Bizə yazın

Baku

-°C

USD

-

Erməni gülləsinin qurbanı - Şirinbəyovlar nəslinin görkəmli nümayəndəsi

Cəmiyyət 15 Avqust 2026, 12:45

697

Vasif QULİYEV

Bu şöhrətli nəslin əsli-nəcabəti neçə-neçə görkəmli şəxsiyyətin ulu babası, Qarabağda baş verən ictimai-siyasi, tarixi hadisələrin şahidi və fəal iştirakçısı Əlinağı bəyə gedib-çıxır. Onun atası Şuşa qalasının təməl daşlarını qoyanlardan və ilk sakinlərindən olub, ömrü boyu şəhərin əvvəlinci məhəlləsində - Çuxur məhəllədə yaşayıb, qalanın xarici və daxili düşmənlərdən qorunmasında dəfələrlə iştirak eləyib, igid və cəsur bir döyüşçü kimi ad çıxarıb, Şuşanın inkişaf edib böyüməsində xüsusi rolu olub. Və məhz bu misilsiz xidmətlərinə və vətəndaşlıq keyfiyyətlərinə görə Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir ona "bəy" titulu verib.

Əlinağı bəyin oğlu Şirin bəy on səkkizinci yüzilliyin sonlarında (1794) Şuşada dünyaya göz açıb. Təxminən həştad il ömür sürüb, böyük bir sülaləyə başçılıq eləyib, nəslin ağsaqqalı olub. İbtidai dini təhsillə kifayətlənməyib, Qurani-Kərimlə bərabər, yazı-pozu işlərini də mükəmməl öyrənib. Dövrün ən aparıcı peşələrindən sayılan və şuşalıların daha çox həvəs və meyil göstərdikləri ticarəti seçib, bütün həyatı boyu bu sahə ilə məşğul olub. Həm bəy adını kişi kimi, qürurla daşıyıb, həm də Qarabağda ticarət işlərinin təşkilatçılarından və əsl bilicilərindən hesab olunub.

Şirin bəyin Şuşada təkrarolunmaz tikinti üslubu ilə seçilən, şəhərə xüsusi memarlıq gözəlliyi və görünüşü verən, eləcə də cürbəcür cizgiləri, daxili zənginliyi və zahiri gözəlliyi ilə məhəllənin bəzəyinə çevrilən möhtəşəm və gözəgəlimli, topdağıtmaz ikimərtəbəli imarəti vardı. Bina ən baxımlı və görümlü bir guşədə - Qarabağ xanlarının yaşadıqları Çuxur məhəllə ilə Qurdlar məhəlləsinin kəsişdiyi yerdə - Xanlıq qapısının düz ağzında tikilmişdi. İmarət bir tərəfdən Allahverənli Salman bəyin, o biri yandan Hacı İbrahimin mülklərinə söykənirdi. Qarşıda isə Məşədi Murtuzanın (müğənni Bülbülün atasının) evi yerləşirdi.

Şuşalı zövqünün gözəlliyini, özəlliyini, rəngarəngliyini özündə əks etdirən və uzaqdan daha əzəmətli, möhtəşəm, gözəgəlimli, cazibədar görünən bu maraqlı və orijinal bina on doqquzuncu yüzilliyin yetmişinci illərində inşa edilmişdi. Tikintidə yerli materiallardan - çaylaq daşından, çiy və bişmiş kərpicdən, yonulmuş sal daşlardan istifadə olunmuşdu. Binanın iri bişmiş kərpicdən naxışlarla bəzədilmiş tağlı darvazası, geniş eyvanı, bağ-bağatı vardı.

İmarətin hər iki mərtəbəsində qırx-qırx beş kvadratmetr sahəsi olan bir böyük otaq və mətbəx, yuxarı mərtəbəsindəki otağın qarşısında geniş artırma vardı. Yay vaxtı gecələr bütün ailə burda yatırdı. Mətbəxin qarşısında isə yaşıllığa bürünmüş səfalı həyətə baxan eyvan vardı. Həyətdə çoxlu meyvə və bəzək ağacları (3 tut, 1 armud, 1 alma, 1 gavalı, 1 yasəmən) əkilmişdi. Evin hasarlarının dibində isə hər mövsümdə qoxusu bütün məhəlləni bürüyən bənövşələr açırdı...

