Aydınlığa aydınlıq gətirən... Unudulmaz Aydın Səlimzadə - ŞƏMSİ VƏFADAR YAZIR
Cəmiyyət 06 Mart 2026, 12:38
21944
AYB-nin üzvü,şair Şəmsi Vəfadar YAZIR
1989-cu ilin payızı idi. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alırdım. İnstitutun nəşri olan “Ruskiy yazık – Rus dili” qəzetinin redaktoru Emil Məmmədov sözün həqiqi mənasında əlimdən tutub o zamankı Azərbaycan SSR Elmlər Akademiyasına – “Elm” qəzetinin redaktoru, tarixçi alim, yazıçı Aydın Səlimzadənin yanına gətirdi. O, bizi tanış etdi və məni qəzetin redaksiyasında işə qəbul etməyi Aydına tövsiyə etdi. Qısa söhbətdən sonra Aydın Səlimzadə məni məsul katib ştatına işə götürdü.
Qəzet həftədə 1 dəfə Azərbaycan və rus dillərində nəşr olunurdu. “Elm” qəzetinin çox mehriban və qayğıkeş kollektivi var idi. Özümü çox xoşbəxt hiss edirdim. Mən burada Mehman Cavadoğlu, onun həyat yoldaşı Lətifə Məmmədova, Mahir Qarayev, Pyotr Lyukimson, Dilqəm Ağayev, Nəsib Nəsibzadə, Ədalət Tahirzadə, Zəminə Hacıyeva, Ramiz Əsgər, Arif Əmrahoğlu, Abid Tahirli və digər qələm adamları ilə tanış oldum. Onlar hər biri mənə həqiqi mənada ustadlıq edir, jurnalistikanı və qəzetçiliyin sirrlərini öyrədirdilər.
Sonralar Elmlər Akademiyasının geniş və füsünkar dəhlizlərində akademiklər Eldar Salayevi, Ziya Bünyadovu, Cəlal Əliyevi, İmam Mustafayevi, Budaq Budaqovu, Aslan Aslanovu, Bəxtiyar Vahabzadəni, Püstəxanım Əzizbəyovanı, Fərəməz Maqsudovu, Yaşar Qarayevi, Mahmud İsmayılov, Bəkir Nəbiyevi canlı görəndə fəxarət hissi keçirirdim. Belə möhtəşəm insanlarla bir binada işlədiyim üçün qürurlanırdım.
Bütün bunların hamısının səbəbkarı əlbəttə Aydın Səlimzadə idi. Bir müddət sonra 1991-ci ilin yayında yenicə nəşrə başlamış “Ədalət” qəzetinə, daha sonra isə “Müxalifət” qəzetinə işləməyə getdim. Mənim xahişimlə Aydın Səlimzadə əvvəllər mənim işlədiyim məsul katib vəzifəsinə Səyyad Aranı işə götürdü. Aydın Səlimzadə ilə münasibətlərimiz artıq dostluğa çevrilmişdi. Demək olar ki, həftənin bütün günləri işdən çıxan kimi yenə keçmiş Kommunist, indiki İstiqlaliyyət küçəsində yerləşən Elmlər Akademiyasının Rəyasət Heyətinə - Aydının yanına tələsirdim. Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən öz aramızda “Dovğa” adı verdiyimiz adsız yeməkxanaya – Həsənin yanına yığışıb yeyib-içib başımızı qatırdıq.
1995-ci il idi. Adəti üzrə yenə “Dovğa”ya toplaşmışdıq, Aydının sonuncu ad gününü birlikdə qeyd edirdik. Amma, bu toplaşdığımız Aydının axırıncı ad günü olduğunu Allahdan başqa heç kəs bilmirdi. Mahir Qarayev, Pyotr Lyukimson, Ağabəy Əsgərov, Dilqəm Ağayev, Nadir Cabbarlı, Paşa Əlioğlu, Zəminə Hacıyeva... ola bilər başqa kimlərsə də yenə həmin məclisdə olub, amma mən unutmuşam.
