Bizə yazın

Baku

-°C

USD

-

İran özünü islam ölkəsi sayır...Əslində REALLIQ NƏDİR? 

Siyasət 13 Oktyabr 2026, 14:54

577

Citypost.az   AYB sədrinin müşaviri Sayman Aruzun İraqn haqqında məqaləsini təqdim edir:

Məcburi hicabdan azad düşüncəyə doğru

Dini mənəviyyatın siyasi alətə çevrilməsi cəmiyyətə nə verir və biz qonşumuzun yaşadığı tarixi səhvlərdən hansı nəticələri çıxarmalıyıq?

Hər bir cəmiyyətin qarşısında bu seçim var: gələcəyini azad düşüncə, elmi tərəqqi, hüquq və insan ləyaqəti üzərində qurmaq, yoxsa insanın şəxsi həyatını, geyimini, davranışını və hətta düşüncəsini müəyyən ideoloji qəliblərə salmağa çalışan bir idarəçilik modelini qəbul etmək. Bu seçim zahirən geyim, dini ayinlər və mənəvi dəyərlər ətrafında müzakirə olunsa da əslində söhbət insanın öz həyatı üzərində nə qədər söz sahibi olmasından, dövlətin səlahiyyətlərinin harada bitməsindən və cəmiyyətin hansı gələcəyə doğru getməsindən gedir.

Bu baxımdan İranın son yarım əsrdə yaşadığı təcrübə yalnız bir ölkənin daxili tarixindən ibarət deyil. Bu təcrübə dinin dövlət siyasətinin məcburedici vasitəsinə çevrilməsinin hansı ictimai nəticələr doğura biləcəyi barədə düşünmək üçün ciddi əsasdır. Xüsusilə Azərbaycan kimi həm milli-mənəvi dəyərlərini qorumağa, həm də dünyəvi dövlətçilik ənənələrini inkişaf etdirməyə çalışan bir ölkə üçün bu məsələyə emosiyalarla deyil, tarixi təcrübə və sağlam düşüncə ilə yanaşmaq vacibdir.

Gəlin Şah dövründən teokratik idarəçiliyə doğru gedən İranın dəyişən mənzərəsinə nəzər salaq. 

İranda 1979-cu il İslam inqilabından əvvəl də qadınların təhsilə, əmək fəaliyyətinə və ictimai həyata qoşulması istiqamətində müəyyən dəyişikliklər baş vermişdi. Şah hakimiyyəti dövründə ölkənin xüsusilə böyük şəhərlərində dünyəvi həyat tərzi geniş yayılır, qadınların ictimai görünürlüğü artır, modernləşmə siyasəti həyata keçirilirdi. Bununla belə, həmin dövrü hər cəhətdən azad, ədalətli və problemsiz cəmiyyət kimi təqdim etmək düzgün olmazdı. Siyasi repressiyalar, hakimiyyətin avtoritar xarakteri və sosial bərabərsizlik və İran ərazisində yaşayan digər millətlərə qarşı aparılan assimiliyasiya və basqı diyasəti də İran reallığının tərkib hissəsi idi.

Lakin bir məsələ aydındır ki, inqilabdan əvvəlki İranla inqilabdan sonrakı İran arasında dövlətin dinə münasibəti və dini normaların cəmiyyətə tətbiqi baxımından köklü fərq yarandı.

İslam inqilabından sonra ölkədə tədricən teokratik idarəçilik sistemi formalaşdı. Dini normalar yalnız şəxsi inanc və mənəvi seçim sahəsində qalmadı, dövlət siyasətinin və hüquqi tənzimləmənin mühüm hissəsinə çevrildi. Xüsusilə qadınların geyiminə müdaxilə dövlətin cəmiyyət üzərində ideoloji nəzarətinin simvollarından biri oldu.

Məsələ bununla da bitmədi. Hicab müəyyən bir dini inancın ifadəsi olmaqdan çıxarılaraq, dövlətin tələb etdiyi ictimai davranış normasına çevrildi. Beləliklə, insanın öz iradəsi ilə etdiyi seçimlə hakimiyyətin məcbur etdiyi davranış arasında sərhəd pozuldu.

