Bizə yazın

Baku

-°C

USD

-

KT müayinəsini ildə neçə dəfə etdirmək olar? – Radioloqdan AÇIQLAMA

Tibb 29 Sentyabr 2026, 10:18

461

COVID-19 pandemiyası ilə birlikdə həyatımıza daha çox daxil olan müayinələrdən biri də kompüter tomoqrafiyası, yəni KT oldu. Pandemiyanın ən gərgin dövrlərində xüsusilə ağciyərlərin vəziyyətini qiymətləndirmək məqsədilə KT müayinəsindən geniş istifadə edilməsi cəmiyyətdə bu müayinə ilə bağlı marağı və eyni zamanda narahatlığı artırdı. Bir çox insanlar COVID-dən əvvəl adi rentgen müayinəsi ilə kifayətlənirdisə, pandemiya dövründə KT-nin daha detallı görüntü verməsi səbəbindən bu müayinəyə müraciətlər əhəmiyyətli dərəcədə artdı.Lakin KT-nin geniş istifadə olunması ilə bağlı başqa bir sual da gündəmə gəldi: bu müayinəni nə qədər tez-tez etdirmək olar? KT-də radiasiya yükü olduğu halda, insan ildə bir neçə dəfə müayinə oluna bilərmi? COVID keçirmiş şəxslər ağciyərlərinin vəziyyətini nəzarətdə saxlamaq üçün mütəmadi KT etdirməlidirlərmi?

Məsələ ilə bağlı radioloq Nazir Allahverdiyev Citypost.az-a açıqlamasında bildirib ki, KT müayinəsinin təyin olunmasında əsas meyar onun ildə neçə dəfə aparılması deyil, tibbi göstərişin olub-olmamasıdır.

“KT müayinəsinin ümumiyyətlə göstərişi var. Yəni bunu ‘ildə iki dəfə’, ‘ildə üç dəfə’ kimi ümumi qayda ilə müəyyən etmək düzgün deyil. KT müayinəsində radiasiya yükü var və buna görə də müayinə yalnız tibbi zərurət olduqda aparılmalıdır. Lakin xəstənin vəziyyəti tələb edirsə, həkim bir il ərzində bir neçə dəfə də KT təyin edə bilər. Burada əsas məsələ müayinənin xəstəyə verəcəyi faydanın və mümkün risklərin birlikdə qiymətləndirilməsidir”, – deyə radioloq bildirib.

Mütəxəssisin sözlərinə görə, KT adi rentgen müayinəsi ilə müqayisədə orqan və toxumalar haqqında daha detallı məlumat əldə etməyə imkan verir. Xüsusilə ağciyər, baş-beyin, qarın boşluğu, travmalar, damarlar və bir sıra digər klinik vəziyyətlərdə KT mühüm diaqnostik vasitə hesab olunur. Bununla yanaşı, müayinə rentgen şüalarından istifadə etdiyi üçün lazımsız və təkrarlanan çəkilişlərdən mümkün qədər çəkinmək lazımdır. ABŞ Qida və Dərman Administrasiyası da KT-nin yalnız klinik sualı cavablandırmaq üçün zəruri olduqda aparılmasını, mümkün hallarda isə daha az və ya ümumiyyətlə ionlaşdırıcı şüalanma yaratmayan alternativ müayinələrin nəzərdən keçirilməsini tövsiyə edir.

Nazir Allahverdiyev qeyd edib ki, insanların bəzən KT-ni sadəcə “daha dəqiq müayinədir” düşüncəsi ilə öz istəkləri əsasında etdirməsi düzgün yanaşma deyil. Çünki müayinənin nəticəsində təsadüfi dəyişikliklər də aşkar oluna bilər və bu, əlavə müayinələrə ehtiyac yarada bilər.

