Zaur Şükürov: Azərbaycan mediası dövlətçiliyin və milli maraqların dayağıdır
Siyasət 21 İyul 2026, 21:51
714
22 iyul Azərbaycan xalqı üçün əlamətdar bir tarixdir. Məhz bu gündə, 1875-ci ildə böyük maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın təməli qoyulmuşdur. "Əkinçi" qısa müddət ərzində həm ziyalılar, həm də geniş oxucu kütləsi arasında maarifçi ideyaların daşıyıcısına çevrildi. Çar Rusiyasının təzyiqlərinə baxmayaraq, o dövrlərdə məhz qəzet milli özünüdərk, azadlıq, maarifçilik ideyalarının yayılmasında mühüm rol oynadı. Bununla da, Azərbaycan mətbuatı cəmiyyətin inkişafına və milli şüurun formalaşmasına mühüm töhfə verməyə başladı.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.
Millət vəkili Ulu Öndər Heydər Əliyevin sözlərini xatırladıb: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik."
Zaur Şükürovun sözlərinə görə, Azərbaycan milli mətbuatı keçdiyi 151 illik yol boyunca mürəkkəb, lakin şərəfli mərhələlərdən keçmişdir. XIX əsrin sonlarından etibarən "Ziya", "Kəşkül", "Füyuzat", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar, eləcə də rusdilli "Kaspi" qəzeti milli ideologiyanın, maarifçiliyin, sosial ədalət düşüncələrinin təbliğində, həmçinin anadilli mətbuatın inkişafı milli identikliyin qorunmasında və inkişafında misilsiz rol oynamışdır.Müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığı sahəsində köklü islahatlar aparıldı. Hərbi və dövlət senzurasının ləğvi, azad mətbuatın təşviqi, jurnalistlərin sosial müdafiəsi sahəsində görülən tədbirlər Azərbaycan mətbuatının yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”, “Media haqqında” Qanun, MEDİA Agentliyinin yaradılması media sahəsində institusional islahatların əsasını qoydu.
Millət vəkili qeyd edib ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Həmin dövrdə jurnalistlər yalnız arxa cəbhədən xəbərlər paylaşmaqla kifayətlənməyərək, bir çox hallarda həyatlarını təhlükəyə ataraq ön xəttə yollanmış, döyüş bölgələrindən operativ və dəqiq məlumatlar təqdim etmişlər. Media bu mərhələdə həm ordunun mənəvi dayağına çevrilmiş, həm də şəhidlik, qəhrəmanlıq və torpaq uğrunda mübarizə dəyərlərinin təşviqində əvəzsiz rol oynamışdır. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.Azərbaycan mediasının göstərdiyi bu əzmkarlıq təkcə həmin dövr üçün deyil, bütövlükdə informasiya təhlükəsizliyinə yanaşmada yeni bir mərhələnin əsasını qoymuşdur. Müharibədən sonra da bu istiqamətdə fəaliyyət davam etdirilmiş, azad olunmuş ərazilərdən hazırlanan reportajlar, sənədli filmlər və müsahibələr həm tarixi yaddaşın qorunmasına, həm də azadlığın qiymətinin gələcək nəsillərə ötürülməsinə xidmət etmişdir.Bütün bunlar bir daha sübut edir ki, milli mediamız ölkənin informasiya suverenliyinin əsas dayaqlarından biridir və bu sahədə çalışan hər bir jurnalist ictimai maraqların, dövlətçilik məfkurəsinin və milli birliyin qorunmasında xüsusi məsuliyyət daşıyır.
Həmçinin oxuyun
Zaur Şükürov əlavə edib ki, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Rəqəmsallaşma, internet qəzetçiliyin inkişafı, süni intellektin tətbiqi, media savadlılığının artırılması və dezinformasiyaya qarşı mübarizə jurnalistikanın yeni çağırışlarını formalaşdırır. Azərbaycan mediası artıq qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib və bu prosesdə peşəkarlıq, qərəzsizlik, milli maraqlara sadiqlik kimi prinsiplər ön plandadır.Mətbuata dövlət dəstəyi bu gün də davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla media sahəsində vergi güzəştləri tətbiq olunmuş, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər görülmüşdür. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, informasiya mühitinin sağlamlaşdırılması və milli informasiya resurslarının qlobal miqyasda rəqabətə davamlı olması üçün stimullaşdırıcı mexanizmlər yaradılmışdır.
