Bizə yazın

Baku

-°C

USD

-

Tarixi xilasın üç rəngi: cəsarət, uzaqgörənlik və strateji zəka

Maraqlı 27 Aprel 2026, 11:35

1598

Taşenyov, Əliyev və Nazarbayev üçlüyünün Qazaxıstan ssenarisi...

“Tarix o kəsləri unutmur ki, onlar imperiyaların ən qüdrətli vaxtında millətin gələcəyi üçün riskə getməyi bacarıblar!” - Heydər Əliyev Taşenyov haqqında 

Tarix heç vaxt quru faktlardan ibarət olmayıb. Ona analitik baxış bucağından qiymət versək, böyük şəxsiyyətlərin iradəsi və cəsarətilə yazıldığını görə bilərik. Tarix - onu öz cəsarətli addımları ilə yazan şəxsiyyətləri heç vaxt unutmur. Tarix o kəsləri unutmur ki, onlar imperiyaların ən qüdrətli vaxtında millətin gələcəyi üçün riskə getməyi bacarıblar. Belə tarixi şəxsiyyətlərdən üç nəhəng isim haqqında sizə danışmaq istəyirəm - Jumabek Axmetoviç Taşenyov, Heydər Əlirza oğlu Əliyev və Nursultan Abişulı Nazarbayev! Müasir Qazaxıstan bu gün mövcudluğuna görə böyük türk xalqının bu 3 nəhəng simasına borcludur. Taşenyovun cəsarəti, Heydər Əliyevin strateji himayəsi, Nazarbayevin də dövlət quruculuğu Qazaxıstanın müasir tarixinin əsl “genetik kodu”dur.

Bu çətin, siyasi iradə və cəsarət tələb edən yol Taşenyovla başladı; Əliyevlə davam etdi, Nazarbayev isə son nöqtəni qoydu. Əgər Taşenov olmasaydı, Əliyev cənablarının bir siyasi memar olaraq öz qardaşlarına himayədarlığının da faydası olmaz, onun uzaqgörən kadr siyasətinin nəticəsi kimi Qazaxıstan Nazirlər Soveti sədri vəzifəsinə irəli çəkilən Nursultan Elbaşının çabaları da yetməzdi.

Jumabek Taşenyov qədim qazax torpaqlarının keşikçisi kimi həyatını və bütün karyerasını təhlükə altında qoyaraq Qazaxıstanı fiziki olaraq qorudu; Heydər Əliyev təkcə bir kadr təyinatı etmədi, o, türk dünyasının gələcəyi üçün bir “siyasi varislik” zənciri qurdu. Moskva koridorlarında qazax millətçiliyini boğmağa hazır olan sistemin içində Nazarbayevi önə çəkmək, əslində, bütün Türküstanın gələcək taleyini dəyişən bir gediş idi. Nursultan Nazarbayev isə öz sələflərinin izindən gedərək, “strateji icraçı və qurucu” kimi bu mirası götürüb, modern bir dövlətə çevirdi, qədim Qızıl Orda torpaqlarına bu torpaqların əsl sahibi qazaxların müqəddəs bayrağını əbədi olaraq sancdı.

Qazıxıstanın bugünkü müstəqilliyi və ərazi bütövlüyü əsla bir təsadüf deyil, bu üç nəhəng simanın - Taşenyovun cəsarətinin, Əliyevin uzaqgörən kadr siyasətinə dayanan himayədarlığının, Nazarbayevin strateji gedişlərinin vəhdətindən doğan real gerçəklikdir...  

I BÖLÜM

Jumabek Taşenyov - qazax torpaqlarının keşikçisi

Jumabek Axmetoviç Taşenyov 20 mart 1915-ci ildə Qazaxıstanın Akmola vilayətində anadan olub, 18 noyabr 1986-cı ildə Çimkənd (Şımkent) şəhərində dünyasını dəyişib. O, Qazaxıstan SSR-in görkəmli dövlət və partiya xadimi olub. Taşenyov Qazaxıstanın ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə və milli maraqları müdafiə etməsi ilə öz adını əbədi olaraq TÜRKÜN ŞƏRƏFLİ TARİXİNƏ yazıb.