Şirin bəy ömür-gün yoldaşı Tükəzban xanımla birlikdə bu ocaqda beş oğul və bir qız övladı böyüdüb, boya-başa çatdırıblar: Hüseyn bəy (təvəllüd tarixi 1829), Həsən bəy (1834), Tağı bəy (1843), Məhəmməd bəy (1846), Zeynalabdin bəy (1848) və Ayna xanım (məşhur həkim Əbdülkərim bəy Mehmandarovun anası). Ailənin böyük övladı Hüseyn bəy mədrəsə təhsili görüb, gəncliyində müsəlmanların daha çox üz tutduqları Məkkəni ziyarət etdiyinə görə "Hacı" titulu alıb. Bir müddət atasının peşəsini davam etdirib, sonralar Qarabağ və Mil düzlərində hektarlarla pambıq sahəsi icarəyə götürüb. Uzun müddət kənd təsərrüfatı işləri ilə məşğul olub. 1896-cı ildə kiçik qardaşı Zeynalabdin bəylə birlikdə "Govurarx" kanalını müqavilə ilə otuz üç illiyə icarəyə götürüb. Şirinbəyovlar nəslinin bütün kişi üzvləri kimi o da "Kavaler" ləqəbi daşıyıb, bütün Qarabağda "Kavalerli Hüseyn" kimi tanınıb.

Şirin bəyin ikinci oğlu Həsən bəydir. İraqa səfərlərinin birində İmam Hüseynin qəbrini ziyarət eləyib, "Kərbəlayı" adı qazanıb. On doqquzuncu əsrin yetmişinci illərində dövlətdən qaçaq düşüb, böyük ad-san sahibi olub, igidliyi ilə elinə, obasına, nəslinə, kökünə başucalığı gətirib. Mənfur ermənilərə, qaniçən rus məmurlarına, həm də onlara quyruq bulayan "sapı özümüzdən olan baltalar"a qarşı amansız olub, ömrünün sonunadək belə ünsürlərlə mübarizə aparıb. Demək olar ki, həyatının çox hissəsini həbsxanalarda keçirib.

Həsən bəy Şirin bəy oğlunun altı oğul övladı olub: Ağalar bəy (təvəllüdü 1869), Yusif bəy (1871), Xanlar bəy (1874), Bəylər bəy (1877), Cəmil bəy (1882) və Şəmil bəy (1884). Onun bəzi törəmələri sonralar Həsənov familiyasını götürüblər.

Şirin bəyin üçüncü oğlu Tağı bəydir. Atası evini övladları arasında bölüşdürəndə mülkün 1/3 hissəsi ona düşmüşdü. Tağı bəy də həyatını ticarətlə bağlayıb. Böyük qardaşı Həsən bəy kimi başı çox bəlalar çəkib, həmişə qalmaqalda olub. Ömrünün bir çox illərini sürgündə və qazamatda keçirib, bir müddət Qarabağdan uzaqlarda yaşayıb, axırda da təsadüfi düşmən gülləsinə tuş gəlib.

Məhəmməd bəy isə ailədə altı övladın dördüncüsü idi. Onun da bəxti həyatda o qədər gətirməyib. Böyük qardaşları Həsən bəy və Tağı bəy kimi qaçaq həyatı yaşayıb. Xalq qəhrəmanı Qaçaq Nəbinin əməl yoldaşı, sirdaşı, dostu olub, igidlikdə heç də ondan geri qalmayıb, bir an da olsa, əlindən tüfəng düşməyib, ölənə qədər çar üsul-idarəsinə qarşı vuruşub. Dəfələrlə həbsxanaya düşüb, soyuq Sibirdə sürgün həyatı keçirib. Onun həm də poetik istedadı olub, "Sufi" ədəbi təxəllüsü ilə yazıb-yaradıb. İranda səfərdəykən xəyanətin qurbanı olub...

Şirinbəyovlar Qarabağda igidlikdə, vurub-tutmaqda, namus-qeyrətdə ad çıxarmışdılar. Onlar həm də "tacirlər ailəsi" kimi tanınırdılar.