Həmçinin oxuyun
Təxminən saat 9-a qədər birlikdə olduq. Tədbirin sonuna yaxın Aydın qulağıma pıçıldadı ki, onun ad gününü davam etdirmək üçün onlara gedək, qonaqları olacaq. (Aydına bir neçə ay öncə Yazıçılar Birliyindən, geniş mənzil vermişdilər). Elə də oldu. Taksiyə əyləşdik. Mən qabağda, Aydın isə həmişəki kimi arxada əyləşdi. Yolüstü olan dükanların birindən bir neçə lazım olan şeyləri aldıq və Aydıngilə getdik. Həyat yoldaşı Rübabə xanım bizi adəti üzrə gülərüzlə qarşıladı. Çiçəyə bənzəyən Ayaz və Aygün atalarının qabağına qaçıb ona sırmaşdılar və ad gününü təbrik etdilər. Qonşuları Umud Rəhimoğlu, Nadir Cabbarlı, Taleh Həmid, Musa Yaqub da ad gününü davam etdirmək üçün onlara gəldilər.
Məclisin şirin yerində qapı döyüldü. Məlum oldu ki, bir qədər əvvəl bizi gətirən taksi sürücüsüdür gələn. O, Aydının taksidə “unudub” qoyduğu paltosunu gətirmişdi. Parçasının üstü xırda damalarla dolu, iri düyməli, paqonlu - Aydının bütün dostlarına tanış olan bozumtul rəngli palto... Aydın sonra gülərək əhvalatı belə nağıl edirdi ki, sən demə həmin paltonu O, Moskvada aspiranturada oxuduğu illərdə alıbmış. Söyləyirdi ki, həmin palto çoxlu sayda acılı-şirinli günlərinin, unudulmaz xatirələrinin şahidi olub. Amma artıq köhnəlib, nimdaşlaşmışdı. Qollarının ağzı və dirsəkləri geyinilməkdən süzülmüş, rəngi havanın, qarın, yağışın təsirindən dəyişmişdi. Aydın deyirdi ki, mən onu zibilliyə ata bilməzdim. Sən demə məhz elə bu səbəbdən Aydın özü paltonu planlı şəkildə taksidə “unudubmuş”. Taksi sürücüsü isə bizi mənzil başına çatdırdıqdan az sonra arxa oturacağın üstündə palto qaldığını görür və dərhal geri qayıdır. Binanın həyətində paltonu kiməsə göstərib. Qonşulardan hansısa Aydının paltosu olduğunu tanıyıb və onun evini nişan verib. Nə isə... Beləliklə, Aydın şirinlik verib taksi sürücüsünü yola saldı və bizə söz verdi ki, paltonu ömürlük qoruyub saxlayacaq.
Qəribəsi o idi ki, Aydının başqa üst geyimləri də var idi. Amma nədənsə O, bu nimdaş paltodan əl çəkmək istəmirdi.
Aydın söhbətləri zamanı tez-tez təkrar edirdi ki, alçaqlığı görüb susmaq da elə alçaqlıqdı... Tanıyanlar tərəfindən onu asanlıqla unutmaq, xatirəsini yad etməmək insanlıq əlaməti sayıla bilməz. Bəlkə də Aydın Səlimzadə çoxlarından fərqli olaraq insana necə pislik etmək olar sualına cavab verə bilməzdi. Ona görə ki, onun ruhunda, xislətində bu cür çirkin şeylər bir zərrə belə yer almamışdı.
