Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan Moskvanın qapısını döyür?  

Cəmiyyət 30 Sentyabr 2026, 10:40

458

Ermənistanda illərdir Rusiyadan siyasi və iqtisadi uzaqlaşmaq, Qərblə yeni əlaqələr qurmaq və alternativ bazarlar tapmaq barədə danışılır. Amma siyasətin şüarları ilə iqtisadi reallıq arasında fərq yarananda həqiqət daha aydın görünür. Bu gün Ermənistanın öz iqtisadçılarından biri ölkənin “real iqtisadi blokada və təhlükəsizlik vakuumu” qarşısında qaldığını yazır.

“İravunk” nəşrində iqtisadçı Hrayr Kamendatyan Rusiyanın may ayının sonlarından Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətləri sadalayır. Söhbət meyvə-tərəvəz, içkilər, mineral su, balıq və süd məhsulları da daxil olmaqla müxtəlif ixrac məhsullarından gedir. Rusiya ərazisindən Ermənistan mallarının Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə tranziti ilə bağlı problemlərin də yarandığı bildirilir.

Bu artıq yalnız ayrı-ayrı məhsulların ixracı məsələsi deyil. Avropa İttifaqının sentyabrda yayımladığı sənəddə də Rusiyanın may-iyun aylarında Ermənistanın bir sıra məhsullarına məhdudiyyətlər tətbiq etdiyi və bunun Ermənistanın ənənəvi bazarlarına çıxışını azaltdığı qeyd olunur.

Maraqlısı isə Ermənistanın reaksiyasıdır. Paşinyan iyulun 27-də Vladimir Putinlə telefon danışığında Ermənistan məhsullarının Rusiya bazarına çıxışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib. İrəvan bu məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının qaydalarına zidd olduğunu bildirir.

Burada müəyyən paradoks yaranır: İrəvan Rusiyadan uzaqlaşmaq siyasətini elan edir, amma Rusiya bazarında problem yarananda məsələni həll etmək üçün yenə Moskvanın qapısını döyür.

Ermənistan üçün problem yalnız Rusiya bazarı ilə də məhdudlaşmır. İqtisadçı enerji, tranzit və logistika məsələlərini də risk kimi göstərir. Yəni söhbət Ermənistan iqtisadiyyatının illərlə formalaşmış əlaqələrinin qısa müddətdə başqa istiqamətlərlə əvəzlənməsinin nə qədər real olmasından gedir.

İrəvanın Avropa İttifaqı ilə əlaqələri genişləndirmək cəhdləri də məlumdur. Avropa Komissiyası Ermənistan məhsullarının Avropa bazarına çıxış imkanlarının artırılacağını açıqlayıb. Bu, yeni imkanlar yarada bilər. Lakin yeni bazarın açılması avtomatik olaraq köhnə bazarın itkisinin kompensasiyası demək deyil. Bunun üçün rəqabətqabiliyyətli istehsal, logistika və davamlı ixrac mexanizmləri lazımdır.

Elə Ermənistan iqtisadçısının xəbərdarlığının əsas mahiyyəti də budur: alternativlər tam formalaşmadan mövcud iqtisadi dayaqlardan uzaqlaşmaq yeni risklər yarada bilər.

Burada Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin səbəbləri ilə bağlı Moskva və İrəvanın mövqelərinin fərqli olduğunu da nəzərə almaq lazımdır. Ermənistan hökuməti məhdudiyyətləri Aİİ qaydalarına zidd hesab edir, erməni iqtisadçısı isə vəziyyəti daha geniş iqtisadi və siyasi təzyiq kontekstində qiymətləndirir.

Amma səbəblərlə bağlı mübahisədən asılı olmayaraq, nəticə ortadadır: Ermənistanın ənənəvi iqtisadi əlaqələrində problem yaranıb və İrəvan bunun nəticələrini azaltmaq üçün alternativ yollar axtarır.

Ən diqqətçəkən məqam isə odur ki, bu narahatlığı Azərbaycan və ya Rusiya mediası deyil, Ermənistanın öz iqtisadçısı dilə gətirir. Onun “real iqtisadi blokada və təhlükəsizlik vakuumu” ifadəsi İrəvanın qarşılaşdığı dilemma barədə kifayət qədər çox şey deyir.

İndi Ermənistan üçün əsas məsələ Rusiyadan uzaqlaşmaq barədə siyasi bəyanatlar vermək deyil. Əsas sual budur: Rusiya bazarı daralanda onun yerini hansı real və davamlı iqtisadi imkanlar dolduracaq?

Çünki iqtisadi asılılıq haqqında danışmaq asandır. Ondan çıxmaq isə başqa məsələdir.

Ermənistanın qarşısında indi məhz bu sınaq dayanır: Moskvanın qapısını döymədən öz iqtisadi qapılarını nə qədər geniş aça biləcək?

