"Qaçaq Süleyman" romanı tarixi- bədii nəsrimizin dəyərli nümunəsi kimi
Söz adamı 08 Avqust 2026, 10:36
96213
"Qəlbində keçmişinin tarixini saxlamayan nə insan, nə də ki alim deyil.
Kim ki, özündə keçmişinin tarixini saxlayır, ol şəxs öz ömrünə illər əlavə edir".
Şihabəddin Məhəmməd ən - Nəsəvi
Tanınmışn yazıçı Vaqif Rüstəmovun "Qaçaq Süleyman" romanı Azərbaycan tarixi-bədii nəsrinin maraqlı nümunələrindən biridir. Əsərdə Qarabağın qədim yurdlarından olan Cəbrayıl qəzasında, onun Daşkəsən kəndində və ətraf kəndlərdə baş vermiş hadisələr fonunda xalq qəhrəmanı Qaçaq Süleymanın həyat yolu, mübarizəsi və yüksək mənəvi keyfiyyətləri bədii dillə təsvir olunur. Müəllif tarixi hadisələri bədii təxəyyüllə birləşdirərək oxucunu XIX əsrin sonu – XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi mühitinə aparır.
Romanın əsas mövzusu xalqın azadlıq uğrunda mübarizəsi, vətənə sədaqət, ədalətin bərpası və milli-mənəvi dəyərlərin qorunmasıdır. Əsərdə çar hakimiyyətinin təzyiqləri, yerli məmurların özbaşınalığı, quldur dəstələrinin hücumları və xalqın üzləşdiyi çətinliklər fonunda Qaçaq Süleymanın mübarizə yolu təsvir edilir.
Romanın baş qəhrəmanı 1872–1917-ci illərdə yaşamış Qaçaq Süleymandır. O, cəsur, mərd, sözünün sahibi, ədalətli və vətənpərvər bir el oğludur. Şəxsi mənafeyini heç vaxt xalqın maraqlarından üstün tutmur. Zəiflərin müdafiəsinə qalxır, zülmkarlarla mübarizə aparır, doğma torpağını və elini qorumağı özünə müqəddəs borc hesab edir. Onun cəsarəti, dürüstlüyü və fədakarlığı sayəsində xalq arasında böyük nüfuz qazanması əsərin əsas xəttini təşkil edir.
Roman boyunca oxucu Qaçaq Süleymanın həyatının müxtəlif mərhələləri ilə tanış olur. Dövrün ağır ictimai-siyasi şəraiti onu silahlı mübarizəyə sövq edir. O, silahdaşları ilə birlikdə kəndləri quldur hücumlarından qoruyur, haqsızlığa qarşı mübarizə aparır və sadə insanların haqqını müdafiə edir. Müəllif göstərir ki, xalqın gücü onun birliyində və ədalətə inamındadır.
Əsərdə Qaçaq Süleymanın silahdaşları, o cümlədən Xanalı obrazı sədaqətin, dostluğun və mərdliyin rəmzidir. Onlar çətin günlərdə baş qəhrəmanı-Qaçaq Süleymanı tək qoymur, xalqın təhlükəsizliyi uğrunda həyatlarını riskə atırlar. Müəllif bu obrazlar vasitəsilə birlik və həmrəyliyin böyük güc olduğunu nümayiş etdirir.
Kənd ağsaqqallarından Kərbəlayı Behbud, Kərbəlayı Cavad, Məşədi Cəfər, Məşədi Yusif ağa, Rüstəm ağa, Xanlar ağa, Ağalar kişi, Alı bəy, Mirzə Mehdi, Mərcanlı elindən Hacı Fərhad ağa romanın müdriklik simalarıdırlar. Onlar öz həyat təcrübələri ilə gənclərə yol göstərir, xalqın birliyini qorumağa çalışır, mühüm məsələlərdə ağıllı məsləhətlər verirlər. Bu obrazlar milli adət-ənənələrin və mənəvi dəyərlərin yaşadılmasının vacibliyini nümayiş etdirir.
Misir obrazı mərd, vətənpərvər gənclərin ümumiləşdirilmiş obrazıdır. O, ata- babalarının keçdiyi tarixi qəhrəmanlıq yolunu uğurla davam etdirir. Gənc nəslin genetik yaddaşa bağlılığını, sədaqətini nümayiş etdirir. Bütün bunlar Qaçaq Süleymanın da diqqətini cəlb edir.
