Fazil Mustafaya sui-qəsd edənlər fikri bozlar idi
Cəmiyyət 14 Avqust 2026, 11:22
668
İlahi, bu nə mətndir sübh tezdən qarşıma çıxdı. Cəmiyyətimizi bu qədər dəqiq oxumaq olarmış... Etiraf edim ki, öncələr oxumuşdum, ancaq bu qədər üzərində dərininə düşünməmişdim. Son günlərin polemikası bir daha göstərdi ki, çox az sayda istisnalarla cəmiyyətdə ziyalı kimi tanınan şəxslər yazıları ilə, mövqeləri ilə, susqunluqları ilə birbaşa geriçiliyi, qaranlıq keçmişi dəstəklədilər və zərrə qədər düşüncə yeniliyi məsuliyyətini daşımaq barədə qayğı çəkmədilər. Fərq etmədi- qatı iqtidarçısı ilə qatı müxalifətçisinə qədər eyni düşüncədə birləşdilər. Ortaçağ Avropasının elm və düşüncə həyatının canlanmasının bir səbəbi vardı: dönəmin aydınları qaranlıq keçmişlə mədəni tarix arasında balans yaratmaqdan imtina etdilər. Onlar yalnız faydalı, humanist keçmişi mədəni tarixin alt qatına yerləşdirdilər. Eyni işi bizim XIX yüzilin aydınları da uğurla təkrarladıqlarına görə mədəni tariximizin ən böyük əsəri olan Cumhuriyyəti qura bildik!
Bu yazı bir aydınlıq pamfletdir, bu yazı sadəcə bir ədəbiyyat adamının yazısı deyil, yeni dövrün Azərbaycan aydınının obrazının rəsmidir. İstəyirsiniz oxuyun, istəyirsiniz oxumayın, zaman addımbaşı bu yazının fəlsəfəsini sizə xatırladacaqdır...
AQŞİN
“AYDINLARIN XƏYANƏTİ" tamaşası: ZİYALI KÜTLƏ NÖKƏRİ ROLUNDA (kiçik bir ixtisarla)
Fransız filosofu Jülen Benda özünün “Aydınların xəyanəti” kitabında hərbi strateq Makiavellidən tutmuş cəbhəyə könüllü əsgər kimi yollanan Nitsşeyə qədər uzanan Qərbin aydınlar şəcərəsini bəşəri-universal dəyərləri cari-milli dəyərlərə qurban verməkdə suçlayırdı.
Avropanı XX əsrdə müharibə poliqonuna çevirən, Bendaya görə, Avropa fəlsəfi düşüncəsinin cariləşməsi, ariləşməsiydi. Makiavellidən sonra Avropa filosofları öz xalqlarını bəşərə qarşı qoyan qədim peyğəmbərlərin yoluna üz tutmuşdular. Babil və Qüds arasında seçim edərkən Qüdsü seçmişdilər.
Bu gün bizim aydınlıq gözlədiyimiz gözlər də Azərbaycana Qüdsün qaranlıq çağlarından baxır. Avropada milli dövləti və onun təməlini oluşduran millət anlayışını yaratmaq istəyərkən Qüds narsisizmini seçib milli carilikləri ilahiləşdirən qitə aydınları bəşərdən üz çevirmişdilər; sıravi almana, fransıza, italyana bəşərin yanında deyil, qarşısında olmaq aşılanırdı fəlsəfənin, sənətin diliylə. Benda bu irqçi yanaşmanı aydınların xəyanəti adlandırırdı.
