Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi  

Siyasət 15 Aprel 2026, 11:46

326

ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi

Boş-boşuna Hörmüz boğazında yeni hadisələr axtarmayın. Böyük ehtimalla, Hörmüz boğazında hələ uzun müddət diqqətə layiq hadisələr baş verməyəcək. Çünki ABŞ Hörmüz boğazını tamamilə blokadaya aldı və bundan sonra İranın ciddi şəkildə zəifləməsini gözləyəcək. Onun artıq müqavimət göstərmək qabiliyyətində olmadığını hiss edəndə isə sonuncu və həlledici hücuma keçib, məsələyə nöqtə qoyacaq. Eynilə 1990-2000-ci illərdə İraqda olduğu kimi.

Məlumdur ki, ABŞ adına Körfəz müharibəsi dediyi İraqın işğalını iki mərhələdə həyata keçirdi. I Körfəz savaşı 1990-cı ildə İraqın Kuveyti işğalı ilə başladı. İddiaya görə, ABŞ-ın İraqdakı səfiri Aprel Qlaspinin işğaldan bir müddət əvvəl Səddam Hüseynlə görüşüb ona Vaşinqtonun “ərəblərin daxili işlərinə qarışmayacağı” barədə “zəmanət” vermişdi. Sadəlövh Səddam Hüseyn də ABŞ-ın bu “kişi sözünə” inanmış (baxmayaraq ki, Aprel Qlaspi kişi yox, qadın idi) və Kuveyti ilhaq edib təsərrüfatını böyütmək istəmişdi. ABŞ-ın “kişi sözü”nün ömrü isə cəmi 1 gün çəkmişdi. Avqustun 2-də Kuveyt işğal olunduqdan 1 gün sonra Vaşinqton səsini başına atıb İraqın bu təcavüzkar hərəkətini sərt dildə qınamağa başlamışdı. 6 ay davam edən bu “qışqır-bağır” diplomatiyasından sonra 1991-ci ilin yanvar ayının 17-də ABŞ başına öz “şaykasını” (koalisiya qüvvələrini) yığıb İraqı Kuveytdən çıxarmaq hərəkatına start vermişdi. Bəs bilirsiniz, ABŞ İraqı nə zaman Kuveytdən kənarlaşdıra bilmişdi? – 28 fevral 1991-ci il. Yəni “Çöl fırtınası” əməliyyatı adlanan bu əməliyyat cəmi 42-43 gün çəkmişdi. Eynilə indiki İran əməliyyatı qədər. 

Səddam Hüseyn İraqı da I Körfəz savaşında indiki Xamenei İranı kimi ABŞ təcavüzünə qarşı qəhrəmancasına dirənə bilmişdi. Hətta Xamenei İranından daha üstün “performans”  göstərmişdi. Xamenei İranı bu 40 gün ərzində özünün iddiasına görə, 20-yə yaxın, Səddam İraqı isə 52 ABŞ təyyarəsi və helikopteri düşürmüşdür. Xamenei İranı bu müddət ərzində ABŞ-ın iddiasına görə, 13 Amerika, 15 İsrail əsgərini o biri dünyaya göndərib. Üst-üstə toplayıb yuvarlaqlaşdırsaq, 30 edər. I Körfəz savaşında ABŞ və koalisiya qüvvələrinin canlı itkisi isə 300-dür. Yəni İraq savaşındakından 10 dəfə çox. Digər ayrıntılara girib dəyərli vaxtınızı çox almaq istəmirəm. Sözümün canı odur ki, İraq da I Körfəz savaşında başını aşağı salıb məzlum kimi öz başının nə zaman kəsiləcəyini gözləməmişdi. Hətta bizim İslam təəssübkeşi xalqımız Səddam Hüseynin ozamankı  “qəhrəmanlığından” elə vəcdə gəlmişdi ki, yeni anadan olan uşaqlarının adını Səddam qoymuşdu. Bu gün təzə ata və anaların öz övladına Xameneinin və ya Qalibafın adını qoyub-qomadığını bilmirəm.

Qısası, bir çox cəhətdən bir-birinə bənzəyən bu iki savaşın böyük ehtimalla nəticəsi də eyni olacaq.