Sadə kənd sakinləri zəhmətkeş, torpağa bağlı və vətənini sevən insanlar kimi təqdim olunur. Onlar bütün çətinliklərə baxmayaraq doğma yurdlarını tərk etmir, birlik nümayiş etdirərək ağır sınaqlardan çıxmağa çalışırlar. Müəllif bu obrazlarla xalqın dözümlülüyünü, əzmkarlığını və Vətən sevgisini ön plana çəkir. Bu obrazlar içərisində Çoban Musa daha çox diqqəti cəlb edir.
Qadın obrazları ailənin dayağı, sədaqətin, mərhəmətin və mənəvi gücün təcəssümüdür. Onlar ailələrini qoruyur, övladlarını vətənpərvərlik ruhunda böyüdür, çətin günlərdə həyat yoldaşlarına mənəvi dəstək olurlar. Müəllif qadınların cəmiyyətin mənəvi həyatındakı mühüm rolunu xüsusi vurğulayır.
Romanın mənfi obrazları quldur Şirxan, tülkü Zəki başda olmaqla zülmü, haqsızlığı və özbaşınalığı təmsil edirlər. Onların əməlləri xalqın həyatını ağırlaşdırır, lakin əsərin inkişafı göstərir ki, haqsızlıq və zorakılıq heç vaxt qalıcı olmur. Müəllif bu qarşıdurma vasitəsilə ədalətin və xeyirin sonda qalib gəldiyi fikrini ifadə edir.
Əsərdə erməni quldurları Nerses və Sokrat milli nifrəti və düşmənçiliyi təbliğ edən, zorakılığa əl atan şəxslər kimi təqdim olunur. Onların dinc əhaliyə qarşı törətdikləri cinayətlər və təxribatlar xalqlar arasında ədavətin qızışdırılmasına xidmət edən hərəkətlər kimi təsvir edilir. Müəllif bu obrazlar vasitəsilə zorakılığın və nifrət ideologiyasının ağır nəticələrini göstərir, müharibənin insanların taleyində açdığı sağalmaz yaraları bədii şəkildə canlandırır.
Əsərdə xalq bütöv bir obraz kimi təqdim olunur. Xalq təkcə hadisələrin müşahidəçisi deyil, həm də onların fəal iştirakçısıdır. Qaçaq Süleymana olan inam və dəstək, el-obanın birliyi və milli həmrəylik romanın əsas ideyasının formalaşmasında mühüm rol oynayır.
"Qaçaq Süleyman" romanında Heydər dağı bir məkan olmaqla yanaşı, canlı obraz funksiyası daşıyır. Yazıçı təbiəti insan taleyi ilə vəhdətdə təsvir edərək Heydər dağını hadisələrin səssiz şahidi, qəhrəmanların etibarlı dayağı və mübarizə əzminin rəmzi kimi təqdim edir. Dağın əzəməti, sarsılmazlığı və təbiiliyi Qaçaq Süleymanın xarakteri ilə səsləşir, onun iradəsini, azadlıq eşqini və yurda bağlılığını tamamlayır. Çətin anlarda qəhrəmanlara sığınacaq olan Heydər dağı sanki onların sevincini və kədərini bölüşür, xalqın yaddaşını və tarixi keçmişini öz qoynunda yaşadır.
Bu səbəbdən Heydər dağı romanda yalnız coğrafi ad deyil, müəllifin vətən sevgisini, milli ruhu və azadlıq ideallarını ifadə edən bədii obrazdır. Onun əsərdəki funksiyası hadisələrin təsvirini daha təsirli etmək, təbiətlə insanın ayrılmaz bağlılığını göstərmək və əsərin ideya-bədii məzmununu dərinləşdirməkdir.
Həmçinin oxuyun
Romanda azyaşlı İsbəndiyarın şəxsində gələcək nəsillərə olan diqqət və qayğının bariz nümunəsini görürük. Bu uşaq gördüklərindən ibrət dərsi alır, mətin, qorxmaz, yurda bağlı bir övlad kimi böyüyür.
Əsərdə günah işlətmiş insanların bağışlanması səhnələri də diqqətçəkəndir. İnsan əgər öz səhvini başa düşürsə, onu bağışlamaq olar. Bağışlanma anı da müqəddəs inanc yerində, Qara Molla pirində cərəyan edir. Tövbə edən bağışlanar, amma tövbəsini pozana el arasında aman olmaz.
Romanın diqqətçəkən xüsusiyyətlərindən biri Qarabağın təbiətinin, kənd həyatının və milli adət-ənənələrin canlı təsviridir. Dağlar, bulaqlar, çaylar, yaylaqlar və kənd həyatı böyük məhəbbətlə qələmə alınmışdır. Bu təsvirlər əsərin bədii təsir gücünü artırmaqla yanaşı, oxucuda doğma torpağa bağlılıq hissini də gücləndirir.
