Bizə yazın

Baku

-°C

USD

-

Şəhərli-kəndli söhbəti. Turan Etibaroğlu yazır…  

Söz adamı 26 Mart 2026, 15:30

2473

Son günlər sosial şəbəkələr yenidən “köhnə xəstəliyi” üzə çıxarıb yəni ənənəvi şəhərli–kəndli söhbətini. Bayram günlərində Bakı nisbətən boşaldı, insanlar doğma rayonlarına üz tutdu. Amma bu rahatlıq bəzi adamların içində gizlənən kompleksləri də üzə çıxardı özünü süni şəkildə üstün görmək ehtiyacı. İndi həmin insanlar geri qayıdanlara istehza edir, “xarabalarından dönüblər” kimi ifadələrlə sosial şəbəkədə ucuz bir “status” qazanmağa çalışırlar. Sözün açığı, bu cür yanaşma nə zarafatdır, nə sosial müşahidə, nə də tənqid. Bu, açıq-aşkar təhqirdir və daha da təhlükəlisi odur ki, bu, cəmiyyətin içində səssizcə yayılan bir xəstəliyin simptomudur. Özünü dəyərsiz hesab edənlərin başqasını aşağılayaraq özünü dəyərli göstərmək cəhdidir.Ən ucuz, amma ən dağıdıcı “özünü təsdiq” yoludur.

Gəlin bir həqiqəti açıq danışaq: şəhərli olmaq ünvanla, doğulduğun yer və ya sosial statusla ölçülmür. Şəhərli olmaq düşüncə tərzidir, davranışdır, etikadır. Əgər bir insan başqasını onun gəldiyi yerə görə aşağılamağa çalışırsa, o artıq özünü ifşa edir. Mədəniyyət ilk növbədə başqasına münasibətdə ortaya çıxır. Sən özünü necə təqdim edirsənsə, əslində o sənsən. Bu gün “kəndli” deyib lağ edənlərin çoxu anlamır ki, bu termin özü ilə dərin bir hörmətsizlik gətirir. Kəndli torpaqla, zəhmətlə, istehsalla, əməyə bağlı bir anlayışdır. Bu ölkənin iqtisadiyyatının, mədəniyyətinin, hətta mənəviyyatının təməlində duran təbəqədir. Süfrəmizdə olan çörəkdən, meyvəyə, tərəvəzdən əmtəyə qədər hər şey kəndin məhsuludur. İnsan bu zəhməti görməzlikdən gələrək onun sahibini aşağılaya bilməz. Daha acınacaqlısı budur ki, bu cür ritorika cəmiyyəti ikiyə bölür. “Şəhərli” və “kəndli” kimi süni düşərgələr yaradır. Halbuki bu bölgü nə tarixi reallığa uyğundur, nə də sosial həqiqətə. Azərbaycan kimi bir ölkədə bu cür sərt ayrımlar absurddur. Çünki hamının kökü bir yerə gedib çıxır. Kiminsə babası kənddə doğulub, kiminsə valideyni rayondan gəlib, kiminsə özü şəhərdə böyüyüb. Bu, təbii bir prosesdir – urbanizasiyadır. Amma bu prosesi kimlik kompleksinə çevirmək artıq cəmiyyət üçün real problemdir.Əslində “şəhərli-kəndli” qarşıdurmasını qızışdıranların problemi başqadır. Onlar özlərini fərqləndirmək üçün sağlam meyar tapa bilmirlər. Nə intellektlə, nə savadla, nə də real uğurla önə çıxa bilməyənlər, ən asan yolu seçirlər başqasını aşağılamaq. Bu isə ən ucuz və ən təhlükəli “özünü təsdiq” formasıdır. Başqasını yerə vurmaqla özünü yuxarıda görmək, əslində həmin insanın daxili boşluğunu, özünə güvənməməsini ortaya qoyur.

