Bizə yazın

Baku

-°C

USD

-

Seyran Səxavət: Ədəbiyyat, sevgi və “paralel reallıqlar”ın səksəninci mərtəbəsi

Söz adamı 13 Mart 2026, 11:38

1659

Bahəddin HƏZİ yazır.. 

80 yaşlı cavan oğlan, Sizi təbrik edirəm! "Daha bir 80 il də yaşayın" desəm... sözümü yerə salmazsınız, doğrudurmi?! 

Bu esse də Sizə yubiley hədiyyəmdir. Bizimləsiniz...

Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

Albert Eynşteyn: "reallıq - illüziyadır" desə də, hər halda real dünya var. Biz bu real dünyada yaşayırıq. İosif Brodskinin dediyi kimi, bütün gözəllikləri ilə yanaşı, çətinlikləri ilə də sevilməyə layiqdir bu dünya.  Və... biz onu sevməyə məhkumuq. 

Bəlkə buna "xoşbəxt məhkumluq" da deyə bilərik. Əslində bütün sevgilərin anlamı elə budur - xoşbəxtliyə məhkumluq. Sən sevdiyin qədər xoşbəxt edirsən, sevildiyin qədər xoşbəxt olursan və əksinə. 

Bir anlıq qırağa çıxıb demək istəyirəm: azadlıqdan məhrum olunmaq ağır cəzadır, o ayrı; Allah bunu heç kimə yaşatmasın! (Dövlət ata heç kimi GÜNAHSIZ YERƏ azadlıqdan məhrum etməsin!) Amma bir də elə adamlar var, Allah onu, ya da özü könüllü olaraq özünü... adamlıqdan məhrum edib. 

Beləsi nə xoşbəxt olandır, nə xoşbəxt edəndir. Bir sözlə, sevgiyə məhkumluğun xoşbəxtliyindən... "azad olunub". Özü də "Məhəbbət Məcəlləsi"nin ən ağır maddələri ilə.

Seyran Səxavət özü bu hissəni oxuyanda deyəcək: "Dədə, sənin  "bir anlıq qırağa çıxmağın" nə uzun çəkdi?!

Ancaq bir HƏŞƏRİ sual da bəlkə oxucunun ürəyindən keçəcək: "Xoşbəxt məhkumluq da var?! Adam  da öz məhkumluğundan heç xoşbəxt olar?!" Bir sözlə, niyə məhkumluq?! Məhkumluq niyə?!

Çünki başqa bir dünyamız yoxdur. Başqa - paralel dünyalar haqqında bir az təxəyyülümüz var, bir az təəvvürümüz. Hələ hərdən bir  balaca ürpənirik, üşənirik də...

...Amerikalı ədəbi fantast Filipp Dikə görə, reallıq - biz ona inanmaqdan vaz keçəndə belə, var olmaqda davam edir. Dik sanki elə öz ədəbi taleyini də öncədən görürmüş: həyatdaykən, çox da tanınıb oxunmurdu, öləndən sonra daha çox oxunub tanındı.  Yəqin bu, əlində qələm olan bütün talantlı adamların taleyidir: keçmişdən, bu gündən (lap Gələcəkdən də!) yazıb, gələcəyə göndərmək... 

Ölümündən əvvəl gömülmüşlər də var, ölümündən sonra təkrar doğulmuşlar da. Öz dövründə "heç kim" olmuş o qədər məşhur kimsələr var ki! 

Bu cəhətdən Seyran Səxavətin bəxti gətirib; oxucu sevgisini də öz dövründə (üstəlik cavanlığından) görə-görə gəlib, dışlanmağı  da.  Tərifi də öz dövründə eşidib, tənqidi də. Yazıçıya daha nə lazımdır ki?! 

Amma yox, bəlkə indi özündən soruşsan, belə cavab alarsan: "Mənə nə tərif maraqlıdır, nə tənqid". Hələ yəqin deyəcək ədəbi tənqid uydurma şeydir. Bir az sərt də deyə bilər, onu  yazmıram; yazıçı ilə tənqidçilərin arasında qalmaq həvəsim yoxdu. Sadəcə, Ulyam Folknerin "Qəzəb və hay-küy"ünü xatırladacam: ondan soruşmuşdular, ən uğurlu saydığı əsəri hansıdır? Folkner də bu romanın adını çəkmişdi. Səbəbini də belə açıqlamışdı: "Çünki ən çox bu romanıma görə tənqid olunmuşam"...

