Bizə yazın

Baku

-°C

USD

-

Stress mədə-bağırsağı necə sıradan çıxarır? – Qastroenteroloqdan AÇIQLAMA

Tibb 28 Sentyabr 2026, 10:30

538

Müasir insanın gündəlik həyatında stress və əsəb gərginliyi demək olar ki, qaçılmaz hala çevrilib. İş yükü, ailə və sosial problemlər, yuxu rejiminin pozulması, maddi qayğılar, uzun müddət tıxacda qalmaq və digər amillər insanın psixoloji vəziyyətinə təsir etməklə yanaşı, orqanizmdə müxtəlif fizioloji dəyişikliklərə də səbəb ola bilər. Xüsusilə mədə-bağırsaq sistemi ilə beyin arasında sıx əlaqənin olması səbəbindən emosional gərginlik həzm sistemi ilə bağlı şikayətlərin yaranmasına və ya mövcud simptomların güclənməsinə təsir göstərə bilər.

Qastroenteroloq Tərlan Qasımov Citypost.az-a açıqlamasında bildirib ki, xəstəliklərin yaranmasında çoxsaylı faktorlar rol oynayır və stressi bütün xəstəliklərin vahid əsas səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, uzunmüddətli psixoloji gərginlik xüsusilə mədə-bağırsaq sistemində simptomların artmasına, bəzi funksional pozuntuların ağırlaşmasına və xəstənin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

“Bu gün insanın həyatında stress çox böyük yer tutur. Qidalanmanın, zərərli qidaların, suyun, havanın və digər ətraf mühit faktorlarının da sağlamlığa təsiri var. Amma xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı müraciətlərdə stress və əsəb gərginliyinin rolunu nəzərə almamaq olmaz. İnsan gündəlik həyatında, hətta tıxaclarda keçirdiyi uzun saatlarda belə ciddi psixoloji gərginlik yaşaya bilər. Bu vəziyyət bəzi insanlarda mədə-bağırsaq şikayətlərinin artmasına səbəb olur”, – deyə mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, bunu mədə-bağırsaq sisteminin müxtəlif hissələri üzərindən izah etmək mümkündür. Həzm sistemi qida borusundan başlayır və burada ən çox rast gəlinən problemlərdən biri qastroezofageal reflüks xəstəliyidir. Reflüks zamanı mədənin möhtəviyyatı qida borusuna geri qayıdır və nəticədə döş sümüyünün arxasında yanma, ağıza turş və ya acı mayenin gəlməsi, bəzi hallarda isə digər narahatlıqlar yarana bilər. Stress reflüksün yeganə səbəbi deyil, lakin bəzi insanlarda simptomların daha qabarıq hiss edilməsinə və həyat keyfiyyətinin pisləşməsinə təsir göstərə bilər.

“Qida borusundan başlayırıq. Qida borusunun ən çox rast gəlinən problemlərindən biri reflüks xəstəliyidir. Reflüksün yaranmasında müxtəlif amillər iştirak edir. Stress də bəzi xəstələrdə simptomları artıran və xəstənin özünü daha pis hiss etməsinə səbəb olan amillərdən biri ola bilər. Ona görə də yalnız dərman müalicəsinə deyil, xəstənin ümumi həyat tərzinə və psixoloji vəziyyətinə də diqqət etmək lazımdır”, – deyə Tərlan Qasımov qeyd edib.

Qastroenteroloq daha sonra mədə xəstəliklərində stress faktoruna diqqət çəkib. Uzunmüddətli gərginlik mədə-bağırsaq sisteminin fəaliyyətinə və insanın simptomları qəbul etməsinə təsir göstərə bilər. Xüsusilə funksional dispepsiya zamanı mədədə ağrı, yanma, erkən toxluq, köp və digər şikayətlər müşahidə oluna bilər. Bu hallarda psixoloji faktorların da nəzərə alınması müalicəyə yanaşmanın bir hissəsi ola bilər. Amerika Qastroenterologiya Kollecinin məlumatlarında da funksional dispepsiya zamanı psixoloji müalicələrin bəzi xəstələrdə faydalı ola biləcəyi qeyd olunur.