Bir anlıq düşünək: bu gün Bakının küçələrində gəzəndə gördüyümüz binalar, yollar, infrastruktur kimlərin əməyi ilə qurulub? Bu şəhərin mədəni həyatında, teatrında, mediasında, biznesində kimlər iştirak edir? Rayonlardan gələn minlərlə insan bu şəhərin ayrılmaz hissəsidir. Onlar bu şəhərə təkcə fiziki yox, həm də intellektual, mədəni və sosial töhfə verirlər. Bu insanları “gəlmə” kimi təqdim etmək nə qədər ədalətsizdirsə, bir o qədər də absurddur. Onları aşağılamaq, yersiz tənqid və təhqirlə hədəf almaq yalnız cəmiyyətə ziyan verir. Digər tərəfdən, bu müzakirənin psixoloji tərəfi də var. Öz kökünü inkar edən insan, əslində, öz kimliyindən qaçır. Bu qaçış onu daha aqressiv edir. İnsan özünü qəbul etməyəndə, başqasını da qəbul edə bilmir. Bu gün “kəndli” deyib başqasını aşağılayan sabah başqa bir səbəb tapacaq – geyimə görə, danışıq tərzinə görə, sosial statusa görə. Çünki problem kateqoriyada deyil, düşüncədədir. Düşünmək lazımdır bu gün sosial şəbəkədəki ucuz lağ və təhqirlər sabah real həyatda münasibətlərimizə sirayət edə bilər. Biz bir-birimizə daha aqressiv yanaşmağa, bir-birimizi başa düşməməyə, qarşılıqlı hörməti unutmağa başlayacağıq. Dialoq mədəniyyəti yox olduqda, cəmiyyət təkcə söz baxımından yox, həm də davranış baxımından parçalanır. Kənd və şəhər qarşıdurması yaratmaq, əslində, bir ölkənin daxili harmoniyasını pozmaqdır. Kənd bu ölkənin yaddaşıdır dilin, adət-ənənənin, mənəviyyatın qorunduğu yeridir. Şəhər isə bu dəyərlərin inkişaf etdiyi, formalaşdığı, dünyaya açıldığı məkandır. Bu ikisi rəqib deyil, tərəfdaşdır. Birini digərindən üstün tutmaq, bütöv bir sistemi anlamamaq deməkdir.

Və nəhayət, açıq demək lazımdır: Bu ölkəni “şəhərli” və “kəndli” deyə bölənlər əslində cəmiyyətə xidmət etmirlər. Onlar nifrəti normallaşdırır, təhqiri adi hala çevirir və insanların arasında görünməz sərhədlər çəkirlər. Bu artıq sadəcə fikir deyil məsuliyyətsizlikdir.

Çünki bu ölkə hamımızındır.

Nə təkcə şəhərlilərin, nə də təkcə kəndlilərin.

Bu torpağın sahibi onu sevən, ona dəyər verən, onu bölməyən hər kəsdir.

Unutmayaq ki, mədəniyyət, hörmət və insanlıq təkcə coğrafiya ilə ölçülmür. Şəhərli olmaq və kəndli olmaq bir-birinə qarşı deyil, bir-birini tamamlayan anlayışlardır. Tarixi torpaqdan qopmuş, köksüz insanlar deyil, başqasına hörmət göstərən və əmək dəyərini anlayan insanlar cəmiyyətin əsl dayağıdır. Və əgər biz həqiqətən bir cəmiyyət olaraq inkişaf etmək istəyiriksə, bu süni “şəhərli-kəndli” ayrımlarını unutmalı, başqasını aşağılamaqla özümüzü yuxarıda görməklə məşğul olmağı dayandırmalıyıq. Şəhərlilik təkcə yer, təkcə status deyil şəhərlilik düşüncə tərzi, davranış, mədəniyyət, insanlıq və etikadır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan...

20 May 2026, 11:53

Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”

İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...

19 May 2026, 10:21

O, rəhbər olmaq üçün doğulub...  Elman Eldaroğlu yazır...

"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...

14 May 2026, 08:56

Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...

Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...

11 May 2026, 12:29

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ?  Zaur Əliyev yazır...

Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla  Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan  şəxslərdən biri idi.  Rusların Gəncəni bombalaması,...

11 May 2026, 12:07

Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”

Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...

11 May 2026, 11:50