Bilmirəm, Seyran Səxavət hansı əsərinə görə daha çox təriflənib, hansına görə yox ("Nekroloq" romanı "Yusif Səmədoğlu" mükafatını alıb - bu, dəqiqdir). Amma özü tərifdən də, tənqiddən də həmişə uzaq gəzib. Niyə?!

Niyəsi bəllidir: insanın öz dünyası var. Bir də, dediyim kimi, öz qələmi və ürəyi ilə qurub qoyduğu, düzüb-qoşduğu dünyalar...

Paralel reallıqlar.

Bəlkə çoxumuza elə gəlir, bu "paralel reallıqlar" dünənin, uzaqbaşı srağagünün söhbətidir. Yox! Əsla! Əksinə bu təsəvvürlər uzaq qədimliklərin dərinliklərindən gəlir; "başqa" dünyalarda da insanların yaşadığına dair ilk hipotez hələ Miladdan əvvəl IV əsrdə Demokritdən gəlmişdi, daha sonra Epikür, Lukretsi Demokritin mülahizəsini irəli aparmışdı. Ta Aristotel fəlsəfəsi bu fikrin qarşısını kəsənə qədər...

"Paralel dünyalar" Tarixin dolanbaclarında dolaşıb, "yorulanda"  - Roma Papası bu fikrin daşıyıcılarına ölüm hökmü çıxaranda, Söz sənəti antik kosmoqoniyalara sahib çıxdı - Aristotel məntiqinin ortada buraxdığı bu qədim "fəlsəfi yetim"  Əlahəzrət Ədəbiyyatın qanadları altına sığındı. "Paralel" dünyaların qapısına Kilsənin vurduğu qıfılın açarını Ədəbiyyat filosof Cordano Brunonun yandırıldığı tonqalda "tapdı". Özü də qollarını çırmalayıb, paralel dünya "quruculuğu" naminə "feodalizm yarışına" qoşuldu.

Bax, Mario Varqas Lyosa Ədəbiyyatda (Ədəbiyyatla) həmin  "paralel dünya" quruculuğunu təsvir edib. 

Lyosa "Gənc romançıya məktub"unda "reallıqla rəqabət" adlandırdığı bu fenomeni Ədəbiyyatın gizli missiyası sayır. Sanki bir az misteriyalar səviyyəsinə qaldırır; açması yalnız seçilmişlərin nəsibiymiş kimi... Lyosa yazıçının uydurulmuş... gerçəkliklərinin əlçatmaz, ünyetməz  "ucqarlarında" dolaşır.

Bəlkə də bu Perulu yazıçı Seyran Səxavəti ispanca, ya da ingiliscə oxuyub; axı bu talantlı Azərbaycanlının əsərləri onlarla əcnəbi dilə tərcümə və çap edilib. Lyosa isə ötən ilin aprelinə kimi sağ-salamat idi; oxumuş da ola bilərdi. 

Bunu qoyum, ona gedim: mən Lyosaya "Peru yazıçısı", Seyran Səxavətə "Azərbaycan yazıçısı" demirəm. Perulu yazıçı, Azərbaycanlı yazıçı... belə doğrudur, məncə. Çünki Ədəbiyyatın coğrafiyası nəinki ayrı-ayrı ölkələrin, hətta bütövlükdə Yer kürəsinin belə sərhədlərini aşır. Bədii sözün sərhəddi siyasi coğrafiyalara sığmaz... 

Seyran Səxavətin "Yəhudi əlifbası"nda - "pəncərənin qabağındakı" Sərv ağacı özü ayrılıqda paralel dünya deyil, bəs nədir?! Təkcə elə o Sərv ağacının budaqlarında qumruların eşq həyatı bütün bu Dünyaya dəyər. Yaxud "Qaçhaqaç"dakı rus qışının qara bürüdüyü "balalayan ağac"da - ağ duvaqlı ağcaqayın boyu aşağı-yuxarı, sağa, sola "qaynaşan" dələ " toplumu"...

Bu inanılmaz duyğulu, heyrət və heyranlıq dolu təsvirləri oxuduqca, bədii təxəyyülün sonsuzluğa tən genişliyinə qibtə etməyə bilmirsən. Düşünürsən: özü paralel dünyalar yarada bilən adamın sərhəddi harda başlayır, harda bitir, bəlkə heç özü də bilmir. 

Əvvəllər də yazmışdım: elə şəxsiyyətlər var, öz "coğrafiyası"  öz ölkəsindən böyükdür. Braziliyanın torpaqları 10 ölkənin sərhədlərində bitir. Bəs Paulo Koelhonun "ədəbi coğrafiyası" harda qurtarır?! Heç harda!

