Yarımçıq qalan “cənub” arzusu - Eldəniz Əmirov yazır..
İqtisadiyyat 09 İyun 2026, 10:27
3289
Bu adı Rusiyanın Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutan "Cənub Axını" qaz kəməri layihəsinə vermişdim. (Avrasiyanın Arteriyaları kitabımda).
CƏNUB AXINI
“Cənub Axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutan layihə olaraq nəzərdə tutulmuşdir. Onun əvvəlcə Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanması, daha sonra iki hissəyə ayrılaraq, birinci qolunun Serbiya, Macarıstan və Avstriyanı, digər qolunun isə Yunanıstan və İtaliyanı əhatə etməsi planlaşdırılmışdır.
Rusiya tərəfinin bu layihə təşəbbüsünü irəli sürməkdə məqsədi Rusiya təbii qazının Avropaya tədarükünü diversifikasiya etmək, təchizatçı və alıcıların tranzit ölkələrdən, xüsusən də Ukrayna və Türkiyədən asılılığını azaltmaq idi. Bu “Axın” həm də Rusiyanın cənubundan Avropaya getməli olan, Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən “Nabukko” qaz kəmərinə rəqib layihə hesab edilirdi.
Tarixi
2007-ci ilin iyun ayında Romada “Qazprom” ASC və İtaliyanın “Eni” şirkəti tərəfindən hər iki ölkənin Energetika nazirlərinin iştirakı ilə “Cənub Axını”nın layihələndirilməsi və tikintisi üzrə ilk çərçivə memorandumu imzalandı. Bu memorandum iki şirkət arasında qaz kəmərinin layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və idarə olunması sahəsində əməkdaşlıq sahələrini müəyyən edirdi.
Daha sonra Rusiya ilə Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Türkiyə, Sloveniya, Xorvatiya və Avstriya arasında müxtəlif günlərdə “Cənub Axını” qaz kəməri layihəsi üzrə müxtəlif səviyyələrdə əməkdaşlığa dair sazişlər imzalandı. Hətta Fransanın ən böyük elektrik şirkəti “Electricite de France” “Cənub Axını” layihəsinə 10% payla daxil olması haqqında “Qazprom” ASC ilə müqavilə imzaladı.
Böyük planlar
Layihənin ilkin planlarına əsasən, “Cənub Axını” qaz kəmərinin tikintisinə 2010-cu ilin noyabrında başlana bilərdi, lakin layihənin sonrakı inkişafı zamanı tikintinin 2013-cü ildə başlayacağı elan edildi. 2012-ci ilin fevralında layihənin operatoru “South Stream Transport AG”nin direktorlar şurasına layihənin 7 dekabr 2012-ci ildə başlamalı olduğu plan təqdim edildi və ilk qaz tədarükünün 2015-ci ilin sonunda baş tutacağı bildirildi.
Coğrafiyası
“Cənub Axını”nın dəniz hissəsi Qara dənizin dibi boyunca Rusiya sahillərindəki “Russkaya kompressor” stansiyasından Bolqarıstan sahilində Varnanın Qalata məhəlləsinə qədər layihələndirilmişdir. Kəmərin Qara dənizin dibinə enəcəyi maksimum dərinliyin 2 km-dən çox olacağı düşünülürdü.
Marşrutun Rusiya, Türkiyə və Bolqarıstan iqtisadi zonalarından keçəcəyi planlaşdırılırdı. Lakin bu xətlərin dəqiq marşrutları heç vaxt təsdiqlənməmişdi.
Texniki-iqtisadi göstəriciləri
Qaz kəmərinin sualtı hissəsinin uzunluğu 900 km olmalı idi. Yeni qaz kəmərinin ötürmə qabiliyyəti ilkin olaraq ildə 30 milyard kubmetr nəzərdə tutulsa da, 2009-cu ilin mayında İtaliyanın “Eni” şirkətinin sifarişi ilə o, 63 milyard kubmetrə qədər genişləndirildi. Qaz kəmərinin hər birinin ötürmə qabiliyyəti 15.57 milyard kubmetr olan 4 xəttdən ibarət olacağı güman edilirdi. Dəniz daxilində maksimum döşənmə dərinliyi 2250 m olmalı idi.