“Pasiyent özü qərar verməməlidir ki, məsələn, keçən il KT etdirmişəm, bu il də gedib yenidən etdirim. Əvvəlcə həkim bunun nə üçün lazım olduğunu müəyyən etməlidir. Əgər kliniki göstəriş varsa, KT edilir. Əgər göstəriş yoxdursa, sırf ‘özümü yoxlatdırım’ məqsədilə KT etdirmək düzgün deyil. Çünki burada müəyyən radiasiya yükü var”, – deyə o vurğulayıb.

Radioloq bildirib ki, KT zamanı alınan radiasiya dozası müayinənin növündən, müayinə olunan nahiyədən, istifadə olunan cihazdan, protokoldan və digər amillərdən asılı olaraq dəyişir. Məsələn, döş qəfəsi KT-si ilə baş KT-sinin radiasiya dozası eyni deyil. Buna görə də “bir KT hamıya eyni qədər radiasiya verir” yanaşması da doğru hesab olunmur. FDA-nın məlumatına görə, diaqnostik KT müayinələrinin effektiv dozası müayinənin növündən və texniki parametrlərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.

“Burada pasiyentin yaşı da əhəmiyyətlidir. Xüsusilə uşaqlarda radiasiyaya həssaslıq daha yüksək olduğuna görə KT təyinatına daha ciddi yanaşılır. Uşağa KT lazım olduğu halda, əlbəttə, müayinə aparılmalıdır, amma dozanın mümkün qədər optimallaşdırılması vacibdir”, – deyə Nazir Allahverdiyev əlavə edib.

Mütəxəssis COVID-19 pandemiyası dövründə KT-yə olan marağın artmasına da toxunub. Onun sözlərinə görə, pandemiya zamanı cəmiyyətdə ciddi təşviş yaranmışdı və insanlar ağciyərlərinin vəziyyətini mümkün qədər tez öyrənməyə çalışırdılar. Bu prosesdə KT müayinəsinin rolu da əvvəlki dövrlə müqayisədə daha çox gündəmə gəldi.

“Post-COVID dövründən danışırıqsa, həmin vaxt bir panika yaşanmışdı. İnsanlarda çox ciddi narahatlıq yaranmışdı. KT müayinəsi də bu prosesdə daha çox istifadə olunmağa başladı. Xüsusilə ağciyərdə ‘buzlu şüşə’ görünüşü barədə insanlar çox danışırdılar. Amma bu görüntünü görən kimi ‘deməli, bu, mütləq COVID-dir’ demək düzgün deyil. Bu dəyişiklik COVID zamanı tez-tez müşahidə olunurdu, amma yalnız COVID-ə xas deyil”, – deyə radioloq bildirib.

Nazir Allahverdiyev qeyd edib ki, ağciyərin KT görüntüsündə “buzlu şüşə” adlandırılan dəyişiklik müxtəlif səbəblərlə əlaqəli ola bilər. Buna görə də radioloji görüntü heç vaxt xəstənin klinik vəziyyətindən, şikayətlərindən, laborator nəticələrindən və digər müayinə məlumatlarından ayrı qiymətləndirilməməlidir.

“COVID-dən əvvəl də ağciyərlərdə belə görüntülər müşahidə olunurdu. Sadəcə pandemiya dövründə bu termin çox geniş yayıldı və insanlar onu COVID ilə eyniləşdirməyə başladılar. Halbuki hər pasiyentdə eyni görüntü olmur və eyni görüntünün müxtəlif səbəbləri ola bilər. Ona görə KT nəticəsinə baxıb özbaşına diaqnoz qoymaq olmaz”, – deyə mütəxəssis vurğulayıb.

Radioloqun sözlərinə görə, COVID-dən sonra bəzi pasiyentlərdə ağciyərlərdə uzun müddət davam edən dəyişikliklər, o cümlədən bəzi hallarda fibrotik dəyişikliklər müşahidə oluna bilər. Lakin bu, bütün COVID keçirmiş şəxslərin mütləq şəkildə dəfələrlə KT etdirməli olduğu anlamına gəlmir. Təkrar görüntüləmənin zəruriliyi xəstənin klinik vəziyyətindən, əvvəlki müayinələrin nəticələrindən və həkimin müşahidəsindən asılıdır.