Eləcə də bütün dünyada milyonlarla oxucu yazıçının Sözdən toxuduğu "paralel reallıqlar"da çoxdan və çox xoşbəxt " yaşayırsa", Lyosa dediyi o "reallıqla rəqabət"in halal nemətlərini sevə-sevə dada bilirsə, Sənətin sərhədlərini kim, harda axtaracaq, necə tapacaq?!

"Paralel reallıqlar" demişkən, elə uzağa getməyək: yazıçı "Yəhudi əlifbası" romanında yalnız uşaqların idarə elədiyi dünya "yaradıb". O "dünya"nın öz qanunları var və hər kəs o qanunlar qarşısında həmişə bərabərdr. Daha biz böyüklərin real - fiziki dünyasında olduğu kimi yox. Mən bir essemdə yazmışdım: "Birisi çarıqlı-patavalı çıxıb, oturur qanunun belində, sonra da deyir, heç kim qanundan üstün deyil". Baxırsan, özü də heç kimdir e... 

Nə isə mətləbdən çox da uzaqlaşmayaq. 

"Allah dünyanı uşaqlara etibar etmək istəyir... Dünyanı uşaqlar idarə edəcək. Dünya uşaqların üzünə bu vaxta qədər dağılmayıb".

Bu cümlələr həm ruhun harayıdır, həm də "tərəqqipərvər," adlandırdığımız, ancaq başı müharibələrdən ayılmayan bəşər övladına oxunmuş ittihamdı. Bu, "acından ölənlərin abidəsinin açılışına" toplanıb, yüksək kürsülərdən "ütülü" nitqlər söyləyən "dövlət başçıları"ına cəza hökmüdür.

"Dünya hakimiyyətini" uşaqlara "ötürməklə" Seyran Səxavət həm də bəlkə çoxumuzun, çoxdan səliqə-sahmanla unutduğu tarixi yada salır. Axı tarixdə elə mənim bildiyim, iki dəfə silahlı uşaqların uğursuz qiyamı olub. Birincisində Roma İmperiyasının alman əsilli uşaqları yaraqlanıb-yasaqlanıb, böyüklərin "itirdiyi ədaləti” tapmağa həvəsləniblər. Xəritəsizlik üzündən şərqə deyil, cənuba gəlib çıxmışdılar. Marseldə iki Siciliyalı tacir onları “Müqəddəs torpaqlar”a aparmaq vədi ilə gəmiyə mindirib, Tunis sahillərində dəniz quldurlarına kölə qiymətinə satmışdılar. Uşaqların başqa bir üsyanı da faciəli bitmişdi - Mao Tszedunun dövründəki Çində hökumət ailələri bölürdü: ata-analar uzaq çöl işlərinə, uşaqlar isə "təkrar tərbiyə" düşərgələrinə göndərilirdi. Maonun "Qırmızı qvardiya"sı belə formalaşırdı. Bax, həmin o düşərgələrdən "qırmızı qvardiya"çılar   - 200 min uşaq Çenduya  qaçıb, bu şəhərdə üsyan qaldırdılar, şəhəri zəbt eləyib, "seçki" keçirdilər, on beş yaşlı  yeniyetmə "lider" şəhər meri "seçildi". Ancaq yerli əhaliyə zülm edən uşaqların hakimiyyəti uzun çəkmədi: Çin hökuməti nizami ordu yeridib, hamısını qətlə yetirdi. 

Seyran Səxavət isə "Yəhudi əlifba"sındakı "Dünya"nın "hakimiyyət"ini adil və aqil uşaqlara "etibar edib", zalım və cahil uşaqlara deyil. Yazıçı Dünya Böyüklərinin böyük-böyük qəbahətini xəyali uşaq ədaləti ilə "cəzalandırıb".

Bir də "Qapıların o üzündə qalan dünya"dakı bir kənd uşağı əyalətin təmizliyini iri şəhərin qarmaqarışıq dərinliyinə daşımışdı... Hərçənd kənddən gələn yaşlı-başlı “Mərdan” o uşaq qədər də olmadı; “Sanatoriya”da şəhərə... uduzdu.

Mən, əlbəttə, yazıçının yaradıcılığını başdan sona - əvvəlindən axırına qədər incələmək fikrində deyiləm. Tək ona görə yox ki, buna bəlkə də ədəbi və mənəvi  iqtidarım yetməz, həm də ona görə ki, onsuz da çox uzun olan bu yazı daha da uzanar, ucuzluğa qədər gedib çıxar... 