“Cənub Axını” layihəsinin təxmini dəyərinin 15.5 milyard avro, bəzi hesablamalarda 20 milyard avroya qədər ola biləcəyi nəzərdə tutulmuşdu.
Əvvəlcə layihənin dəniz hissəsinin “Qazprom” ASC və İtaliyanın “Eni” şirkəti arasında hər bir şirkətin 50% olmaqla bərabər bölünməsi planlaşdırılırdı, 2009-cu ilin sonunda Fransanın “Electricite de France” şirkəti ilə rəsmi danışıqlar başladı və 2010-cu ilin iyununda 10% payla şirkət layihəyə daxil oldu. “Eni” şirkətinin öz payının 10%-ni Fransa tərəfinə verəcəyi güman edilirdi. Çünki “Qazprom” ASC 50%-lik payını saxlamaqda israrlı idi.
Bir müddət davam edən danışıqlardan sonra 2011-ci ilin oktyabrında “South Stream Transport” şirkəti Amsterdamda qeydiyyata alındı. Onun səhmdarları aşağıdakı paylara sahib oldular:
• “Qazprom” ASC – 50%;
• Eni – 20%;
• EDF Group – 15%;
• Wintershall AG – 15%.
•
Əsas marşrutun Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliyadan keçməsi nəzərdə tutulurdu. Bosniya və Herseqovinada, Xorvatiya və Serb Respublikasında da qaz kəmərlərinin çəkilməsi planlaşdırılırdı. Layihənin torpaq hissəsini həyata keçirmək üçün Rusiya Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Avstriya və Xorvatiya ilə hökumətlərarası sazişlər imzaladı.
Hökumətlərarası sazişlərin bir hissəsi olaraq bu ölkələrdə səhmlərdə iştirak edən birgə şirkətlər yaradıldı:
• “South Stream Austria Gmbh”. Səhmdarlar: “Qazprom” ASC – 50%, OMV – 50%;
• “Cənub axını Bolqarıstan AD”. Səhmdarlar: “Qazprom” ASC – 50%, Bolqar Enerji Holdinq EAD – 50%;
• “Cənub axını Macarıstan Zrt”. Səhmdarlar: “Qazprom” ASC – 50%, Magyar Villamos Művek Zrt.” (MVM) – 50%;
• “Cənub Axını Yunanıstan SA”. Səhmdarlar: “Qazprom” ASC – 50%, DESFA SA – 50%;
• “Cənub Axını Serbiya AG”. Səhmdarlar: “Qazprom” ASC – 51%, Serbijagaz – 49%;
• “Cənub Axını Sloveniya MMC”. Səhmdarlar: “Qazprom” ASC – 50%, Plinovodi d.o.o. – 50%.
Yarımçıq qalan “cənub” arzusu
“Cənub Axını” üçün risklər Krımın ilhaqından sonra kəskin artdı. Layihə tərəfdaşlarından bir-birinə zidd olan davranışlar müşahidə edilməyə başladı.
Əvvəlcə layihə komandasının İtaliya tərəfinin rəhbəri Paolo Scaroni tikinti üçün lisenziyanın ləğvedilmə ehtimalına toxundu. Daha sonra Energetika üzrə Avropa komissarı Q.Ottingerin təmsil olunduğu Avropa Komissiyası “Cənub Axını”nın tikintisi üzrə Rusiya ilə danışıqları dayandırdı.
İtaliyanın əksinə olaraq, Fransa asanlıqla qaz tədarükünün etibarlılığını artırmaq üçün “Cənub Axını”nın tikintisini təsdiqlədi. Bolqarıstanın Baş naziri Plamen Oreşarski də Fransa ilə oxşar mövqe tutdu və Bolqarıstanın marşrutun öz hissəsində tikinti işlərini dayandırmayacağını elan etdi.