Əsərin diqqətçəkən məqamlarından biri də Cəbrayıl qəzasının qədim yaşayış məskənlərinin adlarının romanda yaşadılmasıdır. Müəllif Mərcanlı, Maralyan, Horovlu, Quycaq, Şəybəy, Papı, Əfəndilər və digər kəndlərin adlarını çəkərək həmin bölgənin tarixinə, coğrafiyasına, toponimlərinə, el-obanın yaddaşına və milli varlığına işıq salır. Bu adlar yalnız coğrafi məkan anlamında deyil, əsrlər boyu burada yaşamış insanların həyatını, zəhmətini, adət-ənənələrini və yurd sevgisini özündə yaşadan mənəvi dəyərlər kimi təqdim olunur.
Qanlı dərə, Qara Molla piri, Horovlu gədiyi, Heydər dağı, Gəyən təpələri, İncirlik, Kültəpə, Aydolanmaz meydanı, Teştək düzü, Quycaq yatağı... kimi toponimlərin əsərdə yer alması müəllifin doğma yurdun tarixi məkanlarına bağlılığını nümayiş etdirir. Bu yer adları hadisələri konkret məkana bağlamaqla yanaşı, əsərə milli kolorit, tarixi yaddaş və inandırıcılıq qazandırır. Toponimlər oxucunu Cəbrayılın təbii mənzərəsi və qədim yaşayış məkanları ilə yaxından tanış edir, yurd sevgisini və doğma torpağa bağlılıq hissini daha da gücləndirir. Bu baxımdan, həmin coğrafi adlar əsərin bədii-estetik dəyərini artıran mühüm amillərdən biri kimi çıxış edir.
Bu baxımdan "Qaçaq Süleyman" romanı təkcə bir qəhrəmanın həyat yolunu əks etdirən əsər deyil, həm də Cəbrayıl bölgəsinin tarixi yaddaşını, qədim yaşayış məskənlərini və xalqımızın yurda bağlılığını gələcək nəsillərə çatdıran qiymətli bədii salnamə təsiri bağışlayır.
Müəllif sadə və axıcı dildən istifadə etmiş, xalq danışıq dili, atalar sözləri və folklor nümunələrini məharətlə əsərə daxil etmişdir. Tarixi faktlarla bədii təxəyyülün vəhdəti romanın həm tarixi, həm də ədəbi dəyərini artırır.
Yazıçının diqqətəlayiq sənətkarlıq xüsusiyyətlərindən biri yaratdığı obrazlara münasibətində özünü göstərir. O, roman boyu formalaşdırdığı əsas və köməkçi obrazların heç birini süni şəkildə süjetdən çıxarmır və ya faciəvi sonluqla qarşılaşdırmır. Əksinə, müəllifin humanist dünyagörüşü obrazların taleyində aydın hiss olunur. O, hətta ən qatı cinayətkarı, qulduru və oğrunu belə yalnız törətdiyi əməllərə görə mühakimə etmir, insanın islah olunacağına, peşmanlıq hissi keçirərək doğru yola qayıda biləcəyinə inanır. Buna görə də həmin obrazları cəzalandırmaqdan daha çox, onları islah etməyə, cəmiyyətə və normal həyata qaytarmağa çalışır.
Belə bir yanaşma müəllifin insana olan inamını, mərhəmət və bağışlama kimi ali mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir. Nəticədə roman oxucuda həyatın davamlılığına, insanın dəyişmək və yenidən doğru yolu seçmək imkanına inam yaradır, əsərin ideya-bədii dəyərini daha da yüksəldir.
"Qaçaq Süleyman" romanının əsas ideyası vətənə sədaqət, ədalət uğrunda mübarizə, xalq birliyi, milli-mənəvi dəyərlərin qorunması və tarixi yaddaşın yaşadılmasıdır. Əsər oxucuya aşılayır ki, xalqına sədaqətlə xidmət edən, haqq və ədalət yolunda mübarizə aparan insanlar zaman keçsə də unudulmur, onların adı xalqın yaddaşında əbədi yaşayır. Bu baxımdan "Qaçaq Süleyman" romanı Azərbaycan ədəbiyyatında vətənpərvərlik ruhunu, milli kimliyi və tarixi yaddaşı yaşadan qiymətli tarixi-bədii əsərlərdən biri kimi dəyərləndirilir.