Fazil Mustafaya sui-qəsd oldu. Adının önünə heç bir titul yazmadığım bu şəxs müstəqil Azərbaycanda, bəlkə də, yeganə adamdır ki, evindəki kitabxanası ilə tanınır. Evində kitabxanası olan adam öz varlığını mədəniyyətə borclu bilən adamdır, kitabxanası olmayanlar, adətən, öz varlığını mədəniyyətdən üstün tutanlardır. Azərbaycan doludur özünü mədəniyyətdən üstün tutan bəndələrlə. Bu bəndələr kitaba ya heç inanmazlar, ya da yalnız bir kitaba inanarlar. Nitsşe təkbaşına iştirak etdiyi allahın “dəfnində” car çəkirdi ki, bir kitaba inananlar heç inanmayanlardan daha təhlikəlidir. Fazil bəy kitabxanası, yəni alternativləri çox olduğu üçün bir kitaba inananların qəzəbinə tuş gəldi. Çox kitab fikir çoxluğu, bir kitab fikir bozluğu deməkdir. Fazil Mustafaya sui-qəsd edənlər fikri bozlar idi.
Rafiq Tağıya, arxasınca Fazil Mustafaya hücum Azərbaycanda müsəlman inkivizisiyanın geri qayıdışının xəbərdarlığıydı. Bu cinayətləri kimin törətməsindən asılı olmayaraq təhdid qədim dünyadan gəlmişdi– islamı üzərində saqqal, əba, silah və pul kimi gəzdirən, əkbəri allah olan başların ağızlarından.
Əsl ziyalı bu yenilənmə işini görən adamdır. Ziyalı dini mədəniyyətlə yeniləyən adamdır, başqa da heç kim deyil. Aydınlanma dediyimiz proses dinin mədəniyyətlə yenilənməsidir, başqa da heç bir şey deyil.
Müasir Azərbaycan ziyalısı Rafiq Tağıya, Fazil Mustafaya olunan sui-qəsdə susmaqla göstərdi ki, onun belə bir niyyəti yoxdur. O, cəhalətin tərəfindədir. Qaranlıq onun işinə yarayır. Universitetlə deyil, məscidlə dostluqdan məmnundur. Din kimi hədələyirsə, ona ən birinci daşı bizim ziyalı atır. Yazdığı əsərlərə, verdiyi müsahibələrə baxın, o, açıq-aşkar cəhalətə yaltaqlanmaqla məşğuldur. O, həqiqi aydının yandırıldığı tonqalın közündə özünə və ailəsinə kabab bişirməyə tələsir. Ziyalıya yaraşan bircə qəhrəmanlığı var; qulbeçəsi olduğu cəhalətin haram buyurduğu arağı hələ ki, tərgitməyib. Vəssalam!
Bu gün müsəlman dünyasındakı qaranlığın müəllifləri din xadimləri deyil, ziyalılardır. Hətta bu gün xeyli müsəlman ölkəsində din xadiminə artıq ehtiyac da yoxdur, yazıçılar, elm adamları, filosoflar canla-başla onların vəzifələrini icra edirlər; insanlığı geri qaytara bilməsələr də onun geridə atıb getdiyi hər cür yararsız köhnəliyi dişləri, dırnaqları ilə sürüyə-sürüyə dartıb gələcəyə aparırlar.
Təəssüf ki, bizim ziyalı da o yararsız köhnəliyi gələcəyə sürüyən könüllü kəllərdən biridir. Kəllə olmalıykən, kəl olmağı seçmiş bir miskindir. Keçmişə, köhnəyə heyranlıq, ölüpərəstlik onda silloqomaniya xəstəliyi səviyyəsindədir. Özünü köhnə əşyaların, cır-cındırın arasında bəxtəvər hiss edən silloqomaniya düçarları kimi, bizim ziyalı da heç bir funksionallığı qalmayan həqiqətlərin, xurafat qoxusu yayan mədəni-mənəvi dəyərlərin yükü altında özünü qızıl yəhərli uzunqulaqdan da qürurlu hiss edir. Silloqomaniya xəstələrinə rahatlıq bəxş edən köhnə əşyaların öz sahiblərinə verdiyi yaşanmışlıq duyğusunun hüznüdür, psixoloji sakitliyidir. Yenilənmə duyğusunu itirmiş insanlar bu psixoloji sakitliyi, rahatlığı itirməmək üçün köhnə əşyalarından imtina edə bilmir, hətta bəzən evi