On doqquzuncu əsrin altmış-yetmişinci illərində Şuşanın təsərrüfat həyatında aparıcı rol oynayan daxili və xarici ticarətin inkişafı burda peşəkar tacirlər zümrəsinin çoxalmasına səbəb olmuşdu. Qala zəngin və alıcılıq qabiliyyəti güclü olan ticarət mərkəzi kimi Cənubi Qafqazın məşhur şəhərlərindən birinə çevrilmişdi. Heç də təsadüfi deyildi ki, bütün Zaqafqaziyada "Bəylər şəhəri" kimi tanınan Şuşa indi həm də "Tacirlər şəhəri" statusu almışdı. Həm daxili, həm də xarici ticarət işləri ilə məşğul olan Şirinbəyovların tacir övladlarının da çalışqanlığı və işgüzarlığı sayəsində əhali xeyli varlanmış, özləri isə şəhər ticarət kapitalının ən görkəmli nümayəndələrinə çevrilərək mal ticarət dövriyyəsi olanların siyahısına düşmüşdülər. Alış-verişi həmişə düz və təmiz olan, hər şeyi ustalıqla qızıla çevirməyi bacaran Şirinbəyovlar öz fəaliyyət dairələrini getdikcə genişləndirərək müxtəlif ölkələrlə işgüzar əlaqələr yaratmış, şəhərdə ticarəti demək olar ki, öz əllərinə almışdılar.

Şəhərin mərkəzi və gur küçələri boyu, xüsusilə də, "Böyük bazar"la "Bazar başı"nı birləşdirən "Rastabazar"da Şirinbəyovların istənilən malı tutmaq mümkün olan dükanları sıralanmışdı. Burda xırdavat mallarından tutmuş ət və süd məhsulları, quru meyvələr, baqqal malları, gil qablar, qızıl və gümüş məmulatları, ipək və sair satılırdı. Bunların çoxu, əsasən, İrandan və Rusiyadan gətirilir, bəzi hallarda isə Bakı və Tiflis bazarlarından alınan mallar Şirinbəyovların vasitəsilə İrana aparılırdı. Şuşa tacirləri arasında rəqabət getdikcə şiddətlənirdi və bunun da nəticəsində bu nəslin tacir övladları daha da varlanır, onların rolu şəhərin xarici ticarətində get-gedə artırdı. Şirinbəyovlar Qarabağdan başqa vilayətlərə barama, müxtəlif növ parçalar, bazar iqtisadiyyatının əsasını təşkil edən xalı-xalça aparırdılar. Ən çox iş birliyi qurduqları yerlər isə Təbriz, Bakı, Vladiqafqaz, Aşqabad idi. Ümumiyyətlə, İran və Rusiya ilə ticarət şəbəkələrinin yaranıb-genişlənməsində, mal-dövriyyəsinin artmasında, Şuşanın ticarət şəhəri kimi tanınmasında bu nəslin nümayəndələri də çox mühüm rol oynamış, az vaxtda milli tacirlər sinfinin görkəmli nümayəndələrinə çevrilmişdilər. Heç də təsadüfi deyildi ki, on doqquzuncu əsrin yetmiş-həştadıncı illərində Azərbaycanda gildiya qaydası tətbiq olunan zaman dövrün artıq iri tacirlərindən sayılan Şirinbəyovlar nəslinin nümayəndəsi Tağı bəy və II dərəcəli gildiya şəhadətnaməsi almışdı.

Şirinbəyovların bir çox övladları bütün həyatlarını ticarətlə bağlamış, bu sahənin inkişafı və çiçəklənməsi yolunda böyük zəhmətə qatlaşaraq adlarını Qarabağın iqtisadi tarixinə pozulmaz hərflərlə yazmışlar. Bu nəslin Şirin bəylə başlanan ticarət işlərini sonralar Zülfüqar bəy, Muxtar bəy, Azad bəy, Səməd bəy, Həsən bəy, Tağı bəy, Zeynalabdin bəy, Məhəmməd bəy kimi nümayəndələri öz ata-baba peşələrini layiqincə davam etdirmişlər.

