Bizə yazın

Baku

-°C

USD

-

Abbasovun Azərbaycana düşmənçiliyində erməni qohumlarının rolu... 

Cəmiyyət 18 Dekabr 2025, 11:55

1299

Baş nazirin keçmiş I müavini Abbas Abbasovun Ramiz Mehdiyev və digərləri barəsində “hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunması və barəsində axtarış elan edilməsinin ciddi əsasları var.

Ölkədə çevriliş cəhdi ifşa olunandan sonra həbs edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan istintaq 2013-cü il prezident seçkiləri zamanı Rusiyanın Azərbaycana qarşı planlarında yer alan Milli Şuranın fəaliyyətinin araşdırılması zərurətini yaratdı. Nəticədə AXCP sədri Əli Kərimli istintaqa cəlb edildi. Lakin bu prosesdə Abbas Abbasovun da iştirakına dair təkzibolunmaz faktlar var.

A.Abbasov 2013-cü ildə ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının hazırlanmasında əsas fiqurlardan olub. O, hələ baş nazirin müavini olanda Rusiyanın müəyyən dairələri ilə sıx əlaqələrə malik idi. Vəzifəsindən azad edildikdən (2006-cı ildən) sonra Rusiyaya köçdü və Azərbaycana qarşı planların koordinatoru-icraçısı missiyasını üzərinə götürdü. 2012-ci ilin 28 sentyabrında Abbas Abbasovun rəhbərliyi ilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın yaradılması bu prosesin start nöqtəsi oldu.

Təşkilatın yaradılması ilə bağlı bəyanatda məqsədin “azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiyasını təşkil etmək” olduğu iddia edilsə də, gerçək hədəf Rusiyadakı diaspor təşkilatlarımızın və tanınmış azərbaycanlıların Kremlin çətiri altında toplanması idi. Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət konsepsiyası bu ölkədəki ictimai təşkilatlarımızın Rusiyanın yeni dövlət strategiyası çərçivəsində effektiv fəaliyyətini təmin etmək, Bakı-Moskva xəttində mübahisəli məsələlər yarandığı zaman diasporumuzun Azərbaycanın əleyhinə yönləndirməkdən ibarət olub. Misal üçün, Qəbələ RLS-in çıxarılması, Azərbaycanın neft və qaz ixracının enerji bazarında rolunun artması, eləcə də rəsmi Bakının müstəqil xarici siyasəti, bir sözlə, Moskvanın xoşuna gəlməyən proseslər zamanı Rusiya Azərbaycan Təşkilatları İttifaqı Abbas Abbasovun rəhbəriyi ilə bu ölkədəki diasporumuzu təşkilatlandırmaq və Kremlin Azərbaycana qarşı təzyiq siyasətində alətə çevirmək missiyasını icra edirdi.

Planın Azərbaycan daxilindəki hissəsini isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasından 8 ay sonra - 2013-cü ilin 28 mayında Abbas Abbasovun və Ramiz Mehdiyevin xeyir-duası və dəstəyi ilə elan edilən Milli Şura üzərinə götürmüşdü. Azərbaycana qarşı planın Rusiyanın layihəsi olduğunu gizlətmək üçün müxtəlif formalardan istifadə olunması da diqqət çəkirdi. Misal üçün, Milli Şuranın məhz 28 mayda elan edilməsi, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandırması, həmçinin Abbas Abbasovun Azərbaycanın qanuni hakimiyyətinə qarşı çıxışlarında “Biz bütün insanların azad olduğu demokratik cəmiyyətdə yaşamaq istəyirik” kimi sözləri həm planın arxasında Rusiyanın dayandığını gizlətmək, həm də ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyırdı. Planın Azərbaycanda həyata keçirilməsinə rəhbərlik edən Ramiz Mehdiyev isə özünü gizlədir, arxa fonda müxalifəti təlimatlandırırdı.

2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlı dairələrinin Azərbaycana qarşı təzyiqləri Moskvanın ölkəmizdə hakimiyyəti dəyişmək planı haqda məlumatları gündəmə gətirdi. Hadisələr də bu yöndə inkişaf edirdi. Proseslərdən aydın olur ki, layihənin həyata keçirilməsində əsas fiqurlar Abbas Abbasov, Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli və onların yaxın ətrafı olub.

Abbas Abbasov “Milyarderlər ittifaqı”nın yaradılması, Azərbaycan diasporu və tanınmış azərbaycanlıların Kremlin çətiri altına toplanmasını, Ramiz Mehdiyev planın Azərbaycanda həyata keçirilməsini, Əli Kərimli, Cəmil Həsənli və ətrafında olanlar isə müxalifəti Milli Şura adı altında toplayaraq, planın icraçısı təmin etməli idi. Prosesdə Abbas Abbasov və ətrafı, həmçinin Milli Şura açıq, Ramiz Mehdiyev isə gizli fəaliyyət göstərirdi. Mehdiyevin gizli fəaliyyəti çevriliş planına dövlət daxilindən dəstəyi təmin etmək məqsədindən qaynaqlandığı da görünür.

