Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edib

Cəmiyyət 02 İyul 2025, 21:59

4408

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

CityPost.az  xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım.

Hörmətli qonaqlar, əziz dostlar.

Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.

Bu gün görüşümüzə başlayarkən mən, ilk növbədə, Şavkat Miromonoviçi öz adımdan və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdim və dedim ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir.

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.

Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik.

Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir.

Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.

Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.

Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.

Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.

Bugünkü tədbirdən sonra işimiz davam edəcək, biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yenə də Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir.

Prezident Şavkat Mirziyoyev: 2001-ci il.

Prezident İlham Əliyev: Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu “ovçular” olub. Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib. Qərar veriləndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda, qərar qəbul etdi və indi gözəl bina tikilib. Amma bu, indi təkcə Özbəkistan torpağının bir hissəsi olmayacaq, həm də bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu layihənin təqdimatı keçən il mənim dövlət səfərim zamanı olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib. Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Burada yeganə, bəlkə də mənfi cəhət o olacaq ki, xarici turist Bakıya gəlib bu parka gedirsə, sonra Özbəkistana getməyə bilər, çünki o, hər şeyi əsasən burada görəcək. Düşünürəm ki, bu, əlbəttə, bir zarafatdır. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturu layihəsi həyata keçiriləcək. Bu gün hələ çox işimiz var. Beləliklə, ölkələrimizin ictimaiyyətini məlumatlandıracağıq.

Şavkat Miromonoviçlə ilk görüşümüzdən sonra biz hökumət üzvlərinə tapşırıq verdik ki, öz işlərini ləyaqətlə yerinə yetirsinlər. Bilsinlər ki, biz mütəmadi olaraq monitorinq aparıb yoxlayacağıq, bunu da edirik. Səfərlər müntəzəmdir, həm də biz beynəlxalq təşkilatlar, sammitlər və digər konfranslar çərçivəsində tez-tez görüşürük. Tez-tez telefonla əlaqə saxlayırıq, ona görə də hamı bilir ki, bütün göstərişlər yerinə yetirilməlidir.

Mən bir daha əziz qardaşıma ölkəmizə belə xoş münasibətə, bu səfərə görə minnətdarlığımı bildirmək istəyirəm. Sabah biz Qarabağda birlikdə olacağıq. Bu, Şavkat Miromonoviçin Qarabağa ilk səfəri deyil və biz bundan sonra da birlikdə çalışacağıq, dost, qardaş olacağıq.

Hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatla çıxış edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib 

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirilib.Citypost.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Tədbir çərçivəsində Ə.Əsədov Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Respublikası Baş nazirinin müavini Tomaş Taraba ilə ikitərəfli görüşlər keçirib....

18 May 2026, 15:26

Azərbaycan III Qlobal İslam İqtisadiyyatı Sammitində iştirak edəcək 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin dəstəyi ilə keçirilən III Qlobal İslam İqtisadiyyatı Sammitində çıxış edəcək.Citypost.az-a bu barədə Mərkəzə istinadən xəbər verir.Məlumata görə, "AlBaraka Forum"un təşkilatçılığı və Türkiyə Prezidentinin iştirakı ilə keçiriləcək sammit 3–6 iyunda İstanbul Maliyyə Mərkəzində "Halkbank"ın baş ofisində baş tutacaq. "İslam iqtisadiyyatında kapital: dayanıqlı inkişaf naminə sərvətin strukturlaşdırılması" mövzusuna həsr olunan tədbir qlobal kapital axınlarının transformasiyası şəraitində maliyyə resurslarının real iqtisadiyyata yönəldilməsi istiqamətində mühüm beynəlxalq dialoq platforması kimi çıxış edəcək.Sammit çərçivəsində Vüsal Qasımlı "Mərkəzi Asiyada İslam İqtisadiyyatı və Halal Sənaye: mövcud reallıqlar və perspektivlər" (Islamic...

18 May 2026, 15:15

Milli Qəhrəman Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub 

Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub.Citypost.az  xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində keçirilib.Təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğıya görə minnətdarlıqlarını bildiriblər.Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın...

18 May 2026, 15:06

Kosmik hava proqnozu açıqlanıb 

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.Rəsədxanadan Citypost.az-a bildirilib ki, Günəş fəallığı nisbətən zəifləyib. Əsasən C sinifli alışmalar qeydə alınıb, ən güclü alışma isə 4445 ləkə regionunda baş verən M1.9 sinifli alışma olub. Alışmalarla əlaqədar tac kütlə atılmaları və radioemissiyalar müşahidə edilib.Hazırda Günəş səthində 7 ləkə qrupunda 86 ləkə və tac dəlikləri qeydə alınır. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, proton seli isə fon səviyyəsində olub.Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb.Mayın 18-24-də C sinifli alışmaların ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 40 faiz, X...

18 May 2026, 14:54

Nazir Britaniyada təhsil alan tələbələrlə görüşdü

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdədir.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.Nazir Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir...

18 May 2026, 14:43

Rəşad Nəbiyevin Xızıda nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 22 may, saat 09:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonları və Sumqayıt şəhər sakinləri ilə görüşəcək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Citypost.az-a verilən məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.Qəbula 21 may 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları...

18 May 2026, 14:37