Ədəbiyyat və Onun Adamları - Afaq Məsud yazır
Söz adamı 13 Avqust 2026, 14:47
2511
Afaq MƏSUD
Yazıma seçdiyim bu qəribə başlıq, uzun illərdən bəri Ədəbiyyat və Onun Adamları ilə bağlı gəldiyim bir çox təsirli qənaətlərimdən alınan ümumi mənzərəni əks etdirir və söhbət, əlbəttə ki, öz sərhədləri, yazılmamış qayda və qanunları olan həqiqi Ədəbiyyatdan, Onun xüsusi növ Adamlarından gedir. Daha dəqiq desəm, «60-cılar» deyilən ədəbi nəsilə aid edilsə də, cəmiyyətin alt qatını Mirzə Fətəli Axundzadə gözü ilə görüb, Mirzə Cəlil yumoru ilə qələmə alan, dərin bədii tutumlu roman və pyeslər, müxtəlif azərbaycanlı tipləri və xarakterlərinin usta yazıçı məharəti ilə açıldığı təsirli povest, novella və hekayələr müəllifi Elçindən gedir.
Hələ 60-cı illərin ortalarından bina qonşumuz yazıçı İlyas Əfəndiyevin oğlu, illər ötdükcə, maraqlı hekayə və povestlər müəllifi kimi tanıdığım, sonrakı illər yaxın doğmalıq tarixi uzaq illərə gedib-çıxan Əli Vəliyev-İlyas Əfəndiyev tandemindən yaxın doğmalıq duyduğum Elçinlə bağlı ilk xatirəm, hələ orta məktəbdə oxuduğum uzaq 67-ci illərə - günün əksər saatlarını Hüsü Hacıyev 19 ünvanlı məşhur Yazıçılar Binasının həyətində keçən qayğısız tətil günlərimə gedib çıxır...
Hava qaralıb, gecə düşənə qədər qışqırışa-qışqırışa həyətin ortasında badminton oyunu oynamağımız... bizləri binanın orta blokunun ikinci mərtəbəsindəki açıq eyvanından qəribə azarkeş marağı ilə izləyən yeganə tamaşaçımızın - gənc Elçinin müşahidələrindən bir az da həvəslənib, oyuna var gücümüzlə girişməyimiz, valanı yerə salmamaqdan ötrü özümüzü, az qala, göyün yeddinci qatına ata-ata, «virtuoz zərbələr» nümayiş erdirməyimiz... oyunun ən kulminativ məqamları bu «qədirbilən izləyicimizin», müşahidəsini qəfildən yarımçıq kəsib, «lojasını» laqeyd soyuqqanlılıqla tərk etməsi və bu etinasız gedişdən hamımızın pərt olub, qol-qanadımız qırılmış halda evlərimizə dağılışmağımız... Nə iləsə Elçinin erkən yumoristik hekayələrini xatırladan bu vaqeləri sonrakı illər xatırladıqca, o dövrlər eyvana çıxmağının səbəbinin, oyunumuza tamaşa etmək yox, olsun ki, yazı prosesində ilişdiyi hansısa fikrin, ya cümlənin ardını qızğın oyunun havalı məchulluğunda axtaran yazıçının, bir növ «yaradıcı fasiləsi» olduğunu yeniyetmə ağlımızla dərk etməməyimizə gülməyim tuturdusa da, daha sonralar, hamının dağda, dərədə, dəniz sahillərində istirahət edib, əyləndiyi bürkülü yay axşamları heç hara getmədən, mənzilinin sakit küncünə çəkilib, rahatlığını yazılarında, bədii sözdə tapan bu gənc adamın usanmaz ədəbiyyat eşqinə dərin rəğbət və ehtiram duymağa başlamışdım.
Elçinin bu fitri ədəbiyyat bağlılığını, bədii sözə təmənnasız sadiqliyini sonrakı illər də, yüksək dövlət vəzifəsində olanda da, heç nə nə laxlada, nə də dəyişə bildi...
Zaman ötdükcə, yaşa dolub saçlarını ağartsa da, alnına qırış izləri düşüb, gözlərinin altına xəfif kölgələr düşsə də, üzü dəyişmədi, gözlərinin dərinliyində, hələ lap gənclik illərindən işaran “Amansız Həqiqətlər Uçurumu”nun xof dolu ağrıları silinmədi.
