Bizə yazın

Baku

-°C

USD

-

"AZADLIQ və ANARXİYA"  

Cəmiyyət 15 Avqust 2026, 21:29

521

İnsanın ən təhlükəli parçalanması güzgüdə görünmür. İnsan bəzən zahirən tamamilə normal həyat yaşayır: işləyir, gülür, danışır, ailə qurur, sosial şəbəkələrdə xoşbəxt şəkillər paylaşır, özünü azad və müstəqil hesab edir. Lakin bütün bunların arxasında daha dərin bir sual gizlənir: insan həqiqətən öz həyatını yaşayır, yoxsa ona yaşamalı olduğu həyatın rolunu oynayır? Bəzən insanın daxilində bir-birinə zidd iki ayrı istiqamət yaranır. Bir tərəfi sevgi, ailə, sədaqət və mənəvi bağlılıq istəyir, digər tərəfi isə heç kimə borclu olmadığını, heç kim üçün dəyişməməli olduğunu, həyatın yalnız şəxsi arzular üzərində qurulmalı olduğunu söyləyir. Bir tərəf ailə istəyir, digər tərəf ailəni azadlığın qarşısında maneə kimi görür. Bir tərəf övlad arzulayır, digər tərəf valideynliyi məsuliyyət kimi qəbul edir. Bir tərəf sədaqət gözləyir, digər tərəf sədaqəti köhnəlmiş anlayış hesab edir. İnsan belə ziddiyyətləri uzun müddət daxilində daşıdıqda problem artıq onun ətrafında deyil, öz daxilində başlayır. Çünki insan yalnız istəklərdən ibarət deyil. İnsan həm də dəyərlərdən, məsuliyyətdən, vicdandan, yaddaşdan və mənadan ibarətdir. İnsanın faciəsi çox vaxt arzularının qarşısının alınmasında deyil, nə istədiyini və nə üçün istədiyini bilməməsində başlayır. Müasir dünyanın ən çox işlədilən sözlərindən biri “azadlıq”dır. İnsanlar azad olmaq istəyirlər. Bu təbii və haqq edilən istəkdir. Lakin burada çox mühüm bir sual yaranır: azadlıq nədir? İnsan hər istədiyini edə bildiyi üçün azaddırmı?, Yoxsa insan öz istəklərinin köləsi olmadığı zaman həqiqətən azad olur? Filosoflar bu sualı əsrlərdir müzakirə edirlər. Platon insanın daxilində ağıl, iradə və ehtiras arasında gedən mübarizədən danışırdı. Aristotel isə yaxşı həyatın təsadüfi arzuların arxasınca qaçmaqla deyil, insanın özündə fəzilət və ölçü yaratması ilə mümkün olduğunu düşünürdü. Bu baxımdan qədim fəlsəfə ilə müasir psixologiyanın müəyyən bir nöqtədə görüşdüyünü görmək mümkündür: insan öz daxilində nizam yaratmadan xaricdə həqiqi azadlıq tapa bilməz. Çünki azadlıq məsuliyyətsizlik demək deyil. Fərdilik eqoizm deyil. Özünüifadə ailə və cəmiyyət qarşısında bütün öhdəliklərin inkarı anlamına gəlmir. Əgər “mən azadam” ifadəsi “mən heç kim qarşısında məsuliyyət daşımıram” mənasına gəlirsə, burada artıq azadlıqdan yox, fərdiyyətçiliyin ifrat formasından danışmaq lazımdır. Maraqlıdır ki, insan bu gün tarixdə heç vaxt olmadığı qədər çox seçim imkanına malikdir. Amma seçimlərin artması insanın daxilən daha azad olması demək deyil. Əksinə, seçim bolluğu bəzən insanı daha çox narahat edir. İnsan öz həyatını başqalarının həyatı ilə müqayisə etməyə başlayır. Sosial şəbəkələr ona daim başqa həyatların görüntüsünü göstərir. Başqasının evi, ailəsi, geyimi, səyahəti, münasibəti, uğuru, gözəlliyi və həyat tərzi insanın öz həyatına münasibətini dəyişir. İnsan artıq öz həyatını yaşamaqdan çox, onu başqalarının həyatları ilə müqayisə etməyə başlayır.