1995-ci ilin martın 9-da 42 yaşında işıqlı insan, nur parçası Aydın Səlimzadəni itirdik. O, dünyasını dəyişdi, bizi qoyub əbədiyyətə, haqqın dərgahına qovuşdu. Aydının vəfat etməsindən 31 il ötür. Amma elə bil ki, bütün hadisələr dünən baş verib. Bu gün kimi hər şey yadımdadı. Mahir Qarayev səhər saatlarında zəng edib Aydının başına gələni mənə xəbər vermişdi. Akademik Aslan Aslanov, yazıçı Mahir Qarayev və mən birlikdə İsmayıllıya Aydının dəfn mərasiminə getdik. Yolboyu özümdən asılı olmadan ağladım. Həm gedəndə, həm gələndə... Aydın dostlarımdan birinci itirdiyim oldu... Onda Ramazan ayı idi, yenə Ramazan ayıdır. Aydın İsmayıllıda ata ocağında, anadan olduğu yurdda haqqa qovuşmuşdu. Ölümündən iki gün əvvəl gəlmişdi yanıma. O zaman mən “Mühakimə” qəzetində redaktor işləyirdim. Yanıma gələnlərdən kimisə yola salırdım. Gördüm ki, əllərini arxasında çarpazlaşdırıb sakit tərzdə qəbul otağında divara söykənib. Məni görən kimi üzü gülümsəyib zarafatla dedi ki, köməkçilərin məni sənin yanına buraxmırlar. Otağa dəvət etsəm də, tələsdiyini, rayona gedəcəyini söylədi. Əlimi cibimə salıb sayını bilmədiyim qədər, bir xışma cibinə pul basdım. Mənə tərəf əyilib pıçıldadı: “Nə vaxt qaytaracam?” Boynunu qucaqlayıb üzündən öpüb “Heç vaxt, qaytarma...” dedim. Bağrıma basıb yola saldım. Onu bayırda kimlərsə gözləyirdi. Bu mənim Aydınla sonuncu görüşüm oldu.
Aydının həyat yoldaşı Rübabə xanım bir neçə gün öncə telefon söhbəti zamanı mənə dedi ki, mən yenə O, Aydınlı günlərdə, illərdə qalmışam... Hər gün onunla danışıram, məsləhətləşirəm, dərdləşirəm...
Aydın Səlimzadə ilə bağlı çoxlu sayda rəngarəng xatirələrim var. Düşünürəm ki, Allah nəsib etsə yaxın gələcəkdə Aydın haqqında bir kitab yazım. Aydın Səlimzadənin xatirəsi hər cür hörmətə, izzətə layiqdir. Aydından söhbət düşəndə, onun barəsində həmişə bir şeyi düşünmüşəm. Əgər həqiqətən cənnət, cəhənnəm məfhumu mövcuddursa, varsa demək Aydın cənnətdədir. Əminəm ki, onun ruhu mələyə dönüb, cənnətdə uçur... Budaqdan budağa, çiçəkdən çiçəyə qonur...
Yerin behişt olsun, məzarın nurlu olsun, əziz Aydın. Görəsən bilirmisən ki, sən bizi necə, çox bir ağır dərdə salmısan, düçar etmisən – sənsizliyə...
Allah sənə rəhmət eləsin!
ŞƏMSİ VƏFADAR
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş edib
S7 Airlines aviaşirkətinə məxsus, Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstan səması üzərində olarkən təcili geri döndərilib və Omsk şəhərinə endirilib.Rusiya mediasının məlumatına görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin qəfil halının pisləşməsi olub.
03 May 2026, 13:10
Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman...
03 May 2026, 12:35
Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.Bu barədə CityPost.az-a DİM-dən məlumat verilib.İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunub.İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər...
03 May 2026, 12:31
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskini Konstitusiya Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, təbrikdə deyilir:"3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə...
03 May 2026, 12:10
Tahir Gözəl festivalda ona çay verənə 50 manat bəxşiş verdi - Video
“Qarabağ”ın prezidenti Tahir Gözəl şəhərdə keçirilən festivalda ona çay verən çayçıya 50 manat bəxşiş verib. CityPost.az xəbər verir ki, həmin an çəkilən görüntülər maraqla qarşılanıb. Görüntüləri təqdim edirik:
03 May 2026, 11:52
"Bakı Marafonu 2026" start götürüb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"ya start verilib.CİTYpOST.AZ-IN xəbərinə görə, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib.Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışır.Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar....
03 May 2026, 11:32