Bizə yazın

Baku

-°C

USD

-

Şəmsi Qoca: Təhsil islahata möhtacdır

Söz adamı 24 İyun 2026, 11:54

636

2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflas

Hər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı mənzərəsidir. Təhsilin idarəçiliyində işin mahiyyətinə, milli təhsilimizin genofonduna xidmət etmək əvəzinə, medianın gündəmini keçici görüntülərlə, piar kampaniyaları ilə zəbt etmək meyilləri rəsmi qurumların gerçək böhrandan necə qaçdığını nümayiş etdirir. Lakin bu bəzəkli kadrlar, sosial şəbəkələrdə parıldayan videolar məktəb divarları arasında yaşanan dərin yaraları, mənəvi aşınmaları və idarəetmə rəzalətini ört-basdır edə bilmir.

Sistemin daxilində yuva quran bu yarıtmazlığın ən bariz, acınacaqlı və rüsvayçı örnəyi isə təhsilin beyni sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilən bu qurum bu gün öz birbaşa profilindən, elmi-pedaqoji missiyasından tamamilə uzaqlaşaraq, nə işlə desən məşğul olan bir layihə və tender kontoruna çevrilib. Təhsil İnstitutunun fundamental elmi araşdırmalar aparmaq, milli dərslik strategiyasını qurmaq əvəzinə nazirlik daxilindəki müəyyən qruplaşmaların və podratçı tenderlərin mərkəzi kimi idarə olunması rəsmi hesabatların ən böyük rüsvayçılığıdır. Vaxtilə nazirliyin özünün bu institutun rəhbərliyində olduğu dövrlərdən qalan layihələrdəki xeyli sayda neqativlərin, maliyyə yeyintilərinin və uğursuz proqramların üstünü ört-basdır etmək üçün Elnur Əliyevin bura gətirilməsi, ardınca isə onun fərqli agentlikləri ələ keçirmək uğrunda apardığı daxili kadr müharibələri təhsil elmini tamamilə iflic vəziyyətinə salıb. İnstitut rəhbərliyi şagirdlərin dərslərdəki passivliyindən şikayətlənməklə öz məsuliyyətini üzərindən atmağa çalışsa da, cəmiyyət yaxşı bilir ki, bu passivliyin və uğursuzluğun memarı məhz elmdən uzaq, bərbad dərslikləri ortaya qoyanların özüdür.

Dərsliklərdəki biabırçı elmi və metodiki səhvlər, məntiqsiz tapşırıqlar, dil və üslub qüsurları bu tədris ilində də valideynlərin və ziyalıların haqlı qəzəbinə səbəb olub. Təhsil İnstitutunun birbaşa nəzarətində hazırlanan və milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər milli təfəkkürdən uzaq, qondarma və şagirdlərin yaş psixologiyasına tamamilə zidd mexanizmlərlə doldurulub. İnstitutun rəhbərliyi dərsliklərin keyfiyyətini qaldırmaq, daxili ekspertizanı gücləndirmək əvəzinə, xarici qrant layihələrinin, səs-küylü və formal konfransların, xarici hesabat sessiyalarının arxasında gizlənir. Təhsilimizin elmi sütununu qurmalı olan bir təsisatın tender oyunlarının, daxili vəzifə çəkişmələrinin mərkəzinə çevrilməsi dərslik yaradıcılığını bir qrup imtiyazlı şəxsin qazanc mənbəyinə çevirib. Nəticədə isə hər il milyonlarla dərslik yenidən çap olunur, hər il eyni elmi xətalar təkrar edilir və millətin övladları bu savadsız bəlalardan zəhərlənməkdə davam edir.

