Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib 

Cəmiyyət 21 Yanvar 2026, 10:25

154

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

Citypost.az həmin görüşdən hazırlanan materialı təqdim edir.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğuladılar.

Qeyd olundu ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirildi.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm.

x x x

Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğuladı.

Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev dedi ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev: “Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük”.

Dövlətimizin başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğuladı ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev: “Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz”.

“Zayed İnsan Qardaşlığı Mükafatı”ndan danışan dövlətimizin başçısı bildirdi ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir. Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi. Bu xüsusda dövlətimizin başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu dedi. Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əməkdar artistə ağır itki ÜZ VERİB

Sumqayıt Dövlət Dram Teatrının  aktyoru, Əməkdar artist, "Tərəqqi" medalı laureatı, Rauf Ağakişiyevə ağır itki üz verib.Citypost.az  xəbər verir ki, aktyorun qayınatası Ruhəddin bəy  vəfat edib.Allah rəhmət eləsin!Əli

21 Yanvar 2026, 10:31

Qaradağda top mərmisi aşkarlanıb 

Bakı şəhəri, Qaradağ rayonu ərazisində 122 mm-lik OF-462 tipli yivli top mərmisi aşkar edilib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 122 mm-lik OF-462 tipli yivli top mərmisi olduğu müəyyən edilib.Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib....

21 Yanvar 2026, 10:30

Azərbaycan nefti bahalaşıb 

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,74 faiz artaraq 69,39 dollar olub.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

21 Yanvar 2026, 10:28

Azərbaycan Sülh Şurasına üzvlük dəvətini qəbul etdi 

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib:"Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır"....

21 Yanvar 2026, 09:56

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.Bu barədə CityPost.az-a  Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib."Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.

21 Yanvar 2026, 09:49

İctimai şura üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai iştirakçılığın səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsinə və İcra xidmətinə baş çəkiblər.Bu barədə CityPost.az-a nazirlikdən bildirilib.Qeyd edilib ki, cəzaların icrasına nəzarət baş idarəsində keçirilən görüşdə baş idarənin rəisi Anar Qocayev qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, qarşıda duran hədəflər barədə məlumat verib.O, cəza siyasətinin humanistləşdirilməsi, cəza-icra qurumlarının fəaliyyətində tətbiq olunan yeni yanaşmalar, eləcə də məhkumların cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlərdən danışıb.İctimai şura üzvləri, həmçinin İcra xidmətində olublar. Xidmətin rəisi Vidadi Məmmədov qonaqlara icra proseslərində səmərəliliyin və operativliyin artırılması, elektron icra sisteminin...

21 Yanvar 2026, 09:47