Bizə yazın

Baku

-°C

USD

-

USTADIMA VƏFA BORCUM - NƏRİMAN HƏSƏNZADƏNİN ƏZİZ XATİRƏSİNƏ  

Cəmiyyət 28 Avqust 2026, 15:07

311

Bəzən insan həyatda elə şəxsiyyətlərlə qarşılaşır ki, illər keçsə də, zaman onları yaddaşdan silə bilmir. Onların səsi, baxışı, danışığı, təbəssümü, bircə kəlməsi belə insanın yaddaşında yaşayır. Bəzi insanlar isə sadəcə xatirəyə çevrilmir, insanın mənəvi dünyasının ayrılmaz parçasına çevrilirlər. Mənim üçün Nəriman Həsənzadə məhz belə böyük və əziz şəxsiyyət idi. Onun haqqında yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də ustadıma olan vəfa borcumdur.

Bir də o həzin, duyğulu, insanın qəlbinə məlhəm kimi yayılan o səsi canlı eşitməyəcəyəm... Bu fikri dilə gətirmək belə mənə ağır gəlir. Onun səsi bir başqa idi. Şairlərin xüsusi şeir oxumaq diksiyası var. Bu, çoxlarına aiddir. Lakin Nəriman müəllimin şeir oxumağında tamam başqa bir sehr vardı. O, şeirlərini sadəcə oxumurdu, elə bil onlara lay-lay çalırdı. Hər misranı özünəməxsus intonasiya ilə, sözün ruhunu duyaraq səsləndirirdi. Səsində qəribə bir doğmalıq, sakitlik və dərinlik vardı. O səsi eşidəndə insanın iç dünyasında nələrsə dəyişirdi.

Ümumiyyətlə, Nəriman Həsənzadə başqa aləm idi. Onu yalnız şair kimi təqdim etmək onun böyük şəxsiyyətini tam ifadə etmək olmaz. O, istedadlı şair, dramaturq, alim, ictimai xadim olmaqla yanaşı, böyük ziyalı, böyük insan idi. Onun yaradıcılığı ilə şəxsiyyəti arasında qəribə bir vəhdət vardı. İstedadı ilə şəxsiyyəti həyatı boyu eyni addımladı. Biri o birini üstələmədi. Nə şöhrəti onun sadəliyini dəyişdi, nə də böyük istedadı insani keyfiyyətlərinin qarşısına keçdi. Bu dünyanın Nərimanı idi o.

Mənim xatirələrimdə Nəriman Həsənzadə hər şeydən əvvəl əziz xələf bir doğmam kimi qalıb. Onunla bağlı yaddaşımda saysız-hesabsız xatirələr var. Hər xatirənin öz rəngi, öz səsi, öz istiliyi var. Amma bütün bu xatirələrin içərisində onun bir müraciəti xüsusilə seçilir: “Qurvan olum, ay Hürü”. Bu, mənim üçün sadəcə bir söz deyildi. Bu, bütöv bir dünya idi. Həmin sözün içində doğmalıq vardı, səmimiyyət vardı, mehribanlıq vardı. O sözün içində Nəriman müəllimin mənə münasibəti, insanlara olan isti münasibəti, ürəyinin genişliyi yaşayırdı

Mən hər zaman onun üzündəki o həlim, doğma ifadəni, təbəssümü xatırlayacağam. Elə insanlar var ki, onların siması yaddaşa həkk olunur. Nəriman müəllimin də simasında qəribə bir rahatlıq, sakitlik və doğmalıq vardı. Onunla danışanda insan özünü heç vaxt yad hiss etmirdi. Qarşında Azərbaycanın böyük şairi, dramaturqu, alimi dayanırdı, amma onun yanında özünü rahat hiss edirdin. O, böyüklüyünü qarşısındakı insana hiss etdirməyən nadir şəxsiyyətlərdən idi.

Əsl böyüklük də elə budur. İnsan yüksəldikcə sadəliyini, mərhəmətini, təvazökarlığını qoruyub saxlaya bilirsə, deməli, həqiqətən böyükdür. Nəriman müəllim bu mənada böyük bir məktəb idi. Onun yanında insan yalnız ədəbiyyatdan, poeziyadan, sənətdən danışmırdı, həm də həyatı, insanlığı, münasibətləri, mənəvi dəyərləri öyrənirdi.

Mən Nəriman müəllimi yalnız əsərləri ilə deyil, insanlığı ilə də tanıdım. Onun hər davranışında bir ağsaqqallıq, bir müdriklik vardı. Sözünün çəkisi, baxışının mənası, təbəssümünün istiliyi insanın qəlbində iz buraxırdı. O, insanı dinləməyi bacarırdı. Qarşısındakının sözünə qiymət verirdi. Onunla ünsiyyətdə olan hər kəs özünü dəyərli hiss edirdi. Bu, böyük sənətkar olmaqdan daha artıq bir keyfiyyətdir. Bu, böyük insan olmaqdır.

Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutur. Onun poeziyasında Vətən, torpaq, ana, məhəbbət, ayrılıq, insan, zaman, yaddaş kimi böyük mövzular xüsusi yer tutur. O, adi görünən həyat hadisələrindən böyük mənalar çıxarmağı bacarırdı. Onun sözündə həyat vardı. Yaşanmış həyat - ağrısı, sevinci, nisgili, ümidi və sevgisi ilə.

Onun şeirlərini oxuyarkən insan öz həyatından nələrisə tapırdı. Bəzən uşaqlığını xatırlayırdı, bəzən doğma torpağını, bəzən itirdiyi insanları düşünürdü. Çünki Nəriman müəllimin poeziyası insanın ürəyinə toxunmağı bacarırdı. O, sözün zahiri gözəlliyi ilə kifayətlənmirdi. Sözün ruhunu axtarırdı. Bəlkə də buna görə onun şeirləri illər keçdikcə öz aktuallığını və təsir gücünü qoruyub saxlayır.

Dramaturq kimi də Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun dramaturji yaradıcılığında insan xarakterləri, cəmiyyətin mənəvi problemləri, tarixi yaddaş və milli düşüncə xüsusi yer tutur. O, sözün gücü ilə insanı düşündürməyi, suallar qarşısında qoymağı bacarırdı. Alim kimi də ədəbiyyatımıza və söz sənətimizə xidmət edib, ictimai xadim kimi isə milli mədəniyyətimizin və ədəbi düşüncəmizin inkişafına öz töhfəsini verib.

Amma bütün bu titulların, bütün bu böyük adların arxasında mənim gördüyüm bir insan vardı – Nəriman müəllim. Mənim ustadım. Mənim doğmadan doğma bildiyim eloğlum. Mənim ağsaqqalım.

Ustad olmaq yalnız əsərlər yaratmaq deyil. Ustad olmaq həm də özündən sonra gələnlərə mənəvi yol göstərməkdir. İnsanlara sözün məsuliyyətini, sənətin müqəddəsliyini, insanlığın ucalığını öyrətməkdir. Nəriman müəllim mənim üçün məhz belə bir ustad idi. Mən onun yanında yalnız poeziyanı deyil, insanlığı da öyrənirdim.

Bəzən bir insanın davranışı uzun bir kitabdan daha çox şey öyrədir. Bəzən bircə cümlə illərlə yadda qalır. Bəzən bir təbəssüm insanın qəlbində ömürlük iz buraxır. Nəriman müəllimin də mənəviyyat məktəbindən aldığım ən böyük dərslərdən biri insan olaraq qalmağın vacibliyi idi.

Həyat insanı müxtəlif sınaqlardan keçirir. İnsan bəzən yüksəlir, bəzən yıxılır, bəzən sevinir, bəzən itirir. Lakin bütün bunların içərisində insanlığını qorumaq ən böyük qələbədir. Nəriman müəllim uzun və mənalı ömrü ilə bunu göstərdi. Onun həyatında sənət və şəxsiyyət bir-birini tamamlayırdı.

İndi onun yoxluğundan danışmaq çox çətindir. Çünki bəzi insanların yoxluğuna inanmaq olmur. Onların kitabları qalır, yazıları qalır, şəkilləri qalır, sözləri qalır. Səsləri yaddaşda yaşayır. Təbəssümləri göz önündə canlanır. Və sən anlayırsan ki, insan fiziki olaraq aramızdan getsə də, yaratdığı mənəvi dünya davam edir.

Nəriman müəllimin dünyası da davam edəcək. Onun kitablarında, şeirlərində, dramaturgiyasında, elmi və ictimai fəaliyyətində, onu tanıyan insanların xatirələrində və ən əsası, onun sözlərindən təsirlənən insanların qəlbində.

Mən ona “əlvida” demirəm. Deyə bilmirəm. Çünki mənim üçün Nəriman müəllim gedən deyil. O, sadəcə başqa bir üfüqə çəkilib. Bizim gözümüzdən uzaqlaşıb, amma yaddaşımızdan yox. Əlvida demək üçün insanın tamamilə yox olması lazımdır.

Sizin kimi insanlar əbədiyyət üfüqlərində doğan Günəşdir. Günəş isə əbədidir, sönməzdir.

İndi onun səsini canlı eşidə bilməyəcəyəm. Lakin bir gün onun şeirlərindən birini oxuyanda həmin səsi yenidən eşidirmiş kimi olacağam. Onun misralarından birində səsini, bir sözündə baxışını, bir şeirində təbəssümünü tapacağam. Bəlkə də yenə qulağımda o doğma müraciəti səslənəcək: “Qurvan olum, ay Hürü...” Mən də içimdən cavab verəcəyəm: “Qurban olum, mənim ustadım...”

Nəriman müəllim, Siz mənim üçün böyük dərya idiniz. O dəryadan hər kəs öz payını götürdü. Kimisi söz götürdü, kimisi hikmət, kimisi sənət, kimisi mərhəmət, kimisi insanlıq. Mən isə Sizin həm sözünüzdən, həm də şəxsiyyətinizdən pay aldım. Bu, mənim üçün ömrümün ən böyük mənəvi qazancıdır.

