Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Cəmiyyət 05 Mart 2026, 16:13
343
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Citypost.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
Həmçinin oxuyun
Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.
Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.
Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Daha bir sex BAĞLANDI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçiriblər.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib.Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb.Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri aydınlaşana kimi məhsulların dövriyyəsi qadağan olunub.Nöqsanlar aradan qaldırılanadək müəssisədə...
05 Mart 2026, 17:54
Erməni blogerə Rsuiyada 4 il həbs verdilər
Rusiya məhkəməsi erməni əsilli bloger Arsen Markaryanı 4,5 il müddətinə azadlıqdan məhrum edib.APA-nın Moskva bürosu xəbər verir ki, Markaryan nasizmi reabilitasiya etməkdə və Sovet İttifaqı qəhrəmanının xatirəsini təhqir etməkdə ittiham olunaraq 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.İttiham tərəfinin iddiasına görə, o, 2025-ci ildə nasist ideologiyasını haqlı çıxarıb və videolarında Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosov haqqında təhqiramiz ifadələr işlədib....
05 Mart 2026, 17:45
Məktəblərimizdə kişi müəllimlərin sayı bu qədərdir
Azərbaycanda təhsil və səhiyyə sahəsində qadınların payı yüksək olaraq qalır.Modern.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu qadınlar təşkil edir. Ali təhsil müəssisələrində müəllimlərin 60 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində isə təxminən 80 faizi qadınlardır.Səhiyyə sahəsində də oxşar vəziyyət müşahidə olunur. Belə ki, ölkədə fəaliyyət göstərən həkimlərin üçdə iki hissəsi qadınlardır.Təhsilalanlar arasında da qızların payı yüksəkdir. Ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrində tələbələrin 60 faizdən çoxunu, ali məktəblərdə isə tələbələrin yarıdan çoxunu qızlar təşkil edir....
05 Mart 2026, 17:36
Ofir Falk: Qızlar məktəbini İranın özü vurub
“İranın ABŞ və İsraili məsul tutduğu Minab şəhərindəki qızlar məktəbinə ölümcül raket hücumu İran raketinin atəş səhvi nəticəsində baş verib”.Citypost.az xəbər verir ki, bunu İsrail baş nazirinin müşaviri Ofir Falk deyib.“Mənim bildiyimə görə, bu açıq şəkildə İran hücumudur. Bu, iranlıların atəş xətasıdır. Mənim qənaətim budur”, - o bildirib.Falk əlavə edib ki, bu cür hadisələr daha əvvəl bir neçə dəfə Qəzza zolağında baş verib: “Düşünürəm ki, eyni hadisə İranda da baş verib və hər bir halda məsuliyyət İran hakimiyyətinin üzərinə düşür”.Qeyd edək ki, sözügedən hücum fevralın 28-də Hörmüzqan vilayətinin Minab şəhərində yerləşən “Şəcarəte-Təyyibə” məktəbinə edilib. Hücum dərs saatlarında, şagirdlərin məktəbdə olduğu...
05 Mart 2026, 17:33
Millət vəkili: İranın Naxçıvana hücumu açıq düşmənçilik aktıdır
İranın Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə hücum etməsi Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır. Bu hücumları ən sərt şəkildə qınayır və qətiyyətlə pisləyirik.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev söyləyib. Deputat İranın hücumu ilə bağlı fikirlərini belə davam etdirib:"ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması,...
05 Mart 2026, 17:05
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 PUA ilə hücum edib
İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən bildirilib.Məlumata görə, texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hucum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan...
05 Mart 2026, 17:03