Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: “Bağçamızın da, məktəbimizin də idealı Azərbaycan dövləti olmalıdır”

Siyasət 16 Oktyabr 2026, 09:46

598

Azərbaycanın son iki yüz ildən artıq siyasi tarixi qarşısında hər zaman bir sual dayanıb - xalqımız hansı dövləti qurmaq istəyir? Müsəlman Şərqində, dini ənənələrin güclü olduğu bir məkanda Səfəvilərdən xanlıqlara, daha sonra quberniya idarəçiliyinə qədər keçən dövrdə ərazisini, əhalisinin böyük bir hissəsini itirən, parçalanan və müstəqil qərarvermə mərkəzləri olmayan azərbaycanlılar Rusiya imperiyasının süqutundan sonra siyasi xəritəyə müasir respublika quruluşu ilə çıxdılar. 

20-ci əsrin əvvəllərində artıq Osmanlının çöküşü və Türkiyənin dünyəvilik əsasında müasir Cümhuriyyət yaratmasından beş il əvvəl eyni etnik köklərə malik Azərbaycanın dünyəvi dövlət qurması tarixi faktdır. Mustafa Kamal Atatürkün Milli Qurtuluş savaşı və o dövr üçün müasir Respublikanı bəyan etməsi yenə də Ankara və Bakının taleyinin vahidliyini göstərdi. Lakin bolşevik inqilabı qarşısında dayanmaq mümkün olmadı və Leninlə anlaşma Azərbaycanın sovetləşməsində həlledici rol oynadı. İndiyə qədər iki xalqı düşmən etmək istəyən dairələr həmin tarixi unutmur.

Siyasi xəritələrin yenidən cızıldığı o dövrdə iki respublikanın münasibətlərində müstəsna rol oynayan böyük dövlət adamı, maarifçi və ədəbi mütəfəkkir Nəriman Nərimanovun xidmətlərinə yenidən qayıtmağa ehtiyac var. Çünki Cümhuriyyətin süqutundan sonra qurulan sovet hakimiyyətinin ilk azərbaycanlı rəhbəri ideoloji və siyasi baxımdan bolşeviklərlə eyni ittifaqda olsa da Türkiyənin İstiqlal Mübarizəsinə münasibətdə Moskvanın sıradan bir icraçısı kimi baxmırdı. Əksinə, o, Mustafa Kamalın qələbəsinə hər cür kömək göstərdi. 

 

Atatürk hökuməti maliyyə və hərbi təminat baxımından son dərəcə ağır vəziyyətdə olduğu 1921-ci ildə Bakıdan yardım istədi. Azərbaycan hökumətinin Türkiyəyə yüzlərlə kiloqram qızıl, neft, benzin, kerosin göndərməsi əvəzsiz qardaşlıq yardımı idi. Nərimanov Ankaranın yeni hökumətinin beynəlxalq mövqeyini hər yerdə müdafiə edir, Paris və Genuyada kamalçı qüvvələrin hüquqlarının tanınmasına çalışır, Malta sürgünündə saxlanılan türk ziyalı və siyasətçilərinin məsələsinə müdaxilə edir, Naxçıvanın xüsusi statusla qorunmasına can atırdı. 

Türkiyənin Nərimanova münasibəti ona fəxri qılınc təqdim etmək qərarı, “Vakit”, “Yeni Gün”-də fəaliyyətinin yüksək qiymətləndirilməsi göstərir ki, qardaşlıq birtərəfli xarakter daşımırdı.

Lakin sovet dövrü iki müstəqil dövlətin əlaqələrini qırdı, xarici və milli siyasəti Moskva müəyyən etdiyinə görə Ankara ilə münasibətlər istər Stalin, istərsə sonrakı illərdə yalnız Kremlin mənafeləri tələb etdikdə gündəliyə çıxır, əvəzində pantürkizm cəzalandırılırdı.

1991-ci ildə müstəqillik bərpa ediləndə Azərbaycan faktiki olaraq iki əsrlik suala yenidən qayıtdı: milli kimliyimiz və dövlətimiz hansı ideya üzərində qurulmalıdır? O dövrdə meydan hərəkatının içərisində fərqli qruplar - Qızılbaşlar firqəsi, islam-ittihadçılar partiyası və türklərlə vahid dövlət tərəfdarlarının hər biri idarəçiliyi və siyasi quruluşumuzu fərqli görürdülər. Lakin sovet Azərbaycanına 14 il rəhbərlikdən və beynəlmiləl imperiyanın üçüncü şəxsi olduqdan sonra ölkəsinə dönən Heydər Əliyev yeni dövlətin Konstitusiyasının hazırlanmasına özü şəxsən rəhbərlik etdi.

