Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda
Cəmiyyət 31 Avqust 2026, 10:18
1911
27 avqustda Moskvada Azərbaycan səfirliyinin Qonaq Evinin qarşısında yerləşdirilən üç plakat son iki ilin diplomatik gərginliyinin növbəti epizodudur. Onları yenidən nümayiş etdirməyə ehtiyac yoxdur – çünki hər gün rəsmi informasiya kanallarında aparılan siyasi xəttin təkrarıdır. Aksiyanın görüntüləri milliətçi bolşevik çevrələri ilə əlaqəli “Прямое действие Z” kanalında yayıldı. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qəbuledilməz təxribat” adlandırdı, onu son dövrlərdə Rusiyanın bir sıra media resurslarında aparılan qərəzli kampaniyanın tərkib hissəsi saydı və Moskvaya 1961-ci il Vyana Konvensiyasından irəli gələn öhdəliklərini xatırlatdı.
Doğrudur, üç plakatı iki dövlət arasında çoxşaxəli münasibətlərin bütöv mənzərəsi saymaq olmaz. Lakin ölkənin informasiya məkanı, seçkiöncəsi siyasi qüvvələrin qərarları və üçüncü sektorun hərəkətləri total şəkildə Kremlin iradəsinə tabe etdirildiyi bir dövrdə hadisəni özfəaliyyət adlandırmaq da sadəlövlük olar. Məsələ plakatları asan şəxslərin kimliyindən daha genişdir. Çünki sifarişin icraçısı olan “Başqa Rusiya” hərəkatı rus millətçiliyi, sovet nostalgiyası və imperiya ideyalarını özündə birləşdirir. Əhəmiyyətli olan şüarların siyasi dili və Azərbaycan haqqında eyni ittihamların müxtəlif televiziya ekranlarında, Telegram kanallarında, ekspert çıxışlarında və indi diplomatik nümayəndəliyə məxsus binanın qarşısında davam etməsidir.
Hadisədən cəmi dörd gün əvvəl səfir Rəhman Mustafayev olduqca mühüm bir rəqəm açıqlamışdı. Diplomatın hesablamasına görə, ən azı 96 Rusiya xəbər portalı, Telegram və YouTube kanalı, müxtəlif media platformaları milyonlarla auditoriya qarşısında Azərbaycanı “dost olmayan dövlət” kimi təqdim edən tezisləri dövriyyəyə buraxır və onların sayı getdikcə artır. Daha mühümü, Mustafayev Bakı ilə Moskva arasında müttəfiqlik münasibətlərinin davam etdirilməsinə siyasi iradənin olduğunu xüsusi vurğulayaraq bildirirdi ki, məhz zərərli informasiya fonu Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin həyata keçirilməsini çətinləşdirir.
Müxtəlif statuslu platformalarda eyni dövlət haqqında oxşar siyasi obraz yaradıldığı halda, Moskvanın cavabı indiyədək əsasən eyni olub: aktlar fərdi şəxslərə məxsusdur, onların mövqeyi dövlətin siyasətini əks etdirmir. Rusiya XİN sözçüsü Mariya Zaxarova Mustafayevin açıqlamasına cavabında Moskvanın Azərbaycan haqqında faktların təhrifinə qarşı mübarizə apardığını, eyni zamanda antirusiya materiallarını da Bakının diqqətinə çatdırdığını bildirib.
Lakin ölkəmiz bir müddətdir eyni istiqamətdə aparılan siyasi xətti açıq göstərir. Avqustun 18-də Rusiya səfiri Mixail Yevdokimov XİN-ə çağırılarkən Azərbaycan tərəfi yalnız bir verilişdən narazılıq etmədi. “Çistota ponimaniya” layihəsinin 13 avqust buraxılışı, “Sputnik” radiosunun 7 avqust proqramı, Azərbaycan rəhbərliyinin guya Rusiyanın terrorçu və ekstremistlər siyahısına salınması barədə fikirlər və “Spas” kanalında səsləndirilən təhdidlər bir-bir sadalandı. XİN Azərbaycan dövlətinin daxili siyasi həyatına müdaxiləni, xalqa və rəhbərliyə qarşı fiziki zorakılıq çağırışlarını media polemikasının sərhədlərini aşan hadisə kimi qiymətləndirdi. Rəsmi Bakının son aylardakı reaksiyasının ardıcıllığı göstərir ki, informasiya mühiti ikitərəfli münasibətlərin ayrıca siyasi gündəliyinə çevrilib.