Nazirliyin ümumi kadr siyasəti isə bu tədris ilində bütöv bir iflasın carçısına çevrildi. Cəmiyyətə "tanınmış təhsil eksperti" kimi təqdim olunan, rəsmi rəğbət qazanan bir şəxsə nazirlik tərəfindən yüksək vəzifə etibar edilməsi, çox keçmədən isə həmin şəxsin böyük cinayət əməllərində, saxtakarlıqda və ən dəhşətlisi, Dövlət İmtahan Mərkəzinin imtahanlarına qanunsuz müdaxilədə ittiham olunaraq rüsvayçılıqla uzaqlaşdırılması ETN-in kadr seçimi mexanizminin necə kor, bərbad və şəffaflıqdan uzaq olduğunu ortaya qoydu. Dövlətin təhsilini, gələcək nəsillərin taleyini bu cür saxtakarlara etibar edən bir sistemin hansı ədalətdən, hansı keyfiyyətdən danışmağa mənəvi haqqı qala bilər? Kadr korluğu təkcə idarəetmənin yuxarı pillələrində deyil, bütün zəncirdə özünü büruzə verir və bu gedişat təhsildəki inamı kökündən sarsıdır.

Bu kadr korluğunun və idarəetmə iflasının paytaxt Bakıdakı mənzərəsi isə artıq dözülməz, absurd bir teatrı xatırladır. Bu gün Bakının əksər məktəblərində iki təhsil ocağına bir direktorun təyin edilməsi kimi absurda imza atılıb. Aralarındakı məsafə kilometrlərlə ölçülən iki nəhəng məktəbi bir adama tapşırmaq nazirliyin hansı "inqilabi kəşfidir", hansı idarəçilik məntiqinə sığır? Belə olan təqdirdə, həmin rəhbərin iki məktəbdən hansını həqiqətən idarə etdiyi, tədrisin keyfiyyətinə necə nəzarət etdiyi tamamilə qaranlıq qalır. Digər tərəfdən, şagird sayı çox olan böyük məktəblərdə normalda yeddi-səkkiz direktor müavini olmalı olduğu halda, bu yerlər illərlə vakant saxlanılır. Paytaxt Bakıda bu vəzifələri tutmağa layiq, qadir və savadlı bir daxili pedaqoji kadr yoxdurmu ki, səkkiz müavin yerindən yalnız ikisi, üçü, ən yaxşı halda dördü tutulub? Bu qeyri-peşəkarlığın bədəlini isə vəzifədə qalan digər müavinlər sözün həqiqi mənasında ağır istismara məruz qalaraq ödəyirlər. Dörd nəfər səkkiz nəfərin işini görməyə məcbur edilir. Anonim qalmaq şərtilə fəryad edən müavinlərdən biri gündə 11, bəzən 12 saat gərgin iş rejimində çalışdıqlarını, fiziki və psixoloji cəhətdən tükəndiklərini, artıq bezərək kütləvi şəkildə istefa vermək həddinə çatdıqlarını bildirir. Bütün bu xaosun içində, iki məktəbə birdən rəhbərlik edən direktor xanımlardan birinin rüşvətxorluğuna, qanunsuz əməllərinə qarşı haqlı səslər, şikayətlər ucalanda isə idarəetmə aparatı dərhal günahı keçmiş direktorun üzərinə yıxır. Halbuki həmin keçmiş rəhbər çoxdan təqaüddədir, evində oturub və hazırda məktəbdəki heç bir prosesə təsir etmək gücündə deyil. Qüsurlarını ört-basdır etmək istəyən rəsmi şəxslər özlərini əyri göstərən güzgünü sındırmaqla məşğuldurlar, lakin həqiqət ortadadır: Bakı məktəbləri başsızlığın və qul əməyinin caynağındadır.

