Firuzə Məmmədlinin sözün yaddaşına çevrilən ömrü haqqında düşüncələrim - Sayman ARUZ
Cəmiyyət 29 Sentyabr 2026, 12:30
619
Dəyərlərimizi və dəyərlilərimizi unutmayaq.
Azərbaycan poeziyasının uzun və mürəkkəb tarixində elə şairlər var ki, onların yaradıcılığını yalnız müəyyən bir ədəbi nəslin və ya dövrün kontekstində izah etmək mümkün deyil. Onların yaradıcılığı zamanın ayrı-ayrı mərhələlərindən keçərək öz daxili bütövlüyünü qoruyur, dəyişən estetik zövqlərə baxmayaraq poetik fərdiliyini itirmir. Belə sənətkarların əsərlərində yalnız müəllifin şəxsi həyatı deyil, yaşadığı dövrün mənəvi atmosferi, insan münasibətləri, ictimai yaddaşı və milli düşüncəsi də öz əksini tapır.
Firuzə Məmmədlinin yaradıcılığına bu rakursdan yanaşdıqda onun Azərbaycan poeziyasındakı yeri daha aydın görünür. O, yalnız şair deyil, eyni zamanda dilçi alim, ədəbiyyatşünas, müəllim, tərcüməçi, publisist və uzun illər Azərbaycan Yazıçılar Birliyində ədəbi-ictimai fəaliyyət göstərmiş ziyalıdır. 1983-cü ildən AYB üzvü olan Firuzə Məmmədli 1995-ci ildən Birliyin Həmkarlar Komitəsinə rəhbərlik edib. Onun ədəbi fəaliyyəti isə 1963-cü ildə Xaçmaz rayonunun “Dostluq” qəzetində dərc olunan “Ay həkim” şeiri ilə başlayıb.
Lakin Firuzə Məmmədlinin yaradıcılıq portretini yalnız bu faktlarla təqdim etmək onun sənətinin mahiyyətini izah etmir. Çünki Firuzə Məmmədli yaradıcılığının əsas xüsusiyyəti onun müxtəlif fəaliyyət sahələrinin bir-birindən ayrılmamasıdır.
Şair sözün hissini yaşayır. Dilçi sözün quruluşunu araşdırır. Ədəbiyyatşünas sözün estetik mahiyyətini açır. Müəllim sözü yeni nəslə ötürür. Publisist isə sözün cəmiyyət qarşısındakı məsuliyyətini dərk edir. Firuzə Məmmədlidə bütün bunlar eyni yaradıcı şəxsiyyətin müxtəlif təzahürləridir.
1. KƏNDİN YADDAŞINDAN POEZİYANIN MƏKANINA
Firuzə Məmmədlinin 1940-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində doğulması onun poetik dünyasının formalaşmasında yalnız bioqrafik fakt deyil. Kənd uşaqlığı insanın yaddaşında xüsusi bir məkan yaradır. Orada təbiət insanın ilk müəlliminə çevrilir. Fəsillər, ağaclar, torpaq, yağış, çay, bağ, həyət, ana, ata evi, kənd adamları, uşaqlıq səsləri – bütün bunlar sonradan şairin poetik yaddaşının materialına çevrilir. Firuzə Məmmədlinin poeziyasında təbiət təsvirlərinin canlılığı müəyyən mənada bu ilkin yaddaşın davamıdır. Onun “Bahar ritmləri” şeirindən gətirilən misralarda yazın gəlməsi yalnız təbiət hadisəsi kimi deyil, poetik hərəkət kimi təqdim olunur:
“Elə cilvələnir aşığın təbi,
Əli üzüləmmir saz ətəyindən.”
Burada təbiət artıq passiv mənzərə deyil. O, hərəkət edən, musiqi yaradan, “saz çalan” canlı varlıqdır. Baharın gəlməsi ilə təbiət sanki aşığa çevrilir. Bu isə Azərbaycan folklor-poetik düşüncəsinin müasir lirika daxilində davamıdır. Firuzə Məmmədlinin təbiət poetikasında diqqət çəkən cəhət də budur: təbiət insanın xaricində deyil, onun mənəvi dünyasının içərisindədir.
