Bizə yazın

Baku

-°C

USD

-

150 ballıq möcüzə, yaxud "Ölüləri" tələbə eləyən Nazirlik

Cəmiyyət 03 Avqust 2026, 18:14

798

Müəllimə gələndə qənaət, menecerə gələndə bərəkət!

Böyük Mirzə Cəlil sağ olsaydı, gərək ki, “Anamın kitabı”nı cırıb təzədən yazaydı. Çünki indi nəinki ərəb-fars kəlmələri, heç ana dilində də iki kəlməni bir-birinə calaya bilməyənlər ali məktəb qapısında müntəzirdirlər. Təhsil eksperti İlham Əhmədov da oturub hesablama aparır ki, ay camaat, bu il də ali məktəblərə 150 balla tələbə qəbul edəcəklər.

700 ballıq sistemin düz 20 faizi! Qədim sovet vaxtının 5 ballıq cədvəli ilə götürsək, bu, bildiyimiz “1” qiymətidir – yəni “bərbad”!

35 il öncə, o “geridə qalmış” vaxtlarda adamın attestat almağa və ya tələbə olmağa heç olmasa hər fəndən 60 faizlik biliyi çatmalı idi. İndi isə ölkənin boy-buxunlu Təhsil və Elm Nazirliyi (ETN) deyir ki, yox, bəsdirin, 20 faiz də bəsinizdir! İndi gəl dərin-dərin düşün ki, bu 35 ildə bizim təhsilimiz irəli gedib, yoxsa lap dərənin dibinə yuvarlanıb?

 Əslində, bu 150 bal (yəni o bərbad “1” qiyməti) təkcə abituriyentə aid deyil. Bu, ETN-in özünün aldığı halalca, mürəkkəbi qurumamış real qiymətidir! Bəli, bu qiyməti nazirliyə Dövlət İmtahan Mərkəzi (DİM) kəsib vermir, ETN öz alın təri ilə, gecə-gündüz “islahat” eləməklə qazanır. Əvvəllər də dediyimiz kimi: bizdə məktəbdə attestat almağa belə savadı çatmayan bəxtəvərlərə həm attestat veririk, həm ali məktəbə soxuruq, üstəlik 4 ildən sonra əlinə diplom da tutuzdururuq!

İndi bir başqa gülməli ironiyaya baxın: belə təhsil sistemi quran cənab menecerlər özləri sertifikasiyadan keçə bilərmi? Əlbəttə, yox! Bəs necə olur ki, sertifikasiyadan kəsilən yazıq müəllim dərhal işini itirir (kəsilməsə də maaşı cüzi artır), amma nazirlikdə oturub bu sistemi batıran təhsil menecerlərinin maaşı 3-4 qat artır? Müəllimə gələndə qənaət, menecerə gələndə bərəkət!

 Nazirlik bu 20 faizlik keyfiyyətlə ölkəyə insan kapitalı bəxş edəcəkmiş! İlahi, bu insan kapitalı ilə dünyada sürətlə inkişaf edən innovativ iqtisadiyyat quracağıq, rəqəmsal transformasiya edəcəyik! Görəsən, ETN hansı möcüzəyə, hansı pirlərə-ocaqlara güvənir?

 Səbəb isə gün kimi aydındır: məktəbdə tədrisin keyfiyyəti ilbəil ölür, kölgə təhsili (repetitorluq) çiçəklənir, şagirdin mənimsəməsi azalır, amma universitetlərin qəbul planı isə təkəbbürlə böyüyür! Universitetdəki o boş yerləri doldurmaq, kasıb universitetlərin gününü keçirmək üçün 150 ballıq qapıları taybatay açırlar. Çünki ortada real heç bir islahat yoxdur və görünür, belə də davam edəcək.

Daha da qəribəsi odur ki, nazirlik attestatla xaricdə imtahansız oxumaq istəyən cavanların qarşısını kəsməyə, onları tutub hərbi xidmətə yollamağa cəhd edir. Halbuki, o attestatla xaricə gedənlərin DİM imtahanında topladığı bal çox vaxt bu 150-dən dəfələrlə yüksək olur!

Hayıf deyil? 150 balla (“1” qiyməti ilə) tələbə qəbul etməkdənsə, elə biz də imtahansız, birbaşa attestatla tələbə qəbul edək də! Qoy heç olmasa məktəbdə repetitorluq hoqqabazlığı ləğv olunsun, normal tədris bərpa edilsin, təhsilin keyfiyyəti bir balaca özünə gəlsin. Amma yox, ETN bu təklifi bəyənmir. Çünki 150 bal sistemi və repetitor bazarı kimlərəsə çox əl verir!

Bir tərəfdən də cənab Nazir çıxıb ağıl verir: “Əgər şagird görsə ki, ingilis dili müəllimi ona heç nə öyrətməyib, getsin müəllimi və məktəbi məhkəməyə versin, pulunu geri tələb etsin! Belə müəllimə biz niyə maaş verməliyik?”