İdarəetmədə tətbiq edilən bu ədalətsiz təzyiq və qanunsuzluq mexanizmi, nəhayət ki, cari tədris ilində bumeranq kimi geri qayıdaraq nazirliyin hüquqi müstəvidə tamamilə iflas etdiyini ortaya qoydu. BŞTİ-nin Əmək Məcəlləsinin məşhur 70-ci maddəsini əlində cəza qılıncı edərək işdən çıxardığı fədakar ziyalılar öz haqları uğrunda mübarizədə parlaq bir qalibiyyət qazandılar. 163 nömrəli məktəbin direktor müavini Reyhan Hacıpzadə və 288 nömrəli məktəbin direktor müavini Jalə Qədirova kimi qürurlu təhsil işçiləri idarəetmənin bütün təzyiqlərinə sinə gərərək, ölkənin bütün instansiya məhkəmələrini bir-bir keçdilər və qanunsuz əmrləri ləğv etdirərək öz doğma vəzifələrinə bərpa olundular. Nazirin özünün də mətbuat qarşısında etiraf etməyə məcbur olduğu o acınacaqlı rəqəm — işdən çıxarılanların 25 faizinin məhkəmə qərarları ilə yenidən öz vəzifələrinə bərpa olunması — əslində o deməkdir ki, qorxmadan, cəsarətlə məhkəməyə müraciət edən müəllim və ziyalıların demək olar ki, hamısı öz əvvəlki işini geri alıb. Bu mənzərə sübut edir ki, ETN sistemini zəbt etmiş, müəllimlərə yuxarıdan aşağı baxan o nəhəng "hüquqşünaslar" ordusu əslində hüquqdan və qanunçuluqdan başqa hər şeyi bilirmiş. Bürokratik təzyiqlərdən boğulan, lakin məhkəmə salonlarında haqqını taparaq geri dönən müəllimlərin dilində indi vahid və qürurlu bir şüar var: "Nə yaxşı ki, ölkəmizdə ədalətli məhkəmə sistemi var!" Dövlətin ədalət tərəzisi, nazirliyin inzibati hegemonluğunu darmadağın etdi.

Bütün bu inzibati və hüquqi rəzalətlərin zirvə nöqtəsi isə bu il sertifikasiya imtahanlarında müəllimlərin qarşısına qoyulan, pedaqogikadan uzaq metodiki buxovlar oldu. Bu gün müəllimlərin sertifikasiya imtahanlarında təxminən 18 qondarma xarici nəzəriyyədən suallar salınır. Təhsildən bixəbər başbilənlər hələ də dərk etmək istəmirlər ki, bu nəzəriyyələrin heç birinin tələblərini mövcud şəraitdə, real məktəb mühitində tətbiq etmək əsla mümkün deyildir. Çünki həmin nəzəriyyələr xüsusi şərait, zəngin resurslar və müasir infrastruktur tələb edir ki, bu da bizim məktəblərimizin reallığında mövcud deyil. Bu yanaşma əslində müəllimin azad düşüncəsini məhv etmək, onu süni bir qəlibə salmaq cəhdidir. Axı nəyə görə Azərbaycan müəllimi mütləq hansısa hindli pedaqoqun üsulu ilə, yaxud qərbdən gətirilmə yad taksonomiyalarla çərçivəyə salınmalıdır? Təhsilin mahiyyətini unudanlar anlamırlar ki, müəllim ilk növbədə öyrədən deməkdir və hər bir fədakar öyrədənin də özünəməxsus, illərlə sınanmış unikal öyrətmə üsulu var. Müəllimə zorla, süni şəkildə başqa üsulla işləmək tələbi qoyulanda o, sözün həqiqi mənasında şirəyə öyrədilmiş arıya dönür. Necə ki, arıya çiçəklərdən şirə çəkmək əvəzinə hazır şirə verib bal hazırladanda o, tənbəlləşir və təbiətin ona bəxş etdiyi çiçəkdən əsl bal çəkmək qabiliyyətini yadırğayırsa, Azərbaycan müəllimi də bu 18 nəzəriyyənin quru qəlibləri içində öz fitri pedaqoji istedadını, milli təfəkkürünü və yaradıcılığını itirmək təhlükəsi ilə üz-üzə qalır. Müəllimi belə bir vəziyyətə salmaq təkcə onun nüfuzunu aşındırmır, həm də gələcək nəsillərin canlı, yaradıcı və milli ruhda yetişməsinin qarşısını alır.

