Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Güclü ordu müstəqilliyimizin əsas təminatıdır

Siyasət 24 İyun 2026, 18:00

629

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il keçir. Qət edilən 108 illik yol rəşadətli ordumuzun bugünkü inkişafını şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin  vurğuladığı kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Tarixə nəzər salsaq görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.  Məhz elə buna görə də deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Həmin illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində  aparılan işlər respublikamızda mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.  1971-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin  səyləri nəticəsində  Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olundu. Bu mühüm addım Azərbaycanda hərb sahəsinə  marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları mümkün oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da ordu quruculuğu prioritet istiqamətlər sırasında oldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara diqqət yetirəndə nizami ordunun olmamasının torpaqlarımızın işğalında rolu daha aydın görünür. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin  siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu digər sahələr kimi,  ordu quruculuğunda da uğursuzluqlara səbəb olmuşdu. O illərdə orduda fərarilik geniş vüsət almışdı. Gənclərimiz hərbi xidmətdən yayınırdılar.  Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdi. Ulu Öndər hakimiyyətə qayıdışı ilə ordu quruculuğu sahəsində də yeni mərhələnin əsasını qoydu. Orduya diqqət və qayğı diqqətdən kənarda qalmadı. Bu diqqət  orduda fərarilik hallarının qarşısını aldı. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

1994-cü il mayın 12-də atəşkəs haqqında saziş imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusunun  1994-cü ilin yanvarında keçirdiyi uğurlu  Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.

Vüqar Rəhimzadə bildirib ki, ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində  mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev bu çağırışı edirdi ki, ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.

Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Milli Məclisin deputatı vurğulayıb ki, Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində görülən təxirəsalınmaz tədbirlər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordusuna çevirdi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” Mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Bu gün Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu kimi nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Rəşadətli ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt Zəfəri ilə işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğunu sübut etdi. Həmin nailiyyətlərin davamı olaraq 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, 2023-cü ildə  həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində  isə suverenliyimiz tam  bərpa edildi. Azərbaycan Ordusunun  dünyaya səs salan zəfərləri bu sahəyə göstərilən diqqətin nümayişi oldu. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Azərbaycan əsgəri hər zaman öz gücünə, qüdrətinə inanaraq Müzəffər Ali Baş Komandandan “Hücum!” əmrini gözləyirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyini bəyan etməsi də Azərbaycan Ordusunun gücünə, qüdrətinə inamdan irəli gəlirdi.

Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin son illərdə dinamik inkişafının Silahlı Qüvvələrin büdcəsinin artırılması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin bütün sahələrdə olduğu kimi  ordu quruculuğu sahəsində də öz vədinə sadiq qaldığını təsdiq edir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdır. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilmişdir.

Millət vəkili vurğulayıb ki, şübhəsiz, 108 illik yolu bir yazıda əhatə etmək çətindir. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası özündə bütün məqamları ehtiva edir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər  də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.

Vüqar Rəhimzadə qeyd edib ki, 10 dekabr 2020-ci ildə  Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı, 2023-cü ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üç illiyinə həsr edilən  hərbi parad, həmçinin paytaxtın Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi parad Zəfərimizin təsdiqi və təqdimatı oldu. Son beş ildən artıq dövrün əsas reallıqlarından biri hərbi qüdrətimizin daha da artırılmasının əsas çağırışlardan biri olmasıdır. Prezident İlham Əliyevin ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artırır. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səbinə Salmanova: Dövlət qulluğu Vətənə xidmətdir

Milli Məclisin deputatı Səbinə Salmanova Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət qulluqçuları Azərbaycanda dövlət idarəçiliyinin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və vətəndaşlara səmərəli xidmət göstərilməsində mühüm rol oynayırlar.Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğu sistemi daha çevik, şəffaf, innovativ və vətəndaşyönümlü xarakter alıb.Deputatın sözlərinə görə, dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində və milli maraqların qorunmasında mühüm rol oynayırlar.Səbinə Salmanova vurğulayıb ki, dövlət qulluğu yalnız peşə deyil, həm də Vətənə və xalqa xidmət missiyasıdır.Deputat peşə bayramı münasibətilə bütün dövlət...