rəsmən əşya zibilliyinə çevirirlər. Köhnə adətlər, köhnə fikirlər, köhnə dəyərlər də belədir. Onların xalqa, cəmiyyətə verdiyi yaşanmışlıq duyğusunun psixoloji rahatlığı xalqın, cəmiyyətin gözünü yeniliyə kor edir. Fərd öz köhnə pencəyində özünü daha rahat, xoşbəxt hiss etdiyi kimi, toplum da özünün köhnə fikirlərində, köhnə adətlərində özünün cənnət həzzini yaşayır. Hətta cənnətə canatma da yaşanmışlığa, köhnəliyin sakitliyinə, hüznünə canatmadır. İnananlara görə, cənnət insanın dədə-baba yurdudur. Nə yazıq ki, fərdin silloqomaniyası kəllə-çarxa çıxanda ev köhnə əşyaların zibilliyinə döndüyü kimi, xalqın, cəmiyyətin silloqomaniyası da həddini aşanda mədəniyyət də köhnə fikirlərin, köhnə dəyərlərin, köhnə adətlərin zibilxanasına çevrilir. Ziyalının işi mədəniyyəti yenilməkdir, dəyər zibilliyinə çevrilməsinin qarşısını almaqdır. Bizim ziyalı öz mədəniyyətimizin, cəmiyyətimizin köhnə-küləsi, zir-zibili azmış kimi, gedib qonşu xalqların da çürümüş, qurd basmış dəyər-dəyməzini dişinə vurub ölkəyə gətirir. Çürük meyvə öz çürüklüyünü yan-yörəsindəki meyvələrə də yoluxdurduğu kimi, bizim ziyalı da öz çürüklüyü ilə mühiti çürüdür. Bir cəmiyyəti ictimai üfunət bürüyübsə, ilk növbədə, o cəmiyyətin ziyalısını qoxulamaq lazımdır. Ziyalı çürüyəndə ondan cəhalət qoxusu gəlir.
Həmçinin oxuyun
Bu gün cəmiyyətimizdə tüğyan edən cəhalət dini mənşəli deyil, elmi-mədəni mənşəli cəhalətdir. Bu gün elmi, mədəniyyəti təmsil edən ziyalılar dini cəhalətin yanında olmasalar, heç bir şeyxin, axundun Orta əsr qaranlığını diriltməyə gücü çatmaz. Bu gün cahil dediyimiz o qədim insan cəmiyyətə məsciddən, təkkədən gəlmir, universitetdən, akademiyadan soxulur. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında mələyin sürətini ölçdüyünü iddia edən alimlər yaşayır. Bu gün səhifələrində yəhudi kişisinə ölən qardaşının arvadıyla evlənməyi, ərəb kişisinə sözünə baxmayan arvadlarını döyməyi əmr edən kitabların tanrıdan gəldiyinə inanan və bu inancını dil-boğaza qoymadan xalqa təbliğ edən filosoflarımız var. Şübhədən, sualdan yola çıxmalı olanlar hazır cavab düşkünlərinə çevriliblər.
Rus müstəmləkəçiliyinin bizə bir faydası oldu ki, çarizm bizi xristanlaşdırmaq, stalinizm isə allahsızlaşdırmaq üçün sifətimizdən dini kimliyimizi qaşıdı, amma dini kimlik qaşınanda altından milli kimliyin çıxacağını gec anladılar. Kollektiv təhtəlşüurda boy göstərən milli kimlik milli dövlətin xəbərçisidir. XX əsrdə elan olunan hər iki Azərbaycan cümhuriyyəti imperializmin tələsik qaşıdığı dini kimliyin altından çıxan milli kimliyin təzahürüdür. Bugünkü müstəqil Azərbaycan dövləti dini kimlikdən arındırılmış milli kimliyin yaradıcılığıdır. Bütöv Azərbaycan ideyası yalnız bütün Azərbaycanda milli kimliyin dini kimliyin önünə keçməsiylə gerçəkləşə bilər. Bu işin öndəri də Azərbaycan ziyalısı olmalıdır. Təəssüf ki, o, bu yolda çox vaxt xəndək kimi bizim qarşımıza çıxır. Azərbaycan ziyalısının bu gün var gücüylə kürəyinə döyəclədiyi zəncir milli kimliyimizin dövlət qurarkən onun boğazından açdığı zəncirdir. O, özünün sado-mazoxist inancıyla milli dövlətə xəyanət etməklə məşğuldur.