“Bəzən xəstə deyir ki, mədəm ağrıyır, yanır, yeməkdən sonra narahat oluram. Müayinələr aparılır, ciddi struktur problem aşkarlanmır, amma şikayətlər davam edir. Belə hallarda xəstənin psixoloji vəziyyətini də qiymətləndirmək lazımdır. Çünki beyinlə bağırsaq arasında çox mürəkkəb əlaqə mövcuddur. İnsan stress keçirəndə bu, həzm sisteminin fəaliyyətinə də təsir göstərə bilər”, – deyə mütəxəssis vurğulayıb.

Həkim mədə və onikibarmaq bağırsağın peptik xora xəstəliyinə gəldikdə isə daha diqqətli yanaşmanın vacibliyini bildirib. Onun sözlərinə görə, xora xəstəliyini yalnız stresslə əlaqələndirmək düzgün deyil. Helicobacter pylori infeksiyası və qeyri-steroid iltihabəleyhinə preparatların, yəni bəzi ağrıkəsicilərin istifadəsi peptik xoranın əsas səbəbləri arasında yer alır. Buna görə xora diaqnozu qoyulan zaman səbəbin müəyyənləşdirilməsi və uyğun müalicənin aparılması vacibdir.

“Ən çox rast gəlinən problemlərdən biri mədə və onikibarmaq bağırsağın yara xəstəliyidir. Buna peptik xora xəstəliyi deyirik. Burada Helicobacter pylori mühüm səbəblərdən biridir. Bəzi dərmanların, xüsusilə müəyyən ağrıkəsicilərin də rolu var. Stress isə xəstənin şikayətlərinin artmasına və ümumi vəziyyətinin pisləşməsinə təsir edə bilər. Ona görə xora xəstəsini müalicə edərkən yalnız yaranın özünə deyil, xəstənin ümumi vəziyyətinə də baxmaq lazımdır”, – deyə Tərlan Qasımov bildirib.

Mütəxəssis qeyd edib ki, Helicobacter pylori aşkarlandığı halda onun müalicəsi xüsusi əhəmiyyət daşıyır. Müasir klinik yanaşmada infeksiyanın müəyyən edildiyi xəstələrdə uyğun eradikasiya müalicəsi aparılır. Xüsusilə dispepsiya və xora ilə bağlı şikayətləri olan insanlarda bu bakteriyanın olub-olmamasının qiymətləndirilməsi həkimin qərarına uyğun şəkildə həyata keçirilə bilər.

Tərlan Qasımovun sözlərinə görə, mədə-bağırsaq sistemində stressin təsiri ən aydın hiss olunan sahələrdən biri də bağırsaqlardır. Qıcıqlanmış bağırsaq sindromu bu baxımdan xüsusi nümunədir. Bu xəstəlikdə qarında ağrı, köp, ishal, qəbizlik və ya onların növbələşməsi kimi şikayətlər müşahidə oluna bilər. Xəstələrin bir hissəsində emosional gərginlik simptomların artmasına səbəb ola bilər.

“Keçək bağırsaqlara. Günümüzdə çox rast gəldiyimiz problemlərdən biri qıcıqlanmış bağırsaq sindromudur. Burada psixoloji və emosional faktorların rolu kifayət qədər əhəmiyyətlidir. Stressli dövrlərdə bəzi xəstələrdə qarın ağrısı, köp, ishal və ya qəbizlik kimi şikayətlər daha da arta bilər. Bu səbəbdən belə xəstələrə yalnız qastroenteroloq tərəfindən yanaşılması ilə kifayətlənməmək, lazım gəldikdə psixoloji dəstəyi də müalicə planına daxil etmək vacibdir”, – deyə həkim bildirib.