Ermənistanla ağır müharibədən torpaq itkisi ilə çıxan və natamam suverenlik şəraitində nə İranın dini dövlət modeli, nə də həmin dövrdə tez-tez siyasi çevrilişlərə səbəb olan Türkiyənin o dövrdəki parlamentli respublika modeli qəbul edilmədi. Prezident seçildikdən cəmi dörd ay sonra Ankaraya səfərə gedən Milli lider Böyük Millət Məclisində ona yönələn çoxsaylı sualların, xarizmasına olan böyük marağın və millətçi dairələrin şübhəsinin qarşısında tarixi çıxışını etdi. Xatırladaq ki, 1994-cü ilin 8 fevral ayında Anıtkabiri ziyarət etdikdən sonra parlament tribunasından böyük türk xalqına müraciətlə deyirdi:

“Atatürkün ən böyük tarixi xidmətlərindən biri Türkiyədə demokratik və dünyəvi dövlətin əsasını qoyması Azərbaycan üçün də “təcrübə məktəbi”dir”. “Bir millət, iki dövlət” şüarını birləşdirici ideologiya kimi irəli sürən Ulu öndərin Osmanlıdan dini təməllərə dayanması və əsrlər boyu istifadə etdiyi əski əlifbasına görə imtinası, məhz kamalizmi örnək görməsi dövlət hakimiyyətini dindən ayırdığına, milləti sivil hüquq, parlament və dünyəvi institutlarla idarə etdiyinə görə idi. 

 

Lakin Heydər Əliyev böyük ehtiramla yanaşdığı Atatürkə, birgə etnik köklərə və tarixi mədəni irsə baxmayaraq, mənsub olduğu xalqı öz adı ilə dünya siyasi xəritəsinə çıxarmaqda israrlı idi. Ona görə də “müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” ifadəsi ilə etnik-milli kimlik ətrafında gedən davamlı müzakirələrin zirvəsinə azərbaycanlılığı qoydu, İslam irsinə ehtiramını Məkkədə göstərdi, o cümlədən ölkəsində yaşayan talışı, ləzgini, avarı, yəhudini, rusu və digər xalqları vahid dövlət kimliyi ətrafında birləşdirdi. 

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarının ideoloji və siyasi gücü son otuz ilin bütün böhranlı vəziyyətlərində özünü göstərdi. Çünki “azərbaycanlı”lıq məhz siyasi mənsubiyyətdir. “Mən türkəm”, “mən müsəlmanam”, “mən şiəyəm”, “mən sünniyəm”, “mən yəhudiyəm”, “mən qafqazlıyam” deyən insanların hamısının ortaq bir dövləti vardı - Azərbaycan! 

Nəhayət, Heydər Əliyevin strateji dövlətçilik kursu 2020-ci ildə qalibiyyətlə başa çatdı. Şuşa Qələbəsindən və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin bərpasından sonra Qarabağ faciəsi ətrafında birləşən xalqın yeni birləşdirici ideoloji hədəflərinin yaradılması zərurətini İlham Əliyev irəli sürdü. Əsrlər boyu taleyi imperiyalar tərəfindən müəyyən olunan, son otuz ildə isə xarici düşmən amili ilə səfərbər edilən bir toplumun qazandığı yeni milli kimlik siyasi baxımdan çətin dərk olunurdu. Məğlubiyyət ənənələri və itkilər silsiləsi əsasında özünə böyük hekayələr yaradan, faciəni şiə irsinə görə müqəddəsləşdirən xalqın qalib kimliyə daşınması asan deyildi. Yeni milli ideologiya azərbaycançılığa, dünyəvi dövlətçiliyə, türk dünyası ilə bərabərhüquqlu inteqrasiyaya və etiqad azadlığına söykənməli, eyni zamanda xarici dini-siyasi asılılığı rədd etməli idi.

