Bizə yazın

Baku

-°C

USD

-

Repressiya aparatını “əridən” sevgi 

Cəmiyyət 16 Yanvar 2026, 10:57

2171

La Fayedən Murğuzallıyadək uzanan yol, yaxud tarixə bələdçilik etmiş qadın...

4 iyul 1928-ci ildə Monakonun "Prince Albert" xəstəxanasında İvon Botto adlı, cinsi qadın olan bir uşaq doğulur. Atası italiyan, anası fransız idi. Həmin vaxt bottolar ailəsi Fransanın Annesi şəhərində yaşayırdılar, üç il sonra Passi şəhəri yaxınlığındakı La Faye kəndinə köçürlər. Tale elə gətirir ki, bu qız 1947-ci ildə İmişlinin Murğuzallı kəndinə gəlib çıxır. Bu başıbəlalı qadının həyat hekayəsi maraqlı olmaqla yanaşı, son bir əsrdə dünyanın böyük bir parçasında baş verən mühüm ictimai-siyasi hadisələrə işıq salır.

Fransanın azadlığı üçün vuruşmuş azərbaycanlı

İkinci Dünya Müharibəsində Fransa eyni vaxtda həm Almaniyanın, həm də İtalyanın hərbi müdaxiləsinə məruz qalmış, ölkə parçalanmışdı. Bottoların yaşadığı Ot-Savua departamentinə əvvəlcə italyan, ardınca isə alman ordusu daxil olub. Qəhrəmanımız o illərdə küçələrindən keçən hərbi maşınları, əsgərlərin bostanlarından tərəvəz yığmağını xatırlayırdı: “Belə şəraitdə də idarə və müəssisələr, məktəblər, kinoteatrlar, dükanlar işləyirdi. Hərbçilərin dinc əhali ilə işi yox idi. Yalnız partizanlara kömək edənlərə, onları evində gizlədənlərə divan tutulurdu.”

Bu dövrdə yaranan, Alp və Mon Blan dağlarında düşərgə quran, Böyük Britaniya hökumətinin silah-sursatla, yerli əhalinin isə qida ilə təchiz etdiyi Milli Müqavimət Hərəkatının sıraları genişlənməkdə idi. Fransız partizanların arasında faşistlərin əsir düşərgələrindən qaçmış xeyli sayda əcnəbi, o cümlədən azərbaycanlılar da vardı. 16 yaşlı qızın ağlına da gəlməzdi ki, bircə il sonra bu partizanlardan biri onun həyatını büsbütün dəyişəcək. Həmin partizanın Fransa torpağına gəlib çıxmasının da qəribə tarixçəsi var.

Şəmməd Şirməmmədov 1921-ci ildə İmişli rayonunun Murğuzallı kəndində doğulub. 1939-cu ilin mayında hərbi xidmətə çağırılıb. Evə yollanacağı gün- 1941-ci ilin iyunun 22-də müharibə başlayır və onun xidmət etdiyi Rava Ruska şəhəri almanlar tərəfindən tutulur. Bir müddət o, əsir düşərgəsində saxlanılır. Almanlar sovet torpağından çıxarılmağa başlanılanda əsirlər başqa yerə köçürülür. Şəmməd və daha bir neçə azərbaycanlının daxil olduğu 325-ci düşərgədəki əsirlər 1944-cü ilin fevralında qatarla İtaliyaya yola salınır.

Amma azərbaycanlılar, habelə daha bir neçə fransız və belçikalı əsir aparıldıqları vaqondan deşik açaraq Fransa ərazisində özlərini hərəkətdə olan qatardan yerə atırlar. Bir neçə gün sonra onlar fransız partizanlarla rastlaşır və Müqavimət Hərəkatının tərkibində faşistlərə qarşı vuruşa başlayırlar.

Sevginin dili olmurmuş…

“Mən çox yaxşı ibtidai təhsil almışdım. Parisə gedib ali təhsil almağıma valideynlərim razı olmadı. 1943-cü il, müharibənin ən şiddətli dövrü idi…”

İvon nənə üstündən 45 il ötəndən sonra xatirələrini bizimlə bölüşürdü. 88 yaşlı qadın hər şeyi yerli-yataqlı elə danışırdı ki, sanki bunlar son günlərdə olub: “Müharibə bitəndən sonra Şəmməd, həmkəndlisi Ayaz və daha 6 nəfər bizə yaxın olan silah zavodunda işə düzəlmişdi. Atam da bu zavodda işləyirdi. Bir gün onları evimizə qonaq dəvət etdi. Şəmmədlə tanışlığımız da buradan yarandı.”