Onun Rafiq Tağının qətlinə, Fazil Mustafanın qəsdinə susması da bu xəyanətin görüntüsüdür. O susduğu hər şeyin qulluqçusudur.
Xalq özünü dövlətiylə qoruya bilməyəndə, diliylə qoruyur. Dilini itirən xalq hər şeyini itirər. Xalq dilini qoruyur ki, itirdiklərini yadda saxlayıb geri qaytara bilsin. Milli yaddaşın Sfinksi milli dildir. Biz də o xalqlardanıq ki, əsrlər boyunca milli xəyallarımızın saxlancı dilimiz olub. Amma hərdən mənə elə gəlir ki, başqa xalqlarlardan fərqli olaraq biz öz dilimizi, sanki, danışmaq, yazmaq üçün deyil, daha çox susmaq üçün qorumuşuq. Azərbaycan insanı ta Nəsimini Şirvanşahdan qovandan bəri danışmağa təhlükə kimi baxır, susmaq, xüsusilə ziyalı mühitində susmaq, yaşamaq uğrunda mübarizədə artıq təbii özünümüdafiə instinktinə çevirilib. Danışmaq hər bir azərbaycanlının alt şüurunda bir təhlükə kodudur. Hətta iki azərbaycanlı bir-biri ilə danışanda da ətrafına boylana-boylana danışır, təkcə yerin deyil, havanın, boşluğun da qulaqlarının olduğuna inanır. Bir dövlətin dili onun vətəndaşının, tarixinin, mədəniyyətinin dili uzunluğundadır. Susmağın da iki növü var: bir var, kəlləni qorumaq naminə susursan, bir də var, qarnını doldurmaq naminə. Birincidə mənliyini qurban verirsən, ikinci də əxlaqını. Xırda-para dolanışıq qarşılığında susmağın get-gedə instinktə çevrilməsi onunla nəticələnir ki, get-gedə özün də öz azadlığına düşmən kəsilirsən. Bu, artıq susmaq da deyil, öz azadlığının yazıb-tozan qəniminə çevrilməkdir. Bizim ziyalının düşüncəsini əzmək üçün artıq despota ehtiyac yoxdur. Yazdığı, danışdığı dil öz düşüncəsinin despotudur. Onun düşüncəsi azaddır, dili despot. Çörək ağacına zəncirlədiyi iradəsi dilini öyrədib ki, düşüncəsini nəzarətdə saxlasın. Bizim ziyalının düşüncəsi dilinə hökm etmir, dili düşüncəsinə göz qoyur. Bizim ziyalı öz düşüncəsini diliylə boğur, hətta çox vaxt boğub öldürür. Qəbul olunan fikir budur ki, dil düşüncənin alətdir. Bizim ziyalıda bunun tam əksi baş verib. Onun düşüncəsi dilinə alətlik edir. Dil vəzifənin, ictimai gözləntinin, hətta pencəyin istəklərinə uyğun olaraq düşüncəni yönəldəcəyi ən təhlükəsiz ünvanları çox yaxşı tanıyır.
Qayda budur ki, ziyalı yazdıqca, danışdıqca şöhrətə və sərvətə sahib olur. Bizim ziyalı susduqca, yazmadıqca, gözə görünmədikcə varlanır. Bir cəmiyyətdə ziyalı dilini dinməz yerinə qoyduqca sərvət və hörmət sahibi olursa, o cəmiyyətin gələcəyi yoxdur, o cəmiyyətdə insanlar həmişə keçmişdə yaşayacaq və buna vərdiş edəcəklər.
