Bizə yazın

Baku

-°C

USD

-

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Tibb 26 Oktyabr 2026, 10:30

557

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.
Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə üsulları barədə açıqlama verib.Qastroezofageal reflüks xəstəliyi, qısaca reflüks, mədədəki qida möhtəviyyatının və mədə turşusunun qida borusuna doğru geri qayıtması nəticəsində yaranır. Normal şəraitdə qida udulduqdan sonra qida borusu vasitəsilə mədəyə ötürülür. Qida borusunun aşağı hissəsində yerləşən və aşağı qida borusu sfinkteri adlanan əzələ mexanizmi isə mədə möhtəviyyatının geriyə qayıtmasının qarşısını almağa kömək edir. Bu mexanizm lazımi səviyyədə işləmədikdə və ya digər amillərin təsiri ilə zəiflədikdə mədə turşusu qida borusuna keçərək onun selikli qişasını qıcıqlandıra bilər.
Elman Qaffarov qeyd edib ki, reflüksün ən çox rast gəlinən əlamətlərindən biri döş sümüyünün arxasında hiss olunan yanma və göynəmədir. Bu narahatlıq xüsusilə yeməkdən sonra, gecə saatlarında və uzanarkən daha qabarıq şəkildə özünü göstərə bilər. Pasiyentlər ağızlarına turş və ya acı mayenin gəlməsindən, boğazda qıcıqlanmadan, qida udarkən narahatlıqdan və döş qəfəsində yanma hissindən şikayət edə bilərlər.Xəstəlik hər zaman yalnız mədə və qida borusu ilə bağlı əlamətlərlə məhdudlaşmır. Bəzi pasiyentlərdə uzunmüddətli öskürək, səsin xırıltılı olması, boğazda qıcıqlanma və ağızda xoşagəlməz dad kimi şikayətlər də müşahidə edilir. Mədə möhtəviyyatının ağıza qədər gəlməsi və ağız qoxusu da bəzi hallarda reflükslə əlaqəli ola bilər. Bununla belə, həmin əlamətlər başqa xəstəliklər zamanı da yarana bildiyindən düzgün diaqnoz üçün həkim müayinəsi vacibdir.
Uzman cərrah bildirib ki, reflüksün yaranmasına bir sıra amillər təsir göstərə bilər. Artıq çəki, qarın boşluğunda təzyiqin yüksəlməsi, böyük porsiyalarla qidalanmaq, yeməkdən dərhal sonra uzanmaq və bəzi qidaların qəbulu şikayətləri gücləndirə bilər. Yağlı yeməklər, şokolad, qəhvə, qazlı içkilər və digər məhsullar bəzi insanlarda simptomları artırsa da, bu təsir hər kəsdə eyni olmur. Buna görə də pasiyentlərin hansı qidaların onlarda narahatlıq yaratdığını müəyyənləşdirməsi və qidalanma vərdişlərini buna uyğun tənzimləməsi əhəmiyyətlidir. Cərrahın diqqətə çatdırdığı əsas məqamlardan biri də xəstəliyin uzun müddət müalicəsiz qalmasının mümkün nəticələridir. Davamlı olaraq qida borusuna keçən mədə turşusu həmin nahiyənin selikli qişasında iltihab və zədələnmə yarada bilər. Bu vəziyyət bəzi pasiyentlərdə eroziya və xora kimi fəsadlara, uzunmüddətli hallarda isə qida borusunun aşağı hissəsində toxuma dəyişikliklərinə səbəb ola bilər.
Elman Qaffarov bildirib ki, xroniki reflüksün yarada biləcəyi ciddi fəsadlardan biri də Barret qida borusudur. Bu zaman qida borusunun aşağı hissəsini örtən hüceyrələr uzunmüddətli turşu təsirinə cavab olaraq dəyişikliklərə məruz qalır. Barret qida borusu qida borusunun adenokarsinoması adlanan xərçəng növünün inkişaf riskini artıran vəziyyət hesab olunur. Bununla belə, reflüksü olan hər bir insanda Barret qida borusunun və ya xərçəngin inkişaf etdiyini düşünmək düzgün deyil. Risk xəstəliyin müddətindən, digər amillərdən və qida borusunda yaranmış dəyişikliklərdən asılıdır.
Mütəxəssisin sözlərinə görə, reflüksün müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə, simptomların davametmə müddətinə və müayinələrin nəticələrinə uyğun müəyyənləşdirilir. Bir çox pasiyentdə ilk mərhələdə həyat tərzinin dəyişdirilməsi və dərman müalicəsi tətbiq olunur. Xüsusilə yatmazdan əvvəl yemək qəbulundan çəkinmək, axşam yeməyi ilə yuxu arasında kifayət qədər vaxt saxlamaq, artıq çəki varsa onu azaltmaq və simptomları gücləndirən qidaları məhdudlaşdırmaq faydalı ola bilər.