Millətləşmə və əlifba da dövlət savaşı idi

Azərbaycanlıların etnik kimliyi uzun millətləşmə prosesinin nəticəsində formalaşdı. XIX əsrin sonu və XX əsrin əvvəllərində Cənubi Qafqazın türkdilli müsəlman əhalisi rus və avropalıların dilində tez-tez “müsəlman”, “Qafqaz tatarı” və ya “Qafqaz türkü” kimi adlanırdı. Erməni, gürcü və digər qonşu xalqlarda etnik ad daha erkən formalaşdığı halda, bizim kimliyimiz din, dil və coğrafiya arasında bölünmüş terminlərlə ifadə olunurdu. Sovetlərin Ankara ilə münasibətləri pisləşdiyi dövrdə, 1930-cu illərdə “azərbaycanlı” adı rəsmiləşdi. Ona görə də Heydər Əliyev yüz il ərzində “müsəlman”, “tatar”, “türk” və nəhayət “azərbaycanlı” adları arasında formalaşmış mürəkkəb kimlik tarixini dövlət vətəndaşlığı səviyyəsinə qaldırdı.

 

Dil və əlifba məsələsinə də ayrıca baxmaq lazımdır. Mirzə Fətəli Axundzadə XIX əsrin ortalarında ərəb qrafikasının türk dilinin səs sisteminə uyğun olmadığını əsaslandıraraq əlifba islahatı ideyasını irəli sürdü, təkliflərini İstanbulda Osmanlı alim və üləmaları qarşısında müdafiə etdi. Heydər Əliyev sonralar mühüm tarixi epizodu xüsusi vurğulayırdı, Axundzadənin İstanbulda güclü dini-mühafizəkar müqavimətlə qarşılaşdığı üçün “qovulduğunu” xatırladırdı. 

Azərbaycan sovet hakimiyyətinin ilk illərində əlifba məsələsində də türk dünyasını qabaqladı. 1922-ci ildə latın qrafikasının tətbiqinə daha tez başladı, TBMM ondan altı il sonra 1 noyabrda qanun qəbul etdi. 

Heydər Əliyev latın qrafikasına Türkiyədən əvvəl keçildiyini hər zaman xatırladır və Atatürkün dini-mühafizəkar dairələrdən ciddi müqavimət gördüyünü xüsusi vurğulayırdı. Əlifba islahatı da vaxtilə “din-mədəniyyət”, “ənənə-modernlik”, “Şərq-Qərb” qarşıdurması kimi təqdim edilirdi. Halbuki hər millət öz gələcəyi üçün müstəqil qərar vermək hüququna malikdir. Lakin Azərbaycan 1940-cı ildə Moskvanın tələbi ilə sovet məkanında hamı üçün məcburi olan kiril qrafikasına keçdi, müstəqillik bərpa olunandan sonra isə yenidən latına qayıtdı və Heydər Əliyevin 2001-ci il tarixi fərmanı ilə dövlət və millət həyatında tam rəsmiləşdi. Əlifba seçimi Azərbaycanın mədəni kimliyini özü müəyyən etməsinin nümunəsi oldu.

Heydər Əliyevin Mustafa Kamal Atatürkə münasibəti müasir dövr üçün də əhəmiyyətlidir. O, İstiqlal savaşı qalibinin böyüklüyünü imperiyaların qeyri-bərabər gücü qarşısında Türkiyə dövlətini xilas etməsilə bərabər, əsrlər boyu dini hüquq və Osmanlı daxilində yaşamış cəmiyyəti dünyəvi respublikaya daşımağı bacarmasında görürdü. Məhz buna görə qardaş ölkədə başörtüsü heç vaxt yalnız geyim məsələsi olaraq qalmadı. 1980-90-cı illərdə universitet və dövlət qulluğundakı məhdudiyyətlər laiklik prinsipi ilə əsaslandırılırdı. AKP dövründə 2010-2011-ci illərdən başlayaraq, universitetlərdə qadağa faktiki aradan qalxdı, 2013-cü ildə dövlət qulluqçuları üçün başörtüsü məhdudiyyəti götürüldü, 2014-cü ildə orta məktəblər, sonrakı illərdə polis və silahlı qüvvələr də dəyişikliklərin əhatəsinə daxil oldu. 

Bir tərəfdən, “Türkiyə indi də İslam dövlətinə çevrilməyib”, Ali Dini Rəhbəri yoxdur, İran tipli teokratik konstitusiyaya keçməyib. Lakin AKP dövründə dini-mühafizəkar dövlət dili güclənib, Diyanətin ictimai çəkisi artıb, “dindar nəsil” yetişdirmək hakimiyyət səviyyəsində dəfələrlə ifadə olunub, Osmanlı simvolları və neoosmanizm dövlət siyasətində əvvəlki onilliklərlə müqayisədə mühüm yer tutur. Ərdoğan “kişi laik olmaz, dövlət laik olar” deyərək dövlətin bütün inanclara bərabər məsafədə dayanmalı olduğunu söyləyir. Lakin onun “dindar nesil yetiştireceğiz” xətti dünyəvilik tərəfdarları ilə qarşıdurmaları daha da artırıb və mübarizə indi də davam edir. 