Sizinlə tanış olmaq, Sizinlə söhbət etmək, Sizin doğma münasibətinizi görmək, Sizin səsinizi canlı eşitmək mənim həyatımın ən qiymətli xatirələrindəndir. Bu xatirələr heç vaxt köhnəlməyəcək. Çünki həqiqi insanlar yaddaşda zamanla silinmir, əksinə, zaman keçdikcə daha da qiymətli olurlar.

Nəriman müəllim, Siz mənim üçün bir insanlıq məktəbi idiniz. Bu məktəbin qapıları heç vaxt bağlanmayacaq. Çünki həqiqi ustadların məktəbi ölüm tanımır. Sizin yazdığınız hər misra, yaratdığınız hər obraz, söylədiyiniz hər fikir bu məktəbin dərsidir. Sizi oxuyan hər yeni nəsil həmin dərslərdən öz payını götürəcək.

Bəlkə də əbədiyyətin ən böyük mənası elə budur: insan özündən sonra sözünü, ruhunu, işığını və sevgisini qoyub gedir. Siz öz işığınızı qoyub getdiniz. Biz o işıqla yolumuzu tapacağıq.

Mən bu yazını bir vida yazısı kimi deyil, ustadıma olan mənəvi borcumun ifadəsi kimi qələmə alıram. Çünki insan ustadına yalnız sağlığında deyil, onun yoxluğunda da sadiq qalmalıdır. Onun adını, sözünü, xatirəsini yaşatmalıdır.

 Mənim Sizə vəfa borcum da budur.

Sizi unutmayacağam, Ustadım.

Sizin o həzin, duyğulu səsinizi unutmayacağam. O səs ki, insanın qəlbinə məlhəm kimi yayılırdı. O həlim baxışınızı, doğma təbəssümünüzü unutmayacağam. “Qurvan olum, ay Hürü” deyə səslənməyinizi heç vaxt unutmayacağam.

Çünki Siz mənim üçün sadəcə böyük şair Nəriman Həsənzadə deyildiniz, siz mənim ustadım idiniz, eloğlum idiniz, ağsaqqalım idiniz. Doğmadan doğma bildiyim bir insan idiniz.

Və… bundan sonra da belə qalacaqsınız.

Ruhunuz şad olsun, əziz Ustadım.

Əlvida demirəm, çünki Sizin kimi insanlar əbədiyyət üfüqlərində doğan Günəşdir.

GÜNƏŞ İSƏ ƏBƏDİDİR, SÖNMƏZDİR.

Ustadımızın ruhuna böyük sevgi ilə;

Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı

Fərid Səfərov

AJB-nin üzvü

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.İclasın yekununda bir sıra qərarlar qəbul edilib.Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli...

28 Avqust 2026, 15:50

Nigar Fərhad sərbəst buraxıldı

Çoxsaylı şikayətlər əsasında saxlanılan "AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, "AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb. ///Qafqazinfo...

28 Avqust 2026, 15:05

Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb - O kimdir? 

24 yaşında birincilərin bir addımlığında - Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb.Sovet-alman müharibəsi dövründə İosif Stalin növbəti xarici ölkə nümayəndələrini qəbul etdikdən sonra tərcüməçisi Vladimir Pavlov imzalanan sənədlərin rus dilinə tərcüməsini ona təqdim edəndə aralarında “maraqlı” dialoq yaranıb. Həmin söhbətdə Lavrenti Beriya da iştirak edib. Stalin adətən öz tərcüməçisinə Volodya deyə müraciət edib:- Volodya, sən mənim fikirlərimi “qonaq”lara dəqiq ifadə edə bilirsənmi? Mən buna şübhə etmirəm, amma hər halda soruşmağı da vacib sayıram.Sual Pavlovu çaşdırıb. O, Stalinin bu sualının zarafat və ya ciddi olduğunu ayrıd edə bilməyib:- Əlbəttə, yoldaş Stalin.Söhbətə Beriya müdaxilə edib:- İosif Vissarionoviç, sizin ən məxfi...

28 Avqust 2026, 14:39

Mirşahin Qurban Qurbanovdan yazdı 

Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, – deyə o bildirib.Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.Niderlandda Azərbaycan...

28 Avqust 2026, 14:33

Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazıb 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir.Bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib.O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.“Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir....

28 Avqust 2026, 14:26

Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK

2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII siniflərdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinə başlanacaq. Yenilik xüsusilə rus bölməsində oxuyan şagirdlərin fənni mənimsəmə imkanları, dil hazırlığı və müəllimlərin bu keçidə nə dərəcədə hazır olması ilə bağlı müzakirələri aktuallaşdırır.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov 2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII sinif şagirdlərinə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunmasını müsbət və məqsədyönlü addım kimi qiymətləndirib.Onun sözlərinə görə, bu qərar həm Azərbaycan tarixinin daha dərindən mənimsənilməsi, həm də dövlət dilinin təhsil prosesində mövqeyinin gücləndirilməsi baxımından...

28 Avqust 2026, 13:57