Bizə yazın

Baku

-°C

USD

-

CRP yüksək çıxıbsa, bu, mütləq infeksiya demək deyil – Həkimdən AÇIQLAMA 

Tibb 01 Oktyabr 2026, 09:30

423

Laborator analizlər zamanı bəzi göstəricilərin normadan yüksək çıxması insanlarda ciddi narahatlıq yarada bilər. Xüsusilə C-reaktiv zülalın (CRP) yüksək olması bir çox şəxsdə avtomatik olaraq orqanizmdə infeksiyanın olduğu düşüncəsini formalaşdırır. Bəzi hallarda isə insanlar yalnız analiz nəticəsinə əsaslanaraq özbaşına antibiotik qəbul etməyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu yanaşma düzgün deyil. CRP-nin yüksəlməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və yalnız bu göstəriciyə əsasən konkret xəstəlik və ya bakterial infeksiya diaqnozu qoymaq mümkün deyil.

Doktor Elvin Abdullayev Citypost.az-a açıqlamasında CRP göstəricisinin nə ifadə etdiyini və yüksək nəticə aşkarlandıqda nələrə diqqət edilməli olduğunu izah edib.

Həkimin sözlərinə görə, CRP – C-reaktiv protein və ya C-reaktiv zülal adlanır. Bu göstərici orqanizmdə gedən iltihabi proseslər zamanı arta bilər və kəskin faza zülallarından biri hesab olunur. C-reaktiv zülal əsasən qaraciyərdə sintez edilir və orqanizmdə müxtəlif iltihabi reaksiyalar zamanı onun qandakı səviyyəsində dəyişiklik müşahidə oluna bilər.

“CRP haqqında yəqin ki, məlumatlısınız. Bu, C-reaktiv protein, başqa sözlə, C-reaktiv zülaldır. Bədəndə başlayan müəyyən iltihabi proseslər zamanı onun artdığını müşahidə edə bilirik. CRP kəskin faza zülallarına aiddir və onu əsasən qaraciyər toxuması yaradır”, – deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, CRP yüksək çıxan zaman ilk növbədə “məndə infeksiya varmı?” sualının yaranması təbiidir. Lakin göstəricinin yüksəlməsi yalnız infeksiya ilə əlaqələndirilməməlidir. Həm bakterial, həm də virus mənşəli infeksiyalar zamanı CRP səviyyəsinin artması müşahidə edilə bilər. Bundan başqa, müxtəlif autoimmun proseslər və orqanizmdə baş verən toxuma zədələnmələri də CRP-nin yüksəlməsinə səbəb ola bilər.

“CRP həm bakterial, həm də virus infeksiyaları zamanı arta bilər. Bundan əlavə, autoimmun proseslər zamanı da onun yüksəldiyini görə bilərik. Eyni zamanda orqanizmdə müxtəlif toxuma zədələnmələri baş verdikdə və digər iltihabi proseslər zamanı da CRP-nin səviyyəsi arta bilər”, – deyə Elvin Abdullayev vurğulayıb.

Həkim xüsusilə CRP yüksək çıxdıqda özbaşına antibiotik qəbul edilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, cəmiyyətdə geniş yayılmış yanlış yanaşmalardan biri də məhz analiz nəticəsində CRP-nin yüksək olduğunu görən şəxsin dərhal antibiotik axtarmasıdır. Halbuki bu göstəricinin yüksək olması avtomatik olaraq bakterial infeksiyanın mövcudluğunu və antibiotik müalicəsinə ehtiyac olduğunu göstərmir.

“Çox vaxt insan analiz verir və CRP-si yüksək çıxan kimi dərhal tanıdığı həkimə və ya aptekə müraciət edir və ‘CRP yüksəkdir, mənə hansı antibiotiki məsləhət görərsiniz?’ deyə soruşur. Dostlar, CRP-nin artması heç də avtomatik olaraq antibiotik təyin olunmasına əsas vermir”, – deyə həkim qeyd edib.