Türkiyənin yüzillik daxili savaşı niyə ölkəmizə daşınır?

Prezidentin dediyi kimi, Qarabağdan sonra tektonik laylar geosiyasətlə paralel Azərbaycanın aid olduğu milli və mədəni məkanda da yeni reallıq formalaşdırır. Türkiyə cəmiyyətində bir əsrdir parçalanma yaradan din-dövlət mübahisəsi Bakıdan təsirlənərək təzədən başlanıb. 28 Fevral türk xalqının siyasi yaddaşında dindar və başörtülü insanların alçaldığı dövr kimi yaşanır. Ona görə də Azərbaycan məktəblərində geyim islahatı gündəmə gələn kimi Türkiyədə tarixi yaddaş oyandı, daha sonra “Atatürk”, “siyasi İslam”, “İsrail”, “Fələstin”, “təriqətlər” və “dini azadlıq” mövzularına keçdi.

Türklərin böyük bir qismi öz ölkələrindəki dəyərlərə sədaqətlərini qardaş saydıqları azərbaycanlılar üzərindən göstərirlər. AKP tərəfdarları, konsulluq və səfirlik qarşısında aksiya keçirən şəriətçilər Bakıda 28 Fevralın əlamətlərini axtarır, Atatürkçü çevrələr isə əksinə, Azərbaycanın qərarında özlərinin itirdiklərini, İlham Əliyevin türk dünyasının liderliyini daha çox haqq etdiyini deyirlər. Görünür, gündəlik rejimdə ölkəmizə hücum edən radikal təriqətçi dairələr, Fələstin istismarçıları, solçu qruplar və kriptotürklər məhz dövlət başçımızın İranda, Türkiyədə və dünyadakı daha üstün obrazından çox narahatdılar.

İlham Əliyevin “Oğuzun varisi”, “Şah İsmayılın və Nadir şahın davamçısı” kimi ifadələr də Qarabağ Qələbəsini Azərbaycan dövlətçilik tarixinin qədim laylarını və tarixi yaddaşını oyatmasından qaynaqlanır. 

Mustafa Kamalın siyasi irsi portretlə, bayraqla və mərasimlərlə məhdudlaşmır. Onun ən böyük mirası yaratdığı dəyərlər və ideoloji baxışlar sistemi, siyasi əxlaqı və dövlət ağlıdır. Dini və məzhəb marağından dövləti üstün tutmaq, cəmiyyətin dindar kəsiminə hörmətlə yanaşı xilafət hakimiyyəti qurmamaq bir dahilikdir. Heydər Əliyevin də ən böyük ideoloji irsi fərqli imperiyadan azad olandan sonra dövlət kimliyini etnik və dini mənsubiyyətin fövqünə qaldıraraq “azərbaycanlı” məfhumunu milli dövlətin simvoluna çevirməsi idi. Hər iki dünya liderinin qurduqları dövlətin siyasi quruluşunu yeni əsrdə, daha böyük ideoloji miqyasda, qalib obrazda yaşadan məhz Azərbaycan prezidentidir. İlham Əliyev təkcə Heydər Əliyevin deyil, həm də Mustafa Kamal Atatürkün siyasi varisidir. 

 

“Azərbaycan milli kimliyini qoruyur”, “Atatürkün yüz il əvvəl irəli sürdüyünü indi İlham Əliyev də milləti üçün edir”, “siyasi İslama keçmək olmaz” kimi tezislər türk informasiya məkanında geniş miqyasda təkrar olunur. Sosial media müzakirələrində “türk müsəlmandır”, “İslamdan kənar türk olmaz” kimi ifadələrin geniş yayılması göstərir ki, müəyyən dini-mühafizəkar çevrələrdə milli kimlik dini mənsubiyyətdən ayrı qəbul olunmur. Lakin cəmiyyətin böyük bir hissəsində “İslamı yalnız başörtüsünə endirmək olmaz” arqumenti də güclüdür. Azərbaycançılıq üçün ən böyük təhlükələrdən biri milli mənsubluğun dini kimlik içində əridilməsidir. “Türk olmaq üçün müsəlman olmaq şərtdir” məntiqi yalnız dünyəvi türkü deyil, xristian türkü, ateist türkü və ümumiyyətlə vətəndaşlıq əsaslı milli dövləti də kənarda qoyur. Azərbaycan modeli isə milli mənsubiyyəti dini etiqadla eyniləşdirmir, ölçmür. 