Ən ciddi problem də məhz burada meydana çıxdı. Mənəvi dəyər məcburiyyət vasitəsilə qorunmağa çalışıldı. Halbuki inancın həqiqiliyi insanın hansısa qaydaya qorxu altında əməl etməsi ilə ölçülə bilməz. İnsan cəzadan qorxduğu üçün müəyyən geyimi geyinə bilər, lakin bu, onun həmin geyimin ifadə etdiyi mənəvi dəyərləri qəbul etdiyini sübut etmir. Eyni qaydada, başını örtməyən insanın mənəviyyatsız, vicdansız və ya dini dəyərlərə düşmən olduğunu iddia etmək də əsaslı deyil.

Mənəviyyatın ölçüsü geyimin forması ilə ölçülmür. O, insanın əxlaqı, vicdanı, ədaləti və başqalarının hüquqlarına münasibətidir.

Məcburiyyətin yaratdığı riyakarlıq və ictimai uçurum olduqca ciddi məsələdir. İran təcrübəsinin ən düşündürücü tərəflərindən biri məcburi dini normalarla cəmiyyətin real davranışları arasında yaranan ziddiyyətdir.

Dövlət insanlara müəyyən bir həyat tərzini məcburi şəkildə qəbul etdirməyə çalışdıqda, cəmiyyətin bir hissəsi həmin qaydaları könüllü şəkildə mənimsəyir, digər hissəsi isə zahirən əməl etsə də, daxilən qəbul etmir. Belə vəziyyətdə ictimai həyatın bir hissəsi səmimi inamdan deyil, cəzadan yayınmaq istəyindən qaynaqlanır. İnsanların bir qismi evdə başqa, küçədə başqa, dövlət müəssisəsində isə tamamilə fərqli davranmağa məcbur olur.

Bu, cəmiyyətdə ikili standartları, gizliliyi və riyakarlığı gücləndirə bilər. Dövlətin əsas vəzifəsi insanları bir-birinin həyatına nəzarət edən müşahidəçilərə çevirmək deyil. Dövlətin vəzifəsi hüquqları qorumaq, təhlükəsizliyi təmin etmək və hamının qanun qarşısında bərabərliyini yaratmaqdır. Əgər hakimiyyət müəyyən bir geyim qaydasının qorunmasını vətəndaşların bir-birinə nəzarəti vasitəsilə həyata keçirirsə, cəmiyyət daxilində etimad münasibətləri zədələnə bilər.

Dini şüarlardan istifadə edən qruplar da belə şəraitdə özlərinə əlavə təsir imkanları qazana bilərlər. Onlar dini inancın nüfuzundan yararlanaraq başqalarının həyatına müdaxilə etməyi, özlərini cəmiyyətin mənəvi hakimi kimi təqdim etməyi bacarırlar. Nəticədə dinin mənəvi mahiyyəti arxa plana keçir, onun adı ilə səlahiyyət və nəzarət uğrunda mübarizə önə çıxır.

Burada mühüm bir fərqi unutmamalıyıq. Problem dinin özündə deyil, dini siyasi hakimiyyətin toxunulmaz alətinə çevirən və onu tənqiddən kənarda saxlamağa çalışan yanaşmadadır.

Dini inanc insana vicdan, mərhəmət, məsuliyyət və mənəvi dayaq verə bilər. Lakin dinin adından danışan hər kəsin bu dəyərləri təmsil etdiyini düşünmək sadəlövhlük olardı. İnsan dini simvollardan istifadə etməklə də haqsızlıq edə, başqasının haqqını tapdalaya və şəxsi maraqlarını ictimai mənafe kimi təqdim edə bilər.

Ona görə cəmiyyətin dini görünüşlə mənəvi mahiyyəti bir-birindən ayırmağı bacarması vacibdir.

Mahsa Əmini olayları və məcburi hicaba kütləvi etirazlar

2022-ci ilin sentyabrında İranda Mahsa Əmininin əxlaq polisi tərəfindən hicabla bağlı qayda pozuntusu iddiası əsasında saxlanılmasından sonra xəstəxanada vəfat etməsi ölkədə geniş etirazlara səbəb oldu. Onun ölümü ətrafında yaranan ictimai hiddət yalnız bir gənc qadının taleyi ilə bağlı deyildi. Hadisə illərlə yığılıb qalmış narazılıqların, şəxsi həyata müdaxiləyə qarşı etirazın və qadınların öz həyatları haqqında qərar vermək tələbinin simvoluna çevrildi.

