Azərbaycan – Dünyanın Sülh və Multikulturalizm Evi - SAYMAN ARUZ YAZIR
Cəmiyyət 20 May 2026, 13:32
20522
Müasir dünyanın ən böyük böhranlarından bəlkə də biricisi siyasi və iqtisadi qarşıdurmalarla yanaşı mənəvi və psixologi parçalanmadır. İnsanlıq texnologiyada yüksəlsə də, mənəviyyatda və qarşılıqlı anlaşmada eyni sürətlə inkişaf edə bilməmişdir. Bu səbəbdən XXI əsrin əsas çağırışı artıq yalnız təhlükəsizlik deyil, mədəniyyətlərarası etimadın bərpasıdır. Belə bir dövrdə Azərbaycanın ortaya qoyduğu multikulturalizm modeli daxili dövlət siyasəti olmaqla bərabər qlobal əhəmiyyət daşıyan ideoloji bir konsepsiyadır. Azərbaycan illərdir göstərir ki, fərqli dinlərin, millətlərin, dillərin və mədəniyyətlərin bir coğrafiyada qarşıdurmasız yaşaması mümkündür və bu, yalnız hüquqi mexanizmlərlə deyil, tarixi yaddaş və mədəni kodlarla təmin olunur.
Təsadüfi deyil ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Bu xəttin əsasında yalnız müasir siyasi strategiya yox, minilliklərdən gələn mədəni-fəlsəfi təməllər dayanır. Azərbaycan coğrafiyası tarix boyu Şərqlə Qərbin, İslamla xristianlığın, türk düşüncəsi ilə ümumbəşəri dəyərlərin qovuşduğu bir məkan olmuşdur. Burada müxtəlif xalqların və inancların yanaşı yaşaması süni siyasi layihə kimi deyil, təbii həyat tərzi kimi formalaşmışdır.
Bu ideyanın kökləri Azərbaycan və ümumtürk-şərq düşüncəsinin klassik qaynaqlarında açıq görünür. Nizami Gəncəvi insanı millətindən və dinindən üstün tutan humanist dünyagörüşü ilə “Xəmsə”də universal insan modeli yaradırdı. Nəsimi insanın ilahi mahiyyətini ön plana çəkərək bəşəri birlik fəlsəfəsini müdafiə edirdi. Mövlanə Cəlaləddin Rumi “Kim olursan ol, yenə gəl” çağırışı ilə fərqlilikləri birləşdirən mənəvi körpü qururdu. Şəms Təbrizi sevgini və mənəvi harmoniyanı insanlığın əsas çıxış yolu hesab edirdi. Xaqani Şirvani isə insan ağlını və mənəvi kamilliyi hakimiyyət və sərhədlərdən üstün görürdü. Bu baxımdan Azərbaycan multikulturalizmi yeni yaranmış siyasi termin deyil; o, əsrlərlə formalaşmış mənəvi sivilizasiya modelidir.
Bu ideoloji xəttin mühüm dayaqlarından ən əhəmiyyətlisi İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi çağırışlardır. Cənab Prezident müxtəlif çıxışlarında dəfələrlə vurğulamışdır ki, multikulturalizm Azərbaycanda sadəcə həyat tərzi deyil, dövlət siyasətidir və bu siyasət bəşəriyyət üçün alternativ model ola bilər. O, Bakı Humanitar Forumlarında, Qoşulmama Hərəkatının Zirvə toplantılarında, Dünya dini liderlərinin görüşlərində və Türk Dövlətləri Təşkilatının tədbirlərində çıxış edərək sivilizasiyalararası dialoqun vacibliyini xüsusi qeyd etmişdir. Prezident İlham Əliyev bildirib ki, dünyada milli, dini və irqi zəmində qarşıdurmaların artdığı bir dövrdə xalqları ayıran deyil, birləşdirən dəyərlər ön plana çəkilməlidir. Xüsusilə onun “multikulturalizmin alternativi yoxdur” fikri artıq Azərbaycanın beynəlxalq ideoloji tezislərindən birinə çevrilmişdir. Dövlət başçısı həmçinin dünya azərbaycanlılarının birlik fəlsəfəsini yalnız milli həmrəylik kimi deyil, qlobal humanitar düşüncənin bir hissəsi kimi təqdim etmiş, Azərbaycanı Şərqlə Qərb arasında körpü adlandırmışdır. Bu baxımdan Azərbaycanın gələcəkdə “Sülh Evi” və ya “Dünya Multikulturalizm
Evi” ideyasını həyata keçirməsi Prezidentin illərdir beynəlxalq auditoriyaya ünvanladığı çağırışların məntiqi davamı kimi qiymətləndirilə bilər.
Həmçinin oxuyun
Azərbaycanın bu gün dünyaya təqdim etdiyi modelin mühüm cəhəti ondan ibarətdir ki, burada multikulturalizm yalnız tolerantlıq anlamına gəlmir. Tolerantlıq bəzən “digərinə dözmək” kimi anlaşılır. Azərbaycan modeli isə daha irəli gedərək ortaq yaşam fəlsəfəsini təklif edir. Burada fərqlilik təhlükə yox, zənginlik hesab olunur. Bakı küçələrində məscidlə kilsənin, sinaqoqun və digər dini məbədlərin yanaşı mövcudluğu yalnız memarlıq mənzərəsi deyil, dövlət fəlsəfəsinin simvoludur.