Elədirsə, gəlin, bir-birindən 12 illik fasilə ilə ayrılan və əslində bir-birinin gecikmiş davamı olan Körfəz savaşlarının nəticəsinə nəzər salaq.

Sirr deyil ki, I Körfəz savaşı II Körfəz savaşının müqəddiməsi idi. İlk savaşın məqsədi İraqı zəiflədib müqavimətsiz hala gətirmək və zamanı gələndə onu boğazlayıb kəsməyə hazırlamaqdı. Necə ki, biz qurban kəsəndə heyvanın əvvəl boğazını kəsib və sonra 5-6 dəqiqə onun qanının bədənindən çıxmasını gözləyirik. Bənzətmə nə qədər kobud və amansız olsa da, ABŞ İraq savaşlarında məhz belə etmişdi. Əvvəl onu yaralamış, sonra isə çırpına-çırpına damarındakı qanın axıb bitməsini gözləmişdi. Bunun üçün isə ilk növbədə İraqın şimalını uçuşa yasaq bölgə elan etmiş və kürd separatizminin kök salmasına şərait yaratmışdı. Digər tərəfdən isə onun Fars (Bəsrə) körfəzinə açılan qapısını tutmuş və neft satma imkanlarını sıfırlamışdı. Eynilə bugünkü İran savaşında Hörmüz boğazını tutduğu kimi. I Körfəz savaşı ilə II Körfəz savaşı arasında keçən 13 il ərzində İraqa ancaq dərman və taxıl almaq üçün öz neftini satmaq icazəsi verilmişdi. Nəticədə İraq əhalisi tamamilə gücdən düşmüş, dövlət özünü müdafiə edəcək silahlardan məhrum buraxılmışdır. Beləcə, ABŞ II Körfəz savaşında çox da əziyyət çəkmədən qələbə qazanmaq imkanı əldə etmişdir.

Məsələyə bu məntiqlə yanaşanda ABŞ-ın I İran savaşında da özünün nihai hədəflərini reallaşdırdığı aydın olur. Xüsusilə də Hörmüz boğazının bağlanmasından sonra İranın I Körfəz savaşında əl-qolu bağlanan İraqdan fərqli vəziyyətdə olmadığını görə bilərik.

Sual oluna bilər: ABŞ Hörmüz boğazını bağlamaqla İranla yanaşı digər ərəb ölkələrini də çətin vəziyyətə salır. Bəs, onları necə bu ağır vəziyyətdən çıxara biləcək?

Fikrimcə, bunun həll yolu da əvvəlcədən düşünülüb. Özü də indi yox, xeyli müddət əvvəl. Söhbət Bəsrə (Fars) körfəzinin istisna edildiyi marşrut layihələrindən gedir. Bu layihələrdən biri İMEC layihəsidir. 2023-cü ilin 9-10 sentyabrda Hindistanda  keçirilən G20 Zirvə Görüşündə elan edilən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) planı dəmir yolu, dəniz və enerji xətlərini əhatə edən strateji infrastruktur və ticarət layihəsidir. Hindistanı BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Avropaya (Yunanıstan) birləşdirməyi hədəfləyir. Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsünə alternativ olaraq görülən bu dəhliz ticarəti 40% sürətləndirməyi və xərclərini 30% azaltmağı hədəfləyir.

İkinci plan Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə xəttidir. Enerji dəhlizi olaraq Qətərdən Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-Avropa xətti kimi düşünülən bu plan 2008-ci ildə Türkiyə prezidenti Abdullah Gül tərəfindən həm Suriya, həm də Səudiyyə Ərəbistanı liderlərinə təqdim olunmuşdur. Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın təbiri ilə desək, həmin vaxt bu layihənin reallaşdırılmasının qarşısını kəsən “ərəb baharı” hadisələri oldu. Təbii ki, İran və Rusiyanın Suriyaya müdaxiləsi və 13 il bu ölkəni əllərində tutmaq səyləri də planın gecikdirilməsinin əsas səbəblərindən biri idi. Ötən ildən başlayaraq, həm Rusiya, həm də İran Suriyadan qovuldu və layihənin yenidən reallaşdırılması imkanı yarandı. Fikrimcə, bu layihə işə salınsa, Səudiyyə Ərəbistanı ilə yanaşı BƏƏ-nin də enerji məhsulları bu dəhliz vasitəsi ilə Avropaya yollana biləcək.