Qarşıdurma fonunun aparıcı simalarından biri Z ideologiyasının ruporu olan Vladimir Solovyovdur. Rusiya dövlət televiziyasının siyasi təbliğat atmosferini formalaşdıran şəxslərin dilində Azərbaycanın qazandığı tarixi suverenliyin, legitim Qarabağ Zəfərinin, Bakı–Ankara münasibətlərinin və Qərblə təmaslarının davamlı şəkildə Moskvanın regional itkiləri prizmasından təqdim edilməsi eyni siyasi düşüncə xəttini göstərir. Müstəqil dövlətin öz milli maraqlarından doğan qərarlarının keçmiş imperiya mərkəzindən uzaqlaşma, xəyanət və ya düşmən siyasi düşərgəsinə keçid adlandırılması Kremlin baxışlarını əks etdirir.
Əsl fikir ayrılığı Qarabağ Zəfərindən sonra daha aydın görünməyə başladı. Azərbaycan 2020-ci ildə öz torpaqlarını azad edəndə Rusiya ilə müharibə aparmırdı. Əksinə, çoxəsrlik tarixdə ilk dəfə, rus əsgərinin İrəvan naminə qurban verilməməsi Azərbaycan ictimai fikrində kövrək etimad mühiti yaratmışdı, 20 yanvar və Xocalı hadisələri üzərində formalaşan milli nifrətin yerini zəif neytrallıq hissi tutmuşdu.
Halbuki Bakı Cənubi Qafqazı Moskva, Tehran, Vaşinqton və digər paytaxtlar əleyhinə beynəlxalq hərbi poliqona çevirmirdi, regiona üçüncü dövlətlərin qoşunlarını gətirmirdi və Zəfərin coğrafiyasını genişləndirən işğalçılıq siyasəti yürütmürdü. 2022-ci ildə Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni başlayanda Azərbaycan üçün nəzəri baxımdan daha geniş geosiyasi manevr imkanları vardı. Moskva hərbi və siyasi resurslarının böyük hissəsini Kiyev istiqamətinə yönəltmişdi, Qərb isə postsovet coğrafiyasında yeni tərəfdaşlar axtarırdı. Lakin Bakı yeni şəraitdən Rusiyanın cənub sərhədlərində qarşıdurma yaratmaq üçün istifadə etmədi, ərazisində üçüncü cəbhənin açılmasına razılaşmadı, Qərbin sanksiya koalisiyasına qoşulmadı və şimalla iqtisadi -siyasi əlaqələrini davam etdirdi.
Lakin dövlətimiz Ukraynanın ərazi bütövlüyünə münasibətini də haqlı olaraq, dəyişmədi. Hələ müharibədən əvvəl, 2022-ci ilin yanvarında İlham Əliyevlə Volodimir Zelenski arasında imzalanan birgə sənəddə hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü təsbit olunmuşdu. Yəni, Rusiyanın təhlükəsizliyinə qarşı platformaya çevrilməmək şimal qonşusunun siyasəti ilə razılaşmaq kimi qəbul edilə bilməzdi.
Azərbaycanın müstəqil dövlət və millət kimliyi, nəhayət, iki əsrlik parçalanma və itkilərdən sonra haqlı qələbəsini öz məğlubiyyəti kimi qiymətləndirən dairələr hansı paytaxta, ideologiyaya malik olmalarına baxmayaraq, ordumuza uduzmuş qüvvələrdir. Bir vaxtlar Mixail Qorbaçovun başlatdığı və ABŞ rəhbərləri, konqresmenləri, Avropa tərəfdaşlarının da dəstəklədiyi xətti müasir dövrdə yenidən təkrarlayan mərkəzlər ölkəmiz üçün eyni dərəcədə, neoimperialist və müharibə partiyasının təmsilçiləridir.
22 fevral 2022-ci ildə imzalanan Azərbaycan–Rusiya Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin özündə də iki ölkənin müstəqil xarici siyasət yürütməsi, bir - birinin azadlığına, suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipi təsbit olunub. Deməli, Azərbaycan Rusiyadan ikitərəfli münasibətlərin hüquqi bazasında olmayan əlahiddə imtiyaz tələb etmir. Bakı suveren bərabərlik istəyir.