İnanıram ki, "Qaçaq Süleyman" romanı öz tarixi-bədii əhəmiyyəti ilə ədəbi tənqidçilərin və ədəbiyyatşünas alimlərin diqqətini cəlb edəcək, geniş elmi araşdırmaların mövzusuna çevriləcəkdir. Əsər haqqında hazırlanacaq təhlil və xülasə məlumatların gələcəkdə dərsliklərdə, dərs vəsaitlərində və elmi nəşrlərdə öz əksini tapması ədəbiyyatımız üçün mühüm hadisə ola bilər.
Eyni zamanda, romanın zəngin süjet xətti, tarixi hadisələri, qəhrəmanlıq motivləri və milli-mənəvi dəyərləri özündə əks etdirməsi onun ekranlaşdırılması üçün də geniş imkanlar yaradır. "Qaçaq Süleyman" romanı əsasında bədii filmin çəkilməsi Azərbaycan kinosu üçün dəyərli bir layihə, xalqımızın tarixi yaddaşının və qəhrəmanlıq ənənələrinin daha geniş auditoriyaya çatdırılması baxımından təqdirəlayiq addım olardı. Belə bir ekran əsəri həm tarixi həqiqətlərin təbliğinə, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verə bilər.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzən sözün dəyərinin, ədəbiyyatın nüfuzunun lazımi səviyyədə qorunmadığının şahidi oluruq. Ədəbi meyarları, sənət məsuliyyətini və sözə olan ehtiramı arxa plana keçirən, dərin məzmundan uzaq olan yazılar ədəbiyyat adı altında təqdim edilir. Bu cür yanaşmalar söz sənətinin nüfuzuna xələl gətirir.
Əsl ədəbiyyat isə həyat həqiqətini, insan duyğularını, milli-mənəvi dəyərləri və tarixi yaddaşı özündə əks etdirən böyük söz sənətidir. Bu baxımdan "Qaçaq Süleyman" romanı sözün məsuliyyətini, tarixi mövzunun bədii ifadə gücünü və ədəbiyyatın cəmiyyət qarşısındakı missiyasını bir daha xatırladır.
HİDAYƏT SƏFƏRLİ
Şair-publisist, AJB-nin üzvü, Qabaqcıl Təhsil İşçisi
28.07.2026.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nə bilsin külək... Şəhriyar Del Gerani
Kirli köynəyimi yumuşdu anam,Külək bulamışdı... Nə bilsin külək?!Mənsə hirslənmişdim anama onda,Anam ağlamışdı... Nə bilsin külək?!Bir gün dalaşmışdım qonşu uşaqla,Üstəlik anasın söymüşdüm onun,Oysa hikkəsindən bir yekə torbaYarpağ tıxamışdı buxarımıza.Sobamız yanmadı fevral gecəsiÇayım soyuq oldu, atamız qrip.Mən dedim “küləyin işidi yəqin”Anam da inandı... Nə bilsin anam”Yiyəsi ölsün bu küləyin” – dedi.O vaxtdan yiyəsiz qalıb küləklər,Bu yetim küləklər nə bilsin axı...Sən üşüməyəli ikinci qışdı,Ay allah kəs görüm bu nə yağışdı?!Yığışdım özümə, elə yığışdım.Para buğdasına söykənib yatanQarışqa misali elə yorğunam...Soruşma neçənci qərib soyuğun,Neçənci dostumun uzaqlığıyam.Həminki qayğıdı bu tifil qayğıKipriyimə qədər yorğunam anam...Bir pişiyim də yox qucağlayası,Qucağım sinəmdə bayquş yuvası,Barı dost da ölmür yas saxlayasan,Hamı...
22 Sentyabr 2026, 11:54
Simran Həsənovun bir kitaba sığmayan ömrü
Tanınmış hüquqşünas alim, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Simran Həsənovun 70 yaşı tamam olur.“Reyting.az” xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Qəfil payızın ovqatı" kitabı Simran müəllimin zəngin həyat yolundan bəhs edir.Kitabda S. Həsənovun müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında Simran Seyfəddinoğlu imzası ilə dərc etdirdiyi bədii yazıları da yer alıb.Görkəmli alim və ictimai xadim Simran Həsənov 1956-cı ilin sentyabrında İsmayıllı rayonunda, özünün də qeyd etdiyi kimi, gözəllikdə dünyada bənzəri olmayan Buynuz kəndində doğulub. BDU-nun hüquq fakültəsində ali təhsil alıb. Uzun illər yüksək vəzifələrdə çalışıb. İndi "Azərbaycan" adlanan, sovet dövründə...
21 Sentyabr 2026, 15:26
Başqasının uğuru niyə bizi narahat edir?
