Bizə yazın

Baku

-°C

USD

-

“ZƏNGƏZUR LAYİHƏSİNİN HÖRMÜZ BOĞAZINA ALTERNATİV OLMASI...” – Zahid Oruc yazır 

Cəmiyyət 08 Aprel 2026, 13:01

1152

Cənubi Qafqaz regionu son illərdə fundamental geosiyasi transformasiya mərhələsinə daxil olub. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar region dövlətlərinin xarici siyasət kursunu, iqtisadi prioritetlərini və təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib.

Yeni geosiyasi dinamika və dəyişikliklər fonunda Gürcüstanın siyasəti, eləcə də Azərbaycan–Gürcüstan münasibətlərinin gələcəyi xüsusi diqqət tələb edir. Çünki Cənubi Qafqaz həmişə tektonik areallardan biridir. Məhz ona görə də Azərbaycan lideri, “qlobal layları tərpətdik”, deyir. Faktiki olaraq, İkinci Qarabağ müharibəsi yeni dünya nizamının baş siqnalıdır.

İlk növbədə, yaxın tarixə nəzər yetirilsə, aydın görünür ki, Gürcüstan son illər xarici siyasətində kəskin dönüş edərək, Mixeil Saakaşvili hakimiyyəti zamanı Qərbə tam inteqrasiya və himayə xəttindən müəyyən mənada uzaqlaşıb. Əvəzində, rəsmi Bakının xəttini təkrarlayan daha balanslı və praqmatik siyasət yürütməyə başlayıb: Gürcüstan həm Qərblə, həm Rusiya ilə, həm də region ölkələri ilə münasibətlərini daha çevik şəkildə tənzimləməyə çalışır.

Son illərdə Gürcüstanda davamlı etiraz aksiyaları, küçə qarşıdurmaları və siyasi gərginliklər hakimiyyəti ciddi sınaq qarşısında qoysa da, nəticə etibarilə, ölkədə sabitlik əldə olunub. Xüsusilə, “xarici agentlər haqqında qanun” kimi tanınan tənzimləyici addımlar Gürcüstanın daxili siyasətinə kənar təsirləri məhdudlaşdırıb. Eyni zamanda, Avropa strukturlarının uzun illər ərzində Gürcüstanın daxili siyasi kursuna təsir imkanları zəifləyib.

Hazırda Gürcüstan Ermənistan-Azərbaycan sülh gündəliyindən maksimum fayda əldə etməyə çalışan ölkələrdən biridir və bunu üç əsas istiqamətdə həyata keçirməyə çalışır:

Birincisi, Bakı ilə İrəvan arasında kommunikasiyaların tam bərpa olunmaması fonunda Gürcüstan ehtiyatlı tranzit və ötürücü rolunu qoruyur. Bu ona regionda müəyyən iqtisadi və siyasi üstünlüklər qazandırır. Lakin Tbilisi Zəngəzur istiqamətində açılması planlaşdırılan yeni nəqliyyat qovşaqlarının perspektivlərini də diqqətlə hesablayır. Xüsusilə “Trump yolu” kimi tanınan alternativ marşrutların gündəmə gəlməsi Gürcüstanın əvvəlki “yeganə tranzit qapısı” statusunu itirməsi ilə bağlı müəyyən narahatlıqlar yaradır.

İkincisi, Gürcüstan artıq “Orta dəhliz”də Azərbaycanın aparıcı rolunu tam şəkildə qəbul edir. Bakı yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda,Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilib. Reallıq Gürcüstanı Azərbaycanla daha sıx əməkdaşlığa vadar edir.

Üçüncüsü, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi fonunda Rusiya ilə münasibətlərində müəyyən güzəştlər əldə etməyə çalışsa da, istədiyi nəticəni qazana bilmədi. Nəticədə, yenidən Qərblə münasibətlərin normallaşdırılması xəttinə qayıtmaq məcburiyyətində qaldı, çoxvektorlu siyasət yürütməkdə davam etdi.

Nəhayət, Gürcüstan Türkiyə-Azərbaycan xəttində uzlaşdırıcı və körpü rolunu oynayaraq, maksimum təhlükəsizlik və iqtisadi dividendlər əldə edir. Tbilisi üçün Bakı ilə strateji tərəfdaşlıq alternativsiz olaraq qalır.

Məhz belə mürəkkəb və çoxşaxəli geosiyasi şəraitdə Prezident İlham Əliyevin 6 aprel 2026-cı il tarixində Gürcüstana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Bakı Qələbədən sonra qurmağa çalışdığı yeni geosiyasi arxitekturaya uyğun olaraq, Tblisi ilə təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də regionda yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması üçün strateji addımlar atır.