Amerika Qastroenterologiya Kolleci qıcıqlanmış bağırsaq sindromunda bəzi psixoloji yanaşmaların, o cümlədən koqnitiv-davranış terapiyası, relaksasiya terapiyası və digər psixoloji müalicə üsullarının ümumi simptomların yaxşılaşmasına kömək edə biləcəyini bildirir. Bu yanaşma “xəstəlik yalnız psixolojidir” demək deyil. Əksinə, bağırsaq və beyin arasındakı qarşılıqlı əlaqənin müalicədə nəzərə alınmasını ifadə edir.

Mütəxəssis vurğulayıb ki, qastroenteroloji xəstəliklər zamanı psixoloji faktorları nəzərə almaq xəstənin şikayətlərini “hamısı əsəbdəndir” deyərək izah etmək anlamına gəlmir. Əksinə, əvvəlcə xəstənin şikayətlərinin mümkün orqanik səbəbləri araşdırılmalı, daha sonra klinik vəziyyətə uyğun olaraq stress, narahatlıq, yuxu problemləri və digər psixoloji amillər də qiymətləndirilməlidir.

“Burada həkimin üzərinə böyük məsuliyyət düşür. Məsələn, xəstədə yara xəstəliyi varsa, biz qastroenteroloq olaraq yaranın səbəbini araşdırmalı və müvafiq müalicəni aparmalıyıq. Amma həmin xəstənin yanaşı ciddi psixoloji gərginliyi varsa, bunu da nəzərə almaq lazımdır. Çünki xəstənin bütün vəziyyətinə kompleks yanaşılmalıdır”, – deyə Tərlan Qasımov əlavə edib.

Qastroenteroloqun sözlərinə görə, stressdən tamamilə qaçmaq mümkün deyil. Müasir həyat tərzində insanın heç bir gərginlik yaşamadan fəaliyyət göstərməsi real görünməyə bilər. Əsas məqsəd stressi həyatın tamamilə aradan qaldırılması mümkün olmayan bir hissəsi kimi qəbul edib onun idarə olunması yollarını öyrənməkdir.

Bunun üçün yuxu rejiminin qaydaya salınması, fiziki aktivliyin artırılması, gündəlik hərəkətliliyin təmin edilməsi, balanslı qidalanma, iş və istirahət arasında düzgün bölgünün aparılması, həddindən artıq kofein və digər stimullaşdırıcıların məhdudlaşdırılması, sosial dəstəyin qorunması və ehtiyac yarandıqda psixoloq və ya psixoterapevtə müraciət edilməsi faydalı ola bilər. Xüsusilə uzun müddət davam edən narahatlıq, yuxusuzluq, panik hiss, əhval dəyişiklikləri və gündəlik fəaliyyətə mane olan psixoloji gərginlik zamanı mütəxəssis dəstəyi almaq vacibdir.

Həkim qeyd edib ki, insan özündə təkrarlanan mədə yanması, qarın ağrısı, davamlı köp, ishal, qəbizlik, udma çətinliyi və digər həzm sistemi problemləri müşahidə edirsə, bütün şikayətləri yalnız stresslə əlaqələndirib həkimə müraciəti gecikdirməməlidir. Xüsusilə qanlı nəcis və ya qusma, səbəbsiz çəki itkisi, davamlı qusma, udma çətinliyi, anemiya əlamətləri və güclü və ya davamlı ağrı kimi əlamətlər olduqda tibbi qiymətləndirmə vacibdir.

