Zahid Oruc: "Vətəndaş ona verilən evin və mülkiyyətin çıxarışını alır”..
Cəmiyyət 12 İyun 2026, 23:36
2041
Müzakirəyə təqdim edilən qanun layihəsi Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra vətəndaş hüquqlarının bütövləşdirir, məcburi köçkünlük dövrünün yaratdığı hüquqi və sosial fərqliliyi, gerçəkliyi ortadan qaldırır.
CityPost.az xəbər verir ki,bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc bildirib.
"Dünyadakı vəziyyətlə müzakirə etdiyimiz qanun layihəsi arasında kəskin təzad var. BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, Azərbaycan müharibənin ağır nəticələrini yaşayanda, 1994-cü ilin sonunda dünyada Ali Komissarlığın mandatı üzrə təxminən 23 milyon şəxs var idi; 2024-cü ilin sonunda isə dünyada zorla yerindən didərgin salınan insanların sayı 123 milyona çatıb. Azərbaycan xalqı 30 il əvvəl həmin beynəlxalq statistikanın, dünya köçkünlərinin içərisində idi. İndi isə XXI əsrdə azərbaycanlılar dünya qaçqınları və köçkünlərinin siyahısından çıxan tək millətdir.
Otuz beş il ərzində parlament daha çox qaçqınlıq, məcburi köçkünlük qanunları, müvəqqəti məskunlaşma və dövlət yardımı ilə bağlı hüquqi aktlar qəbul etmişdi. İndi isə qanunvericilik gündəliyinə Böyük Qayıdış, daimi məskunlaşma, mülkiyyət hüququnun bərpası və azad edilmiş ərazilərdə yeni həyatın hüquqi əsasları daxil olur. Başqa sözlə, artıq normativ aktlarımız da işğal və məğlubiyyət mirasından xilas olur.
Layihə Milli Məclisin nəinki dövlət müstəqilliyini qazanandan sonra, eləcə də Sovetlər birliyi və Cümhuriyyətdən ötən yüz ildə siyasi tariximizdə və qanun quruculuğunda ilk hadisədir. Ona görə də qəbul edilən silsilə aktları “Böyük Qayıdış qanunları” adlandırmağı təklif edirik.
Layihədə nəzərdə tutulan “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu”nun yaradılması mühüm əhəmiyyət daşıyır. İndiyə qədər mövcud olan hüquqi çərçivədə məcburi köçkünlərə dövlət tərəfindən verilən yaşayış sahələri Xüsusi Fondun balansına keçirdi və nə özgəninkiləşdirilə, nə bağışlana, nə də kirayəyə verilə bilərdi. Yeni qanunda isə vətəndaşa verilən yaşayış sahəsi artıq müvəqqəti deyil, daimi hüquqi əsas daşıyır.
Dövlət məcburi köçkün statusunu, torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşını doğma yurdlarının və evinin tam hüquqlu sahibinə çevirir.
Sadə xalq dili ilə desək, vətəndaş ona verilən evin və mülkiyyətin çıxarışını alır, ölkəmizdə mənzil sahibi olan milyonlardan birinə çevrilir.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən mülkiyyət hüququ tam gerçəkləşir.
Qanun layihəsinin digər mühüm tərəfi ondan ibarətdir ki, indiyədək hüquqi statusu tam müəyyənləşməmiş mənzil fondunun taleyinə də aydınlıq gətirilir. Dövlətin balansında, müxtəlif fondlarda və müvəqqəti istifadə rejimində olan yaşayış sahələri yeni hüquqi çərçivəyə salınır.
Həmçinin oxuyun
Məcburi köçkün statusunu daimi saxlamağı təklif edənlər, əslində, millətimizi çadır və vaqon şəhərciklərində əbədi saxlamaq istəyənlərdir. Bir millətin statusu daimi köçkünlük ola bilməz.
Ötən onilliklər ərzində dövlət tərəfindən verilən mənzil və evlərdə yaşayan insanların məcburi köçkün statusunu saxlaması təbii və hüquqi baxımdan başadüşülən idi. Çünki həmin insanlar hələ öz doğma yurdlarına qayıtmamış, müvəqqəti məskunlaşma şəraitində yaşayırdılar.
Lakin indi öz ata-baba torpaqlarında əbədi köçkün statusunda qalmağı təklif edənlərin məqsədi tam aydındır. Öz evinin sahibi olandan sonra da bir zəngilalanlını, yaxud kəlbəcərlini köçkün adının girovluğunda, hətta əsarətində saxlamaq istəyənlər mahiyyətcə 1990-cı illərin işğalına səbəb olan, xalqımızın vahidləşməsinə qarşı çıxan qüvvələrdir.
2020-ci ildən sonra körpələrin artıq bütöv Azərbaycanda dünyaya gəlməsi ən böyük tituldur. Tamhüquqlu vətəndaş və bütöv Azərbaycandan yüksək status yoxdur və ola da bilməz.
Yeni tarixi qanun üç məsələni həll edir: birincisi, mülkiyyət hüququ; ikincisi, daimilik prinsipi; üçüncüsü, sosial müdafiənin davamlılığı. Məcburi köçkün statusundan sonra belə sosial müdafiə tədbirləri 3 il müddətində davam etdirilir. Yəni, dövlət vətəndaşı yeni mərhələdə də tək qoymur. Keçid müddəalarına əsasən, qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər.