Heç nəyə uymadan, yönünü, istiqamətini dəyişmədən, xırdalanıb-əzilmədən, yorulub-usanmadan böyük Ədəbiyyata, Bədii Sözə xidmət etmək, yaza-yaza düşüncələrə təsir edib, şüurları oyatmağa, nələrisə dəyişməyə çalışmaq... Elçinin seçdiyi həyat yolu, onun amalı və yazıçı şücaəti bu idi.
***
Elçinlə bağlı daha bir işıqlı xatirəm bir qədər sonralara – mən ədəbiyyat aləminə təzə-təzə qədəm qoyduğum uzaq 80-ci illərə, yazıçı ailəsində doğulub böyüsəm də, daxili qayda-qanunlarından xəbərsiz olduğum yerli ədəbi mühitlə ilk tanışlıq dövrlərinə təsadüf edir...
...1986-cı ilin may ayı idi... Yazıçılar İttifaqının Filarmoniyanın dəyirmi salonunda keçirilən qurultayında mən də, gənc yazıçı qismində iştirak edirdim. Qurultayın gündəliyindəki son məsələ - yaxın aylarda Moskvada keçiriləcək Ümumittifaq Yazıçılar Birliyinin 8-ci qurultayına nümayəndə seçimi məqamı yetişəndə və milli ədəbiyyatımızı SSRİ yazıçılarının qurultayında təmsil edəcək nümayəndə heyətinin tərkibi, tanınmış, görkəmli adların yer aldığı mötəbər siyahı müzakirəyə çıxarılanda yerlərdən etiraz səsləri eşidilməyə başladı...
Nümayəndə heyətinə hər dəfə eyni «görkəmlilərin» salınmasına etiraz edənlərə, salonun qabaq cərgələrində oturan digər «görkəmlilər» də qatıldı. Onlar Moskva qurultaylarında dəfələrlə iştirak etmiş «görkəmlilərin», Rusiyanın mötəbər tədbirinə qatılmaq «səadəti» nəsib olmamış digər «görkəmlilərlə» əvəz edilməsi təklifini irəli sürür, digərləri, adı siyahıda olan bir Xalq yazıçısının o birisi ilə əvəz edilməsini tələb edir, yerlərdən yeni-yeni namizədlərin adları səsləndirilməyə başlayırdı. Söhbət uzandıqca, ara qarışır, məsələ, getdikcə böyüyüb, az qala əlbəyaxa savaş həddinə çatmaq üzrə idi ki, bütün bu vur-həşirə, o dövrlər Yazıçılar İttifaqının gənc katibi olaraq, rəyasət heyətində əyləşmiş Elçin son qoydu.
O, salonun təşviş dolu hay-küyünə uyuşmayan ehmal aramlıqla ayağa qalxıb, bir müddət təmkinlə zalın sakitləşməsini gözlədi, sonra necəsə, hamının aydın eşidə bildiyi asta səslə:
- Mən burada deyilənlərlə tam razıyam, - dedi. - Həqiqətən də, nədən Moskva qurultayında iştirak edəcək nümayəndə heyətinə eyni adlar salınmalıdır? Təklif edirəm, Moskvanın ötən qurultaylarında iştirak edənlər öz yerlərini, o qurultaylarda heç vaxt iştirak etməyənlərə versinlər!
Elçinin bu sözündən salona sakitlik çökdü.
- Mənə gəlincə, - deyə, üzünü orta cərgələrdə əyləşmiş mənə çevirdi, - mən öz yerimi bu salonda əyləşmiş gənc yazıçımız Afaq Məsuda verirəm! Qoy bu dəfə qurultaya o getsin və o biri ölkələrin yazıçıları da görsünlər, bizim necə gənc, istedadlı, üstəlik, yaraşıqlı yazıçımız var!
Salona çökən zindan ağırlığında sükut, Elçin sözünü bitirib yerinə əyləşəndən bir müddət sonra da davam etdi. Beşcə dəqiqə əvvəl zalı lərzəyə gətirən seçki qovğasının təlaşı yatsa da, «görkəmlilər ierarxiyası» qəbilindən olmayan bu əcaib təklifin, qurultay əhlinin ürəyinə yatmadığı açıq-aydın hiss olunmağa başladı, incik narazılıqlar dolu sükut dalğası salondan birbaş səhnəyə - gül səbətləri və projektor işığı ilə dolmuş rəyasət kürsüsünə də yayıldı...