Uzun mətndən söz düşmüşkən. "Seçilmiş əsərlər" çox yazıçının planında yer alır, ya da ən azı xəyalında "fırlanır". Bilirsiniz, dövlətlərin seçilmiş əsgərləri olur. Deputatlar, dövlət başçıları həmin o seçilmiş siyasi döyüşçülərdir. Əgər, doğrudan da, seçilmişlərsə! 

Ədəbiyyatın da seçilmiş "əsgərləri"  var; bəzilərinə "xalq yazıçısı" adı verilib, bəziləri "xalqın yazıçısı" adını alıb. Bir qismini dövlət seçib, titulla fərqləndirib, bir qismini xalq özü bəyənib, sevib. Könül sevən isə həmişə göyçək olur. 

Gözü aldatmaq olar, könlü yanıltmaq yox. Gözdən pərdə asmaq olar, könüldən yox. Bütünlüklə xalqın gözünə kül üfürə bilməzsən ki! Ya da pərdə asa bilməzsən! O boyda külü hansı ocaqda tapa bilərsən?! O qədər pərdəni də heç bir fabrik tikib çatdıra bilməz. Xalqın gözü tərəzidir və bu tərəzidə kimsənin çəkisini nə artıra bilərsən, nə azalda bilərsən. Xalq - Yağlıvəndli İsmayıl oğlu Bəylər kişidir; qurbanlıq əti özünün göz tərəzisində necə ölçürmüşsə, misqala söz ola bilməzmiş! Xalq həmin xalqdı, tərəzi də o tərəzidi; ayarını kimsə poza bilməyib. 

Bax, bu müqəddəs tərəzinin çəkib ölçdüyü, ən azı on milyon dəfə sevilib-seçilmiş yazıçı - "Seçilməmiş əsərlər" kitabının müəllifi Seyran Səxavət artıq müdriklik çağının səksəninci mərtəbəsinə yetişib. 

Adətən, belə eşidib-görmüşük, insan yaşlananda daha da gerilikçi olur. Seyran Səxavətdə isə, deyəsən, əks proses gedir: demokratlaşır, ildən-ilə irəliyə doğru həvəslənir. Bir az əvvəl yazıçının  "Seçilməmiş əsərlər" adlandırdığl kitabından danışdıq. 

Bu, bilirsiniz nə deməkdir?! Seyran Səxavət oxucusuna deyir: "Al, oxu, özün seç. Ya da al, seç, oxu. Sevərsən də özün bilərsən, küsərsən də". Seyran Səxavət oxucusunun seçim haqqını tanıyıb. 

...İnsana seçmək şansını vermək ona bütün  dünyanı vermək kimi bir şeydir. Seçim haqqı əlindən alınan adamdan bədbəxt birini tarix də tanımır, elə Seyran Səxavət də.

Yazıçı ara vermədən, yorulub bezmədən, umub-küsmədən əsərlərinin seçki kampaniyasını keçirir. Bu, heç bitməyən bir yaradıcılıq yarışıdır – mətn müsabiqəsidir. Seyran Səxavətin elan etdiyi ədəbi (əminəm ki, Əbədi!) seçkinin hər turunda sevgi qalib gəlir. Bu qədər böyük və saf sevgi "materialından" Seyran Səxavət özünə dünya qurub - nə qapısı var, nə bacası. Bircə dənə girişi var. Hələ ordan çıxan birini  görən olmayıb...

Sevgiyə o qədər ürəkdən inanıb, sevgini o qədər könüldən sevib ki, Fyodor Dostoyevskinin özü ilə mübahisəyə girişib və... qalib gəlib. Sən demə, dünyanı Dostoyevski deyən o gözəllik yox, Seyran Səxavətin dediyi kimi, sevgi xilas edəcəkmiş! Məncə də. Təkcə gözəlliyin gücü çatmazdı axı. Həm də təkcə bu maddi dünyanın deyil, bütün dünyaların qətiyyətli fədakar, əqidəli peşəkar bir umacaqsız xilaskara ehtiyacı var.

Bütün dünyalar deyəndə Yer kürəsində səkkiz milyarddan bir azca çox sevən ürək var. Deməli, bir dünyanın içində səkkiz milyarddan çox dünya var. Bu dünyaları bizə tanıdan, özü də Sözdən yeni, fərqli dünyalar yaradan kimdir?! Əlbəttə, Ədəbiyyat adamları - Ədəbiyyat-adamlar. Mən də Seyran Səxavətə "Ədəbiyyat-adam" demişəm. 

Görürsünüz, Seyran Səxavətin ədəbi nəslindən olan - "qədim" dostu, qələm qohumu Ramiz Rövşən "hirslənəndə",  beləcə də deyib: 

"Qaçdım məni sevən gözlərdən daha,

Hamının sevgisi gözündə qalsın. 

