Bizə yazın

Baku

-°C

USD

-

Onlar bizim üçün ölməyi seçdilər - Vahid Mustafayev yazır

Cəmiyyət 30 Avqust 2026, 12:34

550

Çingiz Mustafayevin ad günü oldu. Sağ olsaydı, 66 yaşı olardı. O, 31 yaşında öldü - Naxçıvanikdə, bir mərmi qəlpəsindən. Tibb institutunu bitirmişdi, jurnalistikada bir illik təcrübəsi belə yox idi. Amma müharibə başlayanda kameranı götürüb getdi - çünki kimsə getməli idi, çünki başqa heç kim getmirdi.

Bu yazı onu tərifləmək üçün deyil. Daha narahatedici bir sual vermək üçündür: Nə üçün bizim ən aydın şüurlu övladlarımız yalnız öləndən sonra "nümunə" olurlar?

GƏNC MİLLƏTİN DİAQNOZU

Sərt bir cümlə ilə başlayaq, çünki yumşaq başlanğıclar həqiqəti gizlədir: Azərbaycan müasir dövlət kimi 1918-ci ildə doğulub. Dövlətimiz cəmi bir əsr yaşındadır - millət isə ondan da gəncdir və hələ yarımçıqdır. Bu, təhqir deyil - diaqnozdur.

Millət dediyimiz şey təbii hadisə deyil, süni, şüurlu tikinti işidir: ortaq yaddaş, ortaq dil kodu, ortaq etika, "biz" sözünün hər kəs üçün eyni şeyi ifadə etməsidir. Millət meşə kimi öz-özünə bitmir - o, əkilir, suvarılır və qorunur. Bu iş üç-dörd nəslin fasiləsiz əməyini tələb edir. Bizdə isə hər dəfə divar bel hündürlüyünə çatanda kimsə gəlib özülü söküb:

1919 - yeni yaranmış Azərbaycan Demokratik Respublikası millətin adını Tatardan Türkə çevirir və əski ərəbdən latın əlifbasına keçid komissiyası yaradır. Cümhuriyyət süqut edir, iş yarımçıq qalır. 1929 - Sovet Azərbaycanı əski ərəb əlifbasından latına keçir. 1936 - Sovet Azərbaycanı millətin adını Türkdən Azərbaycanlıya çevirir. 1939 - latından kiril əlifbasına keçid. 1991 - Müstəqil Azərbaycan Respublikası yenidən kirildən latın əlifbasına keçir.

Bir insan ömrü ərzində millətimiz üç ad daşıyıb və yazımızın kodu dörd dəfə dəyişdirilib. Bu, orfoqrafiya məsələsi deyil - bu, yaddaş qırğınıdır. Baba nəvəsinə öz gəncliyində yazdığı sətirləri oxuda bilmir.

Nəticə bu gün gözümüzün qabağındadır: iki qərib arasında ortaq etik kod yoxdur. Biri digərini aldadanda vicdan əzabı çəkmir - o, "bir adamı" aldadıb, "özününkünü", "doğmasını" yox. Rüşvətxor digərindən rüşvət alanda - o, "bir adamı" soyur, "özününkünü", "doğmasını" yox. Korrupsioner dövlət büdcəsini talan edəndə - o, "kiminsə ölkəsini" talan edir (keçmiş SSRİ-də olduğu kimi), öz "Vətənini" deyil.

Və bunun bariz nümunəsi - bu gün istənilən cərimələrin çoxluğu dövlətin gücünün deyil, millətin formalaşmamasının və zəifliyinin göstəricisidir. Bizdə əhali var, xalq var - amma millət hələ tam yaranmayıb.

ŞƏHİDLƏR - SİSTEMİN HAZIR OLMADIĞI PROTOTİPLƏR

Bu insanlar "Vətən" deyəndə, əslində hələ mövcud olmayan bir şeyi - gələcəkdə yaranmalı olan Milli Özünüdərketməni - öz bədənləri ilə müdafiə edirdilər. Onlar sistemin hələ yaratmadığı DNK-nı öz iradələri ilə əvəz etdilər.

Sonra həlak oldular. Sistem isə yenə yaranmadı, əksinə, onun yaranmasında yeni fasilə başladı. Təhlükə ondan ibarətdir ki, belə fasilələr zamanı - yəni yeni Milli Özünüdərketmə sisteminə malik fidanlar yaranana qədər - ölkə çox zəif vəziyyətdə olur.

Və burada faciənin ən dərin qatı görünür: biz onları "şəhid" adlandırmaqla, əslində öz işimizi onların çiyninə yükləyirik. "Onlar öldü, deməli, Milləti kifayət qədər dərk edənlər var, deməli Millət var" - bu, ən rahat, ən qorxaq yalandır. Əslində biz yeni yetişmiş Milli fidanları tam şəkildə itirmişik desək, düz olar. Qəhrəmanlığı bayram etmək, qəhrəmanlığı davam etdirməkdən qat-qat asandır. Birincisi bir gün çəkir, ikincisi bir ömür.