“Qadın, həyat, azadlıq” şüarı ilə yayılan etirazlar göstərdi ki, cəmiyyətin bir hissəsi üçün məsələ artıq yalnız hicabın hansı formada taxılması deyil. Məsələ dövlətin qadın üzərində nə qədər hakimiyyətə malik olması, insanın öz bədəni və şəxsi həyatı barədə qərar vermək hüququ və vətəndaşın hakimiyyət qarşısında hansı mövqedə dayanması idi.

Bu etirazları İran cəmiyyətinin bütün üzvlərinin eyni fikirdə olması kimi təqdim etmək doğru olmaz. İranda hicabı könüllü şəkildə geyinən, onu dini inancının ayrılmaz hissəsi sayan qadınlar da var. Lakin məcburi hicaba qarşı çıxanların mövqeyi də cəmiyyətin gerçəkliyinin mühüm hissəsidir.

Burada çıxarılmalı olan nəticə budur ki, bir dövlətin əhalisinin hamısına eyni dini davranışı məcburi qaydada qəbul etdirmək cəmiyyətin daxili müxtəlifliyini aradan qaldırmır. Əksinə, bu müxtəlifliyi açıq qarşıdurmaya çevirə bilər.

Hicab geyinmək istəyən qadının hüququ qorunmalıdır. Hicab geyinmək istəməyən qadının hüququ da eyni dərəcədə qorunmalıdır. Birinci qadını örtüyə görə təhqir etmək nə qədər yanlış münasibətdirsə, ikinci qadını örtüyə görə cəzalandırmaq da bir o qədər yolverilməzdir.

Azadlığın həqiqi mahiyyəti insanın hamı kimi geyinməyə məcbur edilməsində deyil, öz seçiminə görə hüquqlarından məhrum edilməməsindədir.

İranın bu gün qarşılaşdığı ictimai müzakirələr və məcburi hicaba qarşı müqavimət də göstərir ki, qanunla müəyyən edilmiş hər norma cəmiyyət tərəfindən mənəvi baxımdan qəbul edilmir. Dövlət müəyyən müddət ərzində davranışa nəzarət edə bilər, lakin insanların düşüncəsini və inancını inzibati qərarla dəyişdirə bilməz.

Məncə qadınların ictimai fəaliyyəti və itirilən imkanlar barədə danışmaq daha vacib məsələdir. Məcburi hicab məsələsinin başqa bir mühüm tərəfi qadınların ictimai həyatda iştirak imkanlarıdır. Qadınlar cəmiyyətin sadəcə yarısını təşkil edən demoqrafik qrup deyil. Onlar iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, istehsalın və idarəetmənin fəal iştirakçılarıdır. Qadının ictimai həyatda qarşılaşdığı hər əlavə maneə yalnız onun şəxsi həyatına təsir göstərmir. Həmin maneə bütövlükdə cəmiyyətin inkişaf imkanlarını da məhdudlaşdıra bilər.

İranda qadınların təhsil alması, peşə sahibi olması və müxtəlif sahələrdə çalışması çətin və zəif də olsa davam edib. Buna görə də İran qadınlarının hamısının ictimai fəaliyyətdən kənarda qaldığını demək düzgün olmazdı. İran qadınları elm, universitetlər, tibb, ədəbiyyat və digər sahələrdə mühüm uğurlar qazanıblar.

Ancaq bu uğurlar məcburi geyim qaydalarının və digər hüquqi-sosial məhdudiyyətlərin yaratdığı problemləri aradan qaldırmır. Qadınların şəxsi seçimlərinə görə təzyiqlə üzləşməsi, müəyyən sahələrdə maneələrlə qarşılaşması və ictimai davranışlarına görə cəzalandırılmaq təhlükəsi altında yaşaması insan potensialından tam istifadə edilməsinə əngəl yarada bilər.

İqtisadi baxımdan da məsələ aydındır. Əhalisinin böyük bir hissəsinin imkanlarını məhdudlaşdıran cəmiyyət öz inkişaf resurslarının böyük bir qismini itirir. Qadınların bilik və bacarıqlarından tam istifadə edə bilməyən ölkə həm istehsalda, həm innovasiyada, həm də ictimai idarəetmədə potensialının bir hissəsini reallaşdıra bilmir.

İnkişaf etmiş cəmiyyət yalnız zavodların, fabriklərin və dövlət müəssisələrinin fəaliyyəti ilə ölçülmür. İnkişaf insan kapitalının nə qədər səmərəli istifadə olunması, vətəndaşların nə qədər sərbəst təşəbbüs göstərməsi və hər bir insanın öz bacarığını həyata keçirmək imkanları ilə də ölçülür.