Şirinbəyovlar şəhərin ziyalı-dövlətli adamları kimi bütün varlıqları ilə çalışırdılar ki, vətənləri Şuşa nəinki ticarət şəhəri, həm də Qarabağın mədəni mərkəzi kimi də hər yerdə tanınsın, məşhurlaşsın, şöhrət tapsın...

Ümumiyyətlə, Şirinbəyov övladları maarif, mədəniyyət, ədəbiyyat, səhiyyə və xalq təsərrüfatının müxtəlif sahələrində yüksək mövqe tutublar. Nəslin məşhur nümayəndələri - neftçi, geoloq, yazıçılar Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır" və Süleyman Vəliyevin "Düyünlər" əsərlərinin baş qəhrəmanı, Azərbaycanın ilk radio diktorlarından biri Ənvər Həsənov, ilk azərbaycanlı alpinist Kamal Həsənov, hərbi təyyarəçi Bəhram Şirinbəyov, aktyor Arif Həsənov, jurnalist Faiq Şirinbəyov, kinorejissor Rüfət Həsənov, rejissor Cəmil Şirinbəyov... adlarını Azərbaycan tarixinə pozulmaz hərflərlə yazıblar. Tarixçi-alim, hüquqşünas Qara Hüseynov (Hüseyn Baykara), pedaqoq, otuzuncu illər repressiyasının qurbanı Surxay Hüseynov, müəllim Əsəd İbrahimov, millət vəkili Toğrul İbrahimli, Azərbaycan Respublikasının idman və gənclər naziri Azad Rəhimov, iqtisadiyyat sahəsində görkəmli mütəxəssis, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud və onlarca başqaları bu qollu-budaqlı sülalənin ana xətti üzrə şöhrətli davamçılarıdır.

lll

Üç gün idi ki, Bakıda alovlanan erməni-müsəlman davasının ilk pərdələri oynanırdı. Bu faciənin səsi-sorağı artıq sürətlə hər yana yayılmışdı və baş verən qətllər, talanlar, zorakılıq, yanğınlar barədə qəzetlərdə çıxan və bir-birini təkzib edən yazılarda və teleqramlarda natamam məlumatlar yer alırdı. Yayılan bəzi qeyri-dürüst xəbərlər və tükürpədici şayiələr uzaqlarda yaşayan azərbaycanlıları da bərk həyəcanlandırmağa başlamışdı. Qardaşı balalarına görə narahatçılıq keçirdiyindən Vladiqafqazda yaşayan tacir Tağı bəy Şirinbəyov Şuşaya növbəti səfərini təxirə salıb, təcili olaraq Bakıya yola düşdü.

Min doqquz yüz beşinci il fevral ayının 8-i, qarlı-çovğunlu bir qış günü idi. Dərbənddən gələn qatar fit çalaraq yavaş-yavaş dəmir yolu vağzalına yaxınlaşırdı. Tağı bəy təzə xəbərlərdən aşina olmaq üçün hələ Yalama stansiyasında qəzet köşkündən Bakıda çıxan "Kaspi" qəzeti almışdı. Və onun gözü ilk olaraq qəzetdə verilmiş aşağıdakı elana sataşdı:

"Bakı şəhərinin və mədən-zavod rayonunun bütün sakinlərinə bildirilir:

İndiyə qədər Bakıda və onun ətrafında ermənilər və müsəlmanlar tam sülh və dostluq şəraitində yaşamışlar. Son kədərli günlərdə isə təsadüfi hadisələr nəticəsində onların arasında münasibətlər kəskinləşmiş və indi hamıya məlum olan gərgin və mənasız qəziyyələrə gətirib-çıxarmışdır. Lakin ötən toqquşmalardan sonra hər iki millət başa düşmüşdür ki, bu və ya digər tərəfdən o qədər insan təlafatına səbəb olan və heç nəyə əsaslanmayan bu partlayışın qarşısı alınmalıdır. Hər iki millətin din xadimlərinin mənim iştirakımla Bakının küçələrində təntənəli nümayişə başlaması ermənilər və müsəlmanlar arasında dərhal bərpa olunan asayişin açıq-aydın sübutudur. Bütün Bakı əhli ümumi dostluğun və barışığın nişanəsi kimi bu nümayişi tamamilə sevinc içərisində qarşıladılar.