Moskvanın ənənəvi imperiyaçı ideologiyanı təmsil edən siyasi və informasiya çevrələrinin qəbul etməkdə çətinlik çəkdiyi dəyişiklik də məhz burada meydana çıxır. Azərbaycan 2020-ci ildən sonra regionda 1990-cı illərdən formalaşan və ATƏT Minsk qrupu ilə bölüşdürülən inhisarçı geosiyasi reallığı dəyişdirib. Ölkəmizin qazandığı yeni siyasi və hərbi çəki fərqli təhlükəsizlik arxitekturası qurmağa imkan verir. Otuz il işğala qarşı mübarizə aparan dövlət indi təhlükəsizliyini özü təmin edir, Ermənistanla sülh gündəliyini birbaşa aparır, Rusiya sülhməramlı kontingentini ərazisindən vaxtından əvvəl çıxarır, Türkiyə və Mərkəzi Asiya ilə yeni regional əlaqələr qurur, Avropanın enerji təhlükəsizliyində rol alır və qlobal embarqolar şəraitində Şərqlə Qərbi, eləcə də Şimal və Cənubu birləşdirir.
Qarabağ Zəfərini Azərbaycanın öz gücü ilə qazanması və haqlı qələbəsi kimi qəbul edilməsi çarizm dövrünün qəliblərindən kənara çıxa bilməyən velikoruslarla münasibətlərdə əsas maneədir. Müstəqil dövlətin qalibiyyətini keçmiş siyasi mərkəzin qərarı ilə izah etmək imperiya refleksinin müasir formasıdır.
Azərbaycanın Qələbəsi heç kimin hədiyyəsi deyil. Rusiya 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasında vasitəçi rolunu irəli sürüb və Bakı bunu inkar etməyib. Lakin müvəqqəti missiya ilə Qələbənin siyasi və hərbi müəllifliyinə iddia etmək yolverilməzdir. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı coğrafi zirvələr olmasaydı, Şuşa və azad olunan torpaqlara söykənilməsəydi, noyabr sənədi də kapitulyasiya aktı məzmununda meydana çıxmazdı. Ali Baş Komandanın hərbi və siyasi liderliyi qalibiyyətin düzgün regional və beynəlxalq şəraitdə, zaman seçimində, ordu, xalq və dövlət arasında sarsılmaz birlikdə, analogiyası yeni yaranan müasir müharibə modelində, nəhayət, haqlı və ədalətli mübarizəsində idi.
Rusiya uzun illər Cənubi Qafqazda Qərbin mövqelərinin genişlənməsini öz təhlükəsizliyi üçün arzuolunmaz hərəkat və plan kimi qiymətləndirir. Lakin regionda Moskvanın nüfuzuna zərbə vuran qüvvələr həm də Kremldə əyləşən və hələ də imperiya refleksləri ilə qərar verənlərdir. Qərbi bölgəyə gətirən həll edilməyən münaqişələr, işğalın onilliklərlə davam etməsi və regional qarşıdurmalar üzərində siyasətin qurulmasıdır.
Qarabağ münaqişəsinin uzun illər dondurulmaq cəhdi ABŞ və Fransanın ATƏT-in Minsk Qrupu mandatı ilə regionun əsas güclərindən birinə çevrilməsi ilə nəticələndi. İşğala qarşı uzunmüddətli yol seçən Azərbaycan öz təhlükəsizlik imkanlarını genişləndirərək Türkiyə və başqa tərəfdaşlarla hərbi əlaqələrini gücləndirdi, İsrailin müasir silah texnologiyasına çıxış hüququ qazandı. Ermənistan isə Rusiyanın hərbi müttəfiqi olmasına baxmayaraq, sonrakı mərhələdə Avropa Birliyinin müşahidə missiyasını qəbul etdi, Qərblə təhlükəsizlik alyansına can atdı və indi KTMT ilə vidalaşır.
Nəticədə Moskvanın öz təsir dairəsini qorumaq üçün silaha çevirdiyi uzunmüddətli münaqişə modeli iflasa uğradı. İkinci Qarabağ müharibəsi əslində çoxəsrlik hökmranlıq kursunu da sıradan çıxardı.