Vətən müharibəsində Qələbədən sonra təhsili və məktəbi yeni millət quruculuğunun əsas ünvanı elan edən prezident dini mənsubiyyətimizi İranın, etnik kimliyimizi isə istismar edən Türkiyədəki qrupların qarşısında siyasi manifestlə çıxış edərək ideoloji suverenliyimizi bütün paytaxtlardan qorumalı olduğumuzu göstərdi. 

Azərbaycan bütün uşaq və yeniyetmə hicablı qızları siyasi İslamçı, İran və ya AKP tərəfdarı elan etməyib. Vətən müharibəsində yaranan birliyi parçalamaq üçün xaricdən hərbi müdaxilə edə bilməyən dairələr belə tezisləri sürətli rolik, poster, video görüntü, süni intellekt alqoritmlərindən istifadə edən proqramlarla yayırlar.

Hicab savaşı verənlər unudur ki, əgər dini inanclı insanların qurmaq istədikləri cəmiyyət mütləq ədalətə və ideal qanunçuluğa gətirib çıxarsaydı, onda hər il ibadətçilərin, ziyarətə gedənlərin və dini təqvimə ciddi əməl edənlər artdıqca cinayətlərin sayı da azalmalı idi. Halbuki statistika tam əks mənzərəni ortaya qoyur - Diyanət İşləri Başqanlığının 2025-ci il məlumatına görə, Türkiyədə məscidlərin sayı 90 mini keçib. Eyni ildə Ədliyyə Nazirliyinin rəsmi statistikasında prokurorluğun istintaq sistemində 10,2 milyondan çox cinayət qeydi yer alıb. Kriminal hadisələrin 219 mindən çoxu cinsi zorakılığa, 1,7 milyondan çoxu bədən toxunulmazlığına, 2,8 milyondan çoxu isə əmlaka qarşı cinayətlər kateqoriyasına aiddir. 

Ona görə də Azərbaycanda sayı 2389-a çatan məscidlərin ziyarətçiləri ilə 4120-dək məktəbdə təhsil alan və çalışanların sayı arasında mütənasiblik pozulanda din hakimiyyətə iddia edəcək. Alternativ ictimai-siyasi institutları, teatrı və virtual elektron-fiziki kitabxanaları, gənclər mərkəzlərini və sosial rifahı gücləndirmək cəhalətlə, xürafatla ən yaxşı mübarizə yoludur. 

Oktay Saral məsələsi niyə əhəmiyyətlidir?

İranın dövlət və din xadimlərinin dini çağırışlarına münasibətdə cəmiyyətimizdə on illərlə immunitet formalaşıb. Lakin Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın hicab məsələsi ilə bağlı diktəedici üslubu insanlarımızda iranlı hüccətülislamçıları xatırlatdı. Məsələ təkcə ritorik eynilikdən getmir. Osmanlı və Səfəvi arasında Çaldıran döyüşünün azərbaycanlıların tarixində qoyduğu izlər yenidən xatırlandı, son günlər Ankara və Tehran hakimiyyəti ətrafındakı qüvvələr tərəfindən Bakıya yaşadılır.

Saral on illər işğal dövründə Qarabağ, Xocalı, Şuşa və digər mövzularda danışmayıb. Hətta Azərbaycan torpaqlarını azad edib Qələbə qazandıqda bunu türk dünyasının mənəvi uğuru elan edən İlham Əliyevi alqışlamaq üçün paylaşım etməyib. Türkiyə ilə ittifaqa ən böyük zərbə bəzən düşmənçilik deyil, yanlış birlik anlayışıdır.

“Böyük–kiçik qardaş” dili dövlətlərarası münasibət üçün ziyanlıdır. “Bir millət” məfhumu siyasi ifadədir, beynəlxalq hüquqda iki suveren dövlət bərabər hüquqludur. Xalqımızın Atatürkə İstiqlal savaşı dövründə göstərdiyi yardım da, Türkiyənin 2020-ci ildə Azərbaycana verdiyi siyasi dəstək də Qarabağdakı Qələbənin müəllifliyini özəlləşdirməyə əsas vermir və heç bir halda öz dövlət kimliyindən imtinaya səbəb ola bilməz. 