“Stressdən tamamilə uzaq olmaq mümkün deyil. Amma onu azaltmaq və idarə etmək mümkündür. Əsas məsələ insanın öz həyat tərzinə diqqət etməsi, düzgün qidalanması, kifayət qədər yatması, fiziki aktiv olması və lazım gəldikdə psixoloji dəstək almasıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xəstəyə yalnız bir orqan kimi deyil, bütöv insan kimi yanaşmaq lazımdır. Stressin mədə-bağırsaq sisteminə təsirinin necə azaldılması barədə isə ayrıca danışmaq mümkündür”, – deyə qastroenteroloq Tərlan Qasımov bildirib.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uzun və sağlam yaşamaq üçün bilməli olduğunuz 3 VACİB RƏQƏM 

Ürək-damar xəstəlikləri uzun illər ərzində səssiz şəkildə inkişaf edə və insan bunu yalnız ciddi problem yarandıqdan sonra hiss edə bilər. Halbuki bəzi əsas göstəriciləri mütəmadi nəzarətdə saxlamaq ürək-damar riskinin qiymətləndirilməsində mühüm rol oynayır. Qan təzyiqi, qanda qlükoza və xolesterin səviyyəsi insanın ümumi sağlamlığı haqqında vacib məlumat verən göstəricilər sırasında yer alır.Kardioloq Yasmin Rüstəmova Citypost.az-a açıqlamasında bildirib ki, uzun və sağlam həyat üçün insanların bilməli olduğu əsas göstəricilərdən üçü məhz arterial təzyiq, qan şəkəri və xolesterindir. Onun sözlərinə görə, bu göstəricilərin mütəmadi yoxlanılması ürək-damar xəstəliklərinin risk faktorlarını vaxtında müəyyən etməyə və onların qarşısını almağa imkan verə bilər.Mütəxəssis ilk növbədə arterial təzyiqə...

28 Sentyabr 2026, 09:30

Uşaqlara yuxu problemi üçün antidepresant yazmaq doğrudurmu? – Həkim AÇIQLADI 

Yuxu problemi son illərdə həm böyüklər, həm də uşaqlar arasında daha çox diqqət çəkən şikayətlərdən birinə çevrilib. Gecə yuxuya gedə bilməmək, tez-tez oyanmaq, səhər yorğun qalxmaq və gün ərzində diqqətin dağılması müxtəlif səbəblərlə bağlı ola bilər. Xüsusilə uşaqlarda yuxusuzluq müşahidə edildikdə problemin yalnız yuxu dərmanı ilə həll edilməsinə çalışmaq düzgün yanaşma sayılmır. Çünki yuxu pozuntusunun arxasında stress, narahatlıq, gündəlik rejimin pozulması, ekran qarşısında uzun müddət qalmaq, bəzi psixi və nevroloji problemlər, ağrı, tənəffüs pozuntuları və digər tibbi səbəblər dayana bilər. 2026-cı ildə “Pediatrics in Review” jurnalında dərc olunan icmalda da uşaqlarda yuxusuzluq zamanı ilk növbədə səbəbin müəyyənləşdirilməsinin vacibliyi, davranış yönümlü...

28 Sentyabr 2026, 08:30

Qohum olmayan valideynlərin uşağında da genetik xəstəlik yarana bilər – Genetik DANIŞDI 

Cəmiyyətdə genetik xəstəliklərlə bağlı ən geniş yayılmış fikirlərdən biri budur ki, əgər ailədə qohum evliliyi yoxdursa, dünyaya gələcək uşağın genetik xəstəliklə doğulması ehtimalı da çox aşağıdır. Halbuki genetik xəstəliklərin yaranması yalnız qohumluq əlaqəsi ilə bağlı deyil. İnsanlar heç bir xəstəlik əlaməti olmadan müəyyən genetik dəyişikliklərin daşıyıcısı ola və bunu uzun illər bilməyə bilərlər. Xüsusilə bəzi resessiv xəstəliklərdə hər iki valideyn sağlam görünsə də, onların eyni xəstəliklə əlaqəli genetik variantı daşıması uşağın xəstə doğulması riskini yarada bilər.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, uşaqları mümkün genetik xəstəliklərdən qorumağın əsas yollarından biri xəstəliklərin risklərini əvvəlcədən müəyyənləşdirmək və uyğun skrininq, genetik məsləhətləşmə və...