2. “GÜMÜŞÜ DAMLA”DAN BAŞLAYAN POETİK YOL
Firuzə Məmmədlinin ilk kitabı “Gümüşü damla” 1972-ci ildə nəşr olunub. Ardınca “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Ömrün axarı”, “Aşacağam zaman adlı sədləri”, “İki damla dəniz”, “Dərd üzünü gizləyir”, “Söz macalı”, “Nə yaxşı yaxamda söz medalım var”, “Dünya gözəlliklə dolu”, “Savaş fəsli”, “Söz sizindir” və başqa kitablar meydana gəlib. Onun yaradıcılığının mühüm hissəsi çoxcildlik “Seçilmiş əsərləri”ndə toplanıb. Kitab adlarının özündə belə Firuzə Məmmədlinin poetik inkişafının müəyyən xəritəsini görmək mümkündür. Damla, bahar ömür, yetkinlik, ucalıq, dünya, zaman, eşq... Bu sözlər təsadüfi adlar təsiri bağışlamır. Onlar şairin daxili poetik hərəkətinin mərhələlərini də göstərir. Əvvəlcə hiss, sonra təbiət, sonra ömür, daha sonra isə yetkinlik. Ardınca zamanla qarşılaşma. Və nəhayət – söz. Sanki şair yaradıcılıq yolu boyunca tədricən özünün ən böyük mənəvi dayağını tapır.
3.. FİRUZƏ MƏMMƏDLİ POEZİYASININ ƏSAS OBRAZI: İNSAN
Firuzə Məmmədlinin poeziyasını bir sözlə xarakterizə etmək lazım gəlsə, mən “insan” sözünü seçərdim. Onun şeirlərində təbiət var, Vətən var, zaman var, ayrılıq var, ölüm var, yaşlanmaq var, sevgi var, yaddaş var. Amma bunların hamısı insanın mənəvi dünyasında birləşir. Şairin əsas sualı çox vaxt belə səslənir: "İnsan öz ömrünü necə yaşamalıdır"? Bu sual onun poeziyasının fəlsəfi əsaslarından biridir. Buna görə Firuzə Məmmədlinin lirikasında “mən” eqosentrik mənada deyil. Şairin “mən”i şəxsi həyatın sərhədlərini aşaraq ümumiləşmiş insan obrazına çevrilir. O, özündən danışır amma oxucu özünü görür. Bu, lirikanın ən mühüm uğurlarından biridir.
4. “MƏNİ MƏNLƏ BÖLƏN DÜNYA”: İKİLƏŞƏN İNSAN
Firuzə Məmmədlinin “Məni mənlə bölən dünya” kitabının adı onun yaradıcılığının fəlsəfi açarlarından biridir. Bu adda ciddi bir daxili konflikt var: mən və mən. İnsan öz daxilində neçə insandır?Yaşadığımız həyat bizi olduğumuz insandan nə qədər uzaqlaşdırır? Dünya insanı özündən ayırır, yoxsa insan öz daxilində dünyanı bölür? Firuzə Məmmədli bu suallara birbaşa fəlsəfi traktat formasında cavab vermir. O, onları şeirə çevirir. Bu baxımdan onun poeziyasında daxili monoloq mühüm yer tutur. Şair özünə sual verir. Özünü müşahidə edir. Öz həyatına kənardan baxır. Bu, yaş artdıqca daha da dərinləşən poetik keyfiyyətdir. Çünki gənclikdə insan əsasən dünyanı dəyişmək istəyir. Yetkinlikdə isə insan özünü anlamağa başlayır. Firuzə Məmmədlinin sonrakı poeziyasının bir hissəsində məhz bu ikinci mərhələnin düşüncəsi görünür.