Jumabek Axmetoviç 1955-1960-cı illərdə Qazaxıstan SSR Ali Soveti Rəyasət Heyətinin, 1960-1961-ci illərdə isə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri kimi yüksək dövlət vəzifələrində çalışıb.  Onun qazax xalqının tarixindəki rolu və əsas fəaliyyəti məhz bu dövrə təsadüf edir.

Taşenyov Qazaxıstanın ərazi bütövlüyünü qoruyan siyasi xadim kimi qazax xalqının əbədi sayğı və ehtiramını qazanıb... 

1960-cı illərin əvvəlində Nikita Xruşşov Qazaxıstanın şimal rayonlarını  - “Taxıl diyarı” və yaxud “Tselinnıy kray” adlanan 5 vilayəti Rusiya Federasiyasına birləşdirmək planını ortaya atmışdı. Bu plana ən kəskin şəkildə qarşı çıxan adam Taşenyov olmuşdur. O, bu torpaqların tarixi qazax torpaqları olduğunu bildirərək SSRİ rəhbərliyinə müqavimət göstərmiş, nəticədə ərazilərin respublika tərkibində qalmasını təmin etmişdir. Taşenyova ən böyük dəstək verən isə Qazaxıstanın o vaxtkı 1-ci katibi Dinmuhammed Kunayev olub. Ancaq bu ikilinin siyasi demarşı (Taşenyovun aktiv mübarizə metodu və Kunayevin ona dəstəyi) çox kəskin siyasi nəticələr də doğurdu. Prinsipial mövqeyinə görə Jumabek Taşenyov yüksək dövlət vəzifələrindən kənarlaşdırıldı və karyerasının qalan hissəsini daha aşağı vəzifədə (Çimkənd Vilayət İcraiyyə Komitəsi sədrinin müavini) keçirməyə məcbur edildi. Kunayev isə 1-ci katib vəzifəsindən uzaqlışdırılaraq, Taşenyovun yerinə, yəni Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin olundu. Qazaxıstanın SSR KP MK-nın 1-ci katibi vəzifəsinə isə Xruşşovun “maşası” kimi tanınan uyğur əsilli İsmayıl Yusupov təyin edildi.

***

Məsələni daha dərindən anlamaq üçün 65 il öncə baş verən hadisələri xronoloji olaraq nəzər-diqqətdən keçirək. O zamankı sovet rəhbərliyi (Nikita Xruşşovun timsalında) Qazaxıstanın şimalında yerləşən və “Tselinnıy kray” (“Taxıl diyarı” və ya “Xam torpaqlar” diyarı) adlandırılan inzibati vahidi Qazaxıstandan ayırıb birbaşa RSFSR-ə birləşdirmək istəyirdi. Həmin dövrdə bu diyara daxil olan və Taşenyovun qətiyyəti sayəsində qorunub saxlanılan 5 vilayət (bu gün 4 vilayətin ərazisidir) bunlardır: Akmola (o vaxtkı Tselinoqrad vilayəti, hazırda paytaxt Astana şəhəri də bu vilayətdə yerləşir); Kustanay (hazırda Kostanay); Pavlodar; Şimali Qazaxıstan (Petropavlovsk mərkəzli) və Kokşetau (hazırda Akmola və Şimali Qazaxıstan vilayətləri arasında bölünüb).

Xruşşov bu ərazilərin Rusiyaya verilməsini iqtisadi səmərəliliklə əsaslandırmağa çalışsa da, əslində, bu məkrli planın arxasında başqa məqsədlər dururdu. Bu plan həm böyük gələcək vəd edən Qazaxıstanın parçalanmasına, həm də gələcəkdə bütün Türküstanda rusdilli əhalinin sayının artmasına hesablanmışdı. Bu elə bir dövr idi ki, Krım yarımadası Rusiyadan alınıb Ukraynaya verilmişdi. Ukraynalı Xruşşovun Krımla bağlı qərarı şübhəsiz ki, Moskvada velikorus kəsimin narazılığı ilə qarşılanmışdı. 

Baş katib 26 min kv.km.-lik Krımın əvəzinə Qazaxıstanın 600 min kv.km.-lik ərazisini RSFSR-ə verməklə şovinist rusları sakitləşdirmək istəyirdi. Həm də bu geniş ərazi ölkənin əsas taxıl anbarı olmaqla yanaşı, yeraltı sərvətlərlə də zəngin idi, yəni Krımdan daha strateji əhəmiyyət daşıyırdı. 