Allah Çingizin simasında bizə görə öz varlığından imtina edən, bizi var, dövlətli edən Mərd Ürəklərə rəhmət eləsin! Kaş ki hamınız sağ qalardınız.

Bu Şəhid adlandırdığımız Ürəklər və Beyinlər artıq tam formalaşmış Azərbaycanlılar idi. Onlar Vətən uğrunda deyil, Azərbaycançılıq uğrunda döyüşürdülər. Allah sizə rəhmət eləsin - bizə yiyə durmaq istəyirdiniz, amma bizi yetim qoydunuz...

BİR OTEL OTAĞINDAN BAŞLAYAN MİLLƏT

İrlandiya 19-cu əsrdə məhv olmaq həddində idi. Böyük Aclıq bir milyon insanı öldürdü, bir milyonu mühacirətə vadar etdi. Diqqət: itirilənlər sadəcə əhali deyildi - dili, adəti, yaddaşı daşıyan nəsil idi. Artıq dil ölürdü: hər yerdə hər şey ingilis dilində yazılırdı, milli dildə danışanlar geridə qalmış hesab olunurdu, elit təbəqə öz aralarında ingiliscə danışırdı - yəni öz milli dilində yox.

1884 - bir müəllim və bir idmançı, Törles şəhərinin bir otel otağında GAA-nı (Qeyli Atletik Assosiasiyası) yaratdılar: milli oyunları xilas etmək üçün. 18 ay sonra 50.000 üzv. Çünki idman meydançası - uşağın "biz" sözünü tərlə, konkret şəkildə yaşadığı yerdir.

1893 - Duqlas Hayd və bir neçə nəfər Qeyli Liqasını qurdular: İrlandiyada kelt/irland dilini, ədəbiyyatını və milli mədəniyyətini qorumaq, dirçəltmək və yaymaq məqsədilə təsis edilmiş ictimai-mədəni təşkilat. Mövqe radikal idi: dil əlyazmada qalsa, ölər - o danışılmalı, oxunmalı, öyrədilməlidir. On ilə 500-dən çox filial.

Ədəbi Dirçəliş - Yeats və başqaları irland mifologiyasını müasir ədəbiyyata gətirdilər. Bir millət, özü haqqında danışa biləcəyi hekayə olmadan yaşaya bilməz. Yeri gəlmişkən, bütün dünyada məşhur olan Hellouin (qədim kelt Samhain bayramı) da İrlandiyada yaranıb.

Müstəqil İrlandiya yalnız 1922-ci ildə yarandı - GAA-dan 38 il sonra. Yəni millət dövlətdən əvvəl tikildi. Dövlət gələndə, artıq hazır bir "biz", Milli Özünüdərketmiş toplu var idi. Bir etiraf da lazımdır: İrlandlar dili tam xilas edə bilmədilər - bu gün irland dilində gündəlik danışan 2%-dən azdır. Amma idmanı, mifologiyanı, kollektiv yaddaşı xilas etdilər. Dərs budur: hər cəbhədə qalib gəlmək lazım deyil - tikintini dayandırmamaq lazımdır. Bizim üstünlüyümüz isə odur ki, dilimiz sağdır. Yəni biz İrlandlardan qat-qat yaxşı mövqedən başlayırıq.

BƏS BƏXTİYAR VAHABZADƏNİN QÖVMÜ NƏ ETSİN?

Bəxtiyar Vahabzadə "Ana dili" şeirini yazanda, dilin təkcə ünsiyyət vasitəsi deyil, millətin özülü olduğunu deyirdi. Bax, onun qövmü indi nə etməlidir:

1. Şifahi tarix. Bu həftə sonu nənənizin, babanızın söhbətini telefonla lentə alın. Yaddaş arxivdə deyil, evdə, mətbəxdə saxlanılır.

2. Dilimizə hörmət. Getdiyiniz restoran və kafelərdə tələb edin ki, menyu və digər müştəri qarşısına çıxarılan yazılı atributlar Azərbaycanca olsun! Hər şey mətbəxdən başlayır - yemək milli olmasa da, onu təqdim edən yazı heç olmasa Azərbaycanca olsun.

3. Könüllü icmalar. Dil klubu, oxu qrupu, tarix dərnəyi. Beş nəfər hər həftə bir kafedə toplaşırsa - bu artıq institutdur. Ən dayanıqlı struktur, bağlanacaq mərkəzi ofisi olmayan strukturdur. Bu kimi ictimai qurumlar şəhərlərdə Azərbaycan dilində olmayan lövhələr görəndə əlaqəli qurumlara müraciət etməli və Azərbaycan dilini qorumalıdırlar. Biznes sahibi adını ingilis dilində yazmaq istəyirsə - buyurub Azərbaycanca da yazsın. Ən azı ona görə ki, xarici dil bilməyən və bilməyə ehtiyacı olmayan vətəndaşlarımız öz doğma şəhərində hər şeyi oxuya bilsin!