Bu dostluq həmrəyliyi artıq öz dinc məşğuliyyətinə qayıdan əhalinin zərərinə təhlükəli ünsürlər tərəfindən buraxılan həmin cəfəng şayiələrlə pozulmamalıdır.

Hər kəsin ağlı və bütün Bakı əhalisinin ümumi marağı bu həyəcanlı şayiələrə heç bir əhəmiyyət verilməməsini tələb edir. Ermənilər və müsəlmanlar arasında heç bir qırğının olmadığını hazırda mənim sədrliyimlə və yepiskopun, quberniya qazısının və Bakı müsəlman, erməni və rus cəmiyyətlərinin iştirakı ilə son günlərdə istisnasız olaraq bütün zərər çəkənlərə yardım etmək üçün təşkil olunan komitənin təsis edilməsi də bir sübutdur.

Şəhər əhlini əvvəllər narahat edən əhalinin cüzi hissəsi hazırda sakinlərə heç bir zərər vurmamış və əsassız həyəcana səbəb olmamışdır.

Ona görə də bunları lazımi hesab edirəm:

1) Bakıda və onun mədən-zavod rayonlarında yaşayan hər bir adama xüsusi yazılı şəkildə mənim icazəm olmadan axşam saat 8-dən səhər saat 6-ya qədər evdən çıxmağı müvəqqəti olaraq qadağan etmək;

2) Bu qərarı yerinə yetirməyənlər bundan əlavə, silah gücünün tətbiqindən təsadüfi təhlükə ilə üzləşir və onlar məsuliyyət daşımalıdır və gücləndirilmiş mühafizə dəstəsi haqqındakı qaydalar əsasında, yəni 500 manata qədər cərimə, ya da 3 aya qədər həbs cəzası verilir.

Bu qərar fevralın 11-dən qüvvəyə minir.

Bakı qubernatoru, gizli müşavir, knyaz M.A.Nakaşidze"

Elanı oxuyandan sonra Tağı bəyin həyəcanı bir qədər azaldı, fikirləşdi ki, nə yaxşı barışıq olub, qırğına son qoyulub, daha ölüm-itim olmayacaq. Amma sən saydığını say, gör fələk nə sayır!

...Qatar fit verərək sürətini azaldıb, vağzala yaxınlaşdı. Tağı bəy tez-tələsik çemodanını da götürüb, vaqondan perrona enərək müştəri gözləyən faytonlardan birinə əl elədi. Faytonçu faytonunu müntəzir olaraq düz onun qarşısında saxladı. Tağı bəy faytona oturub, ünvanını deyərək faytonçuya bir az yeyin sürməsini xahiş elədi. Faytonçu atları dəhmərləyib "Parapet bağı" istiqamətində yola düşdü...