Ev tikən deyiləm sözlərdən daha,

Qoy hamı o çölün düzündə qalsın".

Yox, heç kim "çölün düzündə" qalası deyil;  şair bu şeiri yazanda elə birinci misradaca etiraf etmişdi:  "Təpədən dırnağa hirs içindəyəm". Əminəm, hirsi soyuyanda o, “tikintini dayandırmaq” haqqında qərar verdiyinə sidq-ürəkdən "peşman olub". Hirslə qalxmağın zərərlə oturmağı belə olur.

Seyran Səxavətə gəlincə, nə yazdıqlarına görə peşmandır, nə yazmadıqlarına görə. Bilirsiniz, niyə?! Çünki hələ yazacağı çox şey var: Seyran qələminin Səxavətini biz səksənə qədər necə görmüşüksə, səksəndən sonra da yenə çox görəcəyik. Çünki bu, İlahi bir missiyadır: belə ranqda yazıçı üçün yaşamaq özü yazmaqla assosiasiya olunur. Filosof Emmanuel Levinasa görə, yaradıcı adamın üzərinə üç vəzifə düşür: qəbul etmək, qiymətləndirmək və ötürmək! Kimdən qəbul etmək?! Məncə, cavab aydındır: İlahidən!

"Ürəyimiz də, qapımız da, süfrəmiz də Allahın hər qonağına açıqdır" dedik. Əsas odur, niyyət saf olsun. Həm də bu sevgi səxavəti təkcə Qarabağa deyil, bütün millətimizə xas özəllikdir. Qarabağda da bir ayrı dadı var!

Elə adam var, Vətəni də mədəsi ilə sevir; dəmi gələndə, "Vətən! Vətən!" deyə hamıdan bərk qışqırır. Beləsinin Vətən "sevgisi" də adamın başına düşür. Seyran Səxavətin sevgisindən isə hələ incinən – başı səsə düşən olmayıb; sevəndə səsini başına atmır...

"Seyran Səxavət ayaq üstə gəzən Qarabağdır" deyə yazmışdım. Zamanında Ərgünəşin havasını həkimlər xəstələrinə dərman deyə yazırmış. Şuşanı reseptə yazıblar, a kişilər! Qaraquzeydə nəfəslənmiş biri də Seyran Səxavət olmayıb da, kim olacaqdı!  

Sovetlər dönəmində Loru mahalının   Qızıl Şəfəq kəndini gəzib-görəndən sonra bir aqil adam demişdi: "Belə kənddə doğulmuş Mövlud, böyüyüb ancaq və ancaq Mövlud Süleymanlı ola bilərdi". 

Qarabağdan, Qarabulaqdan - Yağlıvənddən, o gözəlim mahaldan çıxan Seyranın da, sadəcə, Seyran kimi qalmağa ixtiyarı çatardı ki?! Yox! Seyransansa, mütləq böyüyüb, Seyran Səxavət böyüklüyündə olmalısan. Ən azı. Başqa bir seçənək yoxdu! 

Yazıçının bir özəlliyi (ruh gözəlliyi) də var: doğmalara dostlara, böyüklərə sədaqət. Onun hər məclisində masanın başında ustadı Qasım Qasımzadə əyləşir, sağında-solunda dostları - Yusif Səmədoğlu, Fuad Poladov var. Ömrünün bu çağında belə dünyadan getmiş ata-anasının, başqa doğmalarının, ustadlarının, dostlarının adı gələndə kövrəlir, gözü dolur. 

...Sufi fəlsəfəsinə görə, xoşbəxtliyin ən başlıca şərtlərindən biri  dostlarla, sevdiyin insanlarla birlikdə olmaq - bir ortamda oturmaqdır. Lap səssiz-səmirsiz otur, dinib-danışma; dostların, doğmaların çevrəsində sus. Bir-birinizə baxın, ya da heç baxmayın. Dinməzcə, dostların varlığını hiss et, bu da bəs edər. 

Əsas odur, sevmədiyin, sevilmədiyin yığnaqlardan uzaq olasan. 

...Bilirsiniz, biz bəzən layiq olmayan adamları da şişirdib başa çıxarırıq, onlar da şişib başımıza çıxır. Axırda başa çıxa bilmirik bu cür adamlarla. Bəzən (ya da elə həmişə!) bu cür adamı dırmaşdığı başdan salmaq çətin olur, başa salmaq isə ondan da çətindi. Ömür boyu başının üstündəsən; iki əlin və iki gözün  üstündədir, amma sən başını yana çevirən kimi, əlini azca çəkən kimi, əlini buraxıb- gözündən yayınıb, sənin başının üstündən başqası ilə başqa işlər çevirir. Nəinki kürəyini söykədiyin, hətta kürəyinə söykənən nanəcib də kürəyindən bıçaqlayır bəzən. Öz boğazımızdan kəsib yedirtdiklərimiz var,  sonra axır bir gün kal armud olub keçir boğazımıza. 