5. ZAMAN: KEÇƏN YOX, İZ QOYAN HADİSƏ
Firuzə Məmmədli poeziyasında zaman sadəcə saatın, təqvimin və illərin hərəkəti deyil. Zaman insanda iz buraxan qüvvədir.Bu baxımdan onun “İllərin” kimi şeirlərində keçmişə qayıdış xüsusi əhəmiyyət daşıyır. Burada keçmiş hazır şəkildə qorunmuş yaddaş deyil; insan onu yenidən vərəqləyir, seçir, ölçür və qiymətləndirir. Bu, əslində, yaddaşın poetik mexanizmidir. İnsan keçmişi olduğu kimi xatırlamır, insan keçmişini yenidən yaradır. Firuzə Məmmədlinin poeziyasında da xatirə yalnız keçmişin təsviri deyil. Xatirə – bu günün içindən keçmişə baxışdır. Bu fərq onun lirikasını sadə nostaljidən ayırır.
6. TƏNHALIQ: İNSANIN ÖZÜNƏ QAYIDIŞI
Firuzə Məmmədlinin poetik dünyasının mühüm anlayışlarından biri də tənhalıqdır. Lakin burada tənhalığı yalnız sosial təcrid kimi başa düşmək doğru olmaz. Tənhalıq bəzən insanın öz içində qurduğu məkandır. İnsan hamının arasında da tənha ola bilər. Bəzən isə təklikdə özünü daha bütöv hiss edir. Firuzə Məmmədlinin poetik tənhalığı daha çox ikinci mənaya yaxındır. Bu tənhalıq şairin özünü dinlədiyi, keçmişini sorğuladığı və həyatının mənasını yenidən ölçdüyü daxili məkandır. 2025-ci ildə Rüstəm Kamalın Firuzə Məmmədli haqqında “Şair ömrü – tənhalığın metaforası” adlı məqalə yazması da bu cəhətin ədəbi tənqid baxımından ayrıca diqqət çəkdiyini göstərir. Burada tənhalıq zəiflik deyil. Tənhalıq – özünüdərkin ən mənalı və dərin formasıdır.
7. QADIN POEZİYASI: KÖVRƏKLİK VƏ DİRƏNİŞ
Firuzə Məmmədlinin poeziyasını Azərbaycan qadın poeziyası kontekstində də araşdırmaq vacibdir. Lakin onun qadınlığı yalnız zəriflik və kövrəklikdən ibarət deyil. Əksinə, onun poetik qadın obrazında iki qüvvə yanaşı dayanır:kövrəklik və müqavimət. Təbii ki, qadın ürəyi həssasdır. Amma həssaslıq heç də zəiflik demək deyil. Əksinə, həyatın ən incə ağrılarını duymaq qabiliyyətidir. Firuzə Məmmədlinin poetik “mən”i ağrıdan qaçmır. O, ağrını müşahidə edir, onu dilə gətirir və mənalandırır. Bu baxımdan onun qadın poeziyası yalnız gender məsələsi ilə məhdudlaşmır. Bu, ümumiyyətlə, insanın yaşamaq qabiliyyətinin poetik ifadəsidir. 2020-ci ildə onun 80 illik yubileyi ilə bağlı “Ədəbiyyat qəzeti”ndə Təranə Turan Rəhimlinin “Qadın ürəyi qədər kövrək poeziya” yazısının dərc edilməsi də bu poetik xüsusiyyətin ədəbi tənqiddə ayrıca vurğulandığını göstərir.
8. “DÜZ SÖZ”: FİRUZƏ MƏMMƏDLİNİN ƏXLAQİ POETİKASI
Firuzə Məmmədlinin poeziyasında sözün yalnız estetik deyil, əxlaqi funksiyası da var. Şair üçün söz məsuliyyətdir. Bu baxımdan onun poetik dünyasında “düz söz” xüsusi mənaya malikdir. Çünki düz söz həmişə rahat söz deyil. Həqiqəti demək bəzən insanın özünü çətin vəziyyətə salır. Amma şair üçün həqiqət qarşısında susmaq daha ağırdır. Firuzə Məmmədlinin bir şeirində belə deyilir:
“Nə olsun ki, lap acıdır,
Gözümdə fikrin tacıdır.
Düz söz bir dar ağacıdır,
Boyundan keçə bilmirəm.”
Bu misralarda sözün əxlaqi dilemması açılır. Düz söz həm “tac”dır, həm də “dar ağacı”. Yəni həqiqət insanı ucalda da bilər, təhlükəyə də ata bilər. Bu, sadə aforizm deyil. Bu, şairin söz qarşısındakı mənəvi münasibətinin ifadəsidir.