Həmçinin oxuyun
...Mən qulaqlarıma inanmır, Elçinin bu ağılasığmaz təklifinin daşlaşmış qurultay ənənələrini yara biləcəyinə, bu qədər görkəmli, tanınmış yazıçı ordusu dura-dura, mənim kimi, iyirmi səkkiz yaşlı gənc yazarın belə bir mötəbər heyətə düşəcəyini ağlıma sığışdıra bilmir, dörd bir yandan üzümə dikilən, arxa cərgələrdən ox kimi kürəyimə batan narazı baxışlardan ürək döyüntülərimin sürətləndiyini hiss etsəm də, həyəcanımı gizləməyə, özümü ələ almağa çalışırdım...
...Bir neçə gündən sonra mən, mötəbər nümayəndə heyətinin tərkibində Moskvaya - qurultaya yollandım.
Unudulmaz Moskva günləri, kitablarını hələ lap uşaqlıq illərində, bəzilərini tələbəlik illərində oxuduğum Anatoliy Kim, Vasiliy Belov, Sergey Mixalkov, Nodar Dumbadze, Qrant Matevosyan və digər yazıçılarla görüşlərim arxada qalmış Bakı qurultayını unutdura bilmir, düşdüyüm yaradıcı mühit, getdikcə yerli qurultayın acı mənzərələrinin mənasını açmağa, Elçinin, iclasın gündəliyini laxladan “əlamətdar” təklifinin, sadəcə, insan, yaxud həmkar xeyirxahlığı yox, bizim ədəbi mühitin havasız darısqallığını, daşlaşmış “görkəmlilər” ənənələrini dağıtmaq, Yazıçılar İttifaqında və onun qurultayında çatışmayan nələrisə - olsun ki, ali “yazıçılıq statusu”nu, onun əlahiddə göstəricisi olan İnsan və Ədib nəcibliyini bərqərar etmək cəhdi olduğunu mənə anlatmağa başlayırdı...
***
Elçinlə bağlı bu sayaq təsirli xatirələrim az deyil. Həqiqi Ədəbiyyatı və Onun Adamlarını necəsə, «ən uzaq məsafələrdən» seçib dəyərləndirmək, ədəbi prosesi mütəmadi olaraq, usta yazıçı, eyni zamanda, peşəkar ədəbiyyatşünas məharəti ilə istiqamətləndirmək, azad düşüncəni sıxışdırmağa köklənmiş çərçivə və qadağaların dağıdılıb, qaranlıqlara aydınlıq gətirilməsinə hər zaman hazır olmaq... Və bütün bunlardan daha ağır və çətin olanla - həmin o çərçivələrdə yaşamaq məhkumluğu ilə, həm də, necəsə oralarda yaşamamaq...
Bu qəbildən olan digər xatirəm Elçinin 60 illik yubileyinə təsadüf edir...
Ən yaxın dostları və qohumları ilə yanaşı, o dövrlər yüksək dövlət vəzifələrində çalışan rəsmilərin iştirak etdiyi məclisin bir məqamı əlində badə, ayağa qalxıb, qəribə bir şövqlə bir anlığa susan Elçin üzünü qonaqlara tutaraq:
- Siz - bizim bu ailə süfrəmizin başına yığışanların hamısı mənə doğma və əziz adamlarsız. Amma xahişim edirəm, indi deyəcəyim sözdən heç kim inciməsin, - deyib, mənə baxdı. - Burada, bu məclisdə mənim elə bir dostum əyləşib ki, mənə hamıdan doğma və əzizdir. Bu, müstəsna bir dostluq, ilahi doğmalıqdır... Böyük ədəbiyyat doğmalığı...
Bu qəfil «bəyanatdan» məclisə yöndəmsiz sakitlik çökdüsə də, o, heç nəyə məhəl qoymadan, sanki sakitliyin yöndəmsizliyini duymada:
- Afaq mənim ədəbiyyat doğmamdır. Və bu səbəbdən, mənə hamıdan daha əziz və daha doğmadır... - deyə, sözünə kövrəlmiş halda davam etdi...
...Elçin danışır, mən onun, bu «ədəbiyyatsız» məclisdə duyduğu Böyük Ədəbiyyat Qəribliyini, Ədəbiyyatı və Onun Adamlarını bu dünyanın bütün təbəqələrinin və zümrələrinin fövqündə - ən yüksək və ali ucalıqlarda tutmaq istəyindən irəli gəldiyini anladıqca, ona, özümə, eləcə dünyanın bütün ədəbiyyat adamlarına görə gizli ağrılar dolu, izaholunmaz qürur duyurdum...