Dil susursa, deyilməyənlər yığılıb zəhərə çevrilir. Ziyalı öz cəmiyyətini, dövlətini, mədəniyyətini susan diliylə zəhərləyib öldürür. Bu gözəgörünməz zəhərin ictimai bədənə necə yayıldığına baxaq. Əvvala qeyd etməliyik ki, bizim ziyalı düşüncə və xarakter etibarilə XIX əsrdən əvvəlki filoloji-folklorik dəyərlərin daşıyıcısıdır; sosioloji deyil, antropoloji bir kimliyə sahibdir. Məsələn, onun tanıdığı sosial dəyər hüquq deyil, haqqdır. O, hələ də haqq aşiqidir, klassik kafalıdır, dərvişdir. Hüquqla maraqlanmaz. Haqq uğrunda ölər, hüquqa görə yuxusuna belə haram qatmaz. Onun düşüncəsinə görə, hüquq, adı üstündə, hüquq-mühafizə orqanlarının maaşlı əmək sahəsidir. Hətta onun ziyalı kimliyinə tikdiyi liberal, sekulyar yamağın səbəbkarı da haqq yolunda şalvarının sürütülüb əynindən çıxmasıdır. Haqq aşiqi ac olar, lüt gəzər. O, demokratiya anlayışını da acın, lütün haqqının qorunması kimi başa düşür. O, Sokratın söydüyü şeyi sevir. Ona görə onun demokratiya deyib inandığı şey də acın, lütün hüququnu deyil, haqqını savunan allahsız bir dindir. O, demokratiyanın da nə olduğunu bilmir, ona da inanır. O, sekulyarizmi də eynən fanatizm kimi müdafiə və təbliğ edir. Loqosla deyil, pafosla silahlanaraq. Ac və lüt cəhalətin tələbələridir. Tarixin bütün dövrlərində xaos cəhalətin gücüylə yaradılıb. Cahilin gücü radikallığındadır. Qusçular, Varfolomeyçilər, Bastiliya “fatehləri”, rus proletariatı və s. müxtəlif hədəflərə yönləndirilmiş cahillər və radikallar idilər. Onlar başqalarının niyyətini həyata keçirdiklərinin fərqində deyildilər. Onlara dağıtmaq əmr olunmuşdu. Cahilin öhdəsinə düşən də budur. O, həmişə və hər yerdə dağıtmaq üçün var. Günah həmişə cahilin üstündə qalır. Cahil işini gördükdən sonra səhnədən qovulur. Onun yaratdığı xarabalıqda tarixin əsl sahibləri öz niyyətlərinə uyğun yeni düzən qurarlar. Cahil həmişə şikayət edəndir. Tarixin ona ən yaxşı halda günəmuzd fəhlə kimi ehtiyacı var. Aclar və lütlər həmişə alətdirlər. Ac və lütün qılıncı həmişə despotizmi taxta çıxarır. Ac və lüt demokratiya yarada, formalaşdıra və qoruya bilməz. Demokratik sistem orta təbəqənin ictimai məsuliyyətinin məhsuludur. O ölkədə ki, orta təbəqə yoxdur, orada demokratiya yarana, formalaşa və duruş gətirə bilməz. Acın və lütün, yəni cahil cəsarətinin yaratdığı şey oxlokratiyadır. Bizim ziyalının demokratiya deyib inandığı sistem oxlokratiyadır. Kütlənin, qara camaatın iqtidarı. XX əsrin əvvələrində meydanın kütlələrə verilməsi orta təbəqəni sıradan çıxardı, faşist və kommunist despotizmi yaratdı. Varlıların getdikcə varlandığı, yoxsulların getdikcə yoxsullaşdığı XXI əsrin dünyasında meydan yenə də sosial şəbəkələr vasitəsilə kütlələrə verilib. Hədəf yenə də orta təbəqənin mütəşəkkilliyini qoruyan həmrəyliyi sıradan çıxarmaqdır. Bu gün sosial şəbəkələrin hədəfi orta təbəqənin əxlaqi dəyərləridir. Cəmiyyətin hər mənada aşağı təbəqələrindən