Prosesdə yer alan fiqurlardan biri də Rüstəm İbrahimbəyov idi. Onun plana cəlb edilməsi həm Rusiya elitasının dəstəyini əldə etmək, həm də Azərbaycan ictimai rəyində Milli Şuranın, ümumiyyətlə hakimiyyət dəyişikliyi planının müsbət imicinin yaradılmasına hesalanmışdı. Hərçənd, Milli Şuranın qurucusu kimi Rüstəm İbrahimbəyovun adı çəkilsə də, arxasındakı əsas adam məhz Abbas Abbasov olub. Abbasov həmin vaxt Azərbaycan hakimiyyətinə qarşı açıq çağırışlar da edirdi. O, açıqlamalarının birində Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı niyyətini açıq şəkildə dilə gətirib. Başqa bir açıqlamasında “Biz güclüyük, bizə qarşı duranlar gedəcək, inanın mənə. Onlar gedəcək, onlar olmayacaq” deyərək, Bakıya təhdidlər yağdırırdı. Bütün görüşlərində isə Rusiyanın adından danışır, müxtəlif vədlər verir, Moskvanın Azərbaycanda hakimiyyəti dəyişəcəyini iddia edirdi. Təbii ki, onun Azərbaycana qarşı təhdidləri əslində Rusiyanın maraqlı dairələrinin dedikləri idi, Abbasov sadəcə maşa idi. Onun bu prosesdə maşa olmasının səbəblərindən biri də Rusiyanın biznes sektoru ilə yanaşı, ictimai-siyasi həyatında mövqe əldə etməklə imkanlarını daha da gücləndirmək və genişləndirmək idi. Yəni Abbas Abbasov çörəyini yediyi vətəni Azərbaycanı biznes və siyasi maraqlarına satan xəyanətkardan başqa heç kim deyildi.

2013-cü ildə artıq Azərbaycana qarşı xain plan hazır idi. Rusiyada “Milyarderlər ittifaqı” formalaşmış, Azərbaycanda Milli Şura yaradılmış və Rüstəm İbrahimbəyovu “vahid namizəd” kimi seçmişdi. Əli Kərimli, Cəmil Həsənli və ətrafının icra etdiyi çevriliş planında Milli Şuranın maliyyəsini də “Milyarderlər ittifaqı” təmin edirdi. Məlumatlara görə, Abbas Abbasov Azərbaycanda hakimiyyət dəyişikliyi planını həyata keçirmək üçün Milli Şuraya 20 milyon dollar vəd edib və bunun bir qismini göndərib də. Milli Şuranın keçirdiyi aksiyalara, seçki hazırlığına, imzatoplama kampaniyasına və digər məsələlərə sərf olunan pulların Moskvadan, birbaşa Abbas Abbasovdan gəldiyi haqda da kifayət qədər məlumat vardı. Pul bölgüsündə Milli Şurada düşən dava diqqəti bu fakta xüsusilə yönəltdi. Seçki ərəfəsində Cəmil Həsənliyə imza toplamaq üçün ayrılan 500 min dolların Müsavat və AXCP tərəfindən mənimsənildiyinə dair məlumatlar yayılmışdı.

Abbas Abbasovun Azərbaycandakı fəaliyyətini digər kanallar vasitəsilə gücləndirdirdiyi də deyilir. Məlumatlara görə, Abbasov yaxın olduğu Müsavat sədrinin müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlini Bakıya öz adamı kimi göndərib. Müsavat Partiyasının Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynli dəvət edib və müxtəlif vədlərlə İsa Qəmbəri bu addımı atmağa razı salıb.

Ətraflı

Milli Şuranın Rusiyanın maraqlı dairələrinin layihəsi olduğunu təsdiq edən çoxsaylı faktlar mövcuddur. Bu faktlardan biri kimi Qərb ölkələrinin, yaxud təşkilatlarının onu dəstəkləməməsi idi, halbuki 2013-cü ilə qədər müxalifətə dəstək verilirdi. Milli Şurada Müsavat Partiyası tərəfindən təklif olunan avrointeqrasiya layihəsi ətrafında yaranan mübahisə, həmçinin Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdən sonra AXCP sədri Əli Kərimlinin “heç kimə bel bağlamamaq və müxalifətin öz qüvvəsi ilə məqsədinə nail olmaq” hayqırtısı da Rusiya amilindən qaynaqlanırdı. Bəlli idi ki, Azərbaycanda çevriliş etmək istəyən Rusiyanın maraqlı dairələri Milli Şuranın Avrointeqrasiya xəttini qəbul etmirdi. Seçkidən öncə müxalifətlə görüşən Aİ ölkələrinin səfirləri də Milli Şuranın Rusiyanın layihəsi olduğuna görə Qərbdən heç bir dəstəyin verilməyəcəyini çatdırmışdılar.