Bundan sonrakı vaxtlarda da keçmiş partizanlar tez-tez bu evin qonağı olurlar. Nənə deyirdi ki, ölkələrinin azadlığı üçün vuruşduqlarından ailəsi bu gənclərə xüsusi qayğı ilə yanaşıb: “Evimizdə geniş stol açılırdı. Hamımız onun arxasında əyləşib yeyib-içir, şirin söhbət edirdik. Anam onların çirkli paltarlarını yuyur, ütüləyirdi.”

Bir müddət sonra Şəmməd özündən 7 yaş kiçik olan gənc qıza vurulur. “O, fransızca yaxşı danışa bilmirdi. Amma demə heç sevginin dili olmurmuş. Çox yaxşı adam idi. Toyumuz 1947-ci ildə elə bizim evdə oldu. Üstündən az keçəndən sonra məni götürüb Vətəninə gətirdi.”

“Ərimi sürgündən güclə qurtardım”

Onlar düz iki ay yük vaqonunda yol gəlirlər. Ölkələrdən, şəhərlərdən keçirlər. Bəzi yerlərdə dəmir yolu xətləri dağıldığından, qatar günlərlə dayanır, yolun bərpa edilməyini gözləyirlər. “Düz 55 vaqon dolusu adam idi. Moskvaya çatan kimi bir neçə nəfər istisna olmaqla, onların hamısı sürgün olundu. Əsir düşmüş, başqa ölkədə sığınacaq tapmış adamlara xain kimi yanaşırdılar.”

İvon nənə deyirdi ki, onun ərini də Sibirə sürgün edəcəklərmiş. Amma gənc qadın sovet komissarına yalvarıb ərinin buraxılmağını, bu, mümkün olmazsa, onunla bir yerdə sürgünə göndərilməyini xahiş edib. Bu böyük sevgi totalitar rejimin repressiv aparatını da susdura bilib- onlar sərbəst buraxılıblar.

Sovet hökuməti ananın qızı ilə görüşünə icazə verməyib

Demə görəcəkli günlər qabaqda imiş. Gənc qadın sanki sehrli xalat geyinib bir əsr keçmişə düşmüşdü. Qaradonlu dəmir yolu vağzalından Murğuzallı kəndinə kələ qoşulmuş araba ilə gedirlər. Kərpicdən tikilən, döşəməsi olmayan, çıraqla işıqlandırılan, çır-çırpı ilə qızdırılan bir evdə yaşamağa başlayırlar. Bu da kommunizm “cənnətməkanı”: gecələrin zülmət qaranlığında çaqqal ulartısının başına götürdüyü, qışda palçığın dizə çıxdığı, yayın istisində ağcaqanadların “at oynatdığı”, tibb məntəqəsinin olmadığı, səhranı xatırladan bir yer…

“Şəmməd elə kənddə həkim, xəstəxana olmama səbəbindən öldü. Qəfil özünü pis hiss etdi. Heç bilmədik dərdi nədir. Vəziyyəti ağırlaşanda qohumları onu ən yaxında olan həkimxanaya apardılar, iki gün sonra cənazədə qayıtdı”- İvon nənə qəhərləndi, yaylığının ucunu gözlərinə sarı apardı...

Yad yerdə bir yaşlı uşaqla tək qalan qadın öz ölkəsinə qayıtmaq istəyir. Amma onun qarşısında şərt qoyulur: “Uşağı özünlə apara bilməzsən. Çünki o, sovet vətəndaşıdır.”

Ana övladından ayrılmaq istəmir və zorən bu ölkədə yaşamalı olur. Onu qarşıda məşəqqətli illər gözləyirdi:

“Məktəbdə xadimə işinə düzəlmişdim. Eyni vaxtda kolxoza üzv olub pambıq becərirdim. Məktəbə də, tarlaya da uşaqla gedirdim. Aclıq illəri idi, doyunca yeyəcək qədər çörəyimiz olmurdu. İçməli suyu çaydan güyümlə kürəyimizdə daşıyırdıq. Su da yaz-yayda bulanıq olurdu...”