2014-cü ilin aprelin 17-də Avropa Parlamenti “Cənub Axını”nın tikintisinə qarşı Qətnamə qəbul etdi və qətnamə qəbul edilən gün Qərb mətbuatı layihəni “ölü layihə” adlandırdı.
Rusiya hökuməti isə fikrindən dönmədi. Rəsmi Moskva layihənin hökumətlərarası razılaşmalara uyğun olaraq həyata keçirildiyini əsas gətirərək, Avropa Parlamentinin “Cənub Axını” layihəsinin dayandırılması ilə bağlı qərarının onun icrasına təsir etməyəcəyini, işlərin davam etdiriləcəyini bildirdi. Elə Bolqarıstan tərəfindən də qaz kəməri layihəsi üzrə işlərin ciddi şəkildə qrafikə uyğun aparıldığı və Bolqarıstan hissəsinin tikintisinə 2014-cü ilin iyununda başlanacağı bildirildi.
Amma ABŞ bu layihədə də öz sözünü dedi. Belə ki, 2014-cü il iyunun 8-də amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Plamen Oreşarski “Avropa Komissiyasının iradları aradan qaldırılana qədər” işin dayandırıldığını elan etdi.
Rusiyanın cavabı gecikmədi. Dövlət Dumasının rəsmisi Leonid Kalaşnikov bu qərarı “Rusiyanın real enerji şantajı” kimi qiymətləndirdi və Rusiyanı öz qazını yalnız Ukrayna vasitəsilə ixrac etməyə məcbur etmək istədikləri üçün Avropanı ittiham etdi. Rusiya Prezidenti V.Putin isə daha israrlı görünürdü. Buna görə də Aİ-nin tənqidlərinə baxmayaraq, iyunun 24-də onun Avstriyaya səfəri zamanı “Qazprom” ASC və Avstriyanın OMV konserni arasında qaz kəmərinin tikintisi ilə bağlı saziş imzalandı.
Tikintinin dənizə aid hissəsindəki işlərə 2014-cü ilin dekabrında başlamaq nəzərdə tutulmuşdu. Hətta birinci xətt üçün borular istehsal edilərək Varnaya daşınmışdı. Lakin dekabrın 1-də Rusiya Prezidenti V.Putin Ankarada keçirdiyi mətbuat konfransında Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə və “Cənub Axını”nın tikintisinə Bolqarıstanın icazə vermədiyinə görə bu boru kəmərinin tikintisindən imtina etdiyini açıqladı. O, eyni zamanda, Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə kömək etmək əvəzinə, buna maneələr yaratdığını və belə bir layihənin artıq həyata keçirilməyəcəyini bildirdi. Eyni zamanda, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəyini, indi isə Bolqarıstanın bu imkanlardan məhrum olduğu üçün Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan vəsaitə görə təzminat istəməli olduğunu da açıqladı.
Bu hadisədən cəmi üç həftə sonra Bolqarıstan tərəfinin ilk peşmançılıq davranışları sərgiləndi. Dekabrın 19-da Bolqarıstanın Baş naziri Boyko Borisov “Cənub Axını”nın tikintisi üçün bütün lazımi icazələri verməyə və tikintiyə hazırlıqla bağlı öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirdi. Sonrakı dönəmlərdə Rusiya tərəfindən layihəyə qayıdışla bağlı xahişlər edildi, lakin Rusiyanın planları artıq dəyişmişdi.
2016-cı ildə Bolqarıstan mətbuatı Rusiyanın layihənin yenidən başlaması ilə bağlı yanlış informasiya tirajladığı zaman rəsmi Moskva bir daha sözügedən layihənin artıq bitdiyini təkrar bildirdi.