Bəzən bir insanın uğur qazandığını eşidəndə sevincimizdən əvvəl içimizdə qəribə bir sükut yaranır. “Nə yaxşı, halal olsun” deyirik, amma həmin sözlərin arxasında başqa bir fikir də gizlənir: “Niyə o, mən yox?” Əslində insanı narahat edən çox vaxt başqasının qazandığı deyil, həmin uğurun onun öz həyatındakı çatışmazlıqları xatırlatmasıdır.İnsan özünü başqası ilə müqayisə etməyə başlayanda uğurun mənası da dəyişir. Əvvəllər məqsədinə çatmaq kifayət edirdisə, indi başqasının harada dayandığı əsas ölçüyə çevrilir. Dostunun evi böyüyür, tanışının işi yaxşı gedir, həmyaşıdının kitabı çap olunur, bir başqası xaricdə təhsil alır. Hər yeni xəbər insana öz həyatını yenidən hesablamaq üçün səbəb verir. Beləcə, başqasının uğuru onun...
17 Sentyabr 2026, 13:25
Allaha sual... Dayandur Sevgin
Burnumun ucunda ö*lüm qoxusu,Olan günahımı yuya bilmirəm.Canımda yurd salıb bəndə qorxusu,Mən sənin qorxunu duya bilmirəm.Mən insandan qorxum,ya səndən Allah?Nə var ki, salmağa, mərdi kəməndə,Ədalətin gözü yuxuludursa.Allahın kölgəsi sayılan bəndə,Allahın özündən qorxuludursa,Mən insandan qorxum,ya səndən Allah?Daşı doğrayırsa tamahın dişi,Bəndənin gözündə dünya zərdisə.Əllidə baş k*əsib q*an tökən kişi,Yetmişdə əməli peyğəmbərdisə,Mən insandan qorxum,ya səndən Allah?Qəlbimdə qalıbsa quruca adın,Bəndənin qorxusu mənə dağdısa.E*dam otağından çıxan cəlladın,Əlləri qırmızı, üzü ağdısa,Mən insandan qorxum,ya səndən Allah?Qulağın almırsa atılan topu,Xayalın başında boş fırlanırsa.Sənin hökmün ilə açılan qapı,Bəndənin əliylə qıfıllanırsa,Mən insandan qorxum,ya səndən Allah?Allahın qorxusu, insan qoxusu,Yüz qara qorxular bir ağa düşüb.İnsan cilidində şeytan qorxusu,Allah qorxusundan qabağa düşüb,Yolumu gözləyən dar...
17 Sentyabr 2026, 11:06
BİRCƏ SƏN QALIBSAN, BİR DƏ EŞQ QALIB - Vasif Süleyman
Dünyanın o başı nə yaxın imiş,Gözlərə görünür sonlar, İlahi!Arxada xatirə, öndə ölüm var,Heç nəyə yaramır yanlar, İlahi!Qaytaraq nə varsa yerindir, yerə,Gah göyə qarışır, gah da sirr, yerə.Eşqdən yananları topla bir yerə,Onlar bir-birini anlar, İlahi!Hamı gedəridi, indi seç, qalıb,Nələr ödənməli, birə-beş qalıb...Bircə sən qalıbsan, bir də EŞQ qalıb,Getdi nə paşalar, xanlar, İlahi!
16 Sentyabr 2026, 14:16
Səfər Alışarlı: “Çingiz Əlioğlu ədəbi aləmdə inandığım şairlərdəndi”
Görkəmli şair Çingiz Əlioğlu ötən ay bizi tərk etdi. Aeroportda eşitdim bu acı xəbəri, dəfnində iştirak edə bilmədim.Citypost.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Səfər Alışarlı yazıb.Yazıçı bildirib ki,Çingiz Əlioğlu ədəbi aləmdə inandığım, sevdiyim və həmişə xoş ovqatla xatırladığım az saylı şairlərdəndir. Onunla təsadüfən rastlaşanda özümdən asılı olmadan əhvalım yüksəlirdi: qarşımda sözün qədrini bilən, yaxşını pisdən ustalıqla seçməyi, öz taleyini yaşamağı bacaran, bəsirətli və son dərəcə nikbin bir insanın, Azərbaycan şairinin durduğunu hiss edirdim. Onun ədəbiyyat haqqında fikir və mülahizələri adama ləzzət verirdi. Mühitimizdə Çingiz istedadı, böyük mütaliəsi və zəngin ədəbi təcrübəsilə seçilirdi. Onun bütün həyatı ədəbiyyata, kitaba, sözə həsr...
15 Sentyabr 2026, 09:18