Zaur Şükürov bildirib ki, Qlobal çağırışlar fonunda medianın üzərinə düşən məsuliyyət daha da artır. Xüsusilə də sosial şəbəkələrdə dezinformasiyaların qarşısının alınması, informasiya müharibəsində milli maraqların qorunması, cəmiyyətin maarifləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi bu gün müasir jurnalistikanın əsas prioritetlərinə çevrilmişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dayaqlarındandır. Eyni zamanda, bu azadlıqlardan sui-istifadənin qarşısı prinsipial şəkildə alınmalı, media ictimai maraqları müdafiə edən, məsuliyyətli və obyektiv fəaliyyət göstərən institut kimi çıxış etməlidir.Hazırda media sahəsində çox əhəmiyyətli və səmərəli platformalar mövcuddur. Bu xüsusda, ardıcıl olaraq son illər Şuşada keçirilən Qlobal Media Forumları vacib media dialoqu hesab edilə bilər. Bu il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edilmişdir.Bununla yanaşı, məlumdur ki, 2020-ci il dekabrın 10-da Bakı şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır. Media sahəsində Azərbaycan–Türkiyə strateji əməkdaşlığı, eləcə də Şuşada keçirilən Qlobal Media Forumu kimi nüfuzlu beynəlxalq platformalarda fəal iştirak ölkəmizin informasiya diplomatiyasının genişlənməsinin və qlobal media məkanında mövqeyinin möhkəmlənməsinin göstəricisidir.
Millət vəkili vurğulayıb ki, bu gün müasir Azərbaycan mediası ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etməklə, milli maraqların müdafiəsinə, dövlətin tərəqqisinə, vətəndaş cəmiyyətinin inkişafına və informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməkdədir. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı və ölkəmizdə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlılığın artırılması məqsədilə daha fəal olmalıdır.22 iyul – Milli Mətbuat Günü münasibətilə media sahəsində çalışan bütün fədakar insanları səmimi-qəlbdən təbrik edir, çətin, məsuliyyətli, şərəfli fəaliyyətlərində yeni yaradıcılıq uğurları, daha böyük nailiyyətlər və möhkəm cansağlığı arzulayıram.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Merts: Sülh Almaniya və Azərbaycan üçün vacibdir
Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb.Citypost.az xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik."Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar", - deyə Kansler vurğulayıb....
21 İyul 2026, 16:12
Merts: Azərbaycan-Ermənistan sazişi yeni şans yaradır
Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır.APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.O qeyd edib ki, Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: "Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir"....
21 İyul 2026, 16:11
Prezident: Azərbaycan–Almaniya əməkdaşlığı bölgə üçün önəmlidir
Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
21 İyul 2026, 16:02
İlham Əliyev: Azərbaycanın enerji resursları Almaniyanın təhlükəsizliyinə mühüm töhfə verir
"Azərbaycandan Ermənistana göndərilən neft və qaz məhsulları Ermənistanın enerji təhlükəsizliyinə çox mühüm töhfədir”.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də geniş vüsət alıb: “Biz çox tarixi dövr yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Bu sahədə Almaniya hökumətinin rolunu yüksək qiymətləndiririk"....
21 İyul 2026, 16:00
Rövşən Muradov: Berlin görüşü Azərbaycanın artan rolunu təsdiqləyir
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Prezident Frank-Valter Ştaynmayerlə keçirdiyi görüş yalnız ikitərəfli diplomatik təmas kimi qiymətləndirilə bilməz. Avropanın təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı, enerji marşrutlarının dəyişdiyi və qlobal tədarük zəncirlərinin siyasi alətə çevrildiyi bir mərhələdə Almaniyanın Azərbaycanla ən yüksək səviyyəli siyasi dialoqu genişləndirməsi təsadüfi diplomatik addım sayıla bilməz. Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Rövşən Muradov bildirib.Millət vəkilinin sözlərinə görə, son üç ildə Avropa İttifaqının Cənubi Qafqaza münasibətində diqqətçəkən transformasiya müşahidə olunur. Əgər əvvəlki dövrdə regiona daha çox siyasi münaqişələr prizmasından yanaşılırdısa, hazırda iqtisadi təhlükəsizlik, enerji dayanıqlılığı, nəqliyyat bağlantıları və kritik logistika marşrutları prioritet mövqeyə yüksəlib. Bu dəyişiklik Azərbaycanın beynəlxalq...
21 İyul 2026, 15:34
Tənzilə Rüstəmxanlı: 20 İyul Türk dünyasının həmrəyliyinin simvoludur
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 20 İyul – Barış və Azadlıq Bayramı münasibətilə Şimali Kipr Türk Cümhuriyyətinin xalqını təbrik edib.Deputat bildirib ki, 20 İyul Kıbrıs Türk xalqının azadlıq, təhlükəsizlik və milli iradəsinin rəmzinə çevrilmiş şərəfli bir tarixdir:"20 İyul – Kıbrıs Türk xalqının azadlıq, təhlükəsizlik və milli iradəsinin simvoluna çevrilmiş şərəfli bir tarixdir."Tənzilə Rüstəmxanlı bu əlamətdar gün münasibətilə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin xalqını təbrik edərək, şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib:"Bu əlamətdar gün münasibətilə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin xalqını ürəkdən təbrik edir, bu müqəddəs mübarizədə canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiram və rəhmətlə anır, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk."Deputat vurğulayıb...
21 İyul 2026, 10:39