Bizə yazın

Baku

-°C

USD

-

Şanxaydan Bakıya: böyük Avrasiyanın Azərbaycan yolu — Deputat Zahid Orucun ŞƏRHİ 

Cəmiyyət 31 Avqust 2026, 16:58

1362

25 illik yubileyi qarşısında Şanxay Əməkdaşlıq Təşkilatı dünya siyasətində Qərb institutlarından kənarda formalaşan ən böyük siyasi məkanlardan birinin hansı istiqamətə getdiyini yenidən gündəmə gətirir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat artıq yarandığı dövrün sərhəd təhlükəsizliyi platformasından daha böyük iqtisadi və siyasi gücə çevrilir. Enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, təhlükəsizlik və yeni maliyyə institutları ŞƏT-in gündəliyində getdikcə daha böyük yer tutur.

Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc CityPost.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə,Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə səfəri Azərbaycanın Avrasiya məkanındakı mövqeyinə yeni rakursdan baxmağa imkan verir. Sentyabrın 1-də keçiriləcək sammitə təşkilatın üzvləri ilə yanaşı Azərbaycan, Türkiyə, Ermənistan, Monqolustan, Laos, Vyetnam və digər dövlətlərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri qatılır. ŞƏT artıq öz formal sərhədlərindən kənarda daha geniş tərəfdaşlıq coğrafiyası yaradır.

"Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. On bir il əvvəl Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq siyasi imkanlarını genişləndirməyə çalışan dövlət idi.

İndi milli iradəsi və güclü ordusu ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan Qələbəsinin legitimliyini qlobal məkanda möhkəmləndirir, sülh gündəliyi ilə  yerləşdiyi regiona və dünyaya müharibədən çıxış modelini təqdim edir. Bakı artıq beynəlxalq təşkilatlara yalnız milli problemin həlli üçün siyasi dəstək axtaran paytaxt kimi getmir. Ölkəmizin siyasi çəkisinin artması, Cənubi Qafqazı Orta Asiya və Yaxın Şərqlə birləşdirməsi Azərbaycanı etibarlı tərəfdaşa və vacib regional vasitəçiyə çevirir.

ŞƏT qarşısında ölkəmizin üstünlüyü qlobal embarqoların genişləndiyi və ənənəvi təchizat zəncirlərinin qırıldığı dövrdə Bakının ötürücü körpü rolunun artmasıdır. Otuz il əvvəl dünyadan işğala qarşı siyasi qərar və hüquqi dəstək gözləyən dövlət indi təhlükəsizlik ixracatçısı kimi çıxış edir və beynəlxalq sülh platformalarında söz sahibi olur.

ŞƏT xəritəsində böyük Avrasiya coğrafiyasının Qərbə çıxışı üçün vacib arteriyalardan biri məhz Azərbaycandır.

Çindən və Mərkəzi Asiyadan çıxan yük Xəzəri keçərək Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya gedir. Şimaldan gələn yol Azərbaycan üzərindən İrana, oradan Hind okeanı istiqamətinə uzanır.

Prezident İlham Əliyev 2025-ci ildə Tianjində keçirilən “ŞƏT Plus” toplantısında Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu xüsusi vurğulayaraq Orta Dəhlizlə 2022-ci ildən bəri ölkəmiz üzərindən yükdaşımaların təxminən 90 faiz artdığını bildirmişdi. Ələt limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub xətlərinin hər ikisinə böyük infrastruktur sərmayələri yatırır.

Dünya Bankının Orta Dəhlizlə bağlı araşdırmasına görə, 2030-cu ilə qədər yük dövriyyəsinin üç dəfə artırılması və daşınma müddətinin yarıya endirilməsi mümkündür. Bankın hesablamalarında Azərbaycan, Qazaxıstan və Gürcüstan dəhlizin üç əsas dövləti kimi götürülür. Yolun ətrafında yeni istehsal, logistika, liman, enerji və sənaye infrastrukturu yaranır.

ŞƏT məkanının ən böyük üstünlüklərindən biri onun nəhəng coğrafiyasıdır. Əsas problemi isə dünya bazarları ilə yetərincə əlaqələnə bilməməsidir.

Mərkəzi Asiya dövlətlərinin dünya okeanına birbaşa çıxışı yoxdur. Çin Avropaya gedən marşrutlarını şaxələndirməyə çalışır. Rusiya sanksiyalardan sonra alternativ iqtisadi yollar axtarır. İran Şimal–Cənub dəhlizinin genişlənməsində maraqlıdır.

Azərbaycanın 1990-cı illərin məğlubiyyəti üzərində yaradılmış inhisarçı geosiyasi arxitekturanı dəyişməsi və regionu dünyaya açması Zəfərimizin coğrafiyasını genişləndirərək ona yeni strateji tərəfdaşlar qazandırır. Lakin istər ABŞ, istərsə də Çinlə münasibətlərində ölkəmiz heç bir dövlətin forpostuna çevrilmədən əməkdaşlıq, ticarət, mübadilə və qarşılıqlı fayda prinsipini qoruyur.