9.. SÖZ: FİRUZƏ MƏMMƏDLİNİN ƏN BÖYÜK MƏNƏVİ DƏYƏRİ
Firuzə Məmmədlinin yaradıcılığı haqqında 2020-ci ildə yazılan bir təhlildə onun şair və alim kimi düşüncə sisteminin mərkəzində “Söz”ün dayandığı xüsusi vurğulanır. Bu fikirlə razılaşmamaq çətindir.Çünki onun həyatının bütün istiqamətlərini söz birləşdirir. Elmi fəaliyyət – söz. Şeir – söz. Tərcümə – söz. Müəllimlik – söz. Publisistika – söz.
Ədəbi təşkilatçılıq – söz.
Buna görə Firuzə Məmmədli yaradıcılığında “söz”ü sadəcə mövzu kimi deyil, varoluş dəyəri kimi qəbul etmək mümkündür. Söz onun üçün həm sənət, həm yaddaş, həm də məsuliyyətdir.
10. DİLÇİ ALİMİN POEZİYASI: SÖZÜN ANATOMİYASI VƏ RUHU
Firuzə Məmmədlinin şairliyini onun alimliyindən ayırmaq mümkün deyil. O, Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri üzrə dissertasiya müdafiə edib. “Bədii dilin estetik mənbələri”, “Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili”, “Azərbaycan ədəbi dili” və başqa elmi əsərləri onun dilçilik istiqamətindəki fəaliyyətinin miqyasını göstərir. Burada maraqlı bir paradoks var. Dilçi alim sözün strukturunu araşdırır. Şair isə sözün strukturundan daha çox onun ruhunu axtarır. Amma Firuzə Məmmədlidə bu iki proses paralel gedir. O, sözü həm “içəridən”, həm də “kənardan” görür. Bu səbəbdən onun poeziyasındakı söz seçimi təsadüfi deyil. Dil onun üçün material deyil. Dil – sənətin özüdür.
Həmçinin oxuyun
11. TƏBİƏT OBRAZLARI: DÜNYANI İNSANLAŞDIRAN POETİK GÖZ
Firuzə Məmmədlinin poeziyasında təbiət obrazları mühüm yer tutur. Bahar, payız, yağış, ağac, torpaq, çiçək, yol kimi anlayışlar onun poetik sistemində yalnız dekorativ funksiyaya malik deyil. Onlar insanın daxili vəziyyətinin poetik ekvivalentinə çevrilirlər. Bahar – yenilənmədir. Payız – düşüncə və ömrün müəyyən mərhələsidir. Yol – həyatdır. Torpaq – yaddaşdır. Yağış – bəzən təmizlənmə, bəzən kədərdir.
Bu baxımdan Firuzə Məmmədlinin təbiət lirikasını romantik mənzərə şeirinin sadə davamı kimi qiymətləndirmək doğru olmaz. Təbiət onun poeziyasında psixoloji məkandır.
12. VƏTƏN: COĞRAFİYADAN MƏNƏVİ MƏKANA
Firuzə Məmmədlinin “Vətən” anlayışı da diqqətəlayiqdir. Onun poeziyasında Vətən yalnız xəritə üzərindəki ərazi deyil. Vətən dilin yaşadığı yerdir. Vətən insanın uşaqlığıdır. Vətən ata evidir. Vətən yaddaşdır. Vətən itirilən və qorunan dəyərlərin ümumi adıdır. Bu səbəbdən onun Vətən şeirlərində pafosdan daha çox şəxsi münasibət hiss olunur. Bu, tribunadan deyil, ürəkdən danışan vətəndaşlıqdır. Onun 2018-ci ildə nəşr olunan “Seçilmiş əsərləri”nin IX cildində “Vətən”, “Azadlığım”, “Sərvətim”, “Yol” kimi şeirlərin yer alması da bu mövzuların yaradıcılığında davamlı olduğunu göstərir.