Əgər Rusiya başqa bir strateji xətt seçsəydi, Azərbaycanın ərazi bütövlüyünün bərpasını onilliklərlə ləngidən status-kvonun saxlanmasına deyil, təcavüzə son qoymağa və regional iqtisadi inteqrasiyaya üstünlük versəydi, Cənubi Qafqazın bugünkü geosiyasi mənzərəsi də fərqli olardı. Ermənistanın işğal siyasətinə uzun müddət verilən hərbi-siyasi dəstək Moskvanın regiondakı mövqelərini məhv etdi.
Məhz son nümunə Azərbaycan–Rusiya münasibətlərindəki köklü fikir ayrılıqlarını yalnız Bakının “Qərbə meyli” ilə izah etməyin yanlışlığını göstərir. Onilliklərlə Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi müttəfiqi sayılan, KTMT üzvü olan və ərazisində hərbi bazası yerləşən Ermənistan artıq forpostluqdan çıxıb. Daim savaşa çəkilən iki xalqın suveren qərarvermə qabiliyyəti göstərməsinin səbəbi İrəvanın seçimlərində axtarıla bilməz. Vətən müharibəsinin nəticələri son iki yüz illik reallığı dəyişdirdi. Lakin bir ölkəni cənub cinahında ön cəbhəyə çevirmək xətti indi ABŞ, Avropa Birliyinin Moskvanı bölgədən çıxarmağa çalışması ilə yekunlaşıb.
Region uğrunda gedən geosiyasi mübarizə Ermənistanın hansı xarici siyasət kursu seçməsindən artıq asılı deyil. İrəvan ətrafında amansız rəqabətdə Bakı tarixində ilk dəfə həlledici söz sahibidir və bütövlükdə Cənubi Qafqazın gələcək siyasi taleyini müəyyən edir.
Rusiyanın müxtəlif millətçi və avrasiyaçı siyasi çevrələrində zaman-zaman səslənən “Ukraynadan sonra Qafqazla hesablaşmaq” məzmunlu ritorika işğalçı siyasi düşüncənin ifadəsidir. Tarixdən yaxşı bəlli olan ifadəni bütün Rusiya dövlət siyasətinin rəsmi formulu kimi təqdim edən qüvvələr son dövrlər daha da aktivləşiblər, əsas söz sahibinə çevriliblər. Çağırışların sərtləşməsi postsovet məkanının dövlət suverenliyi ilə Rusiyanın tarixi təsir zonası haqqında təsəvvürlərin toqquşduğunu göstərir. Azərbaycanla bağlı informasiya kampaniyasının təhlükəli tərəfi odur ki, köhnə repressiv, müstəmləkəçi siyasi leksikon tədricən dövlətlərarası münasibətlərin dilinə çevrilir.
8 avqust 2025-ci ildə Ağ Evdə imzalanan Birgə Bəyannamə Moskva üçün ayrıca siyasi siqnal olmalıdır. Otuz ildən artıq Rusiyanın öz yaxın coğrafiyası saydığı və təhlükəsizlik sistemində müstəsna rola iddialı olduğu Cənubi Qafqazın iki əsas dövləti sülh prosesinin mühüm mərhələsini Vaşinqtonda rəsmiləşdirdi, Vətən müharibəsinin nəticələrinin legitimliyi dünyanın ən güclü siyasi paytaxtında tanındı. Moskvanın uzun illər ədalətli və nəticə yaradan moderatorluq əvəzinə düşmənçiliyi təşviq etməsi dərin siyasi vakuum yaratdı. Geosiyasətdə boşluq uzun müddət sahibsiz qalmır, bir gücün etimad və nəticə yarada bilmədiyi məkanda başqa hegemonlar yerləşir. 8 avqust razılaşmasının Moskva üçün ən mühüm dərsi barışın özü yox, sülhün Rusiyasız mümkünlüyünün sübut olunmasıdır. Əgər Vaşinqton uğur qazanarsa, “Rusiya olmadan da post-sovet münaqişələri bağlana bilər” mesajı güclənəcək. Belə perspektiv velikoruslar üçün strateji təhlükədir.