Tağı bəy şuşalı Şirin bəyin üçüncü oğlu idi. Böyük qardaşlarından fərqli olaraq mükəmməl təhsil görmüşdü, hələ məktəbdə oxuyarkən ərəb, fars və rus dillərini də öyrənmişdi. Bu əcnəbi dilləri, xüsusilə də, rus dilini yaxşı bilməsi gələcəkdə onu ziyalı bir şəxsiyyət kimi inkişaf edib formalaşmasına, II gildiya taciri dərəcəsi almasına böyük təsiri olmuşdu. Həmişə düzə düz, əyriyə əyri deyən Tağı bəy gəncliyindən kasıb-kusubun dostu, yoxsulların pənahgahı, əlsiz-ayaqsızların himayədarı, arxa-dayağı idi. Hər yerdə onları müdafiə edir, hüquqlarının qorunmasına çalışırdı. Amma o da böyük qardaşları kimi ipə-sapa yatmayan, çox ötkəm idi, qabağından yeyən oğullardan deyildi. Hələ cavanlığından igidlikdə, qoçaqlıqda nəinki Şuşada, hətta bütün Qarabağda ad-san çıxarmış, böyük hörmət-izzət sahibi olmuşdu. Özündən deyənlər onunla hesablaşar, söz güləşdirə bilməz, bir sözünü iki eləməyə cəsarətləri çatmazdı. Dikbaşlara yerini göstərər, cızığından çıxanlara elə yerindəcə qulaqburması verərdi ki, onlar bir daha səslərini çıxara bilməsinlər, Tağı bəylə qarşılaşanda yollarını dəyişərdilər. Adı gələndə nəinki oğru-quldurlar, elə onların havadarları, başında duran hökumət adamları da qorxudan zağ-zağ əsərdilər. Bütün bunlar isə sonradan ona çox baha başa gəlmişdi. Tağı bəydən dövlət idarələrinə şikayət ərizələri gündən-günə artır, adı polis məruzələrində tez-tez çəkilirdi. Hökumət işçilərinə "mane olan" bu qeyrətli və namuslu gənci hansı yolla olur-olun, aradan götürmək üçün jandarm idarəsinin əməkdaşları onu izləyir, bir bəhanə ilə aradan götürməyə çalışırdılar. Nəticədə o, qaçaq düşərək kiçik qardaşı Kavalerli Məhəmməd bəyin dəstəsinə qoşuldu. Bir müddətdən sonra özü ayrıca bir dəstə düzəltdi. Kərbəlayı Dadaş Hacı Hüseynəli oğlu, Nəsir Kərbəlayı Namaz oğlu, Bəşir Məşədi Abış oğlu, Nəsir Əmiraslan oğlu, Kərbəlayı Həsən Kərbəlayı Mehdiqulu oğlu və başqa igidləri başına toplayaraq çar üsul-idarəsinə qarşı mübarizəyə qalxdı. Tağı bəyin qaçaq dəstəsi, əsasən, Xan kəndi ətrafında, Ballıca, Xənəzək, Cəmilli, Kosalar, Xocalı ərazilərindəki sıx, qalın meşələrdə və əlçatmaz dağların ətəklərində daldalanırdı.

Ancaq necə deyərlər, "su sənəyi suda çatlar". Satqınlıq həmişə olduğu kimi, bu dəfə də öz işini gördü. Nəticədə Tağı bəy ələ keçdi, mühakimə olundu. Gah qazamata salındı, qaçdı, yenə də tutuldu, Sibirə göndərildi. Bir neçə il sürgün həyatı keçirdi. Qayıdandan sonra qaçaq həyatı yaşamağı üstün tutan Tağı bəy yenidən tutulub, həbsxanaya salındı, bu dəfə Gəncə həbsxanasına. Yenidən onu mühakimə eləyib, beş il iş kəsərək sürgünə göndərdilər...

Sürgündən qayıdandan sonra Tağı bəy Şuşada çox qala bilmədi. Bakıya getməyi, orda yaşayıb-işləməyi üstün tutdu, köhnə peşəsi ticarətlə məşğul olmağa başladı. Şəhərdə boş torpaq sahələri aldı, bağlar saldırdı, evlər, mərkəzi, gur yerlərdə, bazarlarda müxtəlif tipli mağazalar tikdirdi, tütün fabriki açdırdı. Az bir zamanda bacarıqlı, çalışqan, işgüzar iş adamı kimi, peşəkar tacir kimi tanındı. Kərbəlayı Həsən bəyin övladlarını Bakıya gətirtdi, qardaşı uşaqları ilə əl-ələ verərək işləməyə başladı, külli miqdarda qazanc əldə elədi. Onun fabrik və ticarət müəssisələrinin illik ticarət dövriyyəsi iki yüz min manatı ötüb-keçdi. Şuşada olduğu kimi, burda da fəqir-füqaraya, kimsəsizlərə, əlsiz-ayaqsızlara, qocalara, xəstələrə arxa durdu, əl tutdu, müalicələrinə yardım göstərdi, gənclərin təhsilinə böyük vəsait sərf elədi. On doqquzuncu yüzilliyin sonlarında həmyerlisi, memar Kərbəlayı Səfixan Qarabağinin Xəzərin o üzündə - Aşqabadda tikdiyi "Qarabağlılar" məscidinin inşasına xeyli pul ayırdı. Ümumiyyətlə, bu ziyalı, vətənpərvər tacir var-dövlətinin böyük bir hissəsini xeyriyyə işlərinin həyata keçirilməsinə yönəldirdi.