2014-cü ildə Türkiyə Milli İstihbarat Təşkilatının “Milyarderlər ittifaqı” və nurçularla bağlı Azərbaycana təqdim etdiyi məxfi məlumatlar da Milli Şuranın Rusiya bağlantılarını ifşa edir. Bu barədə həmin dövrdə mediada məlumatlar getmişdi. Təqdim edilən dosyelər MİT-in illər ərzində topladığı audio, video, foto və operativ məlumatlardan ibarət olub. Dosyelərdə Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyi planları, bu məqsədlə Azərbaycan müxalifəti ilə birgə fəaliyyətinə dair məlumatlar öz əksini tapıb. İttifaq üzvlərinin Türkiyədə, xüsusən “Milyarderlər ittifaqı”nın üzvləri olan Telman İsmayılova məxsus “Mardan Palace” otelində keçirdikləri gizli görüşlər izlənilib. Dosyedə ən çox adı çəkilən şəxslərdən biri Abbas Abbasovdur. Abbas Abbasovun Türkiyəyə müntəzəm səfərləri, siyasi və biznes dairələri ilə təmaslarının səs yazısının da təqdim olunan informasiyalar arasında olduğu deyilir.

Həmin dövrdə mediada Abbas Abbasovun İstanbulda “Çırağan Sarayı” restoranında gizli görüşlər keçirdiyi haqda məlumatlar yayılmışdı. Məlumata görə, görüşdə Cəmil Həsənli də liştirak edib. Görüşün isti və qeyri-rəsmi şəraitdə keçdiyi, Cəmil Həsənlinin restorandan Abbasovların avtomobili ilə ayrıldığı iddia edilirdi. Həmçinin Abbas Abbasovun Cəmil Həsənliyə stavka etdiyi və onun siyasi rolunun müəyyənləşməsində maraqlı olduğu bildirilirdi. Abbas Abbasov həmin vaxt artıq Əli Kərimli və Cəmil Həsənli ilə işləyirdi. Çünki Rüstəm İbrahimbəyovun “vahid namizədliyi” onun “ikili vətəndaşlığına” görə baş tutmamışdı. Yerinə Cəmil Həsənli “vahid namizəd” oldu.

Cəmil Həsənlinin “vahid namizəd” olması təlimatının məhz Ramiz Mehdiyev tərəfindən verildiyi deyilir. Məlumatlara görə, Mehdiyev Rusiyanın siyasi elitasına yaxın olan Rüstəm İbrahimbəyovun namizəd olmasını istəməyib. Bunun qarşısını almaq üçün onun “ikili vətəndaş” olması faktının ortaya çıxmasını təşkil edib və yerinə özünə bağlı olan Cəmil Həsənlini keçirib. Abbas Abbasovun birbaşa Əli Kərimli və Cəmil Həsənli ilə işləməsi də bundan qaynaqlanırdı. Bu proseslərdə Ramiz Mehdiyevin adının hallanmamasını onun yüksək vəzifə tutması və xəyanətkar fəaliyyətini gizlətmək bacarığı ilə izah etmək olar.

Bütün bu məlumatlar Abbas Abbasovun ölkəyə gətirilməsi və qanun qarşısına çıxarılmasını zəruri edir. Son məlumatlara görə, Abbasov gizlənir. Çünki xəyanətkar olduğunu və qanun qarşısında cavab verəcəyini yaxşı bilir.

Bic, fürsətcil, öz maraqlarını güdən və bunun üçün hər şeyini satan insan kimi xarakterizə edilən Abbas Abbasov fəaliyyəti ilə bunu təsdiq edib. Vaxtilə Azərbaycanda Baş nazirin müavini olan, işdən azad edildikdən sonra “İstiqlal” ordeni verilərək, hörmətlə yola salınan Abbasovun Moskvaya sığınaraq, antiazərbaycan fəaliyyətində önəmli yer alması da onun xəyanətkar xislətindən qaynaqlanır. Onun Azərbaycana qarşı xəyanətlərində erməni qohumlarının olması amilinin də rol oynadığı istisna edilməməlidir.