Azərbaycan üçün ənənəvi işğal, parçalanma və itkilərin tarixi yaddaşı iki əsrdən artıq bir dövrü əhatə edir. 1805-ci il Kürəkçay razılaşması, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri Cənubi Qafqazın siyasi xəritəsinin dəyişdirilməsində həlledici mərhələlər oldu. Yeni sərhədlər və siyasi formasiyalarda yaşayan xalqlar nəhayət, müstəqillik qazandılar. Lakin Qarabağ Qələbəsi son iki yüz illik imperiya idarəçiliyinə tamamilə son qoyan əsl azadlıq hadisəsidir. Cənubi Qafqazın taleyi uzun müddət region xalqlarının iradəsindən daha çox böyük güclərin arasında müəyyənləşdirilib.
İndi isə mahiyyətcə fərqli tarixi proses gedir. Bakı ilə İrəvan arasında gələcək münasibətlərin hüquqi çərçivəsi regiondan kənar imperiya mərkəzlərinin yazdığı sənədlərlə deyil, Azərbaycan və Ermənistanın öz dövlət iradəsi ilə formalaşdırılır.
Həmçinin oxuyun
İlham Əliyevin liderliyi ilə son yüz ildə tək və təkrarsız hadisə, ədalətli müharibədən sonra aparılan sülh gündəliyi “Əliyev müqaviləsi” üzərində rəsmiləşirsə, təkcə çoxəsrlik müharibə başa çatmır. Belə bir razılaşma Cənubi Qafqazda qərarvermə mərkəzinin region dövlətlərinin öz siyasi iradəsinə keçdiyini göstərir.
Əslində sabit və təhlükəsiz Qafqaz əksər sülhpərvər paytaxtların – işğal siyasəti yürütməyən dövlətlərin obyektiv maraqlarına cavab verir.
Əgər Moskva seçimi regionda qalmaq və ya çıxmaq arasında edirsə, artıq həll edilmiş və tarixdə ilk dəfə, ədalətli düzəni dəyişdirməyə çalışırsa, Qafqazı ukraynalaşdırmaq xəttini yürütmüş olur və beynəlxalq embarqoların, NATO-da təhlükəsizliyini axtaran dövlətlərin səbəbkarı məhz özü olur.
Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi əvvəlki regional inhisarçılıq və istismarçılıq modelini iflasa uğradır. Yüz illər ərzində Cənubi Qafqaz haqqında belə bir təhlükəsizlik, əslində isə qorxu formulu mövcud idi: Rusiya olmasa, Qərb mərkəzləri əl uzatmasa azərbaycanlılarla ermənilər yenidən müharibəyə başlayar və Moskvanın, Brüsselin hərbi-siyasi iştirakı toqquşmanın qarşısını alan tək mexanizmdir. İndi isə Bakı ilə İrəvan birbaşa danışır, mürəkkəb sərhəd məsələlərini həll edir, sülh sənədinin əsaslarını müəyyənləşdirir və çoxəsrlik münaqişədən çıxmaq üçün əvvəlki təhlükəsizlik arxitekturasından kənarda siyasi alternativlər yaradırlar. Bakı və İrəvan tarixi xətti yenidən birləşir.
Əgər Azərbaycanla Ermənistan özləri sülh qurmağa qadirdilərsə, “Rusiya regiondan çəkilsə, tərəflər yenidən bir-biri ilə toqquşacaq” tezisi əhəmiyyətini tamamilə itirir. Əksinə, son proseslər başqa bir sualı ortaya çıxarır: uzun illər Cənubi Qafqazda sülh qurulurdu, yoxsa idarə olunan münaqişələr regional təsiri saxlamaq vasitələrindən biri idi?
Hər zaman aktual olan dilemma Rusiyanın keçmiş siyasəti ilə də müəyyən mənada kəsişir. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə Sovet İttifaqının bütün xalqlarının ortaq tarixi uğurudur. Azərbaycan 80 il əvvəlki Qələbəyə yüz minlərlə əsgərlə, Bakı nefti və böyük sənaye potensialı ilə əvəzsiz töhfələr verib. Ona görə də tarixi irsin qorunması ölkəmizə də xas siyasətdir.
1945-ci ilin nəticələri müasir Rusiyanın təhlükəsizlik və dövlətçilik ideologiyasında xüsusi yer tutur. Sovet İttifaqının ortaq Qələbəsini 1991-ci ildən sonra müstəqillik qazanan dövlətlərin xarici siyasət seçimləri üzərində diktəyə və hegemonluq iddiasına yönəltmək ağır nəticələr doğurur. Əgər Qərb sovetlər üzərində triumfal qələbənin eyforiyasını yaşayırsa, Moskva da 1945-ci ilin Qələbəsini qonşu dövlətlərin suverenliyini məhdudlaşdıran hadisəyə çevirir.