Qayıdış hüququ nə vaxtdan ərazi iddiasına çevrildi?

Ermənistan mediasında Azərbaycandan gələn hər bir “Qərbi Azərbaycan” bəyanatına eyni reflekslə yanaşanlar var: dərhal “ərazi iddiası”, “suverenliyə təhlükə”, “Ermənistanı dağıtmaq planı” kimi ifadələr ortaya çıxır. “Aravot”da sentyabrın 26-da dərc olunan yazı da bu yanaşmanın növbəti nümunəsidir. Müəllif Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasındakı çıxışında azərbaycanlıların öz yurdlarına qayıtması üçün şərait yaradılması barədə fikirlərini Ermənistanın ərazi bütövlüyünə qarşı strategiyanın rəsmiləşdirilməsi kimi təqdim edir.

Amma burada emosional ifadələri bir kənara qoyub çox sadə bir sual vermək lazımdır: öz doğma yurduna qayıtmaq tələbi nə vaxtdan ərazi iddiası sayılır?

Bayramovun 25 sentyabr 2026-cı ildə BMT-dəki çıxışında Azərbaycan Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan sülh yanaşmasını açıq şəkildə vurğulayıb. Çıxışın əsas çərçivəsi Azərbaycan və Ermənistan arasında sülh, qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması, habelə beynəlxalq hüquqa bağlılıq olub.

Deməli, “qayıdış” sözünü götürüb onu avtomatik olaraq “əraziyə iddia” kimi təqdim etmək ən azı ciddi izah tələb edir.

Qərbi Azərbaycan məsələsinin mahiyyəti də məhz buradadır. Söhbət bu gün Ermənistan ərazisi sayılan yerlərdən müxtəlif dövrlərdə qovulmuş azərbaycanlıların öz doğma yaşayış məntəqələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququndan gedir. Qərbi Azərbaycan İcmasının sənədlərində də tələb əraziyə sahiblik və ya Ermənistanın suverenliyinin ləğvi kimi deyil, insanların öz evlərinə qayıtması və qayıtdıqdan sonra hüquqlarının təmin olunması kimi ifadə olunur. 

Burada Ermənistan mediasının məntiqində ciddi bir qarışıqlıq yaranır: insanın hüququ ilə dövlətin ərazisi eyni anlayış deyil.

Bir insanın doğulduğu kəndə qayıtması həmin kəndin dövlət sərhədini dəyişdirmir. Bir icmanın öz tarixi yaşayış yerinə qayıtmaq istəməsi avtomatik olaraq ərazi ilhaqı tələbi demək deyil. Qayıdışın hansı şərtlərlə həyata keçiriləcəyi, həmin insanların hansı hüquqlara malik olacağı və prosesin hansı mexanizmlərlə təşkil ediləcəyi ayrıca məsələlərdir.

“Aravot” müəllifi isə başqa bir addım atır. O, azərbaycanlıların qayıdış məsələsini Qarabağdan ermənilərin köçürülməsi ilə paralel qoyaraq bunu “güzgü” siyasəti kimi təqdim edir və bununla da iki ayrı tarixi hadisəni eyniləşdirir. 

Bu yanaşma mübahisənin mahiyyətini dəyişir. Çünki bir məsələni müzakirə etmək üçün əvvəlcə onun özünü qəbul etmək lazımdır. Azərbaycanlıların Ermənistandan müxtəlif mərhələlərdə deportasiya və məcburi köçkünlük yaşamış olması ayrıca tarixi və hüquqi məsələdir. Onların qayıdış hüququndan danışılması isə başqa bir xalqın hüquqlarının avtomatik inkarı demək deyil.

Əksinə, prinsip sadə olmalıdır: kim haradan qovulubsa, onun təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququ müzakirə edilə bilər.

Ermənistan mediasının narahatlığının əsas səbəbi də görünür ki, məhz “Qərbi Azərbaycan” anlayışının beynəlxalq platformalarda səslənməsidir. Amma bir məsələnin BMT kürsüsündə qaldırılması onu avtomatik olaraq “ərazi iddiası”na çevirmir. BMT-nin özü dövlətlərarası münasibətlərdə insan hüquqları, qaçqınların və məcburi köçkünlərin hüquqları kimi məsələlərin müzakirə edildiyi əsas beynəlxalq platformalardan biridir.

Burada daha bir mühüm məqam var. Azərbaycan 2025-ci ildə də Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsini beynəlxalq platformalarda gündəmə gətirib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının 2025-ci il İstanbul Bəyannaməsində də bu məsələ əksini tapıb. 

Deməli, “Qərbi Azərbaycan” məsələsi dünən ortaya çıxmış və bir BMT çıxışında qəfil formalaşdırılmış tezis deyil. Bu, Azərbaycan tərəfinin beynəlxalq platformalarda uzun müddətdir gündəmə gətirdiyi qayıdış məsələsidir.