Buna görə qadının geyimi üzərində həddindən artıq nəzarətə sərf edilən siyasi və inzibati resursların əvəzinə onun təhsilinə, sağlamlığına, təhlükəsizliyinə, peşə hazırlığına və iqtisadi müstəqilliyinə diqqət yetirilməsi daha faydalı ictimai nəticələr doğura bilər. Qadını qorumaq adı ilə onun seçim imkanlarını daraltmaqla, qadına öz həyatını qurmaq üçün şərait yaratmaq eyni şey deyil.

Gəlin baxaq görək hicab Quranda varmı?

Dini hökm və dövlət məcburiyyəti nə anlama gəlir?  Bu məsələnin ən çox mübahisə doğuran tərəflərindən biri hicabın dini əsaslarıdır. Burada emosional şüarlardan daha çox, anlayışların dəqiq fərqləndirilməsinə ehtiyac var.

Quranda qadınların örtünməsi, həya və iffət prinsipləri ilə bağlı ayələr mövcuddur. Nur surəsinin 31-ci ayəsində qadınların örtükləri ilə bağlı göstəriş, Əhzab surəsinin 59-cu ayəsində isə üst geyimləri barədə göstəriş yer alır. Bu ayələrin təfsiri, onların hüquqi nəticələri və konkret geyim formasının müəyyənləşdirilməsi məsələləri İslam düşüncəsində müxtəlif yanaşmalar doğurub, fərqli və bir-biri ilə eyni olmayan təfsirlər vardır. 

Deməli, hicabın dini baxımdan heç bir əsası olmadığını qəti şəkildə iddia etmək düzgün deyil. Eyni zamanda, ayələrin mövcudluğu öz-özlüyündə dövlətin zor tətbiq etməklə konkret geyim formasını bütün vətəndaşlara məcbur etməsinin zəruriliyini də sübut etmir. Dini göstərişin mövcudluğu ilə həmin göstərişin dövlət zorakılığı vasitəsilə tətbiq edilməsinin legitimliyi ayrı-ayrı məsələlərdir.

İnsan dini göstərişi öz inancına əsasən qəbul edə bilər. Dövlət isə vətəndaşın hüquqlarını, vicdan azadlığını və şəxsi həyatını qorumaq öhdəliyini daşıyır. Bir dini şərhin dövlət siyasətinə çevrilməsi həmin şərhin cəmiyyətin bütün üzvləri üçün məcburi olmasını avtomatik şəkildə əsaslandırmır.

Azərbaycan baxımından da bu fərq prinsipial əhəmiyyət daşıyır. Konstitusiyamız dövlətin dünyəvi xarakterini təsbit edir, vicdan azadlığını tanıyır və insanların qanun qarşısında bərabərliyini qoruyur. Bu prinsiplər nə dinə düşmən münasibət deməkdir, nə də dindar insanların hüquqlarını məhdudlaşdırmaq üçün əsasdır.

Əksinə, dünyəvi dövlətin mahiyyəti ondan ibarətdir ki, heç bir vətəndaş dini inancına görə üstün və ya aşağı hüquqi mövqeyə salınmasın. Dövlət müəyyən bir dini təriqətin və ya şərhin hakimiyyət vasitəsinə çevrilməsinə imkan vermədən bütün vətəndaşların hüquqlarını qorumalıdır.

Dövlətin dünyəviliyi dinin cəmiyyətdən silinməsi deyil. Dünyəvilik dinin siyasi hakimiyyətin məcburetmə mexanizminə çevrilməməsi və hər bir insanın vicdanının qorunmasıdır.

Sual yaranər ki, hicab dini simvoldur, yoxsa ərəb mədəniyyətinin geyim forması?  Müzakirənin başqa bir tərəfi də dini geyimlə milli-mədəni ənənələrin bir-birinə qarışdırılmasıdır.

İslam müxtəlif xalqların, dillərin və mədəniyyətlərin yaşadığı geniş coğrafiyada yayılıb. Bu dinin ardıcılları əsrlər boyu fərqli iqlimlərdə, fərqli tarixi şəraitdə və müxtəlif geyim ənənələri içərisində yaşayıblar. Ərəbistan yarımadasında formalaşmış geyim üslubları ilə Azərbaycan, İran, Türkiyə, Mərkəzi Asiya və digər bölgələrin ənənəvi geyimləri arasında fərqlər mövcuddur.