Beləliklə, bir neçə il Balkan ölkələri “Cənub Axını”nın nə vaxtsa reallaşacağına ümid etdilər. Serbiyanın bu layihəyə yeddi il pul yatırdığını, böyük işlər gördüyünü və ən çətin zamanlarda belə ondan imtina etmədiyini deyən Baş nazir Aleksandr Vuçiç layihənin dayandırılmasında onların günahının olmadığını və ölkəsinin nəhəng oyunçuların toqquşmasının əvəzini ödədiyini bildirdi. Serbiya Prezidenti Tomislav Nikoliç isə öz növbəsində bunu şərqlə qərb arasında siçan-pişik oyununa bənzətdi.
Qış astanasında yeni qaz mənbələri axtarmağa çalışan Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto isə bundan sonra enerji resurslarının idxalını Azərbaycanın hesabına artırıla biləcəyini açıqladı.
Bolqarıstan tərəfi isə Rusiyadan əl çəkmək istəmirdi. 2018-ci ilin may ayında Bolqarıstan Prezidenti Rumen Radev Rusiyaya səfəri zamanı Bolqarıstanın Qara dəniz vasitəsilə Rusiya qazına ehtiyacı olduğunu bildirdi. Bundan bir neçə gün sonra Bolqarıstanın Baş naziri Boyko Borisov isə Rusiyaya səfəri zamanı “Cənub Axını”nın pozulmasına görə bir daha üzr istəyərək hamını təəccübləndirən ifadə işlətdi: “Rusiyaya kin saxlamadığına görə minnətdaram. Ağsaqqal həmişə bağışlayar”.
Lakin artıq gec idi. Rusiya “Cənub Axını”nı arxivə atmış və yeni layihə olan “Türk Axını” üzərində işləyirdi.
Həmçinin oxuyun
Eldəniz Əmirov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ət BAHALAŞDI – İqtisadçı səbəbləri AÇIQLADI
Son bir ay ərzində sümüklü mal ətinin qiyməti təxminən 1-2 manat artaraq hazırda 19 manata, sümüksüz mal əti isə 21-22 manata çatıb.Satıcılar bahalaşmanı mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, qiymət artımının arxasında başqa iqtisadi amillərin olub-olmaması da sual doğurur.Bəs mal ətinin bahalaşması müvəqqəti xarakter daşıyır, yoxsa qarşıdakı dövrdə qiymət artımının davam etməsi gözlənilir?Citypost.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Musavat.com-a qeyd edib ki, mal ətinin qiymətindəki artım artıq müvəqqəti deyil, daimi xarakter daşıyır: “Çünki ölkədə mal-qaranın sayı kəskin azalır. Nəticədə yem bahalaşır, daşınma xərcləri artır, tənzimləyici orqanların, o cümlədən AQTA-nın müdaxilələri genişlənir. Cərimələr, sertifikatlaşdırma və digər tələblər də əlavə xərc yaradır....
22 Sentyabr 2026, 16:35
Neftin qiyməti 102 dollardan aşağı düşdü
Dünya bazarında neft qiymətləri kəskin eniş edib.Citypost.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,27 dollar və ya 2,19% azalaraq bir barel üçün 101,60 dollara düşüb.“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,22 dollar və ya 2,21% ucuzlaşaraq 98,08 dollar təşkil edib.Neftin ucuzlaşmasına ABŞ və İran arasında diplomatik təmasların bərpa oluna biləcəyinə dair gözləntilər və Səudiyyə Ərəbistanından neft ixracının artması təsir göstərib.BMT Baş Assambleyası çərçivəsində ABŞ-İran danışıqlarının mümkünlüyü bazarda geosiyasi risklərin azalacağına dair ümidləri gücləndirib. Səudiyyə Ərəbistanının neft ixracı da sentyabrda gündəlik 4 milyon bareldən yuxarı qalxıb....
21 Sentyabr 2026, 09:42
Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 617 min 360,36 ton həcmində neft məhsulları ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 466 milyon 752,15 min ABŞ dolları təşkil edib.İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 %, dəyəri isə 2 dəfə çoxdur.Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,14 % olub.Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə...