Müasirləşmə və rəqəmsallaşma şüarları altında məktəblərə məcburi şəkildə tətbiq edilən elektron jurnallar isə bu il müəllimlərin, direktorların və bütövlükdə məktəb rəhbərliklərinin kabusuna çevrilərək təhsil ocaqlarında böyük bir "dad-aman" dalğası yaratdı. Sistem o qədər qeyri-peşəkar, texniki cəhətdən yarımçıq hazırlanıb ki, şagirdlərin böyük zəhmətlə, aylarla qazandığı qiymətlər platformada öz-özünə silinir, sıfırlanır və bundan sonra əsl inzibati həngamə başlayır. Silinən məlumatları bərpa etmək üçün məktəblər nazirliyin mərkəzi sisteminin qapılarında günlərlə yalvar-yaxar etməli, müraciətlər göndərməli, vaxt itirməlidir. Müəllim sinfə girib şagirdə elm öyrətmək, onun mənəviyyatını zənginləşdirmək əvəzinə, nazirliyin çökmüş elektron sisteminin əsirinə çevrilib, qiymət daxil etmək və davamiyyət yazmaq üçün saatlarla texniki xaosla mübarizə aparır, vaxtını rəqəmsal bürokratiyaya qurban verir.

Məktəblərdə baş alıb gedən və cəmiyyəti dərindən sarsıdan mənəvi-psixoloji epidemiya — bullinq halları isə artıq dözülməz həddə çatıb. Məktəb divarları şagird üçün təhlükəsiz bilik məbədi olmaq funksiyasını itirir, akvarium daxili aqressiya, həmyaşıdları tərəfindən uşaqların sıxışdırılması, alçaldılması və fiziki-psixoloji zorakılığa məruz qalması adi bir hala çevrilir. Sosial şəbəkələrə sızan hər dözülməz video rəsmi nəzarət mexanizmlərinin, məktəb psixoloqlarının fəaliyyətinin necə formal, kağız üzərində olduğunu sübut edir. ETN-in bu sahədə keçirdiyi kosmetik layihələr, keçici seminarlar problemin kökünə enə bilmir, siniflərdəki mənəvi mühit iflic vəziyyətində qalır və bu rəftarla cəmiyyətə gələcədə travmalı, aqressiv bir nəsil qazandırılması təhlükəsi qaçılmaz olur.

Bütün bu xaosun tərkib hissəsi kimi, müəllimlik peşəsinin mənəvi toxunulmazlığı və nüfuzu nazirliyin inzibati təzyiq metodları ilə bir az da aşağı salındı, aşındırıldı. Müəllimi cəmiyyətin gözündə daim sınaqdan keçən, qüsurlu, günahkar bir fiqur kimi təqdim etmək meyilləri müəllim ordusunun motivasiyasını tamamilə qırdı. Ömrünü bu peşəyə vermiş, minlərlə ziyalı, həkim, hərbçi yetişdirmiş təcrübəli pedaqoqların bir neçə test sualı ilə sınağa çəkilməsi, onların cəmiyyət qarşısında alçaldılması mənəvi sarsıntılara yol açdı. Sertifikasiya müəllimi inkişaf etdirmək üçün bir stimul yox, onun başı üzərində dayanan inzibati bir cəza qılıncına çevrildi. Unutmaq olmaz ki, nüfuzu əlindən alınmış, sındırılmış və idarəetmənin təzyiqləri altında əzilən müəllim, heç bir zaman azad, şəxsiyyət və vətəndaş yetişdirə bilməz. Təhsilimiz bu gün rəsmi hesabat rəqəmlərində nə qədər parıldayırsa parıldasın, reallıqda milli dəyərlərə söykənən, dürüst, daxili insan amilinə qiymət verən, hüququ ayaqlar altına atmayan, müəllimi xarici şirələrlə tənbəlləşdirməyib ona yaradıcılıq azadlığı bəxş edən köklü bir bərpa prosesinə və real islahata möhtacdır.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam 

Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə...