“Post-COVID dövründə bəzi pasiyentlərdə ağciyərlə bağlı dəyişikliklər qala bilər. Belə hallarda həkim xəstənin vəziyyətindən asılı olaraq müəyyən müddətdən sonra təkrar görüntüləmə istəyə bilər. Amma bu, hamıya aid ediləcək standart yanaşma deyil. Bir xəstəyə KT lazım ola bilər, digər xəstəyə isə heç bir əlavə KT tələb olunmaya bilər. Ona görə mütləq həkim təyinatı əsas götürülməlidir”, – deyə Nazir Allahverdiyev bildirib.

Mütəxəssis onu da diqqətə çatdırıb ki, KT müayinəsinin təkrar aparılması ilə bağlı qərar verilərkən xəstənin daha əvvəl keçirdiyi bütün görüntüləmə müayinələri nəzərə alınmalıdır. Pasiyentin əvvəlki KT nəticələrini, disklərini və ya görüntülərini həkimə təqdim etməsi də bu baxımdan əhəmiyyətlidir. Çünki əvvəlki müayinənin nəticəsi mövcuddursa, bəzi hallarda yenidən KT etdirməyə ehtiyac qalmaya bilər.

FDA da təkrar və lazımsız şüalanmanın qarşısının alınması üçün pasiyentin əvvəlki görüntüləmə tarixçəsinin nəzərə alınmasını tövsiyə edir. Eyni zamanda müayinə zəruridirsə, radiasiya dozasının diaqnostik keyfiyyəti qorumaq şərtilə mümkün qədər aşağı səviyyədə saxlanılması prinsipi tətbiq olunur.

Nazir Allahverdiyev vurğulayıb ki, KT-nin radiasiya yaratması insanların bu müayinədən qorxaraq, tibbi göstəriş olduğu halda ondan imtina etməsinə də səbəb olmamalıdır.

“Pasiyent KT sözünü eşidən kimi ‘orada radiasiya var, deməli, bunu etdirmək olmaz’ düşünməməlidir. Əgər həkim tərəfindən ciddi tibbi göstəriş varsa, KT-nin verdiyi məlumat xəstəliyin aşkarlanması və müalicə taktikasının müəyyənləşdirilməsi üçün çox vacib ola bilər. Bu halda müayinədən əldə edilən fayda radiasiya ilə bağlı kiçik riskdən daha əhəmiyyətli ola bilər. Əsas məsələ KT-ni nə lazım olanda etmək, nə də lazım olmadığı halda təkrar-təkrar etdirməkdir”, – deyə radioloq qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma yalnız COVID-dən sonra deyil, bütün xəstəliklər üçün keçərlidir. Müasir tibbdə görüntüləmə müayinəsinin məqsədi mümkün qədər çox KT etdirmək deyil, konkret klinik suala cavab tapmaqdır. Bəzən KT daha uyğun müayinə olduğu halda, digər vəziyyətlərdə ultrasəs və ya MRT kimi ionlaşdırıcı şüalanmadan istifadə etməyən və ya daha az radiasiya ilə həyata keçirilən müayinələr üstün ola bilər. Hansı üsulun seçiləcəyi isə şikayət və ehtimal olunan xəstəliyə əsasən həkim tərəfindən müəyyənləşdirilməlidir.

Radioloq sonda bildirib ki, KT müayinəsi nə tamamilə zərərsiz müayinə kimi qəbul edilməli, nə də radiasiya səbəbindən qorxulu prosedur kimi təqdim olunmalıdır. Əsas prinsip tibbi göstərişdir. Xəstənin real ehtiyacı varsa, müayinə aparılmalıdır; ehtiyac yoxdursa, sırf profilaktik məqsədlə təkrar KT etdirmək məqsədəuyğun deyil.