Əvvəllər insan qonşusunun nə düşündüyündən narahat olurdu. İndi isə minlərlə tanımadığı insanın onun haqqında nə düşünəcəyindən narahat olur. Əvvəllər insan cəmiyyətin təzyiqi altında yaşayırdı. İndi isə bəzən sosial medianın görünməz təzyiqi altında yaşayır. Əvvəllər insan “nə deyərlər?” sualından qorxurdu. İndi isə “məni neçə nəfər bəyənəcək?” sualı eyni psixoloji mexanizmin yeni formasına çevrilib. Bu baxımdan müasir insanın ən böyük problemlərindən biri öz şəxsiyyətini xaricdən qurmağa başlamasıdır. O, “mən kiməm?” sualına cavab vermək əvəzinə “mən necə görünürəm?”, “mənim haqqımda nə düşünürlər?”, “mən nə qədər bəyənilirəm?” suallarının arxasınca gedir. Belə olduqda insanın daxili şəxsiyyəti ilə cəmiyyətə göstərdiyi obraz arasında məsafə yaranır. İnsan xoşbəxt görünür, amma xoşbəxt olmaya bilər. Güclü görünür, amma daxilən kövrək ola bilər. Heç kimə ehtiyacı olmadığını söyləyir, amma tək qalmaqdan qorxa bilər. Özünü tamamilə müstəqil göstərir, amma başqalarının təsdiqinə ciddi ehtiyac duya bilər. Karl Yunqun psixologiyaya gətirdiyi “kölgə” anlayışı da insanın özündə qəbul etmək istəmədiyi tərəflərin mövcudluğuna diqqət çəkir. İnsan özünü müəyyən bir obrazda görmək istəyir, lakin daxilində həmin obrazla uyğunlaşmayan hisslər, qorxular, ehtiraslar və ziddiyyətlər daşıya bilər. Lakin burada mühüm bir fərqi qorumaq lazımdır: insanın daxilində ziddiyyətlərin olması avtomatik olaraq psixi xəstəlik demək deyil. İnsan olmaq müəyyən mənada ziddiyyətli olmaqdır. Əsas məsələ həmin ziddiyyətləri şüurlu şəkildə idarə edə bilmək, özünü tanımaq və daxili bütövlüyü qorumaqdır. Bu məsələ qadın və kişi münasibətlərinə gəldikdə daha da həssas xarakter alır. Çünki müasir dünyada qadının azadlığı ilə qadının ailədən uzaqlaşdırılması, qadının hüquqları ilə ailə məsuliyyətinin qarşı-qarşıya qoyulması kimi yanlış təsəvvürlər getdikcə daha çox yayılır. Halbuki savadlı olmaq, işləmək, alim olmaq, rəhbər olmaq, öz hüquqlarını bilmək və fikrini sərbəst ifadə etmək qadının ailəyə qarşı olması demək deyil. Əksinə, düşünən, savadlı, öz hüquq və məsuliyyətlərini anlayan qadın sağlam ailənin ən böyük dayaqlarından biri ola bilər. Problem qadının azadlığında deyil. Problem azadlığın mənasının dəyişdirilməsindədir. Azadlığın məsuliyyətsizliklə, müstəqilliyin bağlılıqdan qaçmaqla, fərdiliyin eqoizmlə qarışdırılması cəmiyyət üçün təhlükəli nəticələr doğura bilər. Çünki insanın hüquqları olduğu kimi, öhdəlikləri də var. İnsan yalnız özünə qarşı deyil, seçdiyi insanlara, övladlarına, valideynlərinə və bütövlükdə cəmiyyətə qarşı müəyyən məsuliyyət daşıyır. Quranda ər-arvad münasibətinin əsaslarından biri “məvəddət və rəhmət”, yəni sevgi və mərhəmət kimi təqdim edilir. “Rum” surəsinin 21-ci ayəsində insanların bir-birində rahatlıq tapması və aralarında məhəbbət və mərhəmət yaradılması Allahın ayələrindən biri kimi göstərilir. Bu, ailənin yalnız hüquqi müqavilə deyil, mənəvi münasibət olduğunu göstərir. Quranda ər-arvadın bir-birinə “libas” olması haqqında da danışılır. Libas insanı örtür, qoruyur, ona yaxın olur. Bu baxımdan ailə münasibətini hakimiyyət mübarizəsi kimi yox, qarşılıqlı qoruma, yaxınlıq və tamamlanma kimi anlamaq daha doğrudur. Dini dəyərləri müdafiə etmək qadını susdurmaq, kişinin hər davranışına bəraət qazandırmaq və ya ailəni zorakılıq üzərində qurmaq demək deyil. Əksinə, dini dəyərlərin mahiyyətini düzgün anlamaq həm qadının ləyaqətini, həm kişinin məsuliyyətini, həm də ailənin mənəvi bütövlüyünü qorumağı tələb edir. Tarixə nəzər saldıqda isə ailənin sadəcə “köhnə ənənə” olmadığını görürük. Ailə insan sivilizasiyasının ən qədim və ən fundamental institutlarından biridir. Qədim Misirdən Mesopotamiyaya, Yunanıstandan Romaya qədər müxtəlif cəmiyyətlərdə ailə yalnız şəxsi münasibətlər məkanı olmayıb. O, tərbiyənin, mülkiyyətin, sosial statusun, dini inancların və nəsil yaddaşının ötürüldüyü əsas strukturlardan biri olub. Dövlətlərdən əvvəl ailə var idi. Məktəbdən əvvəl ailə var idi. Yazılı qanunlardan əvvəl ailənin öz davranış qaydaları mövcud idi. İnsan ilk dəfə cəmiyyətin nə olduğunu evində öyrənirdi. İlk müəllimi valideyni, ilk sosial mühiti ailəsi, ilk mənəvi qanunları isə evdə gördüyü münasibətlər idi. Buna görə ailənin zəifləməsini yalnız iki insanın şəxsi münasibətində baş verən hadisə kimi qiymətləndirmək doğru deyil. Ailə zəiflədikcə cəmiyyətin mənəvi immuniteti də zəifləyə bilər. Tarixdə “matriarxat” və “patriarxat” məsələsinə də çox vaxt həddindən artıq sadə yanaşılır. Bütün ilkin cəmiyyətlərin eyni şəkildə matriarxal olduğu və sonradan tamamilə patriarxal sistemə keçdiyi fikri elmi baxımdan o qədər də sadə və mübahisəsiz deyil. Müxtəlif xalqlarda nəsil, ailə, mülkiyyət və hakimiyyət münasibətləri fərqli olub. Bu da bizə mühüm bir həqiqəti göstərir: kişi və qadın münasibətlərini yalnız hakimiyyət uğrunda mübarizə kimi izah etmək insan münasibətlərinin mürəkkəbliyini azaltmaqdır.