Mütəxəssis izah edib ki, antibiotiklər əsasən bakteriyalara qarşı təsir göstərən dərman vasitələridir. Virus infeksiyalarında, autoimmun xəstəliklərdə və bir sıra digər iltihabi proseslərdə antibiotiklərin faydalı olması gözlənilmir. Buna görə də yalnız CRP nəticəsinə baxaraq antibiotik qəbul etmək həm lazımsız müalicəyə, həm də dərmanların düzgün istifadə edilməməsi ilə bağlı əlavə problemlərə səbəb ola bilər.

“Antibiotiklər bakteriyalara təsir edən dərman vasitələridir. Məsələn, virus infeksiyalarına, autoimmun proseslərə və ya toxuma zədələnməsi nəticəsində yaranan bəzi iltihabi proseslərə antibiotiklər təsir etmir. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır”, – deyə Elvin Abdullayev bildirib.

Onun sözlərinə görə, CRP nəticəsi həkim üçün xəstənin ümumi vəziyyətini qiymətləndirərkən istifadə olunan göstəricilərdən biridir. Həkim xəstənin şikayətlərini, klinik əlamətlərini, digər laborator analizlərin nəticələrini və lazım gəldikdə instrumental müayinələri birlikdə nəzərdən keçirməlidir. Yalnız bundan sonra iltihabi prosesin səbəbi barədə daha düzgün fikir formalaşdırmaq mümkündür.

“CRP-nin yüksək olması bizə orqanizmdə iltihabi prosesin olub-olmaması barədə məlumat verməyə kömək edir. Amma yalnız bu göstəriciyə əsaslanaraq diaqnoz qoymaq mümkün deyil. CRP sadəcə diaqnostik prosesdə bizə kömək edən vasitələrdən biridir. Digər şikayətlər və analiz nəticələri ilə birlikdə qiymətləndirilməlidir”, – deyə həkim əlavə edib.

Mütəxəssis həmçinin bildirib ki, insanlar laborator analizlərin nəticələrini özbaşına şərh etməməli və xüsusilə dərman müalicəsinə, o cümlədən antibiotiklərə həkim məsləhəti olmadan başlamamalıdırlar. Çünki eyni laborator göstəricinin yüksəlməsinə müxtəlif səbəblər gətirib çıxara bilər və səbəb müəyyənləşdirilmədən aparılan müalicə gözlənilən nəticəni verməyə bilər.

Elvin Abdullayev vətəndaşlara sağlamlıqları ilə bağlı məsələlərdə sosial şəbəkələrdə və tanışlar arasında verilən təsadüfi məsləhətlərə deyil, mütəxəssis qiymətləndirməsinə üstünlük verməyi tövsiyə edib.

“Bacardığınız qədər sağlamlığınızı mütəxəssislərə etibar edin. Analiz nəticəsində hər hansı göstəricinin yüksək çıxması sizi narahat edə bilər, amma bunun səbəbini düzgün müəyyənləşdirmək üçün həkim müayinəsi və digər məlumatların birlikdə qiymətləndirilməsi vacibdir”, – deyə həkim bildirib.

Yusif 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq

Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin...

01 Oktyabr 2026, 08:30

Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən  AÇIQLAMA

Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda...

30 Sentyabr 2026, 11:18

Hamiləlikdə bunları etməyin – Ginekoloqdan GƏLƏCƏK ANALARA XƏBƏRDARLIQ

nGinekoloq Firuzə Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı ən çox yol verilən səhvlərdən biri həkim məsləhəti olmadan müxtəlif preparatlardan istifadə etməkdir. Qadın hamilə qalmamışdan əvvəl qəbul etdiyi dərmanı hamiləlik dövründə də özbaşına davam etdirməməli, eyni zamanda “vitamindir, zərəri olmaz” düşüncəsi ilə müxtəlif əlavələr qəbul etməməlidir. Çünki dərmanların və bəzi əlavələrin tərkibində olan maddələr hamiləliyin müxtəlif mərhələlərində fərqli təsir göstərə bilər. Tibbi mənbələr də hamiləlik zamanı reseptlə və ya reseptsiz alınan dərmanlardan istifadə etməzdən əvvəl həkim, mama və ya əczaçı ilə məsləhətləşməyi tövsiyə edir.“Bəzən qadınlar ağrıkəsiciləri, vitaminləri və ya müxtəlif qida əlavələrini adi vasitə kimi qəbul edirlər. Amma hamiləlik dövründə...