Ancaq illər, onillər keçsə də, ən kiçik bir yaxşılığı, ən sadə bir jesti, adi təbəssümü belə unutmayan, sevə-sevə xatırlayan, dəfə-dəfə xatırladan, dönə-dönə dəyərləndirən insanlar da var. Belə insanların adı Əli, Vəli, Səməd, Əhməd, Məhəmməd... Seyran Səxavət ola bilər, məğzi, mahiyyəti, cövhəri SƏDAQƏTdir. Bu, hər şeydən və hər kəsdən qabaq insan kimi özünə sadiq olmaqdır. Eləcə də, yaradıcı kimi özünü dönə-dönə yenidən yarada bilmək həm özünə, həm Sözünə - Sənətinə bağlılıqdan gəlir. Bir də öz Sözünə münasibətdən. ADAM ÖZ YAZDIĞINA ÖZÜ İNANMASA, SÖZÜNÜN TƏSİRİ OLMAYACAQ. TUTUQUŞU DA SÖZLƏRİ TƏKRARLAYA BİLİR, ANCAQ BUNUNLA O, DÖNÜB İNSAN OLMAYACAQ. Seyran Səxavəti bax o "ədəbi tutuquşu"lardan ayrı gördüm.

Seyran Səxavət Ədəbiyyata şair kimi gəlib, nasir kimi böyüyüb, sevilib. Dramaturq kimi də şöhrətlənib. Viktor Hüqo da Ədəbiyyata şeirlə gəlmişdi (həm də Seyran Səxavətdən fərqli olaraq zəif şair idi), ancaq nəsrə keçib inanılmaza imza atdı. Özünü uğurla yenidən yaratdı. Sadəcə, şeir yazan kimi (Şair kimi yox ha!) köçüb bu dünyadan getsəydi, insanlıq "Səfillər", "Paris Notr Dam kilsəsi", "Gülən adam", "Doxsan üçüncü il"... kimi  Söz abidələrindən yetim qalardı. Xorxe Luis Borxes qısa hekayələrə taxılıb dursaydı, o dahiyanə esselərdən özünü də, bizi də əbədi məhrum etmiş olardı, elə deyilmi?! 

Allah bizi, bəli, bir dəfə - sevə-sevə, sevinə-sevinə yaradıb, sonra çoxumuza ağıl, Seyran Səxavət kimi bir qism insana da üstəlik talant da verib: "Özünü dəfələrlə yenidən yarat" deyib. Əmr də ki dəmiri kəsər - hətta yaşlananda belə, əli qələm tutan Söz sənətkarı bədii həqiqət yolunda qələm çalmaqdan yorulmur, usanmır, bezmir, Həyatdan, Sənətdən küsmür. 

BETHOVEN EŞİTMƏ QABİLİYYƏTİNİ İTİRDİYİ HALDA ALLAHIN SƏSİNİ HAMIDAN (HƏR HALDA ÖZ DÖVRÜNDƏ) DAHA AYDIN EŞİDİB, NOTA KÖÇÜRDÜ VƏ DAHİYANƏ MUSİQİ ƏSƏRLƏRİ BƏSTƏLƏDİ. BORXES GÖRMƏ QABİLİYYƏTİNİ İTİRDİYİ HALDA HƏYATIN GERÇƏKLƏRİNİ HAMIDAN YAXŞI GÖRÜB, KAĞIZA "SƏRDİ". ÇÜNKİ İLAHİ YETƏNƏYİ İTİRMƏMİŞDİLƏR. İNANMIRAM, "DÜŞÜNMƏ MÜHƏRRİKİ" SÖNMÜŞ  BİR KİMSƏ EŞİTDİYİNİ, GÖRDÜYÜNÜ SƏNƏTƏ (HƏM DƏ YÜKSƏK SƏNƏTƏ!) ÇEVİRƏ BİLSİN! 

Bu eşitməklərin, görməklərin əsl adı - duymaqdır. Səsi də dinləmək hələ azdır, eşitməyin özü də hələ hər şey deyil. Səsi duymaq lazımdır. Eləcə də, rəssamın rəngi görə bilməsi bir şeydir, onun daxili çalarını - ilahi nisbəti duymaq başqadır. Seyran Səxavət də bu yay İmadəddin Nəsimi haqqında teatral kompozisiyanın sonunda dedi: "Tam anlaya bilmədim, ancaq duydum". 

Yox, o, nə Bethoven kimi eşitməni itirib, nə Borxes kimi görməni. Bu yaşında Seyran Səxavətin qulağı hələ darı dəlir, gözü də nurunu qoruyub.  Öz Sənətində "uydurulmuş reallıqlarla" əlləşən yazıçı başqa sənət haqqında yalan demək istəmədi, heç nə deməməyə də insafı yol verməzdi - gerçəyə sığındı, "duydum" dedi.

Bilirsiniz, xəbər almaq bir şeydir,, duyuq düşmək başqa. Duyuq düşmək - insanın daxili intuitiv həssaslığından - fəhminin gücündən xəbər verir. Burda ruhun duruluğu da öz sözünü deyir; təmizsənsə, "antennan" istədiyin dalğanı tutacaq. Uşaqlar da hər görüb-eşitdiyini anlamasa da, duyur; duyuq düşür. 

...Seyran Səxavət özü yazıb:  "Səhər-səhər uşağa oxşayır, günorta vaxtı orta yaşlı adama, axşamüstü isə elə bil qoca görünür". Bu fikri Benjamin Franklinin sözü ilə tamamlamaq da olar: "Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır." 

Seyran Səxavətin "bioloji saat"ının əqrəbi səksənin üstünə çatsa da, özü ömrünün nəinki axşamüstündə, nəinki ikindi çağında, nəinki günortasındadır,  mən gördüyüm, anladığım və DUYDUĞUM qədər sübh zamanında - səhər vaxtındadır. Yenə də mən duyuq düşdüyüm qədər, Seyran Səxavət Franklinin dediyi o həyati faciədən yan keçib: tez ağıllanıb, gec qocalan adamlardandı. 

Əvvəl də demişəm: çağa vaxtında ana südü ilə, uşaq çağında isə ana dili ilə mayanananlar həm cismən, həm ruhən sağlam böyüyür, sağlam yaşayır, sağlam yaşlanır. Seyran Səxavət də bu iki halal nemətdən mayalanıb: ana südündən və ana dilindən. Buna şübhə yoxdur!

Hə, yaxşı yadıma düşdü: Seyran Səxavət kitabımın əlyazmasını oxuyandan sonra belə yazmışdı: "Bahəddin Həzidən "şübhələndim"... "Şübhə"si də bu imiş: deyəsən, müəllif bu dünyaya bir neçə dəfə gəlib, gedib, yenə gəlib...

Seyran Səxavətə "borclu qalmaq" istəmədim; mən də səksən yaşlı bu cavan oğlandan "şübhələndim": deyəsən, axı bu talantlı yazıçının "ömür sayğacı" tərsinə işləyir - təqvim səksən yaş göstərir, özü isə bu rəqəmin yarısını. Nə iş?! Bəlkə "sayğac"a "müdaxilə" var?!

Aradım-daradım,  düşündüm-daşındım, sualıma özüm cavab tapdım: sən demə, Seyran Səxavətin başı yazı-pozuya, gəzib-görməyə, sevib-sevilməyə... tost deməyə... o qədər bərk qarışıb ki, illər gəlib, onun yanından keçib, gedib, heç özünün də xəbəri olmayıb...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyət

Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyətSeyid Rəsul Ağa Sabirabad rayonunun ictimai yaddaşında el ağsaqqalı, yüksək mənəvi keyfiyyətlərə malik görkəmli tarixi şəxsiyyət və mədəni irs siması kimi xüsusi yer tutur. Onun adı ilə bağlı formalaşmış ictimai hörmət və nüfuz yalnız yaşadığı dövrü deyil, sonrakı nəsillərin də sosial-mənəvi dəyərlər sistemini əks etdirir.Həyatı və mənəvi keyfiyyətləriMənbələrə əsasən, Seyid Rəsul Ağa 1871-ci ildə Sabirabad rayonunun Balvar kəndində anadan olmuş, 06 noyabr 1965-ci il tarixində Qalaqayın kəndində vəfat etmişdir. Onun məzarı həmin kəndin qəbiristanlığında yerləşir və üzərində günbəz tipli abidə inşa olunmuşdur.Seyid Rəsul Ağa yaşadığı dövrdə...

17 Aprel 2026, 09:31

Sevgi səhnələrində nəyi yazmaq olmaz  - Şahbaz Xuduoğlu yazır...

Sevgi səhnələrində nəyi yazmaq olmazBəzi müəlliflərin kitablarını oxuyarkən qarşıma çox qəribə sevgi səhnələri çıxır və qərara gəldim ki, bununla bağlı fikirlərimi paylaşım. Bəlkə yazdıqalrım yeni və gənc müəlliflərə faydalı olar.Əvvəla, çalışın yazdığınız sevgi, sevişmək səhnələrində hansısa tərəfi aşağılamayasınız. Cinsi fərqə görə, məsələn, sevgi səhnələrində qadını aşağılamaq kimi yanaşmalar düzgün deyil. Hər iki tərəfə eyni dərəcədə empati ilə yanaşmaq lazımdır. Belə məqamlarda müəllifin cinsi bilinməli deyil. Yazarkən bir şeyi unutmayın: siz reallığı yazmırsınız, siz reallığın estetikasını yaradırsınız. Bu isə çox həssas və incə yanaşma tələb edir.Sevgidən yazmaq, hisslərinin dilini anlamaq və onu sözə çevirə bilmək məharətidir.Erotika ilə pornoqrafiyanı bir-birindən ayırmaq lazımdır. Bəzən...

16 Aprel 2026, 10:07

Parlamentin rəqəmsal memarı - Osman Gündüz yazır...

30 ildir bu sektordayam. Bu qədər stajı olanları da yaxşı tanıyıram. Çünki zamanında sayımız elə də çox olmayıb.Azərbaycanda İT sektorunda uzun illər sistemli fəaliyyət göstərən nadir mütəxəssislərdən biri də Şahin müəllimdir. Maraqlıdır ki, o, təxminən 30 ilə yaxın müddətdə Milli Məclisdə İT sahəsinə rəhbərlik edərək, faktiki olaraq bu qurumun rəqəmsal infrastrukturunun memarı olub.Bir insan təsəvvür edin ki, həyatının az qala yarısını böyük bir dövlət qurumunun rəqəmsal mühitinin qurulmasına həsr edib. Onun rəhbərlik etdiyi struktur təkcə texniki dəstək funksiyası daşımayıb. Bildiyim qədər bu illər ərzində parlament iclaslarının elektron idarə olunması, elektron səsvermə sistemləri, bütün iclas və tədbirlərin video-audio qeydiyyatı, stenoqramların hazırlanması və arxivləşdirilməsi, qanunvericilik sənədlərinin...

15 Aprel 2026, 10:41

Zirvənin Sakit Sahibi  

Bu gün bir insanın yoxluğunu deyil, bir ömrün işığını xatırlayırıq…Bu gün sadəcə bir anım günü deyil, bu, bir xalqın yaddaşına həkk olunmuş zərifliyin, zəkanın və mərhəmətin səssizcə boy göstərdiyi gündür. Bu gün Zərifə Əliyeva-nın anım günüdür.O, yalnız bir alim deyildi. O, insan gözünə işıq verən həkim olmaqla yanaşı, qəlblərə də nur salan bir şəxsiyyət idi. Onun toxunduğu həyatlarda yalnız müalicə yox, ümid də vardı. O ümid ki, bəzən dərmandan daha güclü olur.Zərifə xanımın böyüklüyü onun sadəliyində gizlənirdi. O, zirvədə dayanıb aşağıdan baxanlardan deyildi , o, zirvəni özü ilə birlikdə hamı üçün əlçatan edənlərdən idi. Elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, insanlara yanaşma...

15 Aprel 2026, 10:29

Həqiqətin və intuisiya­nın nuru - Etibar Əliyev yazır...

15 APREL ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi MarağayiHər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin...

15 Aprel 2026, 08:12

Tural İrfan: “Rüşvət alan da, verən də eyni dərəcədə günahkardır”

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan rüşvət və bəndə haqqı ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, cəmiyyətdə bəzi insanlar rüşvət almağın günah olduğunu qəbul etsə də, verməyin günah olmadığını düşünür:“Əslində isə rüşvət verən də, alan qədər günaha batır. Hətta bu prosesdə vasitəçilik edən şəxslər də lənətlənmiş sayılır.”Dinşünas qeyd edib ki, haram yolla əldə olunan qazanc insanın ibadətlərinin qəbuluna ciddi maneə yaradır:“Kim rüşvət alıbsa və ya başqasının haqqını tapdalayıbsa, sadəcə ibadət etməklə, ziyarətlərə getməklə bunu ört-basdır edə bilməz. Əvvəlcə zərər vurduğu şəxsləri tapmalı, onların haqqını ödəməli və halallıq almalıdır.”Onun sözlərinə görə, bəndə haqqı İslamda...

10 Aprel 2026, 08:08