24 İyun 2026, 11:26

Bədəl Bədəlov: Vətən müharibəsi hərb tariximizin parlaq səhifəsidir

Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biri güclü və peşəkar ordudur. Müstəqil dövlətin mövcudluğu, ərazi bütövlüyünün qorunması, milli təhlükəsizliyin təmin edilməsi və suveren hüquqlarının müdafiəsi ilk növbədə qüdrətli silahlı qüvvələrin mövcudluğundan asılıdır. Məhz buna görə də 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın həyatında xüsusi əhəmiyyətə malik tarixi günlərdən biridir.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Bədəl Bədəlov bildirib.Millət vəkilinin sözlərinə görə, Milli Ordunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə siyasi hakimiyyətə gələn Ulu Öndər gələcəkdə milli hərbi kadr potensialının formalaşdırılmasının vacibliyini uzaqgörənliklə qiymətləndirərək bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına...

24 İyun 2026, 11:16

Şərhçi: Xamneyinin şəklinin dini mərasimlərdə qaldırılması siyasi məna daşıyır

İctimai fəal Tural Qaraqaşlı dini mərasimlərdə İranın ali lideri Əli Xamneyinin və ya Ayətullah Xomeyninin şəkillərinin qaldırılması məsələsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, belə addımların dini əsaslandırması yoxdur və daha çox siyasi məzmun daşıyır. Tural Qaraqaşlı qeyd edib ki, milliyyətin din adamı üçün önəm daşımadığını qəbul etsə də, Xamneyinin başqa bir dövlətin siyasi lideri olması onun simvolunun dini deyil, siyasi məna kəsb etməsinə səbəb olur.İctimai fəal bildirib ki, İranın ali lideri yalnız dini fiqur deyil, eyni zamanda dövlətin siyasi rəhbəridir. Bu səbəbdən onun şəklinin başqa ölkələrdə dini tədbirlərdə nümayiş etdirilməsi siyasi jest kimi qəbul olunur və dövlətlərin...

24 İyun 2026, 10:27

Jalə Əliyeva: Bakı və Aşqabad etimada əsaslanan əməkdaşlığı genişləndirir

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatı Bakı ilə Aşqabad arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.Millət vəkiliin sözlərinə görə,Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayaraq, bu amillərin dövlətlərarası münasibətlərin etibarlı təməlini təşkil etdiyini qeyd etdi. Dövlət başçısının sözləri ilə desək, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri üzərində qurulub. Bu...

24 İyun 2026, 10:19

Vüqar Rəhimzadə: Azərbaycan–Türkmənistan əlaqələri strateji mərhələdədir

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri  Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır.  İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  Azərbaycana  dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı...

23 İyun 2026, 12:20

Ədalət Verdiyev: Təxribatçı addımlar davam edir

Hərbi ekspert Ədalət Verdiyev erməni kilsəsində keçirilən liturgiya zamanı ev dustaqlığında olan srbazan Baqrat Qalstanyanın iştirakı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir k, O bildirib ki, Qalstanyan “Üç Müəzzin” kilsəsində keçirilən liturgiyada qonşu ölkələr – İran, Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən “Böyük Ermənistan” döş nişanı ilə iştirak edib.Ədalət Verdiyev qeyd edib ki, Qalstanyan əvvəllər də Xeyrimli–Günnüt istiqamətində eyni nişanı taxaraq etiraz aksiyaları təşkil edib. Onun sözlərinə görə, həmin dövrdən sonra Qazaxın 4 kəndinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi baş verib.Hərbi ekspert əlavə edib ki, bu cür fəaliyyətlərin davamı kimi Baqrat Qalstanyanın Sofulu və Bərxudarlı məsələsini gündəmə gətirmək...

23 İyun 2026, 10:51