Artıq mənzərəyə bütöv baxmaq olar - Bakı ilə Moskva arasındakı son gərginliyin mahiyyəti də suverenliyin sərhədlərində üzə çıxır.
25 dekabr 2024-cü ildə AZAL-a məxsus Embraer 190 təyyarəsinin vurulması iki ölkənin münasibətləri üçün ağır sınaq oldu. Azərbaycan göstərdi ki, Bakı Moskvadan düzgün və bərabərhüquqlu münasibətləri tələb edir – üzr istənilməli, təzminat ödənilməli və cinayətkarlar cəzalandırılmalıdır. Nə Strasburq, nə də Kreml bürokratiyası Bakı üçün şərtləri, dövlətin idarə olunması və kadrların təyin olunmasını, xarici siyasət direktivlərini müəyyən edə bilməz. Təyyarənin vurulmasına haqq qazandırmağa çalışanlarla 1990-cı illərdəki faciələrdə müəllif rolunda çıxış edənlər eyni qüvvələrdir.
2025-ci ilin iyununda Yekaterinburqda baş verən hadisələr, hüquq-mühafizə orqanlarının istifadə etdiyi “etnik cinayətkar qrup” ifadəsi, cinayət törədən şəxslərin milli mənsubiyyəti ətrafında aparılan diskriminativ kampaniya - “etnik OPQ”, “diaspor”, “azərbaycanlı biznesi” kimi anlayışların mediada bir-birinə bağlanması ölkəmiz əleyhinə humanitar təzyiq, məqsədyönlü hibrid informasiya savaşıdır.
Azərbaycan Qərb siyasi institutlarına, məsələn USAİD-in çətiri altında fəaliyyət aparan nüfuz agentlərinə qarşı apardığı sərt tədbirlər kimi, Rusiya informasiya və mədəni təsir alətlərinin – Mədəniyyət Mərkəzinin də toxunulmaz statusda olmadığını göstərməsi, simmetrik qərarlar verməsi suverenliyin Qələbəmiz, milli sərhədlər və xarici siyasətlə məhdudlaşmadığını, müstəqil hüquqi qərarlarda da əksini tapdığını göstərir.
Ona görə də Moskvada Qonaq Evinin qarşısındakı aksiyaya Azərbaycan XİN-in reaksiyası təxribatın münasibətlərin süni şəkildə gərginləşdirilməsinə xidmət etməsini, bir sıra media resurslarında aparılan qərəzli kampaniyanın tərkib hissəsi olmasını istisna etməməsi tamamilə məntiqidir.
Moskvanın köhnə siyasi leksikonu yalnız televiziya təbliğatçılarının dili ilə ifadə olunmur. Putinin köməkçisi Vladimir Medinski 2026-cı ilin fevralında imperiyaların “pis” və “yaxşı” olduğunu söyləyərək Rusiyanı ikinci sıraya aid edir, sovet dövründən qalan “imperializm” anlayışına mənfi münasibətdən imtinaya çağırır. Suveren demokratiya ideyasının banisi Surkovu əvəz edən tarixçi Medinski ictimaiyyətə daha əvvəl təqdim etdiyi “Собиратели земли Русской” adlı seriya kitablarında – rəsmi konsepsiyada ölkəsini başqa xalqların ərazilərini fəth edən saymır, torpaqları “toplayan - yığan” dövlət kimi təqdim edir. Nəticədə imperiyanın genişlənməsi işğal olmur, “собирание земель” baş verəndə ekspansiya hüquqi-mənəvi legitimlik qazanır.
Eynilə, avqustun 28-də Sergey Lavrov Ermənistan haqqında danışarkən dövlət çevrilişləri təşkil etmək barədə “biz bunu öyrənməmişik” dedi. Yaxın qonşularla hansı dillə danışılacağının anonsu artıq ortadadır.
Halbuki Ukraynada “rus torpaqlarının toplanması” ideyasının nəticəsi çox ağır oldu. “Ana dövlət” axtarışı beşinci ildir davam edir, lakin onun yolu dağıdılmış şəhərlərdən, milyonlarla insanın həyatından və rusların da böyük insan itkilərindən keçir. Dövlətin böyüklüyü sərhəd xəttinin neçə kilometr irəli çəkilməsi ilə müəyyənləşmir, öz vətəndaşının həyatını hansı qiymətə qoruması və rifaha qovuşdurması ilə ölçülür.