Aydın oldu! ETN zəif ingilis dili müəlliminə maaş vermək istəmir. Yaxşı, bəs keyfiyyəti təmin edə bilməyən, savadsız nəsil yetişdirən menecerlərə nəinki maaş, özü də müəllimdən 10-15 dəfə çox maaş niyə verilməlidir? Bəs 20-30 faizlik mənimsəmə göstərən bu boyda Nazirliyin heçmi məsuliyyəti yoxdur?

 Rəqəmlər insanı dəhşətə gətirir: Dövlət büdcəsindən bir şagirdin 11 illik təhsilinə ortalama 15 min manat pul xərclənir. Sonda nə veririk? 150 bal! İmtahanda 60 faizdən az bal toplayanların sayısı hər il yüz minlərlədir! Dövlətin ümumtəhsil məktəblərinə hər il xərclədiyi 2,6 milyard manat pul ETN-in səriştəsizliyi üzündən havaya sabun köpüyü kimi sovrulur. Bu pul gələcəkdə ölkə iqtisadiyyatına heç bir əlavə dəyər yaratmır, sadəcə batır!

Amma nazirlik dərhal suçu özündən atır. Başlayırlar DİM-in üstünə düşməyə ki, “sən real işləmirsən, niyə məzunlar məktəb proqramını cəmi 40 faiz mənimsəyir? Niyə magistraturada 4 min yer boş qalır?” – sanki ölkənin məktəblərini və ali təhsil ocaqlarını nazirlik deyil, DİM idarə edir!

 Sonda adamın ürəyi ağrayır: 150 balla (yəni “1” qiyməti ilə) universitetə gələn o bəxtəvər tələbəyə ali məktəb indi nə öyrətsin? Yazıb-oxumağı, yoxsa sadə toplama-çıxmanı?

Məktəbdə 20 faiz bal toplayan uşaq ali məktəb proqramını mənimsəyə bilməz – təhsildə varislik prinsipi deyilən bir şey var! Amma bizim bu sehirli reallıqda həmin uşaq 3 aydan sonra universitetdə 6 fəndən “uğurla” imtahan verir, hər fəndən 51+ bal toplayır. Möcüzəyə baxın, tələbələrin 95 faizi (əgər təhsil haqqını vaxtında ödəyibsə) nəinki imtahandan keçir, hətta diplom da alır! Çünki Publik Hüquqi Şəxsə (PHŞ) çevrilmiş o kasıb universitetlərin tələbənin ödəyəcəyi o təhsil haqqına hava və su kimi ehtiyacı var.

Nə deyək, cənab Nazir lap haqlıdır: bəli, təhsilimiz doğrudan da tərsinə qurulub, özü də lap yuxarıdan üzü aşağıya doğru!

Mirzə Qədim

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI) 

Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib.Bu barədə məlumat "The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmək imkanı var.Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olublar.Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə, bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər.Azərbaycan isə siyahıda 70-ci...

03 Avqust 2026, 19:20

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək 

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən  verilən məlumata görə, şəhərin Yaşıldərə yaşayış massivi ərazisindən keçən d89 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması üçün təmir işləri aparılacaq.Bununla əlaqədar saat 14:00-dan etibarən, həmin yaşayış massivində ümumilikdə 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

03 Avqust 2026, 16:58

Hövsanın bəzi hissəsində su kəsiləcək 

Avqustun 3-də Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, buna səbəb magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləridir.

03 Avqust 2026, 16:10

Yüksək pensiya almağın əsas şərtləri açıqlandı – Ekspertdən vacib açıqlama 

Pension məbləği Azərbaycanda bütün vətəndaşlar üçün eyni olmur. Onun həcmi bir sıra əsas amillərdən asılıdır. Daha yüksək pensiya almaq üçün ilk növbədə uzunmüddətli rəsmi əmək fəaliyyəti və yüksək rəsmi əməkhaqqı mühüm rol oynayır. Çünki işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları vətəndaşın fərdi hesabında toplanaraq gələcək pensiyasının məbləğinin formalaşmasına birbaşa təsir göstərir.Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”Onun sözlərinə görə, pensiyanın məbləğini müəyyən edən əsas göstəricilərdən biri fərdi hesabda toplanmış pensiya kapitalıdır.“Rəsmi əmək müqaviləsi ilə çalışan, əməkhaqqısı tam şəkildə rəsmiləşdirilən və sosial sığorta...

03 Avqust 2026, 15:46

TƏBİB: Ötən ay suda boğulma ilə bağlı 22 müraciət qeydə alınıb, 7 nəfər ölüb 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.Bu barədə  TƏBİB-dən məlumat verilib.Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Müraciət edənlərdən 4 nəfəri qadın, 15-i kişi, 3-ü isə şəxsiyyəti naməlum olub.

03 Avqust 2026, 14:59

Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.Bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb."Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", - paylaşımda qeyd olunub....

03 Avqust 2026, 14:38