Adına şərti olaraq Hicaz dəhlizi dediyimiz Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə xətti təkcə enerji məhsullarının nəqlini nəzərdə tutmur. Hətta deyərdim ki, enerji nəqli mübahisəli görünsə də, Hicaz dəhlizi Hindistandan Avropaya müxtəlif məhsulların nəqlinin ən qısa və ucuz yolu kimi nəzərdən keçirilir. 1900-cü illərin əvvəlində Almaniya və Osmanlı dövlətlərinin birgə fəaliyyəti ilə bu istiaqamətdə dəmir yolları belə çəkilib. Hicaz dəmir yolunun Hicaz koridoruna çevrilməsi üçün Mədinədən Omana qədər dəmir yolu çəkilməsi kifayət edər. Bu yaxınlarda İordaniya və Səudiyyə Ərəbistanına səfər edən Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülqadir Uraloğlu Türkiyə, Suriya və İordaniyanı bir-birinə bağlayan "müasir Hicaz Dəmir Yolu" qurmaq istədiklərini gizlətməyib. Nazir yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və Omanın bu marşruta qoşulmaq ehtimalını da istisna etməyib: "Səudiyyə Ərəbistanı naziri ilə görüşdüm. Texniki nümayəndə heyətləri bu ay görüşəcək. Xarici İşlər Nazirliyimiz vasitəsilə Omanla da danışdıq. Onlar da bu layihəyə müsbət yanaşırlar. Beləliklə, qeyd etdiyiniz kimi, bu xətt Omandan başlayıb Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyədən keçəcək. Söhbət Qırmızı dənizə, Aralıq dənizinə, eləcə də Avropaya açılacaq bir xəttdən gedir".

Üzərində durulan digər bir xətt isə “Qalxınma yolu” projesidir. Hakan Fidanın bildirdiyinə görə, 2021-2022-ci illlərdə İraqın təşəbbüsü ilə ortaya atılan bu təklif region ölkələrindən bəzilərinin, o cümlədən İranın müxalifliyi nəticəsində baş tutmayıb. Bununla belə, Hörmüz boğazının bağlanması ilə faktiki olaraq bu layihə vazkeçilməz hala gələ bilər. Əsasən, Kuveyt və İraq enerji mənbələrinin dünya bazarına çıxarılması üçün.

Göründüyü kimi, Hörmüz boğazının bağlanması ehtimalında alternativ layihələr mövcuddur və onlar hər an dövriyyəyə salına bilər. Zənnimizcə, yaxın zamanlarda bu alternativ layihələrin həyata keçirilməsi ilə Hörmüzün bağlanmasının yeganə qurbanı İran olacaq. Təbii ki, İraq sonuna qədər İrana sədaqətindən vaz keçməyəcəyi təqdirdə. İraq özünü dəyişməsə, ikinci Hörmüz şapalağını o da dadacaq.

Bütün bunlar İranın da İraq ssenarisinə bənzər şəkildə sıradan çıxarılması ehtimalını gücləndirir. İran bu imtahandan üzüağ çıxacaqmı? Açığı, inanmıram. Amma ümid etmək istərdim ki, yanılan mən olum.

Heydər Oğuz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə məsələlər müzakirə olunub 

Aprelin 15-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.XİN-dən Citypost.az-a  verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda...

15 Aprel 2026, 12:25

Turan Rzayev: İsrail–Livan danışıqlarında əsas mövzu “Hizbullah”dır

Politoloq Turan Rzayev İsrail və Livan nümayəndələri arasında Vaşinqtonda keçirilən danışıqlarla bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, İsrail və Livan nümayəndələri arasında danışıqlar ABŞ Dövlət Departamentinin Vaşinqtondakı qərargahında baş tutub və 1993-cü ildən bəri ilk belə görüş kimi tarixi əhəmiyyət daşıyır. Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, ABŞ-ın Livandakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edib.T.Rzayev qeyd edib ki, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparır və bu əməliyyatlar nəticəsində 165 uşaq və 87 tibb işçisi də daxil olmaqla azı 2089 nəfər həlak...