13. “FƏDAİLƏR”: TARİXİ YADDAŞ VƏ ƏDALƏT
Firuzə Məmmədlinin poetik yaradıcılığını yalnız lirik şeirlərlə məhdudlaşdırmaq olmaz. Onun 1983-cü ildə yazdığı “Fədailər” poeması XIX əsrin sonlarında haqq və ədalət uğrunda mübarizə aparan insanlara həsr olunub və 2026-cı ildə nəşr edilən IX cildə daxil edilib. Bu əsər şairin tarixi yaddaşla münasibətinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada tarix sadəcə keçmiş deyil. Tarix – bu günün mənəvi suallarına cavab axtarmaq vasitəsidir. Ədalət uğrunda mübarizə aparan insanların taleyi şair üçün yalnız tarixi fakt deyil. Onlar mənəvi meyardır. Beləliklə, Firuzə Məmmədlinin poeziyasında yaddaşın iki istiqaməti yaranır: şəxsi yaddaş və milli-tarixi yaddaş.
Birincidə insan öz ömrünə qayıdır. İkincidə xalqın ömrünə.
14. “MƏNİ MƏN LƏ BÖLƏN DÜNYA”DA İCTİMAİ YADDAŞ
Firuzə Məmmədlinin poeziyasının mühüm üstünlüklərindən biri şəxsi ağrı ilə ictimai ağrını bir-birindən ayırmamasıdır. Ədəbi tənqidçi Akif Hüseynlinin “Məni mənlə bölən dünya” haqqında fikirlərində də bu xüsusiyyət xüsusi vurğulanır. O, kitabda 20 Yanvar hadisəsinə birbaşa həsr edilmiş şeir olmasa belə, xalqın ağrısının və itirilmiş torpaqların insan taleyinə vurduğu yaranın hiss olunduğunu qeyd edir. Bu, əslində, Firuzə Məmmədlinin poetik metodunun mühüm xüsusiyyətidir. O, hadisəni həmişə hadisənin adı ilə təqdim etməyə ehtiyac duymur. Bəzən tarixi hadisənin özü yox, onun insan ruhunda yaratdığı yara daha güclü görünür. Bu isə poetik ümumiləşdirmənin əlamətidir.
15. “BİR QARIŞ UCALIQ”: UCAQLIQ NƏDİR?
Firuzə Məmmədlinin kitab adları arasında “Bir qarış ucalıq” xüsusilə düşündürücüdür. Çünki “ucalıq” sözü Azərbaycan ədəbi düşüncəsində mənəvi kateqoriyadır. İnsan fiziki olaraq böyük ola bilər, amma mənəvi baxımdan kiçik qala bilər. Əksinə, bir insan zahirən adi görünə bilər, amma mənəvi ucalığı böyük ola bilər. “Bir qarış ucalıq” bu mənada şairin ölçü anlayışını ifadə edir. Onun üçün ucalıq şöhrət deyil. Ucalıq insan olaraq qalmaqdır. Dürüst olmaqdır. Sözünün arxasında dayanmaqdır. Başqasının haqqını tapdalamamaqdır. Və ən əsası – insanlığını itirməməkdir.
16. “DÜNYA GÖZƏLLİKLƏ DOLU”: AĞRIDAN SONRA HƏYATA QAYIDIŞ
Firuzə Məmmədli yaradıcılığında diqqət çəkən başqa bir məqam onun ağır mövzulara baxmayaraq həyat gözəlliyini qorumasıdır. “Dünya gözəlliklə dolu” kitabının adı artıq bir poetik mövqedir. Bu mövqenin mahiyyəti belədir: Həyatda dərd var... Amma həyat yalnız dərd deyil. İnsan itirir...Amma insan həm də tapır. Zaman keçir...Amma hər yeni gün həyatın davamıdır. Bu, sadə optimizm deyil. Bu, yaşanmış ağrıdan sonra gələn müdrik nikbinlikdir.
17. “NƏ YAXŞI YAXAMDA SÖZ MEDALIM VAR”
Bu kitabın adı Firuzə Məmmədlinin yaradıcılıq taleyinə verilmiş poetik qiymət kimi səslənir. Şair üçün ən böyük mükafat nədir? Dövlət təltifi? Medal? Mükafat? Şöhrət? Firuzə Məmmədlinin poetik cavabı başqadır: Söz.