Taşenyovun “əgər belə bir qərar verilsə, mən beynəlxalq qurumlara müraciət edəcəyəm” deməsi sovet rəhbərliyini müəyyən qədər geri addım atmağa məcbur etdi. Onun bu qətiyyətli duruşu siyasi karyerasının sonunu gətirsə də, bugünkü Qazaxıstanın xəritəsinin memarı kimi tarixə düşdü.

Taşenyovun fəaliyyəti təkcə milli emosional xarakter daşımır, həm də hüquqi sənədlərə əsaslanırdı. O, Xruşşovun üzünə qarşı bu arqumentləri irəli sürmüşdü:

- Konstitusiya arqumenti: SSRİ Konstitusiyasına görə, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan əsla dəyişdirilə bilməzdi. Taşenyov mərkəzi hakimiyyətə birmənalı şəkildə bildirdi ki, Qazaxıstan bu razılığı heç vaxt verməyəcək;

- beynəlxalq hüquq: o, məsələni BMT və beynəlxalq arbitraja qədər aparacağını eyham vuraraq Moskvanı qorxutmağı bacarmışdı. Hətta açıq şəkildə deyirdi ki, 5 vilayət Rusiyaya birləşdirilərsə, Qazaxıstan SSR SSRİ-nin tərkibindən çıxmaq və müstəqil dövlət kimi BMT-yə üzv olmaq məsələsini qaldıracaq. Bu, bir siyasətçinin o zaman üçün atdığı intihara bərabər addım idi;

- iqtisadi bəhanələrin rəddi: Xruşşov taxıl istehsalını artırmaq üçün bu ərazilərin birbaşa mərkəzdən (Moskvadan) idarə olunmasını tələb edirdi. Taşenyov isə sübut etdi ki, Qazaxıstan bu torpaqları Rusiyadan daha səmərəli idarə edir.

Taşenyovun cəsarətli mübarizəsi olmasaydı, paytaxt Astana daxil olmaqla, bütün şimal zonası bu gün Rusiyanın tərkibində olacaqdı. Onun qoruduğu 5 vilayət (Akmola, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Kökşetau) Qazaxıstanın həm ərazi, həm də strateji baxımdan ən mühüm bölgələrindən birini təşkil edir. Bu 5 vilayətin bazasında 26 dekabr 1960-cı ildə yaradılan və 19 oktyabr 1965-ci ilə qədər fəaliyyətdə olan “Tselinıy diyarı” 600 min kv.km. ərazisi ilə Qazaxıstanın ümumi ərazisinin 22 %-ni, 3,5 milyonluq əhalisi ilə ümumi əhalinin 35 %-ni təşkil edirdi. Müqayisə üçün, bu ərazi təxminən Fransanın ümumi sahəsi qədərdir. Böyük strateji əhəmiyyət daşıyan “Tselinıy diyarı”na rəhbər olaraq əvvəlcə Tixon Sokolov, ardınca da Fyodor Kolomiets kimi şovinist ruhlu ruslar təyin olundular.

Bölgənin strateji əhəmiyyəti təkcə əhalisinə və əraziyə görə deyil, iqtisadiyyatın dayağı olduğu üçün də kritik idi. Diyar - ölkənin əsas buğda istehsalçısıydı, həm də yeraltı sərvətlərlə zəngin idi. Kostanay və Pavlodar regionları dəmir filizi, kömür və əlvan metallarla zəngin bir bölgədir.

Taşenyovun bu əraziləri qoruması, apardığı mübarizə faktiki olaraq Qazaxıstanın gələcək paytaxtının və kənd təsərrüfatı potensialının xilası demək idi. O, bununla həm də ölkənin demoqrafik və iqtisadi gələcəyini xilas edirdi.