gələn insanlarına əxlaqi dəyərlərə hücum etməyin azadlıq olduğu aşılanır. Bu gün əxlaqi dəyərlərin mühafizə olunduğu yer orta təbəbəqədir, bu gün burjua əxlaqı deyilən dəyərlər sistemi yoxdur. Məsələn, bu gün ailə burjua həmrəyliyini deyil, orta təbəqənin həmrəyliyini qoruyan bir dəyərdir. Günümüzün yönləndirilən acları və lütləri azadlıq adı altında məhz ailə anlayışına hücum edir. Çünki varlılar daha çox varlanmaq istəyirlər. Bundan otrü istehlakçı kütlələr lazımdır. Orta təbəqə sorğulayan, imtina edən, özünə dəyər yaradan bir sinif olduğu üçün ona dəyər sırımaq, onu inandırmaq çətin və bahalı prosesdir. Qara camaat tez və ucuz inanandır. Əslində, bu gün sosial şəbəkələr insan haqları, söz və fikir azadlığı kimi liberal dəyərlərin meydanı olduğunu elan etsə də, burada gizli hədəf demokratiyanı yoxsulların və cahillərin əliylə məhv etməkdir. Çünki demokratiya orta təbəqənin əlində güc alətidir. Çünki orta təbəqə təqdim olunan dəyəri saf-çürük edə biləcək mənəvi-intellektual bacarıqlara sahibdir. Aşağılar bu bacarıqlardan məhrumdur. Ona görə də varlandıqca varlanan neoliberal kapitalistlər sosial şəbəkələr vasitəsilə cəmiyyətin aşağı təbəqələrindən gələnləri orta təbəqənin mütəşəkkilliyini qoruyan dəyərlərin üzərinə “ölümə” göndərirlər. Ölüm sözünü öna görə dırnaqda yazdım ki, ölən şəxsin özü deyil, onun şəxsiyyətidir. Bu gün sosial şəbəkələrdə öndə olanlar dünyanın ən istedadsızları, ən biliksizləri, ən əxlaqsızlarıdır. Demokratik dəyərlərə istismar aləti kimi sahib çıxıb demokratiyanın özünü məhv etmək üçün görəvləndirilmiş azadlıq aşiqləri.
Bizim haqq aşiqi olan filoloji-folklorik kafalı ziyalının liberal-sekulyar tərəfkeşliyi nökərə nökərlik etməkdir.
Bu gün kütlə insanına məğlub edilmiş Azərbaycan gerçəkliyi onun şah əsəridir! Və o, bu şah əsərin xidmətindədir. O, Rafiq Tağı qətlə yetiriləndə, Fazil Mustafaya sui-qəsd olunanda öz şahının– KÜTLƏNİN– zavalına gələcəyindən qorxduğu üçün susmuşdu.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Söyüşü ucaldan aforizm - İbrahim Nəbioğlu yazır...
Tələbə vaxtı hansısa bir kitabda oxumuşdum:Daş atmaq yerinə söyüş söyən ilk insan Bəşəriyyətin yaradıcısıdır…Müəllifinin Ziqmund Freyd olduğu yazırdı.Ancaq illər sonra müəllif məsələsində kiçik bir nüans çıxdı ortaya.Hallüsinasiya və epilepsiya ilə bağlı bir məsələni araşdırarkən müəllifin Freyd deyil, məşhur ingilis nevroloqu Con Hülinqs Cekson (John Hughlings Jackson, 1835-1911) olduğunu öyrənmiş oldum.Müasir nevrologiyanın qurucularından olan Ceksonu “İngilis nevrologiyasının atası” sayırlar. Onun nəzəriyyələri sonradan Freydə təsir göstərib.Aforizmi daha dəqiq olsun deyə elə Con Ceksonun öz sözləri ilə yazmaq yaxşıdır. O, belə yazırdı:Düşməninə nizə atmaq əvəzinə söyüş yağdıran ilk insan sivilizasiyanın banisidir.Müəllifin kim olduğunu müəyyən etdik, amma daha ciddi məsələ, zənnimcə, başqa şeydir.Mənə belə...