Bu fərqləri nəzərə almadan konkret bir xalqın geyim formasını İslamın yeganə və mütləq geyim norması kimi təqdim etmək elmi və mədəni baxımdan əsaslı yanaşma deyil.

Ərəb qadınlarının bəzi ənənəvi geyimləri, o cümlədən abaya, çadra və niqab, müəyyən tarixi və regional mədəniyyətlərin məhsuludur. Onları bütün müsəlman qadınlar üçün vahid geyim forması kimi təqdim etmək olmaz. Eyni qaydada, hicabın bütün formalarını yalnız ərəb mədəniyyətinə aid etmək də düzgün deyil. Baş örtüyü müxtəlif xalqların mədəniyyətində və müxtəlif dini ənənələrdə mövcud olub.

Əsas məsələ budur ki, dini prinsiplərlə həmin prinsiplərin müxtəlif cəmiyyətlərdə qazandığı mədəni formaları bir-birindən ayırmağı bacaraq.

Ərəb mədəniyyətinə hörmət etmək olar, İslam dininə hörmət etmək olar, lakin bunları bir-birinin eyni hesab etmək doğru deyil. Ərəb ənənəsini bütün müsəlman dünyasına şamil etmək nə qədər yanlış olarsa, Azərbaycan xalqının öz milli geyim və mədəniyyət ənənələrini dini baxımdan dəyərsiz hesab etmək də bir o qədər yanlışdır.

Azərbaycan qadınının milli geyimində, tarixində, incəsənətində və ictimai həyatında özünəməxsus mədəni irs mövcuddur. Bu irs başqa xalqların geyimlərini təqlid etməklə deyil, öz tariximizi öyrənməklə və milli-mədəni kimliyimizə hörmətlə qorunmalıdır.

Burada heç kimin seçiminə müdaxilə etmək niyyəti olmamalıdır. Azərbaycanlı qadın ərəb üslubunda geyinmək istəyirsə, bu onun şəxsi seçimidir. Başqa bir qadın milli geyimə üstünlük verirsə, yaxud başını örtmürsə, onun seçimi də hörmətlə qarşılanmalıdır. Milli kimliyi qorumağın yolu insanın geyiminə nəzarət etmək deyil, ona öz tarixini, dilini, mədəniyyətini və azad seçim hüququnu tanıtmaqdır. Ancaü incə məqam budur ki, bütün bu seçim azadlığının aərhədləri də bilinməlidir. Seçim azaslığı cəmiyyərin ümumj mənzərəsinə zərər vurmamalı, qurulan ictimai model və harmoniyanı pozmamalıdır. 

Azərbaycan üçün müqayisə apararkən Türkiyə təcrübəsinə də nəzər salmaq faydalıdır.

Türkiyə Cümhuriyyəti dünyəvi dövlətçilik prinsipi əsasında qurulub. Ölkənin siyasi tarixində dinin dövlət idarəçiliyindəki yeri ilə bağlı ciddi mübahisələr və dəyişikliklər yaşanıb. Türkiyədə də müəyyən dövrlərdə hicabla bağlı qadağalar tətbiq edilib, bu qadağalar sonradan əhəmiyyətli dərəcədə yumşaldılıb və aradan qaldırılıb. Deməli, Türkiyə təcrübəsi heç də yalnız bir istiqamətdə inkişaf edən, heç bir ziddiyyəti olmayan model deyil. Lakin bu təcrübədən çıxarıla biləcək mühüm bir nəticə var. Geyim məsələsi cəmiyyətin siyasi qarşıdurmasının əsas predmetinə çevrildikdə həm dini, həm də dünyəvi düşüncəli insanların hüquqları təhlükə altına düşə bilər. Dünyəvilik cəmiyyətin hamısının eyni düşünməsini tələb etmir. Dünyəvilik fərqli düşüncələrin eyni hüquqi çərçivədə yaşaya bilməsi üçün şərait yaradır.

Türkiyənin təcrübəsi ilə İranın məcburi hicab siyasəti arasındakı əsas fərqlərdən biri də məhz bu məsələyə dövlətin yanaşmasında axtarılmalıdır. İran modelində hicab dövlətin məcburi hüquqi tələbinə çevrilib. Türkiyədə isə hicabın gündəlik həyatda və dövlət müəssisələrindəki yeri zamanla dəyişən siyasi və hüquqi müzakirələrin predmetinə çevrilib.