Ailə yarış meydanı deyil. Ər arvadına qalib gələndə ailə uduzur. Arvad ərinə qalib gələndə də ailə uduzur. Çünki ailənin məqsədi qalib və məğlub yaratmaq deyil. Ailənin məqsədi iki insanın birlikdə həyat qurması, bir-birinin zəifliyini tamamlaması və gələcək nəsli sağlam şəkildə yetişdirməsidir. Bu səbəbdən qadın və kişinin münasibətini hakimiyyət müstəvisindən çıxarıb məsuliyyət müstəvisinə gətirmək lazımdır. Kişinin ailədə məsuliyyət daşıması hökmranlıq demək deyil. Qadının ailədə söz sahibi olması da kişinin dəyərsizləşdirilməsi demək deyil. Əsas məsələ qarşılıqlı hörmət və mənəvi məsuliyyətdir. Demokratiya haqqında da eyni şeyi söyləmək mümkündür. Demokratiya hər şeyə icazə verilməsi deyil. Hüquq və azadlıqların mövcudluğu onların sərhədsiz və məsuliyyətsiz şəkildə istifadə edilə bilməsi demək deyil. Hətta demokratiyanın özü belə qayda, qanun və qarşılıqlı məsuliyyət tələb edir. Əgər hər bir insan “mən belə istəyirəm” deyərək bütün ümumi qaydaları rədd etməyə başlayırsa, demokratiyanın yerini tədricən xaos ala bilər. Azadlıqla anarxiya arasındakı sərhəd çox incədir. Azadlıq məsuliyyətlə birlikdə yaşadıqda sivilizasiya yaradır. Məsuliyyətdən ayrılmış azadlıq isə dağıdıcı ola bilər. Ən təhlükəli nəticəni isə yenə uşaq yaşayır. Böyüklər “mənim həyatım”, “mənim seçimim”, “mənim azadlığım” deyərkən uşağın dünyasında tamam başqa suallar yaranır: “Mən kimin yanındayam?”, “Mən kimə güvənə bilərəm?”, “Mənim evim haradır?”, “Niyə anam və atam bir-biri ilə belə davranır?” Uşaq böyüklərin ideoloji mübahisələrini anlamaya bilər, amma ailədəki soyuqluğu hiss edir. Səssizliyi, gərginliyi, hörmətsizliyi, sevgisizliyi hiss edir. Sonra böyüyür və çox vaxt uşaqlıqda “normal” hesab etdiyi münasibət modelini öz həyatında təkrar edir. Beləcə bir ailənin problemi başqa bir nəslin psixologiyasına ötürülə bilər. Ailə bu mənada yalnız bu günün məsələsi deyil. Ailə gələcək nəsillərin psixoloji və mənəvi dünyasını hazırlayan ən böyük məktəbdir. Cəmiyyət də bir gündə dəyişmir. Əvvəlcə sözlər dəyişir, sonra anlayışlar, daha sonra münasibətlər, davranışlar və nəhayət normalar dəyişir. Bir vaxtlar məsuliyyət hesab edilən davranış sonradan “özünü itirmək” adlandırılır. Bir vaxtlar fədakarlıq kimi qiymətləndirilən münasibət “öz həyatını yaşamamaq” kimi təqdim edilir. Bir vaxtlar ailə üçün çalışmaq yüksək mənəvi keyfiyyət hesab edilirdisə, sonralar yalnız şəxsi rahatlığın arxasınca getmək “özünü tapmaq” kimi təqdim oluna bilər. Beləcə cəmiyyətin mənəvi lüğəti dəyişir. Ən böyük sosial dəyişiklik bəzən küçələrdə, meydanlarda və parlamentlərdə baş vermir. Bəzən insanların sözlərə verdiyi mənaların dəyişməsində baş verir. Məhz buna görə müasirlik anlayışına da daha diqqətli yanaşmaq lazımdır. Müasir olan hər şey avtomatik olaraq doğru deyil. Köhnə olan hər şey də avtomatik olaraq dəyərli deyil. Əsl müdriklik faydalı olanı seçməkdədir. Ənənə tərəqqinin düşməni deyil. Tərəqqi də ənənənin düşməni olmamalıdır. Əsl müasirlik insanın keçmişindən utanması deyil. Əsl müasirlik keçmişdən gələn dəyərləri kor-koranə təkrarlamadan, onların mahiyyətini anlayaraq gələcəyə daşıya bilməkdir.