Məhz buna görə Azərbaycan gələcəkdə yalnız enerji, logistika və ya geosiyasi körpü rolunda deyil, həm də beynəlxalq mənəvi-siyasi platforma kimi çıxış etməlidir. Dünya artıq yeni ideoloji mərkəzlər axtarır. Çünki klassik güc mərkəzləri bəşəriyyəti sülhə deyil, daha çox rəqabətə və bloklaşmaya aparır. Azərbaycan isə öz təcrübəsi ilə sübut edir ki, mədəniyyət üzərində qurulan siyasət daha dayanıqlı olur.
Bu baxımdan “Azərbaycan – Sülh Evi” ideyası yalnız simvolik təşəbbüs deyil, gələcəyin qlobal layihəsi ola bilər. Azərbaycanda beynəlxalq “Sülh Evi” və ya “Dünya Multikulturalizm Mərkəzi”nin yaradılması mühüm strateji addım kimi qiymətləndirilməlidir. Bu mərkəz sadəcə bina və ya forum platforması olmamalıdır. O, müxtəlif xalqların alimlərini, yazıçılarını, din xadimlərini, filosoflarını, siyasətçilərini bir araya gətirən qlobal ideya məkanı olmalıdır. Burada sülh fəlsəfəsi, mədəni diplomatiya, dinlərarası dialoq və ortaq sivilizasiya dəyərləri araşdırılmalı, beynəlxalq proqramlar həyata keçirilməlidir.
Belə bir mərkəzin yaradılması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırar. Çünki XXI əsrdə dövlətlərin gücü yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. Mənəvi nüfuz və ideoloji təsir də ən az bunlar qədər əhəmiyyətlidir. Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərlə – humanitar forumlarla, mədəniyyətlərarası dialoq platformaları ilə, Türk dünyası və İslam aləmi daxilində qurduğu münasibətlərlə bu istiqamətdə mühüm təcrübə qazanmışdır.
Digər tərəfdən, Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda yaratmağa çalışdığı sülh gündəliyi də bu konsepsiyanın mühüm hissəsidir. Çünki sülh yalnız müharibənin olmaması deyil; sülh eyni zamanda qarşılıqlı etimadın, mədəni anlaşmanın və mənəvi harmoniyanın qurulmasıdır. Azərbaycan bu gün regionda həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Bu isə onu Cənubi Qafqazın potensial sülh platformasına çevirir.
Əslində dünya yeni bir mənəvi manifestə ehtiyac duyur. İnsanları yalnız qanunlarla deyil, ortaq dəyərlərlə birləşdirən bir dünya baxışına ehtiyac var. Azərbaycan multikulturalizmi məhz bu baxımdan alternativ sivilizasiya modeli kimi diqqət çəkir. Burada əsas ideya insanın kimliyindən əvvəl onun insan olaraq qəbul edilməsidir. Bu modelin gücü siyasi şüarlarda deyil, tarixi həyat təcrübəsindədir.
Azərbaycan gələcəkdə “sülh paytaxtı” statusunu formalaşdıra bilər. Necə ki bəzi ölkələr maliyyə, texnologiya və diplomatiya mərkəzi kimi tanınır, Azərbaycan da multikultural sülh fəlsəfəsinin mərkəzi kimi tanına bilər. Bunun üçün dövlət, elm, ədəbiyyat, media və beynəlxalq təşkilatlar vahid strateji xətt üzrə çalışmalıdırlar. Məktəblərdən universitetlərə, beynəlxalq forumlardan mədəniyyət layihələrinə qədər bu ideya sistemli şəkildə inkişaf etdirilməlidir.
Müqəddəs və sanki Azərbaycanımızın tarixi missiyası yalnız öz dövlətçiliyini qorumaq deyil, eyni zamanda bölgəyə və dünyaya mənəvi model təqdim etməkdir. Bu modelin əsasında isə güc yox: mədəniyyət, qarşıdurma yox: anlaşma, nifrət yox: ortaq insanlıq dayanır.
Əgər XXI əsrdə bəşəriyyət yeni bir sülh fəlsəfəsi axtarırsa, həmin fəlsəfənin mühüm ünvanlarından biri məhz Azərbaycan ola bilər. Azərbaycanın multikulturalizm modeli gələcəyin siyasi layihəsi olmaqdan daha çox, gələcəyin mənəvi xilası kimi qiymətləndirilə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AAYDA: Bakıda və 8 rayonda ümumilikdə təmir aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mart–aprel aylarında müşahidə olunmuş güclü leysan yağışları və sel suları nəticəsində Bakıda və 8 rayonda zədələnmiş 25 avtomobil yolunda təmir-bərpa işləri aparır.Citypost.az bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, işlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular bərpa olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.Məqsəd təhlükəsiz və fasiləsiz hərəkəti təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir....
15 İyun 2026, 17:45
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15 İyun 2026, 17:26
İtkin düşən 8 nəfər həftəsonu tapılıb
İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15 İyun 2026, 17:05
Zakir Həsənov Pakistana başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...
15 İyun 2026, 16:53
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...
15 İyun 2026, 15:48
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....
15 İyun 2026, 15:33