15 Aprel 2026, 11:34

Azər Həsrət: Xameneyinin Bakıda anım mərasimini doğru hesab etmirəm

Jurnalist Azər Həsrət İranın ali dini lideri Seyid Əli Xameneyinin xatirəsinin Bakıda 40 mərasimi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, A.Həsrət bildirib ki, ABŞ-İsrail cütlüyünün öldürdüyü İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin xatirəsinin Bakıda 40 mərasimi ilə yad edilməsini şəxsən təqdir etmir və hesab edir ki, bunu ümumiyyətlə etməməliydik. Onun sözlərinə görə, yaşadığı dövrdə bir dəfə də olsun “Qarabağ Azərbaycandır” deməyən bu mollanın xatirəsi Azərbaycan milləti üçün əziz ola bilməz və olmamalıdır.A.Həsrət qeyd edib ki, lakin geosiyasi gerçəkləri nəzərə alaraq kimlərsə belə bir mərasim keçiribsə, buna bir az tolerant yanaşmaq olar. Onun fikrincə, mərasim olduqca sönük və maraqsız...

15 Aprel 2026, 11:05

Xalid Kazımlı: İranda real hakimiyyət seçilmiş prezidentdə deyil

Jurnalist Xalid Kazımlı İranda mövcud siyasi vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, iki il əvvəl keçirilən prezident seçkiləri zamanı Məsud Pezeşkianlə yanaşı Məhəmmədbağır Qalibaf da prezidentliyə iddialı olub. Lakin seçilmək şansını aşağı qiymətləndirən Qalibaf sonradan namizədliyini geri götürüb və nəticədə Pezeşkian prezident seçilib.X.Kazımlının fikrincə, hazırkı vəziyyətdə ölkədə real hakimiyyətin Qalibafın əlində cəmləndiyi iddia olunur. O qeyd edib ki, mövcud idarəetmə formasını legitim saymaq çətindir və bunu faktiki olaraq fərqli bir idarəetmə modeli kimi qiymətləndirib.Bu vəziyyət fonunda İranda demokratiya və qanunçuluqla bağlı səsləndirilən fikirlər mübahisə doğurur. Onun sözlərinə görə, ölkədə siyasi proseslərin gedişi ciddi suallar yaradır.X.Kazımlı...

15 Aprel 2026, 10:22

Xəqani Cəfərli: ABŞ–İsrail müdaxiləsi Türk dünyasının maraqlarına uyğundur

Politoloq Xəqani Cəfərli ABŞ və İsrailin İrana mümkün hərbi müdaxiləsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün də strateji baxımdan əhəmiyyətli olduğunu bildirib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi və ya ehtimal olunan hərbi əməliyyatlar Azərbaycanın milli maraqları ilə yanaşı, Türküstan adlandırılan Mərkəzi Asiya və Doğu Türküstan regionunun maraqlarına da uyğun gəlir. Politoloq qeyd edir ki, bu proseslər regionda yeni geosiyasi reallıqlar yaradır.X.Cəfərli diqqətə çatdırıb ki, İsrail Hərbi Hava Qüvvələrinin Çin və İran əməkdaşlığı çərçivəsində inşa olunmuş və “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi sayılan dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirməsi...

15 Aprel 2026, 10:05

Turan Qaraqaşlı: İran–ABŞ-a qarşı maksimalist mövqelərə görə çox az qaldı

İctimai fəal və yazıçı Turan Qaraqaşlı İran–ABŞ danışıqları və regionda baş verən geosiyasi proseslərlə bağlı açıqlama verib.O bildirib ki, İran və ABŞ arasında aparılan danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri tərəflərin hər ikisinin maksimalist mövqe nümayiş etdirməsidir. Onun sözlərinə görə, İran müharibədən sonra daha sərt tələblər irəli sürür və uranın zənginləşdirilməsi məsələsini belə müzakirəyə çıxarmaq istəmir.T.Qaraqaşlının fikrincə, ABŞ da atəşkəs və danışıqlar fonunda vaxt qazanmağa çalışsa da, paralel olaraq maksimalist tələblər irəli sürür və bu da razılaşmanı çətinləşdirir.Prosesin nəticəsiz qalması həm də diplomatik müstəvidə yeni balans yaradır və tərəflərin masa üzərindən qazandığı üstünlükləri artırır. Onun sözlərinə görə, İranın danışıqlarda iştirak...

14 Aprel 2026, 12:17