24 İyun 2026, 11:16

Kitabı "süni", naziri "orijinal" olan məmləkət 

Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin...

23 İyun 2026, 12:10

Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi  

60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...

22 İyun 2026, 12:57

Bu dünyada Hidayət Orucov yadigar qalsın  - Ramidə Yaqubqızı

Onun haqqında təsəvvürüm ağırtəbiətli, ötkəm və çətin ünsiyyət qurulacaq biri kimi formalaşmışdı. Ta ki, özü ilə tanış olana qədər. Bir görüşlə Hidayət Orucov haqqında olan düşüncələrim tamamilə dəyişdi. Bu böyük şəxsiyyət mənim təfəkkürümdə və təsəvvürümdə olduğu ciddiyyyətin içərisində yumşaq, həlim, xoşxasiyyət insan olaraq yaşadı. 2023-cü ildə çalışdığım “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin tövsiyyəsilə bir neçə əməkdaş İrəvan Teatınının yaranma tarixi, inkişafı və keçdiyi yol barədə yazı hazırlamaq tapşırığı aldıq. Mövzunun genişliyi, mahiyyətinin çəkisi və şəxsi marağım o qədər böyük idi ki, qərara aldıq ki, vaxtı ilə teatra rəhbərlik etmiş və bu yolda yaranmış çətinliklərə baxmayaraq böyük uğurlar qazanmış  Hidayət Orucovla...

18 İyun 2026, 12:07

Uydurma tarixin və siyasi qorxunun acizliyi

Ermənistan Elmlər Akademiyasının və Qərbdəki sifarişli teatral təbliğatın səthi "araşdırması"na elmi-tarixi cavabErmənistanın akademik və siyasi dairələrinin, xüsusən də Ermənistan Milli Elmlər Akademiyasının son dövrlərdə "Qərbi Azərbaycan" ifadəsi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti qarşısında keçirdiyi qorxu xroniki bir isteriyaya, dərin bir siyasi vahiməyə çevrilmişdir. Özünü "elmi-analitik" adlandıran, lakin mahiyyət etibarından tarixdən kənar, subyektiv, böhtan xarakterli və xüsusi sifarişlə qələmə alındığı aşkar görünən bu təbliğat materialları toponimik həqiqətləri və fundamental tarix elmini həyasızcasına hədəf alır. Dünyada mifik, xəyali bir "böyük Ermənistan" nağılı uyduran, bu uydurma mifi yaşatmaq üçün "Daşnaksutyun" kimi şovinist partiyalar, ASALA kimi qanlı terror təşkilatları yaradıb qocalara, qadınlara, diplomatlara qarşı...

18 İyun 2026, 09:55

“Oxucu müəllifin ürək döyüntüsünü eşitməlidir” -  Ramidə YAQUBQIZI.

Şumlamağa çalışmayın, əkinki, sonra biçməyə nəyinizsə olsun Bir neçə gün əvvəl hörmətli Rəşad Məcid olduqca maraqlı paylaşım etmişdir. “Süni intellekt kövrələ biləcəkmi?”.Haqlı və yerində verilən sual idi. Mənim isə yazdığım cavab bu olmuşdu. “Bizimkilər süni intellekti çoxdan ağladıblar”. Əslində, Rəşad müəllimin paylaşımındakı sual, sualdan çox real həyatın acı həqiqəti, ironiyası idi. Mənim cavabım da həmçinin. Hər ikimiz də mahiyyət etibarı ilə nöqtəni eyni yerdə qoymuşduq. Sadəcə, arada vergül var idi ki, o da eyni mənalı fərqli cümlələri birləşdirmişdi. Bu isə istehza ilə yanaşı, sözü oynadıb, bədii təsvirlərin gücü ilə işlədilməsidir ki, onu da hər bir qələm adamı bacarmalıdır. Sual və cavabdakı ironiyanın məqsədi...

18 İyun 2026, 09:53