Əlbəttə, Türkiyənin bütün problemlərini həll etmiş ideal bir dövlət olduğunu demək olmaz. Heç bir ölkə belə deyil. Ancaq Azərbaycan üçün vacib olan hansısa xarici modeli bütövlükdə köçürmək yox, fərqli təcrübələri öyrənmək və öz konstitusion prinsiplərinə uyğun nəticələr çıxarmaqdır.

Burada Səudiyyə Ərəbistanı və dini geyimin mədəni tərəfinə də nəzər salmaq pis olmaz.  Səudiyyə Ərəbistanı nümunəsi də bu mövzuda maraqlı müqayisə imkanı yaradır.

Uzun müddət ölkədə ictimai davranış və qadınların geyimi üzərində sərt dini-mühafizəkar nəzarət mövcud olub. Son illərdə isə qadınların avtomobil idarə etməsi, əmək bazarında iştirakı və ictimai fəaliyyət imkanları baxımından əhəmiyyətli dəyişikliklər baş verib. Bununla belə, ölkənin siyasi və hüquqi sistemini bütövlükdə demokratik model kimi təqdim etmək düzgün olmazdı.

Bu nümunənin bizim üçün əhəmiyyəti başqa yerdədir. Hətta özünü İslamın müqəddəs məkanlarının qoruyucusu hesab edən və dini ənənələri ilə seçilən bir ölkədə belə geyim və ictimai davranış qaydaları zamanla dəyişə bilir.

Əgər müəyyən bir geyim forması bütün dövrlər və bütün müsəlman cəmiyyətləri üçün dəyişməz, yeganə və mütləq norma kimi təqdim edilirsə, onda bu dəyişiklikləri necə izah etmək olar?

Məsələ ondadır ki, dini dəyərlərlə yanaşı, yerli adətlər, iqlim, tarix, sosial münasibətlər və siyasi qərarlar da geyim mədəniyyətinin formalaşmasına təsir göstərir.

Səudiyyə Ərəbistanında yayılmış müəyyən geyim üslubunun olması həmin üslubun bütün müsəlman qadınları üçün məcburi olması demək deyil. Eyni şəkildə, Azərbaycan cəmiyyətində hansısa geyim formasının dini simvol kimi qəbul edilməsi onun bütün qadınlar üçün hüquqi tələbə çevrilməsinə əsas vermir.

Biz dini inanca hörmət etməklə yanaşı, dini adət kimi təqdim edilən hər bir mədəni formanın tarixi mənşəyini də araşdırmalıyıq. Dini və milli-mədəni anlayışları bir-birinə qarışdırmaq cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilər.

Bütün bu müqayisələrdən sonra əsas sual ortaya çıxır: Azərbaycan cəmiyyəti öz gələcəyini hansı prinsiplər üzərində qurmalıdır?

Bizim İranla qonşuluğumuz, tarixi və mədəni əlaqələrimiz var. İranda milyonlarla azərbaycanlının yaşaması bu ölkədə baş verən ictimai-siyasi prosesləri bizim üçün daha da əhəmiyyətli edir. Lakin qonşu olmaq başqa dövlətin siyasi və ideoloji modelini qəbul etmək demək deyil. Əksinə, qonşumuzun yaşadığı təcrübəni diqqətlə öyrənmək, uğurlu və uğursuz nəticələri təhlil etmək bizim məsuliyyətimizdir.

İran təcrübəsi göstərir ki, dini normaların dövlət zorakılığı ilə tətbiqi uzunmüddətli ictimai narazılıq yarada, nəsillər arasında uçurumu dərinləşdirə və dövlətlə vətəndaş arasında etimadı zəiflədə bilər. İnsanların şəxsi həyatına həddindən artıq müdaxilə etmək cəmiyyətdə azadlıq, ləyaqət və hüquq məsələlərini daha kəskin siyasi qarşıdurmaya çevirə bilər.

Bəs Azərbaycan cəmiyyəti niyə bu təcrübədən nəticə çıxarmaq əvəzinə eyni mübahisələrin və eyni məcburiyyət çağırışlarının təsiri altına düşməlidir?