İvon nənənin deməsinə görə, anası onu görmək üçün bu ölkəyə gəlmək istəyib, dəfələrlə sovet rəhbərliyinə müraciət edib. Amma ölkənin sirri dağılmasın deyə ananın qızı ilə görüşünə icazə verilməyib:

“Biz yalnız məktublaşa bilirdik, şəkil çəkdirib bir-birimizə göndərirdik. Anam “posılka”da uşağım üçün geyim, oyuncaq əşyalar, məktəb ləvazimatları və kitablar göndərirdi. Deyim ki, ayaqda qalmağımda bu yardımlar böyük rol oynayıb.”

İvon nənə deyirdi ki, ailə üzvlərimin heç biri ilə görüşmək ona müyəssər olmayıb. Doğulduğu yerə ayağı bir də 64 ildən sonra- 2011-ci ilin oktyabrında dəyib.

“Kəbin kağızında adım “Aminə” qeyd olundu”

Şəmmədin ölümündən 4 il sonra İvon xanım mərhum ərinin əmisi oğlu Şirməmmədlə ailə qurub və ondan da 6 uşağı olub. 2015-ci ilin martında həmin əri də vəfat edib. İvon nənənin 7 övladı, 30 nəvəsi və 28 nəticəsi var idi. Onun Fransa prezidenti ilə görüşündən və bu ölkəyə səfərindən sonra barəsində xarici mediada da məqalələr dərc olunub, verilişlər hazırlanıb, hətta kitab yazılıb, film çəkilib.

O, bura gələn vaxtdan müsəlmanlığı qəbul etdiyini deyirdi: “Biz kəndə gecə gəlib çıxmışdıq. Səhər açılan kimi məni axundun yanına apardılar, müsəlmanlığı qəbul etdim və şəriət qaydalarına uyğun kəbinimiz kəsildi. Hətta adımı da dəyişdirib “Aminə” qoymuşdular. Amma məni bu adla çağıran olmadı.”

Ailə üzvləri deyirdilər ki, evdə daha çox onun duası eşidilir, nəziri qəbul olunurdu. Buna görə də işi düyünə düşənlər “Allahın əziz bəndəsinin” üstünə qaçırdılar.

Torpaq torpağa qarışıb

İvon nənə Fransaya səfərindən qayıdanda özü ilə torpaq gətiribmiş. Amma onu evdə çox saxlamayıb: “Dedilər bunun düşər-düşməzi olar. Bir də istəmədim ki, doğma torpağım da bağlı yerdə, əsir kimi qalsın. Tökdüm həyətə, torpaqlarım bir-birinə qarışdı.”

İvon Botto-Şirməmmədova 2018-ci ilin yanvarın 24-də Murğuzallı kəndində vəfat edərək özü də bu torpağa qarışdı...

Azər Əli

ZENMEDİA.AZ

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Tokayevə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcək.Əminəm...

16 Mart 2026, 16:25

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsində ittiham aktı elan edilib 

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.APA xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.Təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini təqsirli bilməyiblər. Məhkəmə istintaqının başlanıldığı elan edilib.Daha sonra təqsirləndirilən İbrahim Əsədli ifadə verib.Məhkəmənin növbəti iclası 6 aprelə təyin edilib.Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla...

16 Mart 2026, 16:04

Sabah  5 minə yaxın abonentin qazı kəsiləcək 

Sabah Ağdaş rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində d 530 mm-lik orta təyziqli qaz xəttində aşkarlanmış qaz sızması ləğv ediləcək.Bununla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərində cəmi 4932 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....

16 Mart 2026, 15:56

Azərbaycanda film çəkən xarici prodüserlərlə bağlı İlham Əliyev qərar verdi

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun təsdiqlənib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.Dəyişikliyə əsasən, qanuna xarici film anlayışı daxil edilib.Beləliklə birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film kimi təsbit olunur.Bundan sonrar milli film üçün tələblərə cavab verən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə birgə istehsal edilmiş filmlər isə milli film hesab oluna bilər.Qanuna əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları sırasına daxil...

16 Mart 2026, 15:55

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək 

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Məlumatda deyilir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.Bakı...

16 Mart 2026, 15:15

Spiker Tulia Akson ilə görüşüb 

Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyət fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm platforma təşkil etdiyini vurğulayıb.Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycan və Ermənistan...

16 Mart 2026, 15:08