Əgər şairin yaxasında söz “medalı” varsa, o, öz sənət taleyini qazanıb. Bu ifadədə həm təvazö, həm də sənətkar özünüdərki var. Şair bilir ki, onun əsas sərvəti yazdığı sözlərdir.
18.. FİRUZƏ MƏMMƏDLİNİN ÜSLUBU: SADƏLİYİN İÇİNDƏ MÜRƏKKƏBLİK
Firuzə Məmmədlinin poetik üslubunun ən mühüm xüsusiyyətlərindən biri sadəlikdir. Amma bu sadəlik qətiyyən bəsitlik deyil. Onun şeirində mürəkkəb fikirlər çox vaxt sadə cümlələrlə ifadə edilir. Bu, Azərbaycan poeziyasının klassik ənənəsi ilə səsləşir. Nəsimi də, Füzuli də, Vaqif də, Sabir də müxtəlif formalarda sadə sözün böyük fikir daşıya biləcəyini göstəriblər. Firuzə Məmmədli bu ənənənin müasir lirika daxilindəki davamçılarından biridir. Onun poetik dili oxucunu uzaqlaşdırmır. Əksinə, oxucunu mətnin içinə çağırır.
19. FİRUZƏ MƏMMƏDLİ VƏ AZƏRBAYCAN QADIN ŞAİRLİYİ
Firuzə Məmmədlinin ədəbi portreti Azərbaycan qadın şairləri kontekstində ayrıca araşdırılmalıdır. Çünki o, yalnız qadın duyğularını ifadə edən şair deyil. O, qadının ictimai, mənəvi və intellektual mövqeyini də poetikləşdirir. Onun həyat yolu özü də müəyyən mənada qadın ziyalının mübarizə tarixidir. Alim olmaq, müdafiə etmək, müəllimlik etmək, şeir yazmaq, ədəbi təşkilatda çalışmaq...və bütün bunları uzun illər davam etdirmək. Bu həyat yolu Azərbaycan qadınının XX əsrin ikinci yarısında qazandığı intellektual və sosial mövqenin də bir nümunəsidir. Bu baxımdan Firuzə Məmmədlinin bioqrafiyası özü ayrıca ədəbi-sosioloji tədqiqat mövzusudur.
20. AYB-DƏ FİRUZƏ MƏMMƏDLİ FAKTORU
Firuzə Məmmədlinin Azərbaycan Yazıçılar Birliyində uzunmüddətli fəaliyyəti onun yaradıcılıq bioqrafiyasının ayrıca hissəsidir. 1983-cü ildən AYB üzvü olması, 1995-ci ildən Həmkarlar Komitəsinə rəhbərlik etməsi onu ədəbi mühitin uzunmüddətli müşahidəçilərindən birinə çevirib. Bu illər ərzində o, Azərbaycan ədəbiyyatının müxtəlif nəsillərinin nümayəndələri ilə eyni mühitdə olub. Ədəbi mühit yalnız kitabların yazıldığı məkan deyil. O həm də insan talelərinin qarşılaşdığı yerdir. Firuzə Məmmədlinin uzunmüddətli AYB fəaliyyəti onun yaradıcılığında insan münasibətlərinə, ədəbiyyat adamının sosial vəziyyətinə və həmkar münasibətlərinə dair müşahidələrin formalaşmasına da təsir edib. Bu baxımdan onun publisistikasını və təşkilati fəaliyyətini poeziyasından tam ayrı düşünmək mümkün deyil.
21. DAVAM EDƏN ƏDƏBİ ÖMRÜN SALNAMƏSİ
Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin IX cildinin nəşr edilməsi onun yaradıcılıq irsinin hələ də sistemləşdirildiyini göstərir. Kitabda müxtəlif illərdə yazılmış şeirlər, “Fədailər” poeması və onun yaradıcılığı haqqında qələm dostlarının məqalələri toplanıb. “Sərvətim”, “Azadlığım”, “Yol”, “Vətən”, “İçərim-şam işığı”, “Dünyaya”, “Ürəyim”, “Payız”, “Nəsihət”, “Xatirə”, “Axşam”, “Gəncliyin əvəzi yox”, “Bir gün şəkil olub”, “Ümidlərim kiçilmədi”, “Tale” və digər şeirlər kitabın poetik xəritəsini yaradır. Burada diqqət çəkən məqam kitabın sadəcə yeni nəşr olmamasıdır. Bu, ədəbi yaddaşın yenidən qurulmasıdır. Çünki seçilmiş əsərlərin hər yeni cildi sənətkarın keçmiş yaradıcılığına yeni bir baxış imkanı yaradır.