Həmin dövrdə şimal vilayətlərində etnik mənzərə Qazaxıstanın xeyrinə deyildi. SSRİ-nin “Xam torpaqların mənimsənilməsi” (Tselina) siyasəti nəticəsində bölgəyə milyonlarla slavyan (rus, ukraynalı və belorus) köçürülmüşdü. 1960-cı illərin əvvəllərində Şimali Qazaxıstanda yerli qazaxlar öz vətənlərində azlığa çevrilmişdilər. 1959-cu il siyahıyaalınmasına əsasən, bəzi şimal bölgələrində qazaxların ümumi bölgə əhalisinin sayındakı payı cəmi 20-25% təşkil edirdi. Ruslar isə əhalinin mütləq əksəriyyətini (50-60%) formalaşdırırdı. Xruşşov son 4-5 ildə süni şəkildə formalaşdırılan bu demoqrafik üstünlükdən istifadə edərək “burada onsuz da ruslar çoxdur, ərazi Rusiyaya verilməlidir” arqumentini irəli sürürdü və bunu iqtisadi cəhətdən arqumentləşdirməyə çalışırdı.

Taşenyov isə öz növbəsində Moskvanın “iqtisadi səmərəlilik” bəhanəsini elmi və praktiki yollarla belə təkzib edirdi: 

- Vahid kompleks: o sübut edirdi ki, şimaldakı kənd təsərrüfatı infrastrukturu Qazaxıstanın cənubundakı emal müəssisələri və texniki bazası ilə sıx bağlıdır. Bu ərazilərin ayrılması respublikanın iqtisadiyyatını parçalayacaq;

- İdarəetmə üstünlüyü: Taşenyov qeyd edirdi ki, Almatı (o vaxtkı paytaxt) bu torpaqları minlərlə kilometr uzaqlıqdakı Moskvadan daha yaxşı idarə edir. O, taxıl istehsalındakı uğurların məhz yerli idarəetmə və qazax mütəxəssislərin əməyi sayəsində əldə olunduğunu vurğulayırdı;

- Maliyyə hesabatlılığı: respublikanın büdcəsinin əsas hissəsinin bu bölgələrdən gələn gəlirlər hesabına formalaşdığını qeyd edən Taşenyov qətiyyətlə deyirdi ki, bu torpaqların Rusiyaya verilməsi Qazaxıstanı iqtisadi iflasa sürükləyəcək.

Taşenyovun bu arqumentləri və beynəlxalq müstəvidə (BMT səviyyəsində) etiraz edəcəyi ilə bağlı hədələri Xruşşovu, qərarını ləğv etməsə də, radikal addımlardan çəkindirirdi. O anlayırdı ki, Taşenyovu Baş nazir vəzifəsindən uzaqlaşdırmadan əsas məqsədini gerçəkləşdirə bilməyəcək. 

1960-cı ilin sonunda Nikita Xruşşovla olan məşhur qarşıdurmadan cəmi bir neçə ay sonra, 1961-ci ilin yanvarında Taşenyov “yuxarıların” qəzəbinə tuş gəldi: Moskva tərəfindən idarə olunan partiya iclasında o, millətçilikdə və partiya xəttinə qarşı çıxmaqda ittiham olunaraq, vəzifəsindən kənarlaşdırıldı. Qazaxıstan SSR Nazirlər Sovetinin sədri vəzifəsindən azad edilməsi onun siyasi elitadan tamamilə təcrid olunması demək idi.

Beləliklə, Qazaxıstanda uyğur əsilli İsmayıl Yusupovu erası başlayır. O dövrün siyasi hadisələrinin təhlili onu göstərir ki, Moskva qazax torpaqlarını məhz onun əliylə Rusiyaya vermək istəyirmiş. Buna zəmin hazırlamaq üçün də ilk olaraq Qazaxıstanın cənubunda bəzi torpaqları - üç pambıqçılıq rayonunu Özbəkistana verdilər. Qazaxıstandakı məlum “kadr yerdəyişməsi”, Yusupovun ən yüksək vəzifəyə gətirilməsi, əslində, Moskvanın Qazaxıstanın torpaqlarını parçalamaq üçün həyata keçirdiyi böyük siyasi manevr idi. Başqa sözlə desək, Yusupov sadəcə bu “verilmə” prosesini rəsmiləşdirmək üçün hazırlanmış bir “layihə” idi.