Səfər göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi deyil, daha çox siyasi və təhlükəsizlik baxımından əsas təşəbbüskar qüvvədir. İşğal dövrünün arxada qalması Bakını dominant rola sahib edib. İlham Əliyevin yürüdüyü siyasət Cənubi Qafqazda çoxəsrlik qarşıdurmadan hamının qazanacağı əməkdaşlığa keçidi təmin edən siyasətdir.

Xüsusilə, hazırkı qlobal gərginlikdə-Yaxın Şərqdə artan qarşıdurmalar, böyük güclər arasında rəqabət və enerji təhlükəsizliyi ilə bağlı risqlər fonunda Azərbaycan sabitlik ixracatçısına çevrilib. Ölkəmiz heç vaxt öz ərazisini böyük güclərin toqquşma meydanına çevirməyib, hərbi bazaların olmadığı tək ölkədir, hərbi bloklara qoşulmayıb və forpost deyil, əksinə, dialoq və əməkdaşlıq platforması kimi çıxış edir.

Nəticə etibarilə, İlham Əliyevin Gürcüstana səfəri yeni mərhələnin başlanğıcıdır: regional inteqrasiyanın dərinləşməsi, alternativ nəqliyyat xətlərinin inkişafı və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması ilə xarakterizə olunur. Azərbaycan artıq təkcə regionun deyil, daha geniş geosiyasi məkanın gələcəyini müəyyən edən əsas aktorlardan biridir.

Mediada zaman-zaman hakim “Gürcü Arzusu” hökümətinin tranzit və logistika sahəsində ölkəmizə müəyyən çətinliklər yaratdığı ilə bağlı iddialar səslənir. Məsələyə daha geniş geosiyasi və iqtisadi kontekstdən yanaşmaq lazımdır. Reallıqda Gürcüstan artıq Azərbaycanın yalnız bir istiqamətdən-Tbilisi üzərindən keçən strateji layihələrdən asılılığı dövrünün başa çatdığını yaxşı anlayır. Zəfərimiz təkcə ərazi bütövlüyünə və siyasi suverenliyin tamlığına səbəb olmayıb, həm də geosiyasi təsir dairəmizi genişləndirib. Nəticədə, regionda yeni nəqliyyat-logistika konfiqurasiyaları formalaşır və obyektiv proses qarşısıalınmazdır.

Eyni zamanda, Gürcüstanın xarici güclərin geosiyasi oyunlarını tam miqyasda həyata keçirəcək resurslara malik olmadığı da aydındır. Azərbaycanla əməkdaşlıq onun üçün alternativsiz strateji xətt olaraq qalır.

Prezident İlham Əliyev Cənubi Qafqazda yeni siyasi və iqtisadi arxitekturanın əsas memarı kimi çıxış edir. Onun siyasəti region xalqlarını tarixi qarşıdurma mərhələsindən çıxararaq, əməkdaşlıq və rifah modelinə yönəltməyə hesablanıb. Mövcud yanaşma təkcə milli maraqlara deyil, bütövlükdə regionun sabitliyinə xidmət edir. Tarixi mənada Ənvər Sədatın regionda sülhə nail olmaq üçün o dövrdə İsrail və ərəb ölkələri arasında uzun on illiklərin düşmənçiliyini durudurmasına bənzər siyasətə regionun əlahiddə ehtiyacı var. Həmin tarixi xətt Kemp-Devid razılaşmalarına gətirib çıxarmışdı və Qafqazlarda daha çətin missiyanı Əliyevin barış kursu gerçəkləşdirir.

Bəzi yanaşmalarda Gürcüstanın Zəngəzur istiqamətində açılan yeni kommunikasiyalara dolayısı ilə təsir göstərmək niyyəti qeyd olunsa da, praktiki baxımdan bunun reallaşdırılması üçün yetərli imkanlarının olmadığı mütləqdir. Əksinə, Azərbaycan rəhbərliyi Gürcüstanı öz strateji planlarının ayrılmaz hissəsinə çevirməyi bacarıb və regionda xaotik geosiyasi ssenarilərin qarşısını alır.

Təsadüfi deyil ki, Aleksey Overçuk “Gülüstan müqaviləsi sonrası formalaşn qüvvələr balansının dəyişdiyi”ni vurğuladı. Azərbaycanın Qələbəsi regionun tarixi-siyasi dinamikasını-trayektoriyasını dəyişdirərək milli dövlətçilik tariximizdə ilk dəfə, beynəlxalq masalarda taleyimizin özümüz tərəfindən həllinə hüdudsuz imkanlar açdı, “erməni məsələsi”nin dinc şəkildə, Xankəndini könüllü və İrəvanda hakimiyyət uğrunda mübarizəyə alət edilmələri səbəbilə tərk etmələri ilə beynəlxalq sanksiyalar, hüquqi cəzalar doğurmayan bir şəkildə coğrafiyamızdan kənara çıxmasına yol açdı, yeni güc mərkəzlərinin və əməkdaşlıq platformalarının yaranmasına vəsilə oldu.