22. FİRUZƏ MƏMMƏDLİNİN ƏDƏBİ İRSİ NECƏ OXUNMALIDIR?
Məncə, Firuzə Məmmədlinin yaradıcılığı üç ayrı istiqamətdə deyil, üç dairənin kəsişməsində oxunmalıdır: Birinci dairə – Fərd olaraq: Burada uşaqlıq, sevgi, ana, ata evi, xatirə, ayrılıq, yaş, ölüm və ömür var. İkinci dairə – Vətəndaş: Burada Vətən, azadlıq, tarix, milli yaddaş, ədalət və ictimai məsuliyyət var. Üçüncü dairə – Ziyalı: Burada dil, elm, müəllimlik, ədəbiyyat, tərcümə, publisistika və ədəbi təşkilatçılıq var. Bu üç dairənin mərkəzində isə bir söz dayanır: İNSAN. Və onun əlində bir vasitə: SÖZ.
23. FİRUZƏ MƏMMƏDLİ ƏDƏBİYYATIMIZDA NƏ QOYUB?
Bu sualın cavabını yalnız kitablarının sayı ilə vermək düzgün olmaz. Əlbəttə, onun çoxsaylı kitabları, çoxcildlik “Seçilmiş əsərləri”, elmi əsərləri və tərcümələri böyük bir irs təşkil edir. Lakin ədəbi irsin həqiqi ölçüsü əsərlərin miqdarı deyil. Əsas məsələ onların yaratdığı mənəvi məkandır. Firuzə Məmmədli öz yaradıcılığı ilə Azərbaycan poeziyasına qadın duyğusunun intellektual dərinliyini, sadə dilin fəlsəfi imkanlarını, yaddaşın poetik modelini, təbiətlə insan arasında mənəvi əlaqəni, sözün əxlaqi məsuliyyətini, yaşanmış ömrün poetik hesabatını, alim və şair şəxsiyyətinin vəhdətini gətirib. Bunlar onun yaradıcılıq irsinin əsas sütunlarıdır.
24. SON SÖZ: FİRUZƏ MƏMMƏDLİ – ÖMRÜNÜ SÖZƏ ÇEVİRƏN ŞAİR
Hər şairin bir mövzusu olur. Bəzisinin əsas mövzusu sevgi. Bəzisinin Vətən. Bəzisinin təbiət. Bəzisinin insan. Firuzə Məmmədlinin əsas mövzusu isə bütün bunların arxasında dayanan ömrün özüdür. O, ömrü müşahidə edir. Ömrü sorğulayır. Ömrü xatırlayır. Ömrün itkilərini qəbul edir. Amma bütün bunlara baxmayaraq həyata olan inamını qoruyur. Onun poeziyasında ölüm varsa, həyat da var. Tənhalıq varsa, ümid də var. Ayrılıq varsa, yaddaş da var. Dərd varsa, söz də var. Və bəlkə də onun yaradıcılığının ən mühüm fəlsəfi nəticəsi budur: İnsan hər şeyi itirə bilər, amma sözə çevirdiyi ömrünü itirmir. Firuzə Məmmədlinin uzun yaradıcılıq yolu məhz bu mənada qiymətlidir. O, öz ömrünü yalnız yaşamayıb. Onu yazıb. Öz ağrısını yalnız hiss etməyib. Onu sözə çevirib. Zamanı yalnız müşahidə etməyib. Onu yaddaşa çevirib. Vətəni yalnız sevməyib. Onu poetik düşüncəyə çevirib. Və ən başlıcası, sözü yalnız işlətməyib. Sözə inanıb. Bu səbəbdən Firuzə Məmmədlinin yaradıcılıq irsini yalnız bir şairənin əsərləri kimi deyil, XX və XXI əsr Azərbaycan ziyalısının mənəvi bioqrafiyasının bir hissəsi kimi oxumaq mümkündür.