Prosesin pərdəarxası belə inkişaf etmişdi:

- Jumabek Taşenyovun Mərkəzə qarşı ölümünə müqaviməti, Xruşşova açıq şəkildə “əgər şimal torpaqlarını almağa çalışsanız, BMT-yə müraciət edib Qazaxıstanın ayrılması məsələsini qaldıraram" deyəcək qədər cəsarət göstərməsi onun karyerasını bitirdi, lakin şimalın taleyini bir müddət ləngitdi;

- Taşenyov uzaqlaşdırıldıqdan və Kunayev nisbətən kənarda saxlanıldıqdan sonra (Kunayev o vaxt Nazirlər Sovetinin sədri idi), İsmayıl Yusupov 1-ci katib təyin edildi. Moskva bilirdi ki, Yusupov yerli qazax elitasına deyil, birbaşa mərkəzə bağlıdır və onun əliylə istənilən qərarı keçirmək asandır;

- Qazaxıstanı “cənub sınağı”na çəkdilər: Özbəkistana verilən 3 pambıqçılıq rayonu bir növ “məşq” idi. Əgər qazaxlar bu itkiyə ciddi reaksiya verməsəydilər, şimaldakı “Taxıl diyarı” (Tselinniy kray) rəsmən Rusiyaya birləşdiriləcəkdi. Xruşşov hesab edirdi ki, özbəklərlə etnik-soykök yaxınlığı cənubdakı torpaq itkisinin kəskinliyini yumşaltmalıdır. O zaman qazaxlara irad tutulacaqdı ki, niyə özbəklərə olar, amma ruslara yox? 

Xruşşov bütün çirkin planlarını Yusupovun əliylə həyata keçirirdi. Bu səbəbdən də qazaxlar onu ziddiyyətli, mənfi tarixi fiqur kimi xatırlayır. Onun fəaliyyəti Qazaxıstanın ərazi bütövlüyü və milli maraqları baxımından kəskin tənqid olunur. Orta statistk qazağın yaddaşında onunla bağlı əsas məqamlar bunlardır: milli xəyanətkar və ərazi itkisinin əsas səbəbkarı; Xruşşovun “itaətkar icraçısı”, onun hər göstərişini sorğusuz-sualsız yerinə yetirən lakey; xalqın maraqlarını deyil, mərkəzin (Moskvanın) iradəsini üstün tutan satqın rəhbər və s.

Yekun olaraq, İsmayıl Yusupov müasir Qazaxıstan tarixində “qazax torpaqlarını paylayan rəhbər” kimi neqativ bir imiclə qalıb. Şimali Qazaxıstan torpaqlarının Rusiyaya (RSFSR) birləşdirilməsi cəhdləri zamanı o, Moskvanın, xüsusilə Nikita Xruşşovun “itaətkar icraçısı” mövqeyində çıxış etmişdir. Nikita Xruşşov Şimali Qazaxıstanın taxılçılıq rayonlarını birbaşa Moskvaya tabe etmək və ya RSFSR-ə birləşdirmək ideyasını irəli sürərkən Yusupov bu təşəbbüslərə qarşı çıxmamışdır.

O, sələfi və xələfi olan Kunayev və Qazaxıstan torpaqlarının əsas qoruyucusu Taşenyovdan fərqli olaraq, Moskvanın “sərhədlərin heç bir əhəmiyyəti yoxdur, biz kommunizm qururuq” tezisini dəstəkləyirdi.

Gedişat göstərirdi ki, Yusupov cənubda üç rayonun Özbəkistana verilməsinə razılıq verdiyi kimi, şimal torpaqlarının statusunun dəyişdirilməsi məsələsində də Qazaxıstanın suverenliyini deyil, mərkəzi hakimiyyətin planını əsas götürəcək. Amma vəzifədən uzaqlaşdırılsa da, Taşenyovun açdığı cığırla irəliləyənlər az deyildi. Qazaxıstan böyük siyasi kataklizmlərə hamiləydi - gərginliyin zirvəyə çıxması an məsələsiydi. Elə bu vaxt bütün ittifaqın taleyini dəyişən bir hadisə baş verdi - 1964-cü ilin oktyabr ayında Moskvada saray çevrilişi oldu, Nikita Xruşşov hakimiyyətdən uzaqlaşdırıldı və yerinə Leonid İliç Brejnev gəldi. 

Yenicə hakimiyyətə gələn Brejnev Qazaxıstan kimi böyük bir respublikada milli zəmində problem olmasını istəmirdi, həm də Kunayevlə yaxın dostluğu vardı. Bu səbəblərdən dolayı, Brejnev iqtidara gəldikdən qısa müddət sonra, 1964-cü ilin dekabrında Yusupovu “bacarıqsızlıq” və “milli münasibətləri gərginləşdirmək” ittihamı ilə vəzifədən çıxartdı və Kunayevi yenidən 1-ci katib təyin etdi.