15 Sentyabr 2026, 17:08
Nisbi və mütləq üstünlük nədir? – Ölkələrin xarici ticarət strategiyaları
Nisbi və mütləq üstünlük nəzəriyyələri ölkələrin beynəlxalq ticarət strategiyalarının formalaşmasında, qlobal əməkdaşlıq modelinin qurulmasında baza rolunu oynayan iki əsas iqtisadi konsepsiyadır. Klassik iqtisadiyyatın banisi Adam Smit tərəfindən irəli sürülən mütləq üstünlük prinsipi bir ölkənin hər hansı məhsulu digər ölkələrlə müqayisədə daha az resurs (əmək, vaxt, kapital) sərf edərək, daha aşağı maya dəyəri ilə istehsal etmək qabiliyyətini ifadə edir. Məsələn, təbii iqlim şəraiti, resurs zənginliyi sayəsində kənd təsərrüfatı və ya hasilat sənayesi məhsullarını daha ucuz başa gətirən dövlət həmin sahədə mütləq üstünlüyə yiyələnir, istehsalı bu istiqamətdə cəmləşdirərək xarici bazara mal çıxarır.Citypost.az xəbər verir ki, Devid Rikardo tərəfindən inkişaf etdirilən nisbi (müqayisəli)...
31 Avqust 2026, 20:05
Devalvasiya və revalvasiya nədir? – Milli valyutanın məzənnəsi necə müəyyənləşir?
Devalvasiya və revalvasiya ölkənin milli valyutasının xarici valyutalara nəzərən dəyərinin dəyişməsini ifadə edən əsas makroiqtisadi anlayışlardandır. Devalvasiya dövlətin mərkəzi bankı tərəfindən milli valyutanın alıcılıq qabiliyyətinin, məzənnəsinin xarici valyutalara (xüsusilə dollar, avro kimi sərt valyutalara) nəzərən rəsmi şəkildə ucuzlaşdırılmasıdır. Bu addım adətən ixracı həvəsləndirmək, ölkəyə xarici valyuta axınını artırmaq, xarici ticarət kəsirini azaltmaq məqsədilə atılır. Revalvasiya isə devalvasiyanın tam əksidir; yəni mərkəzi bankın qərarı ilə milli valyutanın dəyərinin xarici valyutalar qarşısında rəsmən qaldırılması, gücləndirilməsidir. Bu proses inflyasiya təzyiqini azaltmağa, idxal olunan məhsulların qiymətini ucuzlaşdırmağa xidmət edir.Citypost.az xəbər verir ki, milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsi ölkədə tətbiq olunan valyuta rejimindən birbaşa asılıdır. İqtisadiyyatda...
31 Avqust 2026, 17:50
Qlobal ticarətdə "SWIFT" sistemi nədir və alternativləri hansılardır?
Qlobal ticarətdə, beynəlxalq maliyyə sistemində şəffaflığı, təhlükəsizliyi təmin edən əsas platformalardan biri "SWIFT" (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemidir. 1973-cü ildə Belçikada təsis edilən bu mexanizm pulun özünü fiziki şəkildə köçürmür; banklararası maliyyə əməliyyatları, ödəniş tapşırıqları üçün standartlaşdırılmış, şifrələnmiş məlumat mübadiləsi şəbəkəsi funksiyasını yerinə yetirir. Dünyanın 200-dən çox ölkəsində 11 mindən artıq bank, maliyyə institutu tərəfindən istifadə olunan platforma xarici ticarət dövriyyəsinin, transsərhəd ödənişlərin sürətli, problemsiz reallaşmasına imkan yaradır.Citypost.az xəbər verir ki, sistem maliyyə şəffaflığını təmin etsə də, geostrateji gərginliklər, sanksiya mexanizmləri fonunda bəzi ölkələrin bu şəbəkədən ayırılması alternativ platformaların formalaşmasını sürətləndirib. SWIFT-ə ən böyük rəqib kimi Çin Xalq Bankı...
31 Avqust 2026, 13:46