Onun yaradıcılığı haqqında bundan sonra görüləcək ən mühüm iş isə, məncə, ayrı-ayrı məqalələr yazmaqdan daha böyükdür: Firuzə Məmmədlinin poetik irsi sistemli şəkildə elmi tədqiqata cəlb edilməli, onun şeir poetikası, obrazlar sistemi, linqvopoetik xüsusiyyətləri, qadın lirikasındakı yeri, tarixi yaddaş konsepsiyası və dilçilik irsi monoqrafik səviyyədə araşdırılmalıdır. Çünki yarım əsrdən artıq bir müddətdə sözə xidmət etmiş sənətkara yalnız “gözəl şairə”dir demək kifayət deyil.
Firuzə Məmmədli artıq öz yaradıcılıq məktəbini və öz poetik yaddaşını yaratmış sənətkardır. Gec də olsa vaxtıdır ki, onun yaxasında, özünün də dediyi kimi, ən qiymətli medal asılmış olsun...Sözün medalı...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Heç vaxt ailə qurmayan Azad Mirzəcanzadə... - Onun haqqında nələr bilirik?
Bu gün Azərbaycanın görkəmli alimi professor Azad Mirzəcanzadənin doğum günüdür.Dağ kimisən, zirvələri qarlısan, Bax özünə, gör necə vüqarlısan!...Onu sevənlər arasında sağlığındaykən belə bir rəvayət dolaşıb: “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”. O, neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - böyük bəstəkarımız Üzeyir Hacıbəylinin... Dünyaşöhrətli alim, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, bir sıra ölkələrin elmlər akademiyalarının həqiqi üzvü, fəxri neftçi, fəxri qaz sənayesi işçisi, iki dəfə Dövlət, üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, Əməkdar Elm və Texnika xadimi Azad Mirzəcanzadə.Bu gün xatirə...
29 Sentyabr 2026, 12:57
Sabah Bakıda yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların...
29 Sentyabr 2026, 12:45
Çiçək kimi solub getsək, yaxşıdır...
Bu dünyanın o üzündə nə varsa, Burdakının yalanından yaxşıdır. Seçə-seçə, sevə-sevə gəlmişik, Naxışlar da yanlışlardan yaxşıdır. Biz göylərdə durna kimi süzürdük,Yarpaq-yarpaq bir cərgədə düzüldük. Sevinmədik, hər yalana üzüldük,Çiçək kimi solub getsək, yaxşıdır.Etibar yox nə gələnə, gedənə.Əzəl gündən inanma sən gülənə.Karvan keçir, o da baxmır hürənə,Ölüb getsək o dünya da yaxşıdır. Ramidə Yaqubqızı
29 Sentyabr 2026, 12:29
İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi.Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.Canni İnfantino qəbula...
29 Sentyabr 2026, 12:20
AZAL-ın təşkilatçılığı ilə keçirilən lotereyanın qalibləri açıqlanıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC və "Sea Breeze"in birgə təşkilatçılığı ilə "Səma və dəniz" lotereyasının tirajı keçirilib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, tədbir çərçivəsində tərəfdaşlar layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edərək birgə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.İyulun 8-dən sentyabrın 8-dək davam edən lotereya çərçivəsində ümumilikdə 100 qalib müəyyən olunub. Tiraj həmçinin "Facebook" üzərindən canlı yayımlanıb və izləyicilər qaliblərin müəyyənləşməsi prosesini izləmək imkanı əldə ediblər.Tirajın nəticələrinə əsasən, aşağıdakı kateqoriyalar üzrə qaliblər müəyyən olunub: 50 qalibin hər biri - 20 000 uçuş mili; 6 qalibin hər biri - 50 000 uçuş mili; 10 qalibin hər biri - "ABB–AZAL Miles...
29 Sentyabr 2026, 12:09
Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.Faktla bağlı araşdırma aparılır....
29 Sentyabr 2026, 12:07