Elman Qaffarov vurğulayıb ki, dərman müalicəsində mədə turşusunun ifrazını azaldan preparatlardan istifadə edilə bilər. Bu vasitələr qida borusunun turşu təsirindən qorunmasına və zədələnmiş selikli qişanın sağalmasına kömək edir. Lakin dərmanların seçimi, qəbul müddəti və dozası həkim tərəfindən müəyyənləşdirilməlidir. Özbaşına dərman qəbul etmək və ya şikayətlər azaldıqdan sonra müalicəni nəzarətsiz şəkildə dayandırmaq düzgün yanaşma deyil.Həyat tərzi və dərman müalicəsi ilə kifayət qədər nəticə əldə olunmadıqda, yaxud müəyyən tibbi göstərişlər mövcud olduqda cərrahi müdaxilə nəzərdən keçirilə bilər. Reflüksün cərrahi müalicəsində tətbiq olunan üsullardan biri fundoplikasiyadır. Bu əməliyyatın əsas məqsədi mədə möhtəviyyatının qida borusuna geri qayıtmasının qarşısını alan mexanizmi gücləndirməkdir.
Onun sözlərinə görə, fundoplikasiya əməliyyatı əksər hallarda laparoskopik üsulla, yəni qarın nahiyəsində böyük kəsiklər aparılmadan, kiçik dəliklər vasitəsilə həyata keçirilə bilər. Əməliyyat zamanı mədənin yuxarı hissəsi — fundus qida borusunun aşağı hissəsinin ətrafına dolanaraq xüsusi mexanizm yaradır. Bu üsul qida borusu ilə mədə arasındakı keçid nahiyəsində maneəni gücləndirir və mədə turşusunun, eləcə də qida möhtəviyyatının geriyə qayıtmasını azaltmağa kömək edir.
Elman Qaffarovun sözlərinə görə, fundoplikasiya hər reflüks xəstəsinə tətbiq edilən standart müalicə üsulu deyil. Əməliyyata qərar verilməzdən əvvəl pasiyentin şikayətləri, dərman müalicəsinə cavabı və qida borusunun vəziyyəti ətraflı qiymətləndirilməlidir. Zəruri hallarda qastroskopiya, qida borusunda turşuluğun ölçülməsi və digər müayinələr aparılır. Əməliyyatın məqsədəuyğunluğu bu nəticələr əsasında müəyyən edilir.Reflüks zamanı udmanın getdikcə çətinləşməsi, qidanın qida borusunda ilişib qalması hissi, səbəbsiz çəki itkisi, qanlı qusma və ya qara rəngli nəcis kimi əlamətlər meydana çıxarsa, gecikmədən tibbi yardım almaq lazımdır. Bu əlamətlər yalnız reflükslə deyil, daha ciddi xəstəliklərlə də əlaqəli ola bilər.
Uzman cərrah Elman Qaffarovun sözlərinə görə, reflüks xəstəliyinə laqeyd yanaşmamaq, davamlı simptomların səbəbini araşdırmaq və müalicəni həkim nəzarəti altında aparmaq vacibdir. Vaxtında müəyyənləşdirilən düzgün müalicə xəstəliyin əlamətlərini nəzarətdə saxlamağa, qida borusunun zədələnməsi riskini azaltmağa və pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30

50 yaşdan sonra qadınlar bu xəstəliklərə qarşı diqqətli olmalıdır

Onkoloji xəstəliklər bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biri kimi qalmaqdadır. Xüsusilə 50 yaşdan sonra qadınlarda bu xəstəliklərə daha tez-tez rast gəlindiyi mütəxəssislər tərəfindən qeyd olunur. Bu yaş dövrü qadın orqanizmində həm hormonal, həm də fizioloji dəyişikliklərin baş verdiyi mərhələ hesab edilir və məhz bu səbəbdən müntəzəm tibbi müayinələrin əhəmiyyəti daha da artır. Bəs 50 yaşdan sonra qadınlarda onkoloji xəstəliklərin çoxalmasının səbəbləri nələrdir?Ginekoloq Mehriban Musayeva mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, onkoloji xəstəliklərin yaranmasında bir neçə səbəb qrupu mövcuddur və bunlar yaşla birlikdə daha qabarıq şəkildə özünü göstərə bilir. Həkimin sözlərinə görə, bu...

22 Oktyabr 2026, 11:00