Məlumata görə, Abbas Abbasovun qayınanası 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş Göharik Voskanovna adlı erməni olub, sonradan adı Gövhər olaraq dəyişdirilib və Gəncədə həyat yoldaşı Mobil Quluyevin yanında dəfn edilib. Abbas Abbasov baş nazirin birinci müavini olduqdan sonra erməni qaynanası məcburən İmamzadədə islam dinini “qəbul edib”, vəfat etməmişdən öncə isə erməni qohumlarının adlarını sadalayaraq, Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbasov isə sevimli qaynanası vəfat edəndə belə Azərbaycana gələ bilməyib.

Abbas Abbasov həyat yoldaşı Bella Nobilovnanın (Nobil qızı) da adını dəyişdirərək Bilqeyis qoyub. O, Xarici Dillər Universitetində çalışıb, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alıb. On il ərzində qiyabi olaraq elmlər namizədi olub, dosent adına yiyələnib. Onun akademik fəaliyyəti ilə bağlı şübhəli məqamlar olduğu iddia edilir.

Ermənilərlə qohumluğu Abbasovun biznes fəaliyyətində də rol oynayıb. İddiara görə, onun Ermənistan və Rusiyada biznes əlaqələri var. Görünür, Abbas Abbasovun Azərbaycana qarşı düşmənçiliyində ermənilərlə qohumluğu da rol oynayıb.

Asif Nərimanlı

Axar.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azər Həsrət Mehdiyev görüntülərindən DANIŞDI:“Vətəndaşlar diqqətli olmalıdır”

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının vətəndaşları – Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək planları ilə bağlı təqsirləndirildiyini açıqlayıb.DTX-nin məlumatına görə, bu şəxslər 2013-cü ildə yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” vasitəsilə xarici dövlətlərin maddi və təşkilati dəstəyi ilə kütləvi iğtişaşlar törətməyi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağı və ictimai qaydanı pozmağı planlaşdırıblar. Ramiz Mehdiyev isə 2025-ci ildə hazırladığı gizli materialları xarici xüsusi xidmət orqanlarına göndərərək dövlətə xəyanət edib və cinayət yolu ilə əldə olunmuş 17 milyon manatdan çox vəsaiti...

12 Fevral 2026, 14:51

Telefonlarımız bizi dinləyirmi? Reallıq və miflər  

Son zamanlar sosial şəbəkələrdə tez-tez rast gəlinən iddialardan biri odur ki, telefonlarımız bizi dinləyir. İstifadəçilər bildirirlər ki, sadəcə bir məhsuldan danışdıqdan sonra həmin məhsulun reklamları dərhal sosial mediada görünür. Bu vəziyyət insanlarda həm maraq, həm də narahatlıq yaradır, amma məsələ heç də sadə deyil. Əslində, müasir smartfonlar daim səs dinləməsi ilə işləmirlər. Siri, Google Assistant və Alexa kimi virtual köməkçilər yalnız istifadəçinin aktiv sözlərini eşidəndə məlumat göndərir, məsələn, “Hey Siri” və ya “OK Google” dedikdə. Reklamların istifadəçiləri “dəqiq izlədiyi” isə fərqli mexanizmlərlə bağlıdır: internet brauzeri, sosial şəbəkələrdəki davranışlar, kliklər və baxış müddətləri analiz edilərək maraq dairəsinə uyğun reklamlar təqdim olunur....

12 Fevral 2026, 14:36

Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edib 

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

12 Fevral 2026, 14:25

 Fuad Qəhrəmanlının ŞOK görüntüləri YAYILDI

Dövlət Təhlükəsizliyi Xidməti Fuad Qəhrəmanlının pul almasının görüntülərini yayıb.Citypost.az xəbər verir ki, DTX-nın Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə cinayət işi üzrə bu gün yaydığı məlumatla bağlı görüntülərdə Fuad Qəhrəmanlının Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları alması da əksini tapıb.

12 Fevral 2026, 14:20

Ramiz Mehdiyevin bu şəxslərlə ŞOK səs yazısı yayıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib.Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri həmin təklifləri onlara elektron poçtla göndərəcəyini deyib.Xarici xüsusi xidmət orqanın qadın əməkdaşı ilə Ramiz Mehdiyevə təkliflərə "bu sizin öz işinizdir" deyə cavab verib.Ramiz Mehdiyev təkidlə təkliflərini dostlarına (xarici xüsusi xidmət orqanların rəhbərlərinə - Red) bir üsulla çatdırmaq lazım olduğunu qeyd edib.Bundan başqa,...

12 Fevral 2026, 13:34

DTX Abbas Abbasovu, Fuad Qəhrəmanlını, Qəniməd Zahidi axtarışa verib - RƏSMİ 

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunurlar.Citypost.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. İttiham olunanlardan 3-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib."Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib". - deyə açıqlamada deyilir....

12 Fevral 2026, 13:15