Qayıdışın könüllü olması prinsipi qanun layihəsinin əsas ideyasını təşkil edir və BMT-nin köçkünlərin hüquqları ilə bağlı altı müddəasından biridir. Bir şəmkirli və ya astaralının Bakıda yaşaması necə normaldırsa, bir ağdamlının da öz yaşadığı yerdə qalmaq hüququ var. Torpaqların azad edilməsi, Bakıdan və digər şəhərlərdən məcburi köçkünlərin ucdantutma çıxarılması kimi başa düşülməməlidir. Ona görə də layihədə dövlətin yaşayış sahəsi təklif etməsi ilə öhdəliyi icra olunmuş sayılır. Məqsəd dövlətin mənzil təminatı vəzifəsi, vətəndaşın seçim imkanı və üçüncü şəxslərin hüquqları arasında hüquqi balans yaratmaqdır. Dövlət real yaşayış sahəsi təklif edirsə, həmin təklifin də qanuni nəticələri müəyyən olunmalıdır. Əks halda, qayıdış prosesi qeyri-müəyyən və sonsuz vaxta qədər uzanar, yanlış gözləntilər içində qala bilər.
Lakin Qayıdışın əsas ideyası, cənab prezidentin qeyd etdiyi kimi, Qarabağın bir daha müharibələrə məruz qalmaması orada insanların daimi yaşamasından, ailələrin kök salmasından, uşaqların böyüməsindən, məktəblərin savadlı nəsil yetişdirməsindən, torpağın əkilməsindən, sahibkarlığın və məşğulluğun inkişafından keçir. İnsanlar şəraitsiz dağ kəndlərinə belə axın edir, çünki yüz illik əmək ənənələrini, təsərrüfat vərdişlərini yenidən heyvandarlığa, arıçılığa, quşçuluğa, sənətkarlığa, bir sözlə kənd həyatına qaytarmaq istəyilər. Yəni, dolanışıq imkanı daimi yaşamağın mühüm təminatıdır.
Qayıdış yalnız doğma yurdlarına dönən insanlara aid, yaxud müvafiq dövlət komitəsinin işi ilə məhdudlaşmır. Ona görə də Böyük Qayıdış siyasəti yalnız dövlət proqramı kimi deyil, həm də milli yaddaş hadisəsi kimi rəsmiləşdirilə bilər. İşğaldan azad edilmiş ərazilərə qayıdışın müqəddəs mənasını ifadə edən xüsusi bir günün – “Böyük Qayıdış Günü”nün təsis olunması mühüm tarixi, siyasi və mənəvi addım olar. İlk qayıdışın simvolik tarixi olan 19 iyul gününün rəsmiləşdirilməsi yeni qalib siyasi təqvimin bir parçasına çevrilər və millil bayram ola bilər.
Ona görə də qayıdış mərasimlərinin dövlət səviyyəsində xüsusi yanaşma ilə təşkil olunması vacibdir. Geri qayıdan insanların yola salınması və doğma yurdda qarşılanması mərasimlərində dövlət və hökumət nümayəndələrinin, ictimaiyyət təmsilçilərinin, ziyalıların, gənclərin iştirakı, mərasimlərin məhdud və inzibati akt kimi yox, təntənəli və bütün hakimiyyət institutlarının, Vətən müharibəsi qəhrəmanlarının və ordu üzvlərinin iştirakı ilə dövlət tədbiri kimi keçirilməsi vacibdir. Həmin mərasimlərin protokolunun və himninin yazılması arzu olunur.
Dünya qaçqınlıq, miqrasiya və məcburi yerdəyişmə ilə bağlı müxtəlif beynəlxalq günlər qeyd edir. BMT səviyyəsində 20 iyun Ümumdünya Qaçqınlar Günü kimi tanınır. Azərbaycan isə yeni tarixi mərhələdə dünyaya fərqli bir siyasi mesaj verir: təkcə köçkünlük və məcburi yerdəyişmə deyil, qayıdış, bərpa, quruculuq və tarixi ədalətin təntənəsi beynəlxalq təqvimdə öz yerini almalıdır. Azərbaycan BMT-yə bununla bağlı xüsusi müraciət edə və rəsmi günün təsisini gerçəkləşdirməyi xahiş edə bilər.
Böyük Qayıdış qalib Prezident İlham Əliyevin Yeni Vətən quruculuğu proqramıdır. Qarabağda çalışan inşaatçılar, mühəndislər, elektriklər, su və qaz xətləri çəkən mütəxəssislər də xüsusi ehtirama layiqdirlər. Onlar əmək cəbhəsinin qəhrəmanlarıdır. “Vətən quruculuğunda xidmətlərə görə” medalının təsis olunması mühüm ictimai və siyasi əhəmiyyətli qərar olardı.
Otuz il ərzində dünyanın müxtəlif tribunalarından “qaçqınlar”, “məcburi köçkünlər”, “didərginlər” kimi təqdim olunan Azərbaycan vətəndaşları konstitusion haqlarına qovuşaraq, yeni hüquqi kimlik qazanırlar.
Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir",-deyə deputat bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsinə dair saziş bağladı
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib....
22 İyul 2026, 20:30
Macarıstanın baş prokuroru istefa verib
Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb."Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib....
22 İyul 2026, 20:05
Azərbaycan və Çexiya arasında aqrar-sənaye sahəsində əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə...
22 İyul 2026, 19:44
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir."Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.
22 İyul 2026, 19:34
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib."Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.Yanğının başvermə səbəbi araşdırılır.
22 İyul 2026, 19:20
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək...
22 İyul 2026, 19:07