Kunayev vəzifəyə qayıdan kimi Jumabek Taşenyovun başladığı işi davam etdirdi: Brejnevə təsir edərək Özbəkistana verilmiş torpaqların əhəmiyyətli hissəsini geri aldı və şimal torpaqlarının Rusiyaya verilməsi planını müvəqqəti də olsa, arxivə göndərdi. “Taxıl diyarı” (Tselinniy kray) inzibati vahid kimi ləğv edildi, birbaşa Almatıya tabe vilayətlərə bölündü. Bununla da şimalın Rusiyaya birləşdirilməsi təhlükəsi həmin dövr üçün faktiki olaraq ortadan qalxdı. 

Nikita Xruşşovun məkrli planı və Yusupovun qısa müddətli “missiyası” qazax xalqının qəhrəman oğlu Jumabek Taşenyovun başlatdığı mübarizə sayəsində uğursuzluqla bitdi və qazaxlar üçün o dövr bir növ “təhlükəli keçid mərhələsi” kimi tarixə düşdü. Bu günün özündə belə, qazaxlar onu sayğı və ehtiramla anır. Bəli, bu bir həqiqətdir ki, tarixin bu gedişatı - Taşenyovun liderliyi ilə başlayan mübarizə, Qazaxıstanın bugünkü siyasi xəritəsinin qorunub saxlanmasında ən həlledici amil olub.

Fərəməz Novruzoğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dezodorantlar tərləməni dayandırır, yoxsa sadəcə qoxunu gizlədir?  

Bir çox insan düşünür ki, dezodorantlar tər vəzilərini bağlayaraq tərləməni tamamilə dayandırır. Halbuki mütəxəssislərin sözlərinə görə, tərləmənin özü əslində qoxusuzdur. Tər əsasən sudan və duzdan ibarət olur.Bəs o zaman xoşagəlməz qoxu necə yaranır?Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, qoltuqaltı nahiyəsində yaşayan milyonlarla bakteriya ifraz olunan təri parçalayır. Məhz bu proses nəticəsində müxtəlif qoxulu maddələr və qazlar əmələ gəlir. İnsanların hiss etdiyi pis qoxunun əsas səbəbi də bakteriyaların fəaliyyəti hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, adi dezodorantların əsas funksiyası tərləməni tam dayandırmaq deyil, bakteriyaların çoxalmasını azaltmaq və qoxunu neytrallaşdırmaqdır.Dezodorantların tərkibində olan xüsusi antibakterial maddələr bakteriyaları ya məhv edir, ya da onların...

15 May 2026, 10:57

860 voltluq ŞOK: elektrikli ilanbalığı necə enerji istehsal edir?  

Amazon və Orinoko çaylarının palçıqlı, qaranlıq sularında yaşayan Elektrikli ilanbalığı təbiətin ən heyrətamiz canlılarından biri hesab olunur. Maraqlıdır ki, adına baxmayaraq, bu canlı əslində həqiqi ilanbalığı deyil. O, xüsusi elektrik istehsal etmə qabiliyyəti ilə tanınan fərqli bir balıq növüdür.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, elektrikli ilanbalığı bir zərbə zamanı təxminən 860 volta qədər elektrik enerjisi yarada bilir. Bu isə adi məişət prizlərindəki gərginlikdən bir neçə dəfə yüksək hesab olunur. Belə güclü elektrik impulsu ovunu iflic etmək və özünü təhlükələrdən qorumaq üçün istifadə edilir.Alimlər bildirirlər ki, bu canlıların bədəninin böyük hissəsi elektrik istehsalına xidmət edir. Elektrikli ilanbalığının orqanizmində “elektrosit” adlanan...

