qadın müraciət edə bilər; bu müddət ərzində ər tərəfdən boşanma müraciəti mümkün deyil.Beləliklə, hamilə qadının boşanmaq hüququ tanınır və hamiləliyin müddətindən asılı olmayaraq qanuni əsasda müraciət edə bilər.Əli...

02 Mart 2026, 17:26

Ata uşağı ilə görüş hüququ: Bazar günü ilə məhdudlaşmır  

Məhkəmə bir ataya uşağı ilə görüşmək üçün bazar günü, misal üçün, səhər saat 10-dan axşam saat 6-dək icazə veribsə, bu valideynlər arasında razılıq çərçivəsində həyata keçirilir. Ana bu razılığa etiraz etmirsə, hər şey qanuni hesab olunur.Citypost.az xəbər verir ki, lakin gündəlik həyatda, məsələn, uşaq məktəbdən gedib gələrkən atasının uşağını qısaca öpməsi, görüşməsi də qanuni hüquq çərçivəsindədir. Yəni, ata yalnız bazar günü ilə məhdudlaşmır və uşağı ilə normal qarşılıqlı əlaqə qurmaq hüququna malikdir.Qeyd olunur ki, valideynlər arasında hüquq münaqişəsi olmadığı halda, polis və digər mühafizə orqanlarının müdaxiləsi qanuni deyil. Hüquqi müdaxilə yalnız uşağa qarşı zorakılıq, əxlaqsız hərəkət və ya xəsarət halları...

02 Mart 2026, 12:17

Özəl klinika “pul gətir, əməliyyat edim” deyə bilərmi? – Hüquqi vəziyyət  

Son zamanlar bir çox vətəndaş özəl klinikalarda əməliyyat üçün tələb olunan depozit və ya qabaqcadan ödənişlərlə bağlı problemlərlə üzləşir. Misal üçün, bir xəstə müəyyən əməliyyatı dövlət xəstəxanasında edə bilmədiyi üçün özəl klinikaya müraciət edir. Lakin klinika əvvəlcədən yüksək məbləğ tələb edir və depozit yatırılmasa, əməliyyatın edilməyəcəyini bildirir.Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, belə hallar qanunsuz sayılır. Həkim və ya klinika sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, əsas məqsəd insan sağlamlığını qorumaqdır. Bu səbəbdən tibbi xidmət göstərməkdən imtina etmək və xəstəyə qabaqcadan pul ödənişi tələb etmək hüquqi cəhətdən düzgün deyil.Qanunvericiliyə görə, tibbi xidmət iki növə ayrılır: planlı və plandan kənar....

26 Fevral 2026, 15:58