Türkiyənin hazırkı dövlət quruluşunun islam dünyasında liderlik naminə tamamilə Avropa dəyərlərindən qopmasına dair azərbaycanlı siyasətçilər və dövlət adamları həmkarlarına yol göstərmir və ya diktəedici məsləhətlər vermir. Yaxud, indinin özündə də bir sıra dövlətçilik nümunələrini Ankara Bakıdan əxz edib.

Qarabağ müharibəsində Türkiyənin siyasi dəstəyi, beynəlxalq arenadakı mövqeyi, hərbi əməkdaşlığı, enerji və nəqliyyat layihələri Ermənistan üzərində hərbi Qələbənin müəllifliyini dəyişmir. Hərbi meydanda Azərbaycan əsgəri döyüşüb, minlərlə şəhid verib, əməliyyat qərarlarına Ali Baş Komandan rəhbərlik edib, silahlar müxtəlif ölkələrdən yüksək qiymətə dövlət vəsaiti ilə alınıb. İsrailin, Belarusun və BMT-də Böyük Britaniyanın dəstəyi müstəsnadır, lakin Zəfərin əsl sahibi dövlətimiz, ordumuz və xalqımızdır. 

44 günlük müharibə ərazi bütövlüyü və suverenliyimizi təmin etməklə ən böyük dəyişikliyi cəmiyyətin özünə və dövlətinə münasibətində yaratdı. Otuz il ərzində “böyük dövlətlər nə deyəcək”, “kim bizə kömək edəcək”, “Rusiya razı olacaqmı”, “Qərb dəstək verəcəkmi” kimi suallar milli psixologiyanın natamamlıq kompleksinə çevrilmişdi. 2020-ci ildə Azərbaycan öz ordusu, iqtisadi imkanları, diplomatiyası və siyasi qərarları ilə status-kvonu dəyişdirərək öz gücünə inanan yeni dövlət psixologiyası formalaşdırdı.

“Kiçik qardaş” və himayə altındakı dövlət üç əsrlik “erməni məsələsi”ni coğrafiyasından tamamilə çıxara bilməzdi. Türkiyəyə qarşı soyqırım və ərazi iddialarına son qoyan Azərbaycan yerləşdiyi regiona davamlı sülh gətirməklə yeni təhlükəsizlik arxitekturası qurur. 

Prezident İlham Əliyevin elan etdiyi ideoloji təhlükəsizlik anlayışı ölkənin öz gücünə arxalanmasını və heç bir xarici mərkəzin daxili və xarici siyasətimizə müdaxilə edə bilməməsini nəzərdə tutur. “Qələbədən sonra suverenliyi necə təmin etmək lazımdır” sualına ən yaxşı cavab öz milli kimliyini, məktəbini, siyasi sistemini, dini münasibətlərini və həyat tərzini özünün müəyyənləşdirməsidir. 

Azərbaycanın dünyəvi olması türk dünyasından ayrılmaq mənasına gəlmir. Söhbət milli dövlətin dini-məzhəbçi baxışlardan qorunmasından və hakimiyyətin məsciddən idarə olunması perspektivinə qarşı tədbirlərdən gedir. Ortaq tariximiz və birgə gələcək maraqlar o zaman faydalı olacaq ki, bərabər hüquqlu dövlətlərin siyasi birliyini yaratmaq mümkün olsun. İdeoloji suverenliyimiz isə müttəfiqlik münasibətlərinə hörmətlə yanaşmaqla müəyyənləşir və Şuşa Bəyannaməsi ən yüksək təhlükəsizlik aktımızdır, lakin heç bir paytaxtdan, o cümlədən qardaş siyasi mərkəzlərdən idarə olunmaq istəmirik. 

Qərb paytaxtları Azərbaycanı insan hüquqları, demokratiya və siyasi institutları vasitəsilə idarə etməyə çalışır. Rusiya imperiya keçmişi, vahid iqtisadi-siyasi məkan, sovetlərin mirası, dil, informasiya siyasəti, miqrant siyasəti və təhlükəsizlik münasibətləri vasitəsilə təsir imkanlarını qoruyur. İran isə şiə dini yaxınlığı, vahid etnososioloji keçmiş və İrəvan vasitəsilə ölkəmizin üzərində diktəyə can atır. Türkiyə də dil, etnik yaxınlıq, media, təhsil, dini-mədəni şəbəkələr və strateji müttəfiqlik vasitəsilə Azərbaycanda çox böyük yumşaq gücə malikdir.