Ona görə də üç plakatın istifadə etdiyi siyasi dil eynidir. “Rus qanı sizin əllərinizdədir” ifadəsi dövlətlərarası münasibətləri etnik müstəviyə keçirir. “Rusiya vətəndaşlarından əlinizi çəkin” şüarı Azərbaycan ərazisində qanun qarşısında məsuliyyət daşıyan şəxslərin pasportunu hüquqi toxunulmazlıq arqumentinə çevirir. Azərbaycan təhlükəsizlik orqanlarını və dövlət başçısını hədəfə alan üçüncü şüar isə son dövrdə informasiya məkanında formalaşan daha geniş ittiham ritorikasını küçə aksiyasına gətirir. RTVI-nin hadisə barədə məlumatı da həmin üç şüarın aksiyanın əsas siyasi məzmununu təşkil etdiyini təsdiqləyir.
Nəhayət hər kəs başa düşməlidir - Moskvanın qarşısında anti-Rusiya Azərbaycanı yoxdur, önündə və irəlidə Rusiyadan asılı olmayan müstəqil Azərbaycan var. Prezident Əliyevin liderliyi ilə qazanılan Zəfəri birinci Pyotrun vəsiyyətlərinə və tarixi imperiya direktivlərinə zidd sayan qüvvələr Ulu öndər Heydər Əliyevlə başlanan siyasətin nəticələrini qəbul etməyə məcburdular.
İki anlayış arasındakı fərqin dərk edilməsi gələcək münasibətlərin əsas şərtlərindən biri, hətta məhək daşıdır.
Azərbaycan 1990-cı illərin məğlubiyyət və işğalı altında qalan ucqar məhəlli ölkəsi deyil. Pavel Qraçovun neft müqavilələrinə qarşı rus tanklarını Bakıya yeridəcəyi hədəsi artıq tarixin köhnə qovluğunda qalıb.
Cənubi Qafqazın yeni reallığında Moskvanın əsas itkisi konkret hərbi bazaların, vasitəçilik missiyasının və ya siyasi təsir mexanizmlərinin sıradan çıxması ilə bitmir. Daha mühümü, region dövlətlərinin Rusiyasız qərar verə bilməyəcəyi təsəvvürünün dağılmasıdır.
Azərbaycan iki əsrlik reallığı Qarabağda dəyişdirdi. Ermənistan onu öz təhlükəsizlik siyasətində göstərməyə başlayıb. İlham Əliyev hələ 2016-cı ildə uzaqgörənliklə söyləmişdi ki, Azərbaycanın ərazi bütövlüyü və ədalətli qələbəsi İrəvanın da müstəqilləşməsi üçün mühüm rol oynayacaq. Strateji baxış 44 günlük savaşdan sonra təsdiqini tapdı. İndi Nikol Paşinyanın da dilə gətirdiyi “Qarabağ tələsi”ni və İrəvanın “Böyük Ermənistan” mifinə əsir edilməsini artıq ermənilər də dərindən başa düşür. “Münaqişə və qarşıdurma məntiqi üzərində yazılan Konstitusiyadan imtina edirik“, deyən erməni Baş nazir yeni dövlətin məhək daşını - Ana Qanununu ərazi iddialarsız və imperiyaların əlində silah olmayan xalq statusuna dəyişdirməyə çalışır. Rusiyanı “strateji müttəfiq” adlandırmaqdan çəkinmənin və 2030-cu ilədək hazırlanan Hökumət proqramından tarixi himayədarının adının çıxarılmasının da səbəbi eynidir.
Sabit və təhlükəsiz Qafqaz Qərb və Şərq, o cümlədən Şimal və Cənubdakı dövlətlərin marağında olmalıdır. Azərbaycanın və Ermənistanın bir-biri ilə müharibə etmədiyi, sərhədlərini açdığı, regional kommunikasiyaların işlədiyi və dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıdığı halda xarici hərbi ittifaqları bölgədən uzaq tutan bir siyasətdir. Münaqişəsiz Qafqaz bölgədə bütün xalqlara fayda gətirir. İlham Əliyevin irəli sürdüyü təhlükəsizlik platforması gürcü, azərbaycanlı və ermənilərlə bərabər, çeçenlərin, dağlı xalqların və İranla aparılan qlobal savaşın da tək həll yoludur. Azərbaycan liderinin xilaskarlığı, sülh siyasəti Moskva və Kiyevi də üzücü savaşdan çıxara bilər.