30 Sentyabr 2026, 10:18

Sonsuzluqda kişi faktoru nə qədər rol oynayır? – Ginekoloqdan AÇIQLAMA

Sonsuzluq problemi ilə qarşılaşan cütlüklər arasında uzun illər formalaşmış yanlış təsəvvürlərdən biri də problemin əsas səbəbini yalnız qadınla əlaqələndirməkdir. Hamiləliyin baş verməməsi halında çox vaxt ilk olaraq qadın müayinələrə göndərilir, müxtəlif analizlər və müalicələr aparılır, kişi faktoru isə ikinci plana keçirilir. Halbuki sonsuzluq yalnız qadın sağlamlığı ilə bağlı məsələ deyil. Müasir tibbi yanaşmada həm qadının, həm də kişinin reproduktiv sağlamlığının paralel şəkildə qiymətləndirilməsi vacib hesab olunur.Məsələ ilə bağlı ginekoloq Mehriban Musayeva Citypost.az-a açıqlamasında bildirib ki, sonsuzluq problemlərinə baxdıqda kişi faktorunun da əhəmiyyətli yer tutduğu artıq daha çox qəbul edilir və bu istiqamətdə insanların maariflənməsi əvvəlki illərlə müqayisədə artıb.“Ümumiyyətlə, sonsuzluq problemlərinə...

29 Sentyabr 2026, 11:20

KT müayinəsini ildə neçə dəfə etdirmək olar? – Radioloqdan AÇIQLAMA

COVID-19 pandemiyası ilə birlikdə həyatımıza daha çox daxil olan müayinələrdən biri də kompüter tomoqrafiyası, yəni KT oldu. Pandemiyanın ən gərgin dövrlərində xüsusilə ağciyərlərin vəziyyətini qiymətləndirmək məqsədilə KT müayinəsindən geniş istifadə edilməsi cəmiyyətdə bu müayinə ilə bağlı marağı və eyni zamanda narahatlığı artırdı. Bir çox insanlar COVID-dən əvvəl adi rentgen müayinəsi ilə kifayətlənirdisə, pandemiya dövründə KT-nin daha detallı görüntü verməsi səbəbindən bu müayinəyə müraciətlər əhəmiyyətli dərəcədə artdı.Lakin KT-nin geniş istifadə olunması ilə bağlı başqa bir sual da gündəmə gəldi: bu müayinəni nə qədər tez-tez etdirmək olar? KT-də radiasiya yükü olduğu halda, insan ildə bir neçə dəfə müayinə oluna bilərmi? COVID keçirmiş...

29 Sentyabr 2026, 10:18

Stress mədə-bağırsağı necə sıradan çıxarır? – Qastroenteroloqdan AÇIQLAMA

Müasir insanın gündəlik həyatında stress və əsəb gərginliyi demək olar ki, qaçılmaz hala çevrilib. İş yükü, ailə və sosial problemlər, yuxu rejiminin pozulması, maddi qayğılar, uzun müddət tıxacda qalmaq və digər amillər insanın psixoloji vəziyyətinə təsir etməklə yanaşı, orqanizmdə müxtəlif fizioloji dəyişikliklərə də səbəb ola bilər. Xüsusilə mədə-bağırsaq sistemi ilə beyin arasında sıx əlaqənin olması səbəbindən emosional gərginlik həzm sistemi ilə bağlı şikayətlərin yaranmasına və ya mövcud simptomların güclənməsinə təsir göstərə bilər.Qastroenteroloq Tərlan Qasımov Citypost.az-a açıqlamasında bildirib ki, xəstəliklərin yaranmasında çoxsaylı faktorlar rol oynayır və stressi bütün xəstəliklərin vahid əsas səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, uzunmüddətli psixoloji gərginlik...

28 Sentyabr 2026, 10:30