Azərbaycanın dövlətçilik ənənələri, Konstitusiyası və milli kimliyi bizə öz yolumuzu seçmək imkanı verir. Bu yol nə dinə qarşı mübarizə yolu olmalıdır, nə də dini hakimiyyətin vətəndaş üzərində nəzarət vasitəsinə çevirən yol.

Bizim yolumuz hüququn aliliyi, vicdan azadlığı, təhsil, elmi düşüncə, milli mədəniyyət və insan ləyaqəti üzərində qurulmalıdır.

Bu məsələdə dini alətə çevirmək istəyən teokratik düşüncələrə qarşı azad düşüncənin müdafiəsi prinsipial əhəmiyyət daşıyır. Çünki dini hakimiyyətin toxunulmazlığı adı altında tənqidi düşüncəni zəiflətmək, cəmiyyətin sual vermək imkanlarını məhdudlaşdırmaq və insanın şəxsi həyatını siyasi nəzarətə tabe etmək cəhdi istənilən ölkə üçün təhlükəli nəticələr doğura bilər.

İnsanların dini inancı onların şəxsi hüququdur. Lakin heç bir dini inanc başqasının hüquqlarını əlindən almaq üçün ümumi bəhanəyə çevrilməməlidir. İran cəmiyyətindəki proseslərə bu baxımdan yanaşmaq lazımdır. Oradakı qadınların və digər vətəndaşların azadlıq tələbləri yalnız bir geyim məsələsi deyil. Bu, insanın öz həyatı haqqında qərar vermək hüququ ilə dövlətin həmin həyata müdaxilə etmək iddiası arasındakı mübarizənin ifadəsidir.

Azadlıq insanın təbii ehtiyacıdır. İnsan yalnız bioloji varlıq deyil ki. O, düşünən, müqayisə edən, sual verən, seçim edən və öz həyatına məna qazandırmağa çalışan varlıqdır. Onun azadlığa ehtiyacı yalnız geyim seçimi ilə məhdudlaşmır. Bu ehtiyac düşüncədə, təhsildə, elmdə, yaradıcılıqda, ictimai fəaliyyətdə və şəxsi münasibətlərdə özünü göstərir.

İnsan nə qədər çox süni məhdudiyyətlə üzləşirsə, onun öz imkanlarını reallaşdırmaq imkanları da bir o qədər darala bilər. Məhdudiyyətlər insanın hərəkətləri ilə bərabər bəzən düşünmək və təşəbbüs göstərmək cəsarətini də zəiflədir.

Əlbəttə, azadlıq heç bir qaydanın olmaması demək deyil. Cəmiyyət qanunlarla idarə olunmalıdır. Lakin qanunların məqsədi insanı hansısa ideoloji qəlibə salmaq yox, onun hüquqlarını qorumaq və başqalarının hüquqlarına zərər verməsinin qarşısını almaqdır.

Demokratik və dünyəvi dövlətin üstünlüyü də məhz buradadır. Dövlət vətəndaşın yerinə onun inancını seçmir, onun əvəzinə vicdan sahibi olmağa çalışmır. Dövlət insanların birgə yaşamasının hüquqi çərçivəsini müəyyən edir və bu çərçivədə hər kəsin bərabərliyini qoruyur.

Əgər biz həqiqətən güclü, inkişaf etmiş və gələcəyə inamla baxan cəmiyyət qurmaq istəyiriksə, insanı daim nəzarət altında saxlanılmalı obyekt kimi yox, öz hüquqları və məsuliyyəti olan şəxsiyyət kimi qəbul etməliyik.

Azad düşüncə dövlətə qarşı düşmənçilik deyil. Azad düşüncə cəmiyyətin öz səhvlərini görmək, onları müzakirə etmək və düzəltmək qabiliyyətidir. Sual verməkdən qorxmayan, müxtəlif fikirləri dinləməyi bacaran və öz gələcəyi haqqında sərbəst qərar verən cəmiyyət daha sağlam inkişaf edə bilər.

Bu yazıda məqsədim qətiyyən hicab geyinən qadınları tənqid etmək, dini inancı alçaltmaq və ya Azərbaycan cəmiyyətində dini dəyərlərə qarşı münasibət formalaşdırmaq deyil. Məqsədim dini inancın şəxsi və mənəvi mahiyyəti ilə onun dövlət tərəfindən məcburi qaydaya çevrilməsi arasındakı fərqi göstərməkdir.