Əlbəttə, Ermənistan tərəfi bu məsələyə fərqli siyasi qiymət verə bilər. Onun nümayəndələri bunu təhlükə kimi də təqdim edə bilərlər. “Aravot”dakı yazının müəllifi də məhz belə edir və azərbaycanlıların mümkün qayıdışını Ermənistanın dövlət təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirir.

Lakin siyasi qiymətləndirmə ilə hüquqi faktı bir-birinə qarışdırmaq olmaz.

Qayıdış tələbinin özü ərazi iddiasının sübutu deyil. Bunun ərazi iddiasına çevrildiyini iddia edən tərəf konkret olaraq hansı rəsmi sənəddə, hansı bəyanatda və hansı tələbdə Ermənistan ərazisinin Azərbaycana birləşdirilməsinin tələb olunduğunu göstərməlidir.

Əks halda bir insanın öz ata-baba yurduna qayıtmaq istəyini “ərazi bütövlüyünə qarşı strategiya” adlandırmaq sadəcə siyasi şərh olaraq qalır.

Əslində, “Aravot” yazısının ortaya qoyduğu əsas məsələ Azərbaycanın nə tələb etməsindən daha çox, Ermənistan mediasının qayıdış anlayışından niyə bu qədər narahat olmasıdır. Əgər söhbət Ermənistanın suverenliyinin tanınması şəraitində təhlükəsiz, könüllü və ləyaqətli qayıdışdan gedirsə, onda bu məsələni müzakirə etmək niyə avtomatik olaraq “Ermənistanın məhv edilməsi planı” kimi təqdim olunmalıdır?

Sülh yalnız sərhədlərin tanınması ilə bitmir. Sülh həm də keçmişdə baş vermiş köçkünlük və deportasiyaların nəticələri ilə necə davranılacağı sualına cavab tələb edir. İnsanların öz evlərinə qayıtmaq istəyini əvvəlcədən “təhlükə” elan etmək isə dialoqu asanlaşdırmır.

Ona görə Ermənistan mediasına sadə bir sual vermək kifayətdir:

Azərbaycan Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bəyan etdiyi halda, azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıtmaq hüququndan danışılması niyə Ermənistanın ərazi bütövlüyünə qarşı iddia kimi təqdim olunur?

Bu suala cavab vermədən “Qərbi Azərbaycan” ifadəsini hər dəfə “ərazi iddiası” kimi damğalamaq məsələnin mahiyyətini izah etmir.

Çünki qayıdış evə qayıtmaqdır, sərhəd dəyişmək deyil.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir 

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir.Citypost.az xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq.

30 Sentyabr 2026, 11:11

Zakir Həsənov: Ordumuzun döyüş imkanları genişləndirilir

Azərbaycan Ordusunun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciətində bildirib.Müraciətdə deyilir:"Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin...

30 Sentyabr 2026, 10:55

Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Botsvananı Milli Günü münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, bu barədə naizrliyin "X" sosial media hesabında paylaşım edilib."Milli Günü münasibətilə Botsvana xalqına və Hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq!Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

30 Sentyabr 2026, 10:49

Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb 

Quba-Xınalıq yolunda sürüşmə olub.APA-nın Şimal bürosunun məlumatına görə, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

30 Sentyabr 2026, 10:27

TALENİN, QİSMƏTİN, BƏXTİN ŞAİRİ!  

Azərbaycanın görkəmli şairi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə...

30 Sentyabr 2026, 10:23

"Real Ermənistan” məktəbə sığmır: erməni mediası Paşinyanın tarix siyasətinə qarşı çıxır   

Şəmsi Qocanın şərhi:Ermənistanda Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası ətrafında mübahisə yeni mərhələyə keçib. Sentyabrın 26-da “Aravot” nəşrində dərc olunan yazıda Paşinyanın məktəblərdə “Real Ermənistan” ideologiyasına zidd fikirlərin səsləndirilməməsi barədə mövqeyi tənqid edilir. Müəllifin ortaya qoyduğu sual sadədir: əgər Ermənistanın gələcək təsəvvürü yalnız bugünkü dövlət sərhədləri üzərində qurulacaqsa, onda erməni tarixinin keçmişi məktəblərdə necə izah olunacaq?Bu sual təsadüfi deyil. Çünki erməni tarixşünaslığı əsrlər boyu bugünkü Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşən müxtəlif əraziləri erməni tarixi və mədəniyyəti ilə əlaqələndirib. İndi isə Paşinyan siyasi diskursu “real Ermənistan” anlayışı üzərində qurmağa çalışır. Belə vəziyyətdə tarixlə müasir dövlət anlayışının bir-birinə qarışdırılması Ermənistanın öz...

30 Sentyabr 2026, 09:59