Digər mühüm məqam, beynəlxalq müstəvidə Qələbənin legitimliyinin getdikcə daha geniş şəkildə qəbul olunmasıdır. Xüsusilə, 8 avqust Vaşinqton Zirvəsində əldə olunan razılaşmalar çərçivəsində regionda yeni kommunikasiya xətlərinin açılması istiqamətində əldə olunan anlaşmalar, son 9 ayda onların icrasına xidmət edən Vensin və digər yüksək çinli amerikalı rəsmilərin regiona səfərləri “Trump Yolu”nun gerçəkləşəcəyinə təminat verməklə, Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Layihə 8 noyabr Zəfərin baş məqsədlərindən biri olmaqla təkcə nəqliyyat dəhlizi deyil, eyni zamanda, geoiqtisadi və geosiyasi təsir alətidir.

“Trump Yolu” Azərbaycanın coğrafi mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əsas tranzit qovşaqlardan birinə çevrilir. Xüsusilə, qlobal ticarət və təchizat zəncirlərinin risk altına düşdüyü mövcud şəraitdə alternativ marşrutların əhəmiyyəti kəskin şəkildə artır. Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də çoxşaxəli logistika və ticarət platforması kimi çıxış edir.

Eyni zamanda, transmilli layihələr iqtisadi diversifikasiyanı gücləndirir. Yükdaşımaların şaxələndirilməsi ölkənin gəlirlərinin yalnız enerji resurslarından asılılığını azaldır və uzunmüddətli iqtisadi dayanıqlığı təmin edir. Milli təhlükəsizlik baxımından alternativ yollar mühüm amildir.

“Trump Yolu” yalnız regional deyil, qlobal enerji və ticarət təhlükəsizliyi baxımından da əvəzsiz marşrut kimi çıxış edə bilər. Müəyyən mənada, Azərbaycan liderinin Zəngəzur layihəsi ənənəvi enerji və ticarət axınlarının cəmləşdiyi Hörmüz boğazının alternativi kimi çıxış edə bilər. Bəli, söhbət gündəlik milyonlarla barrel neft daşımalarının tam əvəzlənməsindən getmir, lakin logistik təhlükəsizlik, marşrutların şaxələndirilməsi və qitələrarası ticarətin dayanıqlılığı baxımından, layihə strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazı işğal səbəbilə inkişafdan geri qalan məkan olduğunu vurğulayan Əliyev ona görə Bakı-Tblisi-Ceyhandan az əhəmiyyətli olmayan Zəngəzur Sülh yolu ideyasını gerçəkləşdirməyi təklif edir.

Beləliklə bir daha Prezidentin dövlət səfərinə qayıtsaq, Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi əsaslarının da kifayət qədər möhkəm olduğunu qeyd etmək olar. Xüsusilə, 2008-ci il Rusiya–Gürcüstan müharibəsi zamanı Azərbaycanın liderinin cəsarətli və əsil qafqazlı kişilərə məxsus comarəd davranışları, Avropadan gələn 5 Prezidenti Gəncə üzərində Tbilisiyə göstərdiyi dəstək və həyata keçirdiyi siyasət gürcülər tərəfindən yüksək qiymətləndirilir. Bu amil iki xalq arasında qarşılıqlı etimadı gücləndirən mühüm faktor kimi qalır.

Nəticə etibarilə, mövcud çağırışlara baxmayaraq, Azərbaycan–Gürcüstan iqtisadi əməkdaşlığı strateji xarakter daşımaqda davam edəcək. Yeni logistika marşrutlarının yaranması münasibətləri zəiflətmir, əksinə daha şaxəli və dayanıqlı əməkdaşlıq modelinə keçidi təmin edir. Bu isə bütövlükdə regionda sabitliyin və iqtisadi inkişafın əsas təminatlarından biridir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən  verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...

18 Aprel 2026, 11:55

General Müşfiq Məmmədov vəzifəsindən azad edildi  

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

18 Aprel 2026, 11:46

FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur 

Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...

18 Aprel 2026, 11:39

“Brent” nefti 9%-dən çox ucuzlaşıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın  məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.

18 Aprel 2026, 10:08

Şəmkirdə məktəbdə yanğın olub

Şəmkirdə yanğın hadisəsi baş verib.APA-nın  məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır....

18 Aprel 2026, 10:07

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir 

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.Bu barədə CityPost.az Azertaca-a istinadən xəbər verir.

17 Aprel 2026, 20:38