"Həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər"
Cəmiyyət 11 Oktyabr 2026, 09:28
477
Son günlər sosial şəbəkələrdə məktəblərdə geyim qaydaları ilə bağlı qəbul edilən qərar müzakirə olunur.
Bəzi şəxslər bunun hicaba qadağası kimi təqdim etməyə çalışır.Təbii ki,bu fikir kökündən yalnışdır.Burada məqsəd təhsilin dünyəvilik prinsipini qorumaq və vahid geyim üslubunun tətbiq edilməsidir.
Mövzu ilə bağlı CityPost.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələnin hüquqi və dini tərəflərindən danışıb.Millət vəkili bildirib ki,həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir.
"Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir. Məsələ ətrafında aparılan geniş müzakirələri və yaranmış narahatlıqları nəzərə alaraq, bu məsələyə həm hüquqi, həm də dini baxımdan münasibət bildirməyi zəruri hesab edirəm.
Öncə məsələnin hüquqi tərəfinə nəzər salaq. Azərbaycan Respublikası Konstitusiyasının din və dövlət münasibətləri ilə bağlı 18-ci maddəsində deyilir:
I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Konstitusiyamızın vicdan azadlığı ilə bağlı 48-ci maddəsində isə aşağıdakılar təsbit edilmişdir:
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Onu da vurğulamaq lazımdır ki, dünya təcrübəsində ayrı-ayrı dövlətlər müxtəlif təhlükəsizlik mülahizələrini nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edirlər. Son zamanlar Türkiyədə də təhlükəsizlik səbəbləri ilə ayrı-ayrı dini qruplara qarşı əməliyyatlar həyata keçirilib.
Həmçinin oxuyun
Bu baxımdan dövlət müxtəlif təhlükə və təhdidləri nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edə bilər. Ona görə də dinlə bağlı məsələlərə yalnız bir nöqteyi-nəzərdən deyil, həm də dövlət təhlükəsizliyi baxımından yanaşmağın vacibliyini hər zaman xüsusi vurğulayıram.
Zaman-zaman təhlükəsizliklə bağlı müxtəlif addımların atılmasının və qərarların qəbul edilməsinin hansı zərurətdən irəli gəldiyini ən dolğun şəkildə dövlətin müvafiq qurumları qiymətləndirə bilər. Vətəndaşlar proseslərin bütün təfərrüatlarına bələd olmadıqları və mümkün təhlükələri tam görmədikləri üçün məsələyə fərqli prizmadan yanaşa bilərlər. Bu da təbiidir.
Yuxarıda qeyd etdiklərimiz məsələnin hüquqi tərəfi ilə bağlıdır.
Məsələnin dini tərəfinə gəldikdə isə İslam dininə görə, müsəlman qadının hicab örtməsi dini öhdəlik hesab olunur. Bu barədə Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsində buyurulur:
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
Əgər kimsə İslamda hicabın vacib buyurulmadığını, yaxud Quranda bununla bağlı ayənin olmadığını iddia edirsə və hicabı sadəcə ərəb geyimi kimi təqdim edirsə, dini baxımdan bu yanaşma yanlışdır. İnsanların dini inancları barədə danışarkən məsuliyyətli olmalı, dini məsələləri bilmədən və ya təhrif edərək fikir bildirməkdən çəkinməliyik. Bu cür yanaşmalarla nə İslama, nə də dövlətçiliyimizə xidmət etmək mümkündür.
Qayıdaq yenidən Nazirlər Kabinetinin qərarına.
Qərarın mətninə diqqət yetirdikdə görünür ki, sənəddə hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmayıb. Qərarla həm təhsilalanlar, həm də təhsilverənlər üçün geyim normaları müəyyənləşdirilir. Eyni zamanda, məktəbə idman üslubunda və açıq-saçıq geyimdə gəlməyə də məhdudiyyət qoyulur.
Başqa sözlə, həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir. Bununla belə, həmin qaydaların tətbiqi qüvvədə olan qanunvericiliyə və vətəndaşların konstitusion hüquqlarına uyğun şəkildə həyata keçirilməlidir.
Sonda isə hər kəsə demək istəyirəm ki, bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və şərəfli dövrlərindən birini yaşayır. Torpaqlarımız Cənab Prezidentin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi, qəhrəman şəhidlərimizin qanı bahasına azad olunub.
Bu gün dünyamız ciddi təlatümlər içindədir. Heç vaxt olmadığı qədər təhlükə və sınaqlarla üz-üzəyik. Belə bir şəraitdə birlik və həmrəyliyimizi qorumağa daha çox ehtiyacımız var.
Əziz həmvətənlər!
Biz sağlam və normal cəmiyyəti yalnız bir-birimizin inancına, əqidəsinə və düşüncəsinə hörmətlə yanaşdığımız zaman qura bilərik. Buna görə də hər kəs söylədiyi sözlərə və etdiyi çıxışlara diqqətlə yanaşmalıdır. Heç kim nə dindar nə də qeyri-dindar vətəndaşlarımızın heysiyyətinə toxunmamalı, onların dini hissləri ilə oynamamalıdır.
Kiminsə hicaba münasibəti fərqli ola bilər. Bu, onun şəxsi mövqeyidir. Ancaq bir insan İslam dininə etiqad etməyi və ibadəti öz həyat tərzi seçibsə, biz onun seçiminə də hörmətlə yanaşmağı bacarmalıyıq. Bu mənada heç kimin İslamı ələ salmağa, dini inancları təhqir etməyə və ya istehza obyektinə çevirməyə haqqı yoxdur.
İslam dəyərləri barədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxsaylı fikirləri və çıxışları vardır. Bu gün Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa olunur, tarixi məscidlər bərpa edilir. Bu, həm də Müzəffər Ali Baş Komandanın milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin göstəricisidir.