“KT müayinəsi ilə bağlı ‘ildə neçə dəfə olar?’ sualının hamıya uyğun bir cavabı yoxdur. Bəzi xəstəyə bir dəfə, bəzisinə müəyyən müddətdən sonra təkrar, ağır klinik vəziyyətlərdə isə daha çox müayinə lazım ola bilər. Əsas məsələ hər dəfə ‘bu KT xəstənin müalicə və diaqnostikasında nəyi dəyişəcək?’ sualının cavablandırılmasıdır. Göstəriş varsa, KT-dən çəkinmək lazım deyil. Göstəriş yoxdursa, sadəcə narahatlığa görə KT etdirmək də doğru deyil”, – deyə Nazir Allahverdiyev əlavə edib.

Əli 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Stress mədə-bağırsağı necə sıradan çıxarır? – Qastroenteroloqdan AÇIQLAMA

Müasir insanın gündəlik həyatında stress və əsəb gərginliyi demək olar ki, qaçılmaz hala çevrilib. İş yükü, ailə və sosial problemlər, yuxu rejiminin pozulması, maddi qayğılar, uzun müddət tıxacda qalmaq və digər amillər insanın psixoloji vəziyyətinə təsir etməklə yanaşı, orqanizmdə müxtəlif fizioloji dəyişikliklərə də səbəb ola bilər. Xüsusilə mədə-bağırsaq sistemi ilə beyin arasında sıx əlaqənin olması səbəbindən emosional gərginlik həzm sistemi ilə bağlı şikayətlərin yaranmasına və ya mövcud simptomların güclənməsinə təsir göstərə bilər.Qastroenteroloq Tərlan Qasımov Citypost.az-a açıqlamasında bildirib ki, xəstəliklərin yaranmasında çoxsaylı faktorlar rol oynayır və stressi bütün xəstəliklərin vahid əsas səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, uzunmüddətli psixoloji gərginlik...

28 Sentyabr 2026, 10:30

Uzun və sağlam yaşamaq üçün bilməli olduğunuz 3 VACİB RƏQƏM 

Ürək-damar xəstəlikləri uzun illər ərzində səssiz şəkildə inkişaf edə və insan bunu yalnız ciddi problem yarandıqdan sonra hiss edə bilər. Halbuki bəzi əsas göstəriciləri mütəmadi nəzarətdə saxlamaq ürək-damar riskinin qiymətləndirilməsində mühüm rol oynayır. Qan təzyiqi, qanda qlükoza və xolesterin səviyyəsi insanın ümumi sağlamlığı haqqında vacib məlumat verən göstəricilər sırasında yer alır.Kardioloq Yasmin Rüstəmova Citypost.az-a açıqlamasında bildirib ki, uzun və sağlam həyat üçün insanların bilməli olduğu əsas göstəricilərdən üçü məhz arterial təzyiq, qan şəkəri və xolesterindir. Onun sözlərinə görə, bu göstəricilərin mütəmadi yoxlanılması ürək-damar xəstəliklərinin risk faktorlarını vaxtında müəyyən etməyə və onların qarşısını almağa imkan verə bilər.Mütəxəssis ilk növbədə arterial təzyiqə...

28 Sentyabr 2026, 09:30

Uşaqlara yuxu problemi üçün antidepresant yazmaq doğrudurmu? – Həkim AÇIQLADI 

Yuxu problemi son illərdə həm böyüklər, həm də uşaqlar arasında daha çox diqqət çəkən şikayətlərdən birinə çevrilib. Gecə yuxuya gedə bilməmək, tez-tez oyanmaq, səhər yorğun qalxmaq və gün ərzində diqqətin dağılması müxtəlif səbəblərlə bağlı ola bilər. Xüsusilə uşaqlarda yuxusuzluq müşahidə edildikdə problemin yalnız yuxu dərmanı ilə həll edilməsinə çalışmaq düzgün yanaşma sayılmır. Çünki yuxu pozuntusunun arxasında stress, narahatlıq, gündəlik rejimin pozulması, ekran qarşısında uzun müddət qalmaq, bəzi psixi və nevroloji problemlər, ağrı, tənəffüs pozuntuları və digər tibbi səbəblər dayana bilər. 2026-cı ildə “Pediatrics in Review” jurnalında dərc olunan icmalda da uşaqlarda yuxusuzluq zamanı ilk növbədə səbəbin müəyyənləşdirilməsinin vacibliyi, davranış yönümlü...