25 Sentyabr 2026, 10:30

Kökəlməyin səbəbi hansı xəstəlik ola bilər? – Nutrisoloqdan  AÇIQLAMA

Artıq çəki və piylənmə ilə bağlı ən çox verilən suallardan biri insanın az yeməsinə və ya pəhriz saxlamasına baxmayaraq niyə kökəlməyə davam etməsidir. Bəzən insan uzun müddət qidalanmasına diqqət edir, fiziki aktivliyini artırır, müxtəlif pəhrizlər sınayır, lakin çəkidə gözlənilən dəyişiklik baş vermir. Belə vəziyyətlərdə məsələni yalnız “çox yemək” və ya “az hərəkət etmək”lə izah etmək düzgün olmaya bilər. Qidalanma, yuxu, fiziki aktivlik, istifadə olunan dərmanlar, hormonal vəziyyət, metabolik sağlamlıq və bəzi xəstəliklər çəkiyə təsir göstərə bilər.Nutrisoloq-dietoloq Afaq Kərimova Citypost.az-a açıqlamasında bildirib ki, insanın çəki artımının səbəblərini araşdırarkən ilk növbədə ümumi sağlamlıq vəziyyətinə baxmaq və lazım olan laborator müayinələri müəyyənləşdirmək vacibdir....

25 Sentyabr 2026, 09:30

USM ilə uşağın genetik xəstəliyini əvvəlcədən müəyyən etmək mümkündürmü? 

Son illərdə hamiləlik dövründə dölün sağlamlığı ilə bağlı müayinələrə maraq xeyli artıb. Xüsusilə valideynləri düşündürən əsas məsələlərdən biri də uşağın doğulmazdan əvvəl hər hansı genetik və ya inkişafla bağlı probleminin müəyyən edilib-edilməməsidir. Bəzən valideynlər düşünürlər ki, müasir ultrasəs müayinəsi, Doppler və hətta fetal MRT vasitəsilə gələcəkdə uşağın hansı xəstəliklərlə üzləşə biləcəyi tam şəkildə müəyyən edilə bilər. Lakin tibbi görüntüləmə üsullarının imkanları geniş olsa da, onların hər bir xəstəliyi aşkarlamaq imkanları eyni deyil.Radioloq Aynur Məmmədova Citypost.az-a açıqlamasında bildirib ki, burada ilk növbədə müxtəlif xəstəliklərin bir-birindən fərqləndirilməsi vacibdir. Çünki bəzi problemlər dölün orqan və strukturlarında dəyişiklik yaratdığı üçün ultrasəs müayinəsində müəyyən əlamətlər...

25 Sentyabr 2026, 08:30

Səhər oyanan kimi yemək yeməliyikmi? – Nutrisoloq DANIŞDI

Səhər yuxudan oyandıqdan sonra ilk olaraq nə etmək lazımdır – su içmək, səhər yeməyi yemək, yoxsa bir fincan qəhvə ilə günə başlamaq? Xüsusilə son illərdə səhər qidalanmasının vaxtı, kortizol hormonunun səviyyəsi və qəhvənin nə zaman içilməsinin daha düzgün olduğu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar yuxudan duran kimi süfrəyə oturur, bəziləri isə saatlarla heç nə yemədən yalnız qəhvə və ya çay içməklə kifayətlənir.Nutrisoloq-dietoloq Afaq Kərimova Citypost.az-a açıqlamasında bildirib ki, səhər qidalanmasına yanaşarkən yalnız saatı deyil, insanın yuxu rejimini, gündəlik fəaliyyətini, sağlamlıq vəziyyətini və ümumi qidalanma modelini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, səhər saatlarında orqanizmdə kortizol hormonunun təbii olaraq...

24 Sentyabr 2026, 10:30