...Həmin axşamın sonrası - çıxış və sağlıqların həzin musiqilər və mahnılarla əvəz olunmağa başladığı həzin asudəlikdə də rahatlıq tapmayan Elçin süfrə başından ayağa qalxıb bizə (yoldaşımla mənə) yaxınlaşdı, yanımızda əyləşib, heç vaxt görmədiyim balaca, günahsız uşaq üzü ilə astadan:
- Qəribə işdir, hələ bu vaxtacan, heç bir yaşımın tamamında bu qədər qorxu hiss eləməmişdim, - dedi, sonra, sanki kiminsə eşidəcəyindən ehtiyat edəntək, ətrafına göz gəzdirib, bir az da astadan - ...bu 60 rəqəmində, elə bil nə isə var... qorxulu olan nə isə... - dedi və qəribə, çoxmənalı təbəssümlə gülümsündü.
Mən, həmin axşam Elçinə - onun “Zaman” deyilən insan dəyirmanından çox-çox uzaqlarda olduğunu, Azərbaycan dili və ədəbiyyatı yaşadıqca, şəxsiyyəti və əsərləri ilə əbədi olaraq, onun tarixində yaşayacağını demək istəmişdimsə də, sözlərimin yubiley şərəfinə deyilən bəlağət kimi qəbul ediləcəyindən ehtiyat edib susmuşdum. Amma düşünürəm, gərək susmayaydım. Ona, Ədəbiyyatın və Onun Adamlarının bütün zaman və məkan ərazilərinin, təqvim və tarixçələrin fövqündə dayandığını, həmin o yüksəkliklərdə yaş göstəricisinin, bədii tapıntı və kəşflərin, fikir və duyğuların miqyas və dərəcəsi ilə ölçüldüyünü, bu səbəbdən də, onun hansı yaşa dolduğunun dəqiq bilinmədiyini deyəydim...
...Və indi, artıq düz bir ildir ki, həmin o axşam ona deyə bilmədiklərimi ürəyimdə dönə-dönə təkrarlayır, bəzi sirli axşamlarla ha tərəflərdənsə əsən xəfif Ədəbiyyat küləklərinin qarşımda Elçin xiffəti ilə donub-dayandığı həzin sakitliklərə söyləyirəm... “Səni unutmamışıq, Elçin”, - deyirəm, - “və əslində də, səninlə bağlı unudula biləcək nə isə də yoxdur axı?! Bil ki, hər zaman bizimləsən, həyatın qədər sevdiyin, tapınıb-sığındığın öz Ədəbiyyat Ərazində, doğma adamlarının arasındasan...”
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uşaqlıq çiyindaşımın əbədiyyətə uzanan yolu
Bəzi insanlar həyatdan köçür, amma ömürdən köçmürlər. Bəzi adlar var ki, illər keçdikcə yaddaşın dərinliyinə çəkilsə də, orada daha möhkəm kök salır. Elə insanlar da var ki, uşaqlıq illərinin bir parçası olmaqdan çıxıb, insanın öz xatirəsinə, öz keçmişinə, öz ömrünün ayrılmaz səhifəsinə çevrilirlər.Mirdaməd Mirsadıq oğlu Sadıqov da mənim üçün belə insanlardan idi.O, bu dünyadan gedəli beş il keçir. Beş il... Təqvim üçün bəlkə də sadəcə bir rəqəmdir. Amma dost itkisini yaşayan insan üçün beş il bəzən beş gün qədər yaxın, bəzən də bütöv bir ömür qədər uzaq görünür. Çünki zaman bəzi ayrılıqları sağaltmır. Əksinə, insanın qəlbində həmin adamın yerini daha...
08 Sentyabr 2026, 11:07
Daşlara zikr edirəm - Aida Eyvazlı yazır
“Mən dünyanı addım-addım dolanmışam,Sabiriyyə, Yaqutiyyə çöllərində izim qalıb...Neçə-neçə daş kitabə yazılarda sözüm qalıb, səsim qalıb...”...Bu sətirlər mənim öz şerimdəndir. Və indi əbəs yerə xatırlamadım. Hələ çoxları kitab yaza bilməyəndə, kitab görməyəndə, sonralar isə kitabın guya “göydən endiyini “- deyəndə bizim babalarımız İltəriş Xaqan, sonra Bilgə Xaqan, Kül Təkin, Tonyukuk Xaqan daş kitabələrə tarix yazdırdılar, türkün və dünyanın yaranışının salnaməsini yazdırdılar. Özləri yox, saraylarında xəttat Yaqbu bəy var idi. Daşlara yazıları o yazırdı...Əgər biz bu gün öz elmimizi, axtarışlarımızı yalnız o yazılı kitabə daşlara yönəltsək, hər sətrin alt mənasından 7 qat taparıq. O yazılar insanlığın həyat konstitusiyası, dövləti yönətmənin qanun kitabıdır.Bəs o...