15 May 2026, 10:44

Soğan doğrayarkən niyə ağlayırıq? – ŞOK SƏBƏB

Mətbəxdə soğan doğrayarkən gözlərin yaşarması demək olar ki, hər kəsin yaşadığı haldır. Alimlərin sözlərinə görə, bunun səbəbi soğanın özünü qorumaq üçün inkişaf etdirdiyi xüsusi müdafiə mexanizmidir.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, Soğan kəsildiyi və ya əzildiyi zaman hüceyrələri parçalanır və bunun nəticəsində xüsusi kimyəvi maddələr havaya yayılır. Bu maddələr soğanın təbiətdə heyvanlar və digər canlılar tərəfindən yeyilməsinin qarşısını almağa xidmət edir.Araşdırmalara görə, bıçaq soğanın qatlarını kəsdiyi anda fermentlər reaksiyaya girir və havaya gözləri qıcıqlandıran qaz buraxılır. Həmin qaz gözlə təmas etdikdə yanma, batma və qıcıqlanma hissi yaradır.Gözlər isə bu qıcıqlandırıcı maddədən qorunmaq üçün dərhal müdafiə reaksiyası verir. Nəticədə göz yaşı...

14 May 2026, 10:36

Balina südünün niyə diş məcunu kimi qatı olduğunu bilirdinizmi?  

Balinaların südü adi heyvan südündən tamamilə fərqlənir. Hətta onun qıvamı bildiyimiz mayelərdən çox, diş məcununun sıx və yapışqan quruluşunu xatırladır. Bunun əsas səbəbi isə balinaların okeanda yaşaması və balalarının su altında qidalanmasıdır.Citypost.az-ın məlumatına görə, alimlərin sözlərinə görə, Balina anaları südün su ilə qarışaraq dağılmasının qarşısını almaq üçün olduqca yağlı və qatı süd ifraz edir. Bu südün tərkibinin təxminən 50 faizi saf yağdan ibarət olur ki, bu da onu dünyanın ən qidalı və ən yoğun südlərindən birinə çevirir.Mütəxəssislər bildirirlər ki, balina südü okean suyuna qarışdığı zaman adi maye kimi yayılmır. Əksinə, yapışqan və qalın kütlə halında qalır. Bu xüsusiyyət balanın südü...

14 May 2026, 09:42

Sovet dövründə qadağan olunmuş musiqilər necə dinlənilirdi? — “sümük üzərində musiqi” fenomeni  

Sovet dövründə, xüsusilə 1940–1950-ci illərdən sonra Qərb musiqisinin bir çox nümunələri qadağan edilmiş və ya ciddi nəzarət altında saxlanılmışdı. Buna baxmayaraq, gənclər sevdikləri xarici mahnılara qulaq asmaq üçün olduqca qeyri-adi və riskli bir üsul tapmışdılar.Citypost.az xəbər verir ki, bu fenomen tarixdə “sümük üzərində musiqi” və ya “röntgen musiqi valları” kimi tanınırdı. Çünki istifadə olunan materiallar həqiqətən də xəstəxanalardan atılmış rentgen plyonkaları idi.Həmin dövrdə qara bazarda orijinal vinil valları tapmaq çox çətin və baha idi. Ona görə də gənclər xəstəxana tullantılarından toplanan rentgen filmlərini götürür, onları dairəvi şəkildə kəsir, ortasında deşik açaraq sadə bir val formasına salırdılar. Daha sonra xüsusi ev...

13 May 2026, 11:08

Bərbərxanaların qarşısındakı fırlanan sütunun sirri — onun arxasında qanlı tarix gizlənir  

Bu gün bir çox bərbərxananın qarşısında gördüyümüz qırmızı, ağ və mavi zolaqlarla bəzədilmiş fırlanan sütun əksər insanlara sadəcə dekorativ bir simvol kimi görünür. Citypost.az xəbər verir ki, lakin tarixçilərin sözlərinə görə, bu məşhur nişanın arxasında olduqca maraqlı və bir qədər də qaranlıq keçmiş dayanır.Araşdırmalara görə, orta əsrlərdə bərbərlər yalnız saç və saqqal kəsməklə məşğul olmurdular. O dövrdə tibbin kifayət qədər inkişaf etməməsi səbəbindən insanlar bir çox sağlamlıq problemləri üçün də məhz bərbərlərə müraciət edirdilər.Bərbərlər qan alma, diş çəkmə və hətta bəzi kiçik cərrahi prosedurları həyata keçirirdilər.Tarixçilər bildirirlər ki, o dövrdə “qan alma” üsulu müxtəlif xəstəliklərin müalicəsi hesab olunurdu. İnsan orqanizmindəki “pis...

13 May 2026, 10:11