Son illərdə ölkəmizdə dövlət başçısının diqqət və qayğısı nəticəsində çoxsaylı məscidlər yenidən qurulub və bərpa edilib. Bütün bunlar İslam dininə və milli-mənəvi dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir.
Odur ki, hazırkı vəziyyətdə İslam dinini və müsəlmanları aşağılamağın çıxış yolu olduğunu düşünənlər yanılırlar. Belə davranışlar cəmiyyətdə gərginliyi artırır, qarşıdurmaya zəmin yaradır və ölkəmizə fayda vermək əvəzinə zərər vurur. İnanclı insanların heysiyyətinə toxunmaq, onların dini hisslərini təhqir etmək yolverilməzdir. Bunu qətiyyən etməməliyik. Belə münasibət yalnız birlik və həmrəyliyimizə xələl gətirir.
Biz möhtəşəm qələbəmizə məhz birliyimiz və həmrəyliyimiz sayəsində nail olmuşuq. Heç kimə bu birliyi pozmağa imkan verməməliyik!
Eyni zamanda, inanclı insanlara da üz tutaraq demək istəyirəm:
Əziz həmvətənlər! Bu Vətən hamımızındır. Hamımız onu göz bəbəyimiz kimi qorumalı, onun həqiqi vətəndaşları olmalı, dövlətimizin möhkəmlənməsi üçün çalışmalıyıq. Dövlətimiz olmasa, müstəqilliyimiz də, azadlığımız da təhlükə altına düşər. Biz bu müstəqilliyə çox böyük çətinliklər bahasına nail olmuşuq. Unutmayaq ki, dövlətsizlik ağır dərddir.
Buna görə də heç bir təxribata uymamalıyıq. Mitinqlərə çağırış etmək, təxribatlara uymaq, insanlar arasında qarşıdurma yaratmaq və bir-birimizi təhqir etmək çıxış yolu deyil. İndiki dövrdə hamımız maksimum səbirli və təmkinli olmalı, düşmən dəyirmanına su tökməməliyik. Çünki düşmən tətikdədir və fürsət gözləyir.
Hər birimiz üçün dövlətçilik, birlik və həmrəylik ən mühüm dəyərlərdən olmalıdır. Fikir ayrılıqlarımız olsa belə, onları qarşılıqlı hörmət və sağlam müzakirə yolu ilə həll etməyi bacarmalıyıq.
Əziz həmvətənlər!
Unutmayın ki, olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik. Buna görə də hər birimiz diqqətli, təmkinli və məsuliyyətli davranmalıyıq.
Allah Prezidentimizi, xalqımızı, dövlətimizi, birliyimizi və həmrəyliyimizi qorusun! Allah bu xalqa bir daha müsibət və faciələr yaşatmasın!
İlahi, amin!",-deyə deputat bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda gənc futbolçu vəfat etdi - Foto
"Cəlilabad" futbol klubunun gənc oyunçusu vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Sənan Əbilov oktyabrın 10-da dünyasını dəyişib.Onun ölüm səbəbi açıqlanmayıb.
11 Oktyabr 2026, 08:50
Elementar etiket - Akif Əlinin ESSESİ
Akif ƏLİ,Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist. ------------------------------------Bu elə bir mövzudur ki, min dəfə yazılıb, deyilib. Lakin təəssüf ki, hələ də gündəmdə qaldığı üçün bundan belə min dəfə və min səhifə də yazıla bilər. Ancaq biz min yox, bir-iki səhifə ilə kifayətlənək. Necə deyərlər, arifə bir işarə... Onsuz da arif olmayana min səhifə yazsan da əsər etməz. ***…Bəli, Tanrı təkdir. Və cahilləri Doğru yola yönəltmək üçün göydən tək-tək Kitab endirib: Kilsə əhlinə də, Məscid əhlinə də. Yerdəki milyon-milyon adam bu Kitabların ətrafında min bir qanun-qayda yaradıb. İslamın öz qaydaları var, Xristianlığın öz. Məscidin öz qaydası var, Kilsənin öz qaydası... Məscidə ayaqqabı ilə girilməz. Kilsədə isə ayaqqabını soyunmurlar…...
10 Oktyabr 2026, 17:32
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
10 Oktyabr 2026, 16:50
Rəis müavininə FHN-də yüksək vəzifə verildi
Polkovnik Nofəl Əsədov Fövqəladə Hallar Nazirliyində (FHN) yüksək vəzifəyə təyin olunub.Citypost.az Baku.ws-ə istinadən xəbər verir ki, o, bundan əvvəl Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışıb.
10 Oktyabr 2026, 16:45
Axtarışda olan 84 nəfər tutulub
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər tutulub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
10 Oktyabr 2026, 16:37
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki bürünc barelyef sentyabrda oğurlandıqdan sonra bərpa edilərək yerinə quraşdırılıb.Citypost.az xəbər verir ki, ailəsi və həmkarlarının bildirdiyinə görə, abidənin bərpası ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürüb.Başdaşındakı barelyefin yoxa çıxdığı sentyabrın 9-da məlum olub. Elə həmin gün Yasamal rayonunun 28-ci polis bölməsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış barelyefi tapıblar.Bürünc kompozisiyanın üzərindəki yazılar mişarlanaraq kəsildiyindən onun yenidən tökülməsi qərara alınıb.İlkin barelyef heykəltaraş Məzahir Əfşarın layihəsi əsasında yaradılmışdı. Onun eskizləri əsasında barelyefin surətini İncəsənət Akademiyasının dosenti Nurlan Məmmədov hazırlayıb. Barelyefi akademiyanın emalatxanasında usta Namiq Sadıqov töküb, quraşdırılmasını isə...
10 Oktyabr 2026, 16:25