Bizim cəmiyyətin ən böyük ehtiyacı nə qadının kişiyə, nə də kişinin qadına üstün gəlməsidir. Əsas ehtiyac ailədə hakimiyyət savaşının deyil, mənəvi əməkdaşlığın qurulmasıdır. Qadın öz ləyaqətini qoruyaraq ailəsinə bağlı ola bilər. Kişi öz məsuliyyətini yerinə yetirərək qadının şəxsiyyətinə hörmət edə bilər. Ana övladını sevərək onun müstəqil şəxsiyyət olmasına imkan verə bilər. Ata övladına istiqamət verərək onu qorxu ilə deyil, nümunəsi ilə böyüdə bilər. İslam dini yaşanmalıdır, amma fanatizmə çevrilməməlidir. Ənənə qorunmalıdır, amma düşüncənin düşməninə çevrilməməlidir. Müasirlik qəbul edilməlidir, amma mənəvi yaddaşın hesabına yox. Bəlkə də bizim əsas problemimiz qadınların dəyişməsi və ya kişilərin dəyişməsi deyil. Əsas problem insanın özünün dəyişməsidir. İnsan getdikcə daha çox şeyə sahib olur, amma nə üçün yaşadığını daha az düşünür. Daha çox danışır, amma daha az dinləyir. Daha çox seçimə sahib olur, amma daha az məsuliyyət daşımaq istəyir. Daha çox əlaqə qurur, amma daha çox tənhalaşır. Daha çox azadlıq tələb edir, amma öz nəfsinin qarşısında daha zəif görünür. Bəlkə də müasir insanın ən böyük ehtiyacı yeni bir azadlıq deyil, yeni bir daxili nizamdır. Çünki daxilində nizam olmayan insana verilən azadlıq onu həmişə azad etmir; bəzən sadəcə daxili qarışıqlığını böyüdür. İnsan öz içində dağılanda ailə dağılır. Ailə dağılanda cəmiyyət zəifləyir. Cəmiyyətin mənəvi dayaqları zəiflədikdə isə dövlətin ən böyük sərvətlərindən biri — sağlam insan kapitalı tükənməyə başlayır. Ona görə bu gün qarşıda duran əsas sual “kim kimə hökm edəcək?” deyil. Əsas sual budur ki, Biz necə insan yetişdirəcəyik? Çünki gələcəyin ailəsini də, cəmiyyətini də, dövlətini də bugünkü uşaqlar quracaq. Onların quracağı dünya isə bizim onlara bu gün verdiyimiz dəyərlərin aynası olacaq. Əgər onlara yalnız “özünü düşün” desək, onlar yalnız özünü düşünən bir dünya quracaqlar. Əgər onlara “azad ol, amma məsuliyyətli ol” desək, daha sağlam cəmiyyət yaranacaq. Əgər onlara “öz hüququnu bil, amma başqasının haqqını da qoru” desək, daha ədalətli münasibətlər qurulacaq. Əgər onlara “həyat yalnız rahatlıq deyil, həm də məsuliyyətdir” desək, daha yetkin insanlar yetişəcək. Çünki sivilizasiyalar yalnız binalarla, texnologiya ilə, sərvətlə və qanunlarla qurulmur. Sivilizasiyanın əsl təməli insanın daxilində qurulur. nsanın daxilində mənəvi nizam varsa, ailə yaşayır. Ailə yaşayırsa, cəmiyyətin gələcəyi var. Bu gün özümüzə verməli olduğumuz ən ciddi sual budur: Biz gələcək nəsillərə nə qoyacağıq — daha çox azadlıq, yoxsa daha çox məna? Çünki insanın hər şeyə sahib olub heç bir mənaya sahib olmaması, əslində, ən böyük yoxsulluqdur.