14 Avqust 2026, 11:32
İtlərdə aqressiya və itaətsizliyin əsas səbəbləri
İtlərdə müşahidə olunan aqressiya, itaətsizlik halları heyvan sahiblərinin ən çox qarşılaşdığı, ciddi narahatlıq doğuran davranış problemlərindəndir. Hürmə, diş qabartma, hücum etmə, verilən əmrləri qulaqardına vurma kimi hallar təkcə heyvanın xarakterindən qaynaqlanmır. Əksər hallarda bu cür arzuolunmaz davranışlar yanlış tərbiyə, lazımi qayğının göstərilməməsi, ətraf mühit amillərinin mənfi təsiri nəticəsində formalaşır. Səbəbləri doğru müəyyənləşdirmək problemin həlli üçün ilk vacib addımdır.Citypost.az xəbər verir ki, itlərdə aqressiya və itaətsizliyin birinci əsas səbəbi erkən yaşlardan başlayan sosiallaşma əskikliyidir. Küçüyün ilk aylardan fərqli insanlarla, digər heyvanlarla, dəyişik mühitlərlə tanış olmaması onda qorxu hissi yaradır. Müdafiə instinkti ilə hərəkət edən heyvan naməlum situasiyalarda özünü qorumaq üçün aqressiv...
14 Avqust 2026, 11:11
Xəzərdəki “əjdaha” – İnsanları udan gözəgörünməz haqda nə bilirik?
Xəzər dənizində insan tələfatı ilə nəticələnən boğulma hallarının sayı cəmiyyətdə ciddi narahatlıq yaradır. Demək olar ki, hər gün dənizdə gənc və orta yaşlı insanlar batır.Bəs Xəzər niyə bu qədər insanın həyatına son qoyur? İnsanların suda boğulmasının qarşısını almaq niyə mümkün olmur? Dənizdə boğularaq ölənləri sayı nə üçün kəskin artır? Xəzərdə boğulma hallarının əsas səbəbləri nələrdir və illərdir bu problemin qarşısını almaq niyə mümkün olmayıb?Citypost.az bildirir ki, globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, suda boğulma məsələsi, ilk növbədə, mədəniyyətimiz və təhsilimizlə bağlıdır:“Burada həm aidiyyəti dövlət qurumlarının, həm də valideynlərin məsuliyyəti var. Çünki hər şey ailədən başlayır. Valideynlərin bir çoxu özləri...
14 Avqust 2026, 10:00
Məktəbəqədər yaşda diqqət əskikliyi və onunla mübarizə yolları
Məktəbəqədər yaş dövrü uşaqların idrak proseslərinin, şəxsi keyfiyyətlərinin bünövrəsinin qoyulduğu mühüm mərhələdir. Bu yaş qrupundakı uşaqlarda diqqət əskikliyi və hiperaktivlik sindromunun ilk əlamətləri özünü daha qabarıq göstərməyə başlayır. Uşağın tapşırılan işi yarımçıq qoyması, diqqətini bir fəaliyyətə cəmləyə bilməməsi, həddindən artıq hərəkətlilik göstərməsi sadəcə ərköyünlük deyil, sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlı olan ciddi bir haldır. Vaxtında fərqinə varılmayan diqqət əskikliyi gələcəkdə məktəb uyğunlaşmasında, təhsil göstəricilərində kəskin geriləmələrə gətirib çıxarır.Citypost.az xəbər verir ki, məktəbəqədər yaşda bu problemin əsas əlamətlərinə oyunlar zamanı qaydalara əməl etməkdə çətinlik çəkmək, uzun müddət eyni yerdə otura bilməmək, verilən təlimatları axıradək dinləməmək daxildir. Uşaq öz əşyalarını tez-tez...
14 Avqust 2026, 09:06
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.CityPost.az xəbər verir ki, məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;İlqar İsmayılov...
13 Avqust 2026, 21:26
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib. Məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib."TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı...
13 Avqust 2026, 20:20