Qarabağdan sonra Azərbaycan Zəfərin yaratdığı yeni siyasi reallıq əsasında dövlət kimliyini və milli varlığını möhkəmləndirməyə çalışır. 

Dini şüarlar və simvolların ətrafında yaranan son fiziki-mənəvi qarşıdurmanın millət quruculuğunda müstəsna yeri olan məktəblərdə yaşanması onu göstərir ki, mübarizə geyim formasından çox Azərbaycan dövləti uğrundadır. Milli ideologiyalarını konstitusiyalarına daxil edən çoxlu xalqlar var. Ermənistanın 1990-cı illərdə siyasi məfkurəsi o dövrün Ali Qanununda əksini tapmışdı. İndi dövlətçilik düşüncəsini dəyişməyə və “real Ermənistan”a yerləşməyə səs verirlər. 

Hicab mübahisəsi göstərdi ki, Azərbaycan dövlətini kimsəyə güzəştə getmək istəmir. Yeni nəslin Xankəndində məktəbə getməsi Qarabağın bir daha itirilməyəcəyinə zəmanət verir.

Zəfərin ən böyük ideoloji nəticəsi onu iqtisadi-sosial həyatda, məktəbdə, geyimdə, təhsildə və milli həyatın bütün sahələrində nümayiş etdirməkdir. Azərbaycanın dünyəviliyi nə Sovet İttifaqından başlayıb, nə də Avropa mərkəzlərindən son otuz ildə idxal olunub. Xalqımızın maarifçilik siması Mirzə Fətəli Axundzadədən Həsən bəy Zərdabiyə, Üzeyir Hacıbəylidən Cəlil Məmmədquluzadəyə qədər uzanır, müasir dövrdə isə milyonlarla azərbaycanlı vətəndaşın qoruduğu dəyərlərə bağlıdır. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu isə türkçülüyün böyük ideoloqları kimi Türkiyədə millətçilik düşüncəsinin formalaşmasına təsir göstərən şəxslərdir. Tarixi yaxşı oxuduqda, Bakıya həm türkçülük, həm İslam, həm də dünyəvilik dərsi keçmək istəyənlərin xürafat məktəblərində qaldıqları aşkar görünür.

Qələbədən sonra Azərbaycan heç bir siyasi mərkəzə müharibə elan etməyib. Lakin qalibiyyətinin tanınması və geosiyasi statusuna hörməti tələb edir.

Aparılan mübarizə hicab naminə deyil. Azərbaycan qəyyumluq istəmir, “kiçik qardaş”lığın ağrısını yaşayıb, məzhəb ayrılığına yol vermir, xarici demokratik paytaxtların və qonşu imperiya varislərinin forpostu olmur. Torpağımızın suverenliyi bərpa olunubsa, növbəti və daha mürəkkəb mərhələ ictimai şüurun, qabaqcıl məktəblərin, qalib ideologiyanın və dünyəvi dövlət quruluşunun suverenliyini qorumaqdır.

Əslində Vətən müharibəsi təkcə torpaqlarımız uğrunda aparılmırdı, savaş dövlət naminə verilirdi. Bağçamız da, məktəbimiz də, institutlarımız da, universitet və nəhayət, dini ibadət ocaqlarının da yalnız bir idealı olmalıdır - Azərbaycan dövləti! 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Rəğbətim artdı”: Etibar Əliyevdən İsxak Hersoqun çıxışına tərif

Sabiq deputat Etibar Əliyev İsrail Prezidenti İsxak Hersoqun Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışını şərh edib. O, İsrail Prezidentinin nitqini və tolerantlığını yüksək qiymətləndirərək elm və təhsil sahəsində yəhudilərin təcrübəsindən öyrənməyin vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“İsrail Prezidenti İsxak Hersoqa rəğbətim artdı. Çıxışı mükəmməl idi, tolerantlığına isə söz ola bilməzdi. Heç kim inciməsin, Hersoqun mənsub olduğu millətdən elmə və təhsilə yiyələnməyin yolları öyrənilməlidir.Yəhudilər öyrətmək işində çox səxavətlidirlər”, – deyə sabiq deputat qeyd edib.Turan ...