28 Sentyabr 2026, 08:30

Qohum olmayan valideynlərin uşağında da genetik xəstəlik yarana bilər – Genetik DANIŞDI 

Cəmiyyətdə genetik xəstəliklərlə bağlı ən geniş yayılmış fikirlərdən biri budur ki, əgər ailədə qohum evliliyi yoxdursa, dünyaya gələcək uşağın genetik xəstəliklə doğulması ehtimalı da çox aşağıdır. Halbuki genetik xəstəliklərin yaranması yalnız qohumluq əlaqəsi ilə bağlı deyil. İnsanlar heç bir xəstəlik əlaməti olmadan müəyyən genetik dəyişikliklərin daşıyıcısı ola və bunu uzun illər bilməyə bilərlər. Xüsusilə bəzi resessiv xəstəliklərdə hər iki valideyn sağlam görünsə də, onların eyni xəstəliklə əlaqəli genetik variantı daşıması uşağın xəstə doğulması riskini yarada bilər.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, uşaqları mümkün genetik xəstəliklərdən qorumağın əsas yollarından biri xəstəliklərin risklərini əvvəlcədən müəyyənləşdirmək və uyğun skrininq, genetik məsləhətləşmə və...

25 Sentyabr 2026, 10:30

Kökəlməyin səbəbi hansı xəstəlik ola bilər? – Nutrisoloqdan  AÇIQLAMA

Artıq çəki və piylənmə ilə bağlı ən çox verilən suallardan biri insanın az yeməsinə və ya pəhriz saxlamasına baxmayaraq niyə kökəlməyə davam etməsidir. Bəzən insan uzun müddət qidalanmasına diqqət edir, fiziki aktivliyini artırır, müxtəlif pəhrizlər sınayır, lakin çəkidə gözlənilən dəyişiklik baş vermir. Belə vəziyyətlərdə məsələni yalnız “çox yemək” və ya “az hərəkət etmək”lə izah etmək düzgün olmaya bilər. Qidalanma, yuxu, fiziki aktivlik, istifadə olunan dərmanlar, hormonal vəziyyət, metabolik sağlamlıq və bəzi xəstəliklər çəkiyə təsir göstərə bilər.Nutrisoloq-dietoloq Afaq Kərimova Citypost.az-a açıqlamasında bildirib ki, insanın çəki artımının səbəblərini araşdırarkən ilk növbədə ümumi sağlamlıq vəziyyətinə baxmaq və lazım olan laborator müayinələri müəyyənləşdirmək vacibdir....

25 Sentyabr 2026, 09:30

USM ilə uşağın genetik xəstəliyini əvvəlcədən müəyyən etmək mümkündürmü? 

Son illərdə hamiləlik dövründə dölün sağlamlığı ilə bağlı müayinələrə maraq xeyli artıb. Xüsusilə valideynləri düşündürən əsas məsələlərdən biri də uşağın doğulmazdan əvvəl hər hansı genetik və ya inkişafla bağlı probleminin müəyyən edilib-edilməməsidir. Bəzən valideynlər düşünürlər ki, müasir ultrasəs müayinəsi, Doppler və hətta fetal MRT vasitəsilə gələcəkdə uşağın hansı xəstəliklərlə üzləşə biləcəyi tam şəkildə müəyyən edilə bilər. Lakin tibbi görüntüləmə üsullarının imkanları geniş olsa da, onların hər bir xəstəliyi aşkarlamaq imkanları eyni deyil.Radioloq Aynur Məmmədova Citypost.az-a açıqlamasında bildirib ki, burada ilk növbədə müxtəlif xəstəliklərin bir-birindən fərqləndirilməsi vacibdir. Çünki bəzi problemlər dölün orqan və strukturlarında dəyişiklik yaratdığı üçün ultrasəs müayinəsində müəyyən əlamətlər...

25 Sentyabr 2026, 08:30