Bizə yazın

Baku

-°C

USD

-

Sosial şəbəkələrdə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edənlər axtarışa verildi

Cəmiyyət 19 Oktyabr 2026, 19:00

358

Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.

Belə ki, bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İbtidai istintaqın müəyyən etdiyi hallar

İbtidai istintaq zamanı əldə edilmiş sübutlara əsasən, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, həmin çıxış və paylaşımlar yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır, onların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.

Bu əməllərin hüquqi qiymətləndirilməsi zamanı yayılmış materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.

İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyə Respublikasında yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər:

1. 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;

2. 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);

3. 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan;

4. 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;

5. 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;

6. 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;

7. moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində “X”, “Facebook”, “İnstagram”, “YouTube”, “TikTok” sosial şəbəkələri və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq materiallarına əsasən Rıdvan Kaya 3 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan) isə 13 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.

Həyata keçirilən prosessual tədbirlər

İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyə Respublikasının və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.

Baş Prokurorluqdan çağırış

Baş Prokurorluq bir daha diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur.

"Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.

İnternet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır, şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcəkdir", - Baş Prokurorluğun məlumatında deyilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərbi əməkdaşlıq müzakirə olunub.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib.Ölkələr arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimindən danışan nazir bu cür təlimlərin Azərbaycan ilə BƏƏ arasında hərbi əlaqələrin genişlənməsinə və orduların inkişafına töhfə verəcəyini qeyd edib.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant İsa Səif bin Ablan əl-Məzrui qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında birgə təlimlərin...

19 Oktyabr 2026, 19:18

Leyla Əliyeva Türkmənistanda səfərdədir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib.Citypost.az xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşılayıb.Sonra Leyla Əliyevanın Oğulcahan Atabayeva ilə çay masası əsnasında qısa görüşü olub.

19 Oktyabr 2026, 19:07

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə konfrans keçiriləcək.Citypost.az  xəbər verir ki, tədbir “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusuna həsr olunacaq.

19 Oktyabr 2026, 18:45

“Şahinlərin Görüşü-2026”: Pilotlar şərti hədəfləri zərərsizləşdiriblər

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər.Təlim müddətində həyata keçirilən əməliyyatlar pilotların taktiki hazırlıq səviyyəsinin və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının artırılmasına, həmçinin hər iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldilib....

19 Oktyabr 2026, 18:15

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.Citypost.az  xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir.Mətbuat Şurasının bəyanatında bildirilib ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir: “Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə...

19 Oktyabr 2026, 18:05

NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir

Ötən həftə İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO-Azərbaycan tədbirlərində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.Bildirilib ki, tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.Səfir Luis...

19 Oktyabr 2026, 18:00