Rusiya yaxın coğrafiyasındakı müstəqil dövlətlərin tam siyasi subyektliyini qəbul etməlidir. Müttəfiqlik bərabər suverenliyə malik dövlətlərin maraqlarının uzlaşdırılmasıdır. Əks halda, tərəfdaşın müstəqil qərarları yalnız Moskvanın mənafeləri ilə üst-üstə düşdüyü müddətdə qəbul olunursa, diaspor rəhbərlərinə qarşı dövlət səviyyəsində reyderlik edilirsə, 96 informasiya kanalının terror dili artıq daha kiçik problemdir.
27 avqust aksiyasına cavabı Zəfərdən sonrakı qlobal tektonik dəyişiklikdə, birinci Pyotrun vəsiyyətlərinin geri oxunmasında, Qorbaçov - Yeltsin siyasətinin məğlubiyyətində və prezident İlham Əliyevin heç bir paytaxtdan asılı olmayan müstəqil liderliyində axtarmaq gərəkdir.
Azərbaycanda Rusiya səfirliyinin Qonaq Evi qarşısında yerləşdirilə biləcək üç plakatın şüarı isə belə olardı: köhnə iyerarxiya və tabeçilik iflasa uğrayıb, suveren Azərbaycanı Moskvanın monitorlarında və küçələrində qaralamaq siyasəti faydasızdır, imperiya refleksi Qafqazlarda üçüncü qüvvələrin yandırmağa çalışdığı yeni ocaqların ideoloji karkasına daha çox uyğun gəlir.
Dəyişmək heç vaxt gec deyil!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudovun səhhətində yenidən problem yaranıb.Citypost.az xəbər verir ki, musavat.com-a danışan sənətkar eyni anda bir neçə ağır xəstəliklə mübarizə apardığını bildirib:"Faktiki olaraq 4 xəstəliklə mübarizə aparıram. Birincisi qocalıqla bağlı problemlərdir. İkincisi prostat idi, şükür ki, bu gün yoxladılar, dedilər normaldır. Amma parkinson xəstəliyinin başlanğıcı var. Eyni zamanda ənənəvi olaraq bronxlarımdan, mədə-bağırsağımdan əziyyət çəkirəm. Bu xəstəliklər məni çox narahat edir. Özü də bir-birinə əks olan dərmanlar içirəm, onlar məni daha da zəiflədir. Deyə bilərəm ki, artıq Əzrayıl müəllimlə yoldaşlıq edirəm".Xalq artisti müalicələrinin Bakıda davam etdiyini, sentyabr ayında yenidən müayinədən keçəcəyini vurğulayıb:"İndi həkimlərimin hamısı məzuniyyətdədir. Sentyabrın əvvəlində...
31 Avqust 2026, 08:20
Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.Citypost.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur....
31 Avqust 2026, 08:12
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.CityPost.az icmalı təqdim edir:
30 Avqust 2026, 16:56
Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq
Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.Bu barədə Azəriqaz İstehsalat Birliyi (İB) məlumat yayıb.Payız-qış mövsümünə hazırlıq, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun R. Quliyev, İ. Əbilov, Sadıqcan, Zığ yolu, Cavanşir küçələrinin və Kombinat ərazisinin, Sabunçu rayonunun Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Balaxanı qəsəbəsində Fazenda küçəsinin, Suraxanı rayonunun Zığ qəsəbəsində H. Allahverdiyev, Xanlar, N. Gəncəvi, İ. Süleymanov, R. Göyüşov, S. Həmidov küçələrinin və Zığ şosesinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq....
30 Avqust 2026, 16:05
Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.Bu barədə Xidmətdən bildirilib.Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti...
30 Avqust 2026, 15:47
Sabah yağış yağacaq, leysan olacaq
Avqustun 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcəkBakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Sabah Azərbaycanın rayonlarında dolu düşəcəyi ehtimalı varSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı...
30 Avqust 2026, 12:42