08 Sentyabr 2026, 11:04
Çiçəklər də ağladı - Əli Yusifin ŞEİRİ
Gəldim...əlimdə bir dəstə çiçək,səni gözlədimo köhnə yerdə...Sən yox idin.Çiçəklərə baxdım,boyunları bükülmüşdü,susmuşdular...sənin yoxluğunaağı deyirdilər.Bir ləçək düşdü əlimə,sanki göz yaşı idi...Çiçək də ağladı,mən də...Gözlərim yollarda qaldı,sən gəlmədin...taleyin yazılmayanbir səhifəsiymiş bu ayrılıq.Mən isəəlimdə çiçəklətək qaldım...sən gəlmədin,çiçəklər soldu,gözlərimdəsənin həsrətin qaldı.04.09.2026-cı il
05 Sentyabr 2026, 14:55
Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam - İlahə Səfərzadənin köşəsi
Yenidən dünyaya gəlsəm, özümü hansı xüsusiyyətlərimdən tanıyardım? Bəlkə, keçmiş zamanlarda heç kimin fərqində olmadığı insanıydım? Bəlkə, sahildə tək gəzən hansısa qəmli adamın ahəstə hərəkətlə yerdən götürüb sonra əsəblə dənizə atdığı daşıydım? Ya da ola bilsin, uşaqların budaqlarına yelləncək qurub əyləndiyi ağac idim. Nə qəribədir, bir “mən”imiz olduğunu sanaraq özümüzü başqalarının bizi aldatdığından daha ustaca inandırırıq. Halbuki, təkcə film və roman xarakterlərinin gerçək bir kimliyi var. Çünki onlar yüz illər keçsə də eyni ruh və bədəndə qalacaqlar. Nə həyatdan getmirlər, nə də əziyyət çəkib yenidən gəlmirlər. Əbədi yaşam yerləri insanların şüurlarıdır. Təkcə onlar heç yerə tələsmir və sakitcə öz həyatlarını yaşayır. İnsanlarsa…“Mən...
04 Sentyabr 2026, 18:20
Tənhalığa yolçuluq - Süleyman Abdullanın şeiri
TƏNHALIĞA YOLÇULUĞUN ŞEİRİDəlilərə yol verməklə, axmaqları yola verməklə keçdi ömrümüz.Əl tutduğumuz əlimizi qopardı,əl verdiyimiz barmağımızı...Ələ saldılar mərhəmətimizdən yararlanıb,Oysa ki, avamlıq sayırlarmış biz səxavət bildiyimizi...Xainlərin işidir adam ələ vermək - dedik, -amma,ələ verdilər bizi bəhrələnib mərdliyimizdən....Dəli ol el dərdini çəksin... məsəli bizə aid deyil, dostum,biz ağlımız itənəcən ağıllı olmaq məcburiyyətindəyik...Ətraf hər cür adamla dolu,bunun gici var, bici var, kələkbazı var, fələkbazı var...Canisi, fanisi...Cəfakeşi,səfakeşi var...Şir kimi kükrəyən tülküsü,it kimi hürən çaqqalı var.Birinin aşağı tüpürməyə bığı, digərinin yuxarı tüpürməyə saqqalı var.Adam danlayan ahılı,nadanlığını çətin anlayan cahılı var...Üzünə salıb üzə duranı bir başqa dərd,düzü düzdə qoymaq üçün cürbəcür hiylə quranı bir başqa...Sözü ayda, gözü çayda olanlara bax,dillərindən əməllərinə sonsuzluqdur məsafələr.Dünyanın ən gözəl yeridir tənhalıq,qapılmaq öz içinə, çəkilmək...
04 Sentyabr 2026, 18:18
Əbdürrəhim bəy Haqverdiyevin bilinməyən diplomatik fəaliyyəti
Bir çox adam Əbdürrəhim bəy Haqverdiyevi yazıçı , dramaturq kimi tanıyır.Amma Əbdürrəhim bəy , Azərbaycan Cümhuriyyəti dövründə , Cümhuriyyətin Ararat Respublikasında diplomatik səfirimiz olub.Haqverdiyevin İrəvan quberniyası və Qars vilayətində türk müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırım faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına , xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında , qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli işlər görmüşdür.O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Əbdürrəhim bəy Haqverdiyecin imzası ilə arxivlərdə saxlanılır.Tarixçi alim, Nazim Mustafa....
04 Sentyabr 2026, 18:16