16 Oktyabr 2026, 09:00

Vüsal Məmmədov: “Xilafət yükünü yenidən çiyinlərə almaq ciddi tarixi səhvdir”

Jurnalist Vüsal Məmmədov Osmanlı imperiyasının süqutunda xilafət institutunun roluna və Türkiyənin bu gün həmin ideyaya münasibətinə dair fikirlərini bölüşüb. O, Mustafa Kamal Atatürkün xilafəti ləğv etməsini Türkiyənin tarixində mühüm qərarlardan biri kimi qiymətləndirib və bu institutun yenidən gündəmə gətirilməsini tənqid edib.Citypost.az xəbər verir ki, Vüsal Məmmədov bu barədə sosial şəbəkə hesabında yazıb:“Osmanlını boğaza bağlanmış daş kimi suyun dibinə dartan əsas amillərdən biri sultanın həm də xəlifə, imperiyanın həm də xilafət olması idi. 18-ci əsrdən sonra xilafət türkə əsla lazım olmayan ağır bir yükə çevrilmişdi. Məhz xilafət statusu və dini idarəçilik hər dəfə Avropaya açılan pəncərələri bağlayır, səltənəti orta əsrlərdən çıxmağa...

16 Oktyabr 2026, 08:28

Alqış Musayev: “Hər bir azərbaycanlı 2003-cü ilin siyasi əhəmiyyətini unutmamalıdır”

YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev 2003-cü il prezident seçkisinin Azərbaycanın siyasi tarixindəki əhəmiyyətindən bəhs edib. O, hakimiyyətin varisliyinin xalqın dəstəyi ilə və hüquqi çərçivədə həyata keçirilməsini ölkənin bugünkü uğurlarını təmin edən mühüm amillərdən biri kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Ölkəmizin bugünkü uğurlarını təmin edən həlledici faktorlardan biri və birincisi 2003-cü ilin prezident seçkisidir.2003-cü ildə, son 100 ildə ilk dəfə olaraq, İlham Əliyevin timsalında siyasi hakimiyyətin varisliyi xalqın dəstəyi ilə, istəyi ilə, hüquq çərçivəsində, ən əsası da, heç bir sosial böhranın, ərazi itkisinin müşayiəti olmadan...

16 Oktyabr 2026, 08:12

Ədalət Verdiyev: “Zəngəzur dəhlizini və Turan birliyini hicaba qurban vermək olmaz”

İşğalçı Ermənistan rəhbərliyi beynəlxalq tədbirlərdə XOCALI faciəsini etiraf edəndə, Azərbaycan dövlətinin əleyhinə danışanda Türkiyə nümayəndələri zalı tərk etmirdi. Zalı tərk etmək məntiqsiz addımdır. Diplomatlar uzaq məsafə qət edirlər ki, bir birini dinləsinlər, problemin həlli yolunu tapsınlar. Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin mövqeyini müdafiə edib. Eləcə də Azərbaycan olmayan yerdə Türkiyə eyni addımı atıb. İndi isə cənab Ərdoğanın Bakıya gəlməməsi, cənab Fidanın iclas zalıni tərk etməsi həm də ev şahidi Azərbaycana qarşı hörmətsizlikdir. Türkiyə qardaş ölkə olaraq əhəmiyyətsiz və sizə aid olmayan hicab məsələsinə görə vəziyyəti daha gərginləşdirirsiniz. Zəngəzur dəhlizini, Turan Birliyinı hicaba qurban vermək olmaz. Bu səhvləri tarix bağışlamaz.Ədalət...

16 Oktyabr 2026, 08:05

Vüqar Rəhimzadə: “Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi güclənir”

Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki ildə bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən 7-ci Zirvə...

15 Oktyabr 2026, 17:07

Rövşən Muradov: “Füzulinin dirçəlişi yarımçıq qalmış həyatların davamıdır”

Bir şəhərin yenidən qurulması ilə bir yurdun dirçəlməsi arasında mühüm fərq var: birincidə binalar yüksəlir, ikincidə insanların yarımçıq qalmış həyat yolu davam edir. Füzulidə baş verən məhz bu iki prosesin vəhdətidir. 17 Oktyabr – Füzuli Şəhəri Günü ona görə xüsusi qürur doğurur ki, azadlığın sevincini artıq doğma torpağında yaşayan ailələrin gündəlik həyatı tamamlayır. Zəfərin ən təsirli mənzərəsi bəzən bir məktəb zəngində, bir evin işıqlı pəncərəsində, bir uşağın öz şəhərinin adını fəxrlə söyləməsində görünür.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a açıqlamasında bildirib.Deputat xatırladıb ki, 1993-cü il avqustun 23-də işğala məruz qalan Füzulinin minlərlə sakini həyatını doğma yurdundan uzaqda davam etdirməyə...

15 Oktyabr 2026, 15:35