4. Qloballaşma yox, əvəzlənmə və "kopi-peyst" təhlükəlidir. Təhlükə xarici dildə deyil, əvəzlənmədədir. Təəssüf ki, bu gün manqurtlaşma məktəbdə və universitetdə başlayır; lakin ailə onun qarşısını ala biləcək vacib məfhumdur. Azərbaycanın Milli Özünüdərketmə fidanları həlak olan dövrdə, köksüzlük zamanında isə millət çox zəif və bütün viruslara açıq vəziyyətdə olur.

5. Ağlaşma yox, təhlil. Çingiz və digər qəhrəmanlarımızın həyatı məktəblərdə dərketmə və analiz mövzusu kimi öyrədilməlidir: bu passionar adamlar hansı seçim qarşısında qaldı? Nə seçdilər? Bunu nəyə görə etdilər? Sən onun yerində nə edərdin?

6. Utanc mexanizmi. Korrupsiya qanunla yox, mədəniyyətlə azalır - hər dəfə kimsə susmaqdan imtina edəndə.

EPİLOQ

Çingiz Mustafayev 31 il yaşadı. Vaxt azdır. Amma tarix göstərir ki, millətlər ən ümidsiz şəraitdə də özlərini yenidən tikə biliblər - bir otel otağında yığışan bir neçə nəfərlə, bir mahnı ilə, bir dil dərsi ilə.

Çingiz bizə sübut etdi ki, bir insan heç bir sistem olmadan da tam formalaşmış azərbaycanlı ola bilər. Deməli, bu mümkündür. İndi işimiz onun fərdi qəhrəmanlığını sistemə çevirməkdir. Əks halda hər il gül qoyacağıq, hər il yaxşı sözlər deyəcəyik, hər il bir az da unudacağıq.

Onlar bizim üçün ölməyi seçdilər. Biz onlar üçün yaşamağı seçə bilərik - hər gün, uşağımıza danışdığımız hər hekayə ilə, yazdığımız hər sətirlə. Onlar bizə yiyə durmaq istəyirdilər.

İndi növbə bizimdir.

Vahid Mustafayev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah yağış yağacaq, leysan olacaq 

Avqustun 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcəkBakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Sabah Azərbaycanın rayonlarında dolu düşəcəyi ehtimalı varSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı...

30 Avqust 2026, 12:42

Yadigar Məmmədli- 65  

Eh, bu dünya əzəldən yaxşı adamlarla yola getmir. Başlarına elə oyunlar açır ki, bir də baxıb görürlər ki, ömrün çoxu gedib, azı qalıb. İndi gəl, o azın içində yaşa da. Ay yaşadın ay, ürəyini qoruyursan, böyrəyin sözünə baxmır. Ciyərini gözləyirsən, mədə-bağırsağın başına oyun açır. Və bir də görürsən ki, gecdir, gecdir daha, geriyə yol yoxdur. Nüsrət Kəsəmənli demişkən: “Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox...”Soytxamıram, deyinirəm ki, fələyin gözü çıxmasın, dünən Azadlıq meydanında plaşının yaxalığını qulaqlarına kimi qaldırıb sovet hökumətinə qarşı üsyan edən Yadigar Məmmədlinin 65 yaşı nə tez gəlib çatdı...Deyir ki:- "Mən jurnalist kimi fəaliyyətə başladığım illərdə...

30 Avqust 2026, 12:30

Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb 

Sabirabadın Suqovuşan kəndində 2 yaşlı uşaq gölməçəyə düşərək boğulub.Valideynlərinin nəzarətindən yayınan uşaq həyətdəki gölməçəyə düşüb. Hadisə nəticəsində uşaq həyatını itirib.Faktla bağlı araşdırma aparılır.

30 Avqust 2026, 12:22

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib 

Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib.CityPost.az unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub.Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib.Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır....

30 Avqust 2026, 12:12

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə  FHN-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:"Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti...

30 Avqust 2026, 11:52

Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonra  

Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonraAzərbaycanla Moldova arasında münasibətlər müstəqillik dövründə davamlı inkişafa malik olub. Lakin Sovetlər Birliyinin süqutunun ən ağır nəticələrini milli-etnik və dövlətlərarası münaqişələr səviyyəsində yaşayan iki ölkənin üzləşdiyi çağırışlar bir çox cəhətlərinə görə eynilik təşkil edirdi.Doğrudur, Bakı ilə Kişinyov coğrafi qonşuluqda yerləşmir, ticarət dövriyyəsi də yüksək deyildi və iki xalqın yaşadığı təhlükəsizlik riskləri fonunda onlar vahid hərbi ittifaqlarda təmsil olunmurdular. Lakin hər iki dövlətin son otuz ildən artıq keçdiyi yola baxanda güclü siyasi iradə nümayişi aydın görünür: separatizmə qarşı mübarizə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı xarici siyasətin əsas prinsiplərinə çevrilib, böyük güclərin maraqlarının...

29 Avqust 2026, 14:40