Hicab geyinmək istəyən qadın bu hüquqa malik olmalıdır. Hicab geyinmək istəməyən qadın da eyni hüquqa malik olmalıdır. Heç bir qadın geyiminə görə alçaldılmamalı, təzyiqə məruz qalmamalı və hüquqlarından məhrum edilməməlidir. Biz dini dəyərləri qorumaq istəyiriksə, onları zorakılıq və qorxu ilə deyil, mənəviyyat, bilik, vicdan və könüllü seçimlə yaşatmalıyıq. Dini siyasi hakimiyyətin alətinə çevirmək istəyənlərə qarşı çıxmaq dinə qarşı çıxmaq deyil. Əksinə, bu, dinin insanın vicdanında və mənəvi dünyasında öz həqiqi yerini qorumasına xidmət edə bilər.

Azərbaycan cəmiyyəti İranın son yarım əsrdə yaşadığı təcrübədən nəticə çıxarmalıdır. Bizim qarşımızda belə bir seçim var. Fərqli inancların və həyat tərzlərinin qanun qarşısında bərabər olduğu dünyəvi dövlət quruculuğunu möhkəmləndirmək, yoxsa şəxsi həyatın ideoloji nəzarət altına alınmasına şərait yaratmaq.

Bu seçimdə milli maraqlarımız, dövlətçiliyimiz və gələcək nəsillər qarşısında məsuliyyətimiz əsas götürülməlidir.

Unutmamalıyıq ki, cəmiyyətin inkişafı onun potensialını nə qədər üzə çıxarması ilə ölçülür. Qadının, kişinin, dindarın, dünyəvi düşüncəli insanın, alim və yaradıcı şəxsiyyətin öz imkanlarını sərbəst reallaşdıra bildiyi cəmiyyət daha böyük inkişaf perspektivlərinə malikdir.

İranın yaşadıqlarını sadəcə kənardan seyr etmək yox, onlardan nəticə çıxarmaq lazımdır. Qonşumuzun düşdüyü ictimai və siyasi dalan bizim üçün təqlid nümunəsi deyil, düşünmək və doğru seçim etmək üçün xəbərdarlıq olmalıdır.

Çünki Azərbaycan kimi sivil dövlətin gücü vətəndaşının başını nə dərəcədə örtdüyü ilə yox, onun hüquqlarını nə dərəcədə qoruduğu ilə ölçülür. Cəmiyyətin də mənəvi səviyyəsi insanların hansı geyimi seçməsi ilə deyil, bir-birinin seçiminə nə qədər hörmət etməsi ilə müəyyən olunur. Gələcəyin təminatı isə qorxuya, cəhənnəmə, nə bilim molla qadəalarına əsaslanan itaətdə deyil, azad düşüncəyə, hüquqa, biliyə və insan ləyaqətinə söykənən ictimai münasibətlərdədir...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc:"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..   

Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan...

13 Oktyabr 2026, 14:51

YAP-dan AKP iqtidarına SƏRT ÇAĞIRIŞ: “Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin”

Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.Bu barədə Citypost.az-a Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən bildirilib.“Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya...

13 Oktyabr 2026, 14:03

Prezident: Mina problemi Azərbaycanla Laos üçün ortaq məsələdir

"Bizi mina problemi də birləşdirir".Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.“Cənab Prezident mənə dedi ki, Laosda insanlar bu gün də minalardan əziyyət çəkir. Mən də bildirdim ki, ermənilər 1 milyondan çox minanı torpağımızda basdırıb. Burada təcrübə mübadiləsi maraqlı ola bilər. Eyni zamanda, yeni texnologiyaların tətbiqi də böyük önəm daşıyır", - dövlət başçısı qeyd edib....

13 Oktyabr 2026, 11:56

Laos Prezidenti: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə yüksələcək

"Bu gün biz bir çox sahələri əhatə edən sənədlər və birgə Bəyanat imzaladıq".Citypost.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.O bildirib ki, bu sənədlər gələcək əməkdaşlığımızın vacib təməlini təşkil edəcək: “Biz inanırıq ki, gələcəkdə Azərbaycandan sərmayələrin yatırılması daha da artacaq".

13 Oktyabr 2026, 11:55

İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub 

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verir.

13 Oktyabr 2026, 11:27

Hicab müzakirələrinin arxasında hansı məqsəd dayanır? – Deputatdan AÇIQLAMA

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı deyil, həm də...

12 Oktyabr 2026, 16:06