Həsən Şahbabaoğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xanımına onu aradan götürəcəklərini deyibmiş...

Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında...

15 Avqust 2026, 21:36

Azərbaycan XİN İndoneziyaya başsağlığı verib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib."İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.Bu çətin zamanda İndoneziya xalqının yanındayıq", - paylaşımda qeyd olunub....

15 Avqust 2026, 21:17

Naxçıvanın inkişafına yeni dinamika verən səfər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə Naxçıvanın hazırkı inkişafı, təhlükəsizliyi, iqtisadi potensialı, enerji təminatı, nəqliyyat infrastrukturu, turizm imkanları və gələcək perspektivləri ilə bağlı mühüm məsələlərə toxunulub.Cənab Prezident qeyd edib ki, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində olub. Muxtar respublikanın coğrafi xüsusiyyətləri nəzərə alınaraq onun müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının daha da artırılmasına xidmət edir. Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu və Naxçıvanın hərbi potensialının...

15 Avqust 2026, 17:00

Yaddaqalan ADAM... Seyfəddin Hüseynli- 50

Bəzən illərlə bir yerdə çalışdığın və hər gün ünsiyyətdə ollduğun bir adam haqqında nəsə yazmaq zəruriyyəti yaranır. Ha vurnuxsan, ha düşünsən də yazmağa söz tapa bilmirsən. Amma elə adam da var ki, onunla bir neçə saat birlikdə olmaq kifayət edir ki, oturub barəsində böyük bir yazı işləyəsən. Bizim- jurnalist, yazıçı, filoloq Seyfəddin Hüseynli kimi...Deyir ki:- “Son illər bizdə ədəbiyyat, kitab, kitabçılıq işində ciddi hərəkətlənmə var. Yaxşı haldır ki, bu hərəkətlənmə daha çox praktikdir. Yəni daha nələrinsə vacibliyindən, zəruriliyindən danışılmaqdan çox, o yöndə konkret iş görülür. Nəşr sahəsindəki aktivlik kitabı cəmiyyətin bəlli bir çevrəsində önə çıxardır. Ancaq istənilən sahədə olduğu kimi...

15 Avqust 2026, 16:30

Maarifçilik hər zaman aktualdır - Fazil Mustafa

Maarifçilik hər zaman aktualdır.Gerçək qəhrəmanlarımızı tanıyaq!“Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!” MURAD GƏRAY TLEXASMurad Gəray Tlexas 1874-cü ildə doğulmuşdu. Çərkəz (Adıgey) xalqının övladı olsa da, millətimizin ən böyük haqq sahibi olan qəhrəmanlarından biridir. Onun haqqında ilk bilgini azərbaycanlı mühacir, bolşevik istilasının ilk dönəmlərinin şahidi olmuş Əziz Alpoudun qələmə aldığı “Həyatımın hekayətləri” kitabından almışdım. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdən olmuş, topçu kimi şöhrət qazanmış. Müdafiə naziri Səməd bəy Mehmandarov onu topçu briqadasının komandiri təyin etmiş, sonradan isə Bakıda asayişin qorunması və şəhərin müdafiəsi...

15 Avqust 2026, 15:10

“Sea Breeze”də ayağı hovuzda su nasosunda sıxılı qalan uşağı xilas etmək mümkün olmadı

Əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.CityPost.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.***22:37Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin...

15 Avqust 2026, 14:40