Tağı bəy Şirinbəyov uzun müddət Bakıda yaşayıb-işlədi, ticarət coğrafiyasını daha da genişləndirəndən sonra Vladiqafqazda məskunlaşdı. Həmin vaxtlar Terek vilayətinin mərkəzi olan bu kiçik şəhər şuşalı tacirlərin, necə deyərlər, oylağına çevrilmişdi. Hələ yüz il əvvəl bu qalanın bünövrəsinin qoyulmasında qarabağlı tacirlərin də əməyi az olmamışdı, daha doğrusu, onlar Vladiqafqazın ilk sakinlərindən olmuşdular. Artıq Zöhrabbəyovlar, Kərimbəyovlar, Hacıyevlər, Muradovlar, Paşayevlər, Şükürovlar kimi nəsillər təbiəti və iqlimi ilə Şuşanı xatırladan və əlverişli ticarət şəraiti olan Terek çayı üzərindəki bu şəhəri həmişəlik özlərinə vətən seçmiş, buranın daimi sakinlərinə çevrilmişdilər. Burda şuşalı tacirlər, əsasən, xalça-kilim, palaz, müxtəlif növ parçalar, Şərq şirniyyatı, ədviyyat, meyvə, quru meyvə və sair məhsullar gətirib-satırdılar.

...Fayton "Parapet bağı"na çathaçatda ətrafı qəflətən dəhşətli hay-küy, qışqırıq səsləri bürüdü, ardınca isə fasiləsiz atışma başladı. Bu həngamənin nə olduğunu bilmək üçün Tağı bəy cəld yerindən qalxıb, yan-yörəsinə boylanmaq istərkən yaxınlıqdakı evlərin birinin eyvanından dalbadal açılan iki güllə ondan yan keçmədi. Birinci güllə sol buduna, ikincisi isə aşağı əyilmək istərkən kürəyinə dəydi. Tağı bəy müvazinətini itirib, yıxıldı. Faytonçu Kərbəlayı Rəhim oğlu cəld faytonu saxladı, sərnişinini ayağa qaldırmaq istərkən aramsız atılan güllələrdən bir neçəsi də ona dəydi.

Bu halı görən ətrafdakı adamlar cəld faytona yaxınlaşdılar. Həmin vaxt yaxınlıqdakı evinə gedən şuşalı həkim Bəhram bəy Axundov da onların arasında idi. Tağı bəylə şəxsən yaxından tanış olan Bəhram bəy hər iki yaralını götürüb, təcili şəhər xəstəxanasına apardı və yaralılara ilk tibbi yardımı da özü göstərdi. Amma nə qədər çalışdısa, ölümcül yara alan və çox güclü qanaxması olan həmyerlisini ölümün pəncəsindən qurtara bilmədi. Tağı bəy elə həmin gecə xəstəxanada keçindi.

Bu faciənin təfsilatı və onu törədən erməni Lalayevin sonrakı aqibəti haqqında həmin illərin tarixini yazan görkəmli alim Mir Möhsün Nəvvabın maraqlı qeydlərini özünün dilindən eşitmək daha maraqlı olar:

"Bakı şəhərində erməni milliyyətinə mənsub olan Lalayev familiyalı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclislərində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, sizə ar olsun, müsəlmanın adı gələndə titrəyirsiniz. Müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da, özlərini yandıra bilməzlər.

...Bakıda baş verən iğtişaş zamanı hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman igidlərinin nərəsi və "ya Əli" sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. Onun yaratdığı 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evinin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq küçədən gəlib-keçən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərbaycanlıların həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb, birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını əmr edir, digər hissəsinə isə külüng-balta və lomla evin darvazasını açmaq əmrini verdi. Üçüncü dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb, lom və külünglə darvazanı dağıtmağa başladı. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib, yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimi "ya Əli!" sədası altında hücum çəkib içəri doldu. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir qətlə yetirdi və evdə gizlənənləri də çıxarıb, cəzalarına çatdırdılar. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:

- Allah saxlasın, keyfin necədir?! O müsəlmanları ki sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şiri nərə dönüb qulluğuna gəliblər.

Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi:

- Qələt eləmişəm, məni bağışlayın! Bu gün bəxşiş günüdür, öz zəhmətinizin əvəzində nə qədər pul lazımdır, götürün. Sandıqda kupon kağızları var. Götürün, aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün.

Ağakərim dedi ki, biz bura puldan ötrü gəlməmişik. Bu, milət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuq və bu məqsədlə də bura gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.

Bu vaxt Lalayevin övrəti gəlib, özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır, durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda bir milçəkdir. Yarım milyon pul qoyub, onların hamısını məhv edərəm.

Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib, özünün xilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm?

Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən aralansın, mümkün olmadı. Qəflətən camaatın içərisindən naməlum bir şəxs övrəti güllə ilə vurub öldürdü. Ağakərim onu məzəmmət etdi. Sonra isə Lalayevə bir güllə vurub öldürdü (Mir Möhsün Nəvvab. "1905-1906-cı illərdə erməni-müsəlman davası". Bakı, "Şuşa" nəşriyyatı, 1993-cü il, səhifə 17-19).

"Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz!" - atalar sözü burda öz yerini tapır. Tağı bəyin sonralar Lalayev kimi çox-çox daşnaklardan hayıfı alındı, onlar öz layiqli cəzalarına çatdılar.

Minlərlə azərbaycanlı kimi Tağı bəy Şirinbəyov da adicə bir daşnak gülləsinin qurbanı oldu. Ölümündən sonra yurdunda otuz yaşlı həyat yoldaşı Göyçək xanım, üç azyaşlı övladı - altı yaşlı Zümrüd, dörd yaşlı Tükəzban, iki yaşlı Zəhra qaldı. Bu hadisədən təxminən iki ay sonra sonbeşiyi Böyükkişi dünyaya gəldi, atasının yurdunda yurdçu oldu.

Tağı bəyin faciəli ölümü məşhur ictimai xadim və jurnalist Əhməd bəy Ağayevi də bərk sarsıtdı. Gücü altmış manat pul toplayaraq dostunun Vladiqafqazda qalan ailəsinə göndərməyə çatdı...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lixtenşteyn Knyazlığı hökuməti və xalqını Milli Gün münasibətilə təbrik edib.CityPost.az  xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım olunub.

15 Avqust 2026, 13:25

Məktəblər bu tarixdə başlayacaq - Rəsmən elan edildi 

Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.Bəs belə bir dəyişiklik mümkündürmü və bununla bağlı qərar gözlənilirmi?Citypost.az  xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər yeni tədris ili ərəfəsində bu mövzu gündəmə gəlir, lakin bununla bağlı indiyədək konkret qərar qəbul edilməyib:“Belə bir dəyişiklik real olsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılıb müxtəlif dairələrin rəyləri öyrənilərdi. Ən azı indidən ictimai müzakirəyə çıxarılardı. Amma təəssüf ki, bu məsələ, yəqin...

15 Avqust 2026, 12:35

Bakıda yük avtomobili aşıb - FOTO 

Bakıda yük avtomobili aşıb.APA xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.Belə ki, Niftulla Babayevin idarə etdiyi 99-JU-801 dövlət qeydiyyatlı yük avtomobili idarəetməni itirərək aşıb.Hadisə nəticəsində xəsarət alan olmayıb.

15 Avqust 2026, 11:31

“28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar yola salınıb 

"28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar yola salınıb.Citypost.az  bu barədə "Bakı Metropoliteni" QSC- yə istinadən xəbər verir.Avqustun 15-i "Həzi Aslanov" istiqamətindən gələn qatar saat 00:32-də "28 May" stansiyasından sonuncu dəfə "Dərnəgül"ə doğru hərəkət edib.Bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.

15 Avqust 2026, 10:58

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib 

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.Nazirlikdənverilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - FHN-in müraciətində deyilir....

15 Avqust 2026, 10:42

Azərbaycan nefti 92.55 dollara satılır 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 dollar və ya 1,5% azalaraq 92.55 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93.97 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

15 Avqust 2026, 10:40