Onun böyük ürəyi - Xəlil Mirzə yazır...
Söz adamı 28 Aprel 2026, 14:34
2187
Tapdıq Əlibəyli - 65
O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına - ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər kəsin daha yaxşı olmasını arzulayır. Əgər Tanrının yaratdığı gözəl bir çiçək görürsə, ona qulluq edir, daha da böyüməsinə, daha da əsrarəngiz, daha da ətirli olmasına çalışır. Qoy bu gözəlliyi başqaları da görsün, ətrindən feyziyab olsun, deyir...
Bu yaxınlarda “YouTube” -də bir video-çarxa rast gəldim. Mövzu belə idi: “Gözəgörünməz bir zərrə olan atom bu qədər böyük enerjini necə yarada bilir?” Doğru sualdır, deyilmi? Möcüzədir, deyilmi? Bəs yumruq böyda kiçicik bir ürəyin bəşəri sevgisi möcüzə deyilmi?.. Şişirdilmiş müqayisədir? Niyə ki? Məgər atomun parçalanaraq yüksək enerji yaratmasını insan zəkası kəşf etməyibmi?..
O, şairdir, jurnalistdir, pulisistdir... bununla bitdimi? Əlbəttə, yox! O, həm də yorulmaq bilməyən ictimaiyyətçidir, təşkilatçıdır, natiqdir, yaxşıların yaxşısını etmək üçün bilik və bacarığını bütünlüklə ortaya qoyandır. Öz sözləri ilə desək: aydınımızdır.
Onu tanıdığım ilk gündən belə görmüşəm - o, hər yerdədir və hər yerdə öndədir. Təbii ki, söhbət dəyərli dostumuz, bu yaxınlarda mənalı, bəhrəli ömrünün 65 ilini başa vuracaq Tapdıq Əlibəylidən gedir. Qayıdıram yuxarıda söylədiyim fikirlərə aydınlıq gətirməyə. Yaradıcılığı barədə az sonra... Yeri gəlmişkən, o, öz fəaliyyəti və nailiyyətləri barədə danışmağı sevmir. Bu yaxınlarda, bir təsadüf nəticəsində öyrəndim ki, T.Əlibəyli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi (#TAİB) İdarə Heyətinin üzvüdür və təşkilatın sayılıb-seçilənlərindəndir. Yenə də yeri gəlmişkən: T.Əlibəyli şair, publisist, tənqidçidir. “Konstitusyia” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, AYB-nin, AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Bu yaxınlarda onun redaktoru olduğu, həkim-şair Hacı Çingiz Ərəblinin dini mövzuda yazdığı, yüksək tərbiyəvi əhəmiyyət yükü daşıyan “Eşqnamə” kitabının təqdimat mərasiminin aparısı kimi yüksək intellekt sahibi olduğunun, güclü yaddaşa, dərin tarixi biliyə və natiqlik qabiliyyətinə malik olduğunun bir daha şahidi oldum.
...Ötən əsrin sonları tariximizə qanlı-qadalı günləri ilə, 1987-ci ildən başlayaraq erməni faşizminin xalqımızın başına gətirdiyi vəhşiliklərlə, “20 Yanvar” faciəsi ilə, “Xocalı Soyqırımı” ilə, torpaqlarımızın işğalı ilə, bir milyondan artıq soydaşlarımızın min illərdən bəri sahib olduqları ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmaları ilə, yüzlərlə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə yazıldı. Torpaqlarımız şəhid qanları ilə yuyuldu... Eləcə də bu hadislərin fonunda son iki əsrdə həsrətində olduğumuz müstəqilliyimizi əldə edə bildik. Vətənə, xalqa bütün varlığı ilə bağlı olan, ömrünün cavan, qaynar çağlarını yaşayan Tapdıq Əlibəyli də bu proseslərin - Milli Azadlıq Hərəkatının öncüllərindən biri oldu, qələmi süngüsü oldu, damarlarından axan qanı mürəkkəbi... elə bu ağrılı-acılı hadisələrin axarında həm də “vətəndaş-şair” oldu...
Tapdıq Əlibəyli yaradıcılığı da məhz yuxarıda sadaladığım və sadalaya bilmədiyim digər milli, bəşəri dəyərlərdən bəhrələnib. O, qələmini rəngarəng mövzularda uğurla sınamaqla olduqca məhsuldar bir yaradıcılıq yolu keçib.
Araz ayırsa da o tay, bu taya-
Təbrizli, Bakılı Azərbaycana...
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil-nəcabətim bəlli cahana!-
deyən şair Vətən, millət, ədalət sevgisinin zirvəsində durduğunu bir daha sübut edir. Əslində Arazın bu ayrılıqda heç bir günah sahibi olmadığını hamı bilir. Amma, şair məhz bu məqamı önə çıxarmaqla tariximizə xəyanət edənlərə qarşı savaş açır, etiraz səsini ucaldır. O, Azərbaycanı o taylı bu taylı- bütöv görür, bu bütövlüyün uzaqda olmadığına öz varlığı kimi inanır. Bu yolda qarşımıza həmişə sədd çəkməkdə olan İranın irticaçı rejimini isə cəsarətlə ifşa etməkdən çəkinməyir:
Qəlbdə şeytan, əldə Quran,
“Hay”a həyan olan İran,
Başı duman başda duran
Fətva verir din adından...
İblislər dönüb “dindara”,
Haqq deyən çəkilir dara.
Saçılır tənabdan işıq,
Zülmətdir baxırsan hara...
Birinci Qarabağ savaşı bütün digər vətənpərvər ədiblərimiz kimi Tapdıq Əlibəyli yaradıcılığında da xüsusi bir iz buraxıb. Onun incə, həssas qəlbi o hadisələrə biganə qala biməzdi axı... qalmadı da. Bu baxımdan “Qanına qəltan Xocalı” poemasını qəlbinin süzgəcindən keçirərkən şair hansı hissləri yaşayıb görəsən?!
Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş...
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.
Təəssüf! Çox təəssüf! Ancaq, bu belədir, bu həqiqətin şəffaf, masksız üzüdür. Şair də bunu söyləyir, ürək ağrısı ilə hayqırır. Bu hayqırtı həm də bizi tarixin acı həqiqətlərindən ibrət dərsi almağa səsləyir. “Qalxaq ayağa, toparlanaq, ədalətin libasını şərin murdar simasından qoparaq, onu olduğu kimi- çılpaqlığı ilə aləmə göstərək!”- deyir.
Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş...
Əsrın müsibəti - Xocalı səsi!..
Necə düşünürsünüz? Zamanında belə misralar yaranmasaydı unutqanlıq böhranından yaxa qurtara bilərdikmi?! Xalqımızı müqəddəs zəfərə aparan yollara işıq saçan həm də belə əsərlər olmadımı?.. 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun əldə etdiyi möhtəşəm Zəfərə isə şair belə münasibət bildirir:
Salam, 44 Günlük döyüş Bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər Bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..
Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyümə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi...
Metaforaya, poetik tərənnümün gücünə diqqət edin: “Salam, 44 Günlük döyüş Bayrağım!”. Bəli, 44 günlük xilas savaşında, qeyrət savaşında qəhrəman döyüşçülərimizin Üçrəngli Bayrağımızı necə sevdiklərinin, onun müqəddəsliyinə necə inandıqlarının, bu müqəddəsliyi necə zirvələrə qaldırdıqlarının dəfələrlə şahidi olduq. Budur inam, budur Vətən sevgisi, budur bu sevginin layiqli tərzdə tərənnümü! “Azadlıq meydanda meydan sulayır,”- diqqət etdinizmi? “Meydan”- türk toponimidir, bir çox türk olmayan xalqların da leksikonuna daxil olub. Bizdən, bizim babalarımızın vaxtı ilə hərb meydanında “meydan sulamağından” götürüblər bu sözü. 44 günlük Vətən müharibəsində bu, bir daha təsdiqini tapdı. “Düşüb sümüyümə Şuşa havası.”- nəyə işarədir? “Nooldu Paşinyan, nooldu”?.. “Şuşada rəqs edirdin, “Yallı” gedirdin?!”. Hə?.. Paşinyan, nooldu?
Kimlərə də güvənsən,
Haya hay yox, alış, yan!..
Sən ki oyun sevənsən,
Qol götür-süz, Paşinyan!..
(“İti qovan” havası şeirindən, “Payız çöhrəsində yazdı 44 gün” şeirlər kitabı, Bakı-2021).
“Cücəni payızda sayarlar!”- bunu bizim atalarımız deyib, sizinkilər yox. Siz elə bütün varlığınız boyu “ata” axtarışındasınız... tapmayacaqsınız... Saydıqmı “cücəni”? Kimin əskiyi çıxdı, Paşinyan? Cavabını möhtərəm Ali Baş Komandanımızın “Dəmir yumruq” ilə qoyduğu “!” işarəsi verdi. Bircə ifadə ilə şair görün hansı dərinliklərə baş vurur- poeziyanın əfsanəvi gücü budur.
Təəssüflər olsun ki, müharibə itkisiz olmur, ədaləti qurbansız, şəhidsiz bərpa eləmək olmur. İstər birinci, istər ikinci Qarabağ savaşlarında, istərsə də “atəşkəs” dövründə şəhidlərimiz oldu - analarımız övlad itkisinin ağrısını yaşadılar, bacılarımız dul, övladlarımız atasız böyümək məcburiyyətində qaldılar. Bütün bunlar vətəndaş-şair Tapdıq Əlibəylinin yaradıcılığından yan keçmədi. O, neçə-neçə şəhid qəhrəmanlarımızın həyatlarını, döyüş bölgəsində göstərdikləri şücaətləri öyrənərək gözəl, yaddaqalan, təsirli əsərlər yaratmaqla bir daha öz vətəndaşlığını sübut elədi. Elə bu gün də bu istiqamətdə öz fəaliyyətini davam etdirir, şəhidlərimizin valideynləri, əzizləri ilə tez-tez görüşür, onların dərdlərinə şərik çıxır.. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimova, polkovnik Şükür Həmidova, Mübariz İbrahimova, şəhid Əsəd Əsədliyə, baş leytnant İlqar Zeynalova, şəhid Xaliq Hüseynova, şəhid Asif Abdulova, şəhid Rəfael Nuriyevə, şəhid Mahir Səfərova və başqalarına ithaf etdiyi şeirlər diqqətəlayiqdir.
Şair “Şəhidlərə salam olsun” şeirində şəhidlərimizə olan düşüncə tərzini olduqca səmimi, hamının anlaya biləcəyi və poetik şəkildə ümumiləşdirərək aşağıdakı kimi ifadə edir:
Şəhid- yurdun şah damarı,
Əbədiyyət, cənnət barı...
Haqq sevdalı Tanrı yarı
Şəhidlərə salam olsun!
Tapdıq Əlibəyli lirikası da özəlliyi ilə seçilən, çeşmə kimi şəffaf, həzin bulaq nəğməsi kimi könül oxşayandır:
Mən sahiləm sənsə dəniz,
Ləpələnək əziz-əziz.
Sevgimizlə xoşbəxtik biz,
Sanki şirin bir yuxuyam.
Bəli, bu misralar oxucunu xəyallar aləminə aparır, şipşirin bir yuxunun tərkib hiisəsinə çevirir, “ayılsam, nəyimi isə- əvəzolunmaz bir nəyimi isə itirəcəm” təəssüratı yaradır... ya da ki... təəssüratı yox- qorxusu. Çünki, ayılandan sonra əhvalında yaranan süstlük səni yenidən geriyə- Tapdıq Əlibəyli lirikasının yaratdığı füsunkar aləmə çəkir...
Tapdıq Əlibəyli yaradıcılığı rəngarəngdir, müxtəlif baxış bucağına malikdir, mövzu kasadlığından əziyyət çəkmir. O, dostluğa olan sədaqətini də, təbiət lövhələrinin cazibəsini də qələminin dili ilə söyləyə bilir, sözlərin yaratdığı çalarlarla şəklini çəkə bilir o rəng möcüzələrinin...
Şairin “Facebook” səhifəsində “Özümdən-özümə yol...” başlığı altında yazdığı kiçik bir “hesabat-məqaləsi” diqqətimi çəkdi:
Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəlirsə il üstə,
Xatirələr - yol yorğunu bir qərib...
Birinci misranı oxuyanda düşünürsən ki, şair gözəl bir təbiət hadisəsinin tablosunu yaradıb. Əslində bu elə belədir, lakin... ikinci misra birincinin daha dərin fəlsəfəsini açıqlayır: “arı gül üstə nə üçün xumar olub?”- sualı yaranır. Əlbəttə, şirə çəkir. Bunun “xumar” olmağa nə dəxli var? “fikir sözlə çiçəkləyir gül üstə”. Sözün fəlsəfəsi güclüdürsə, o, dildən çiçək kimi çıxır. Arının güldən çəkdiyi şirə isə bala çevrilir, ləzzət, qida, məlhəm mənbəyi olur- bir növ, o da çiçəkləyir... Amma bu daimi olmur, il üstünə il gəldikcə həyatın geridə qalan anları xatirəyə çevrilir- yorulur, qəribləşir...
Yarpaq gözəlliyi- baharın hökmü,
Xəzan özəlliyi- yarpaq tökümü...
Bu beytin hər misrası bir fəslin bədii portetidir - desək, yanılmarıq.Təkcə təbiətin yox, həm də insan ömrünün...
Sonda yenə şairin öz deyim tərzinə, öz üslubuna, özünün tövsiyəsinə arxalanaraq öz sözləri ilə deyirəm: “şairlərin yaşı olmur”, dəyərli şair qardaşım! Həmişəki kimi yenə dəyərlilərin dəyərlisi olaraq yaşa, yarat. Uğurlar! Uğurlar! Yenə də uğurlar!
Xəlil Mirzə
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29
Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ? Zaur Əliyev yazır...
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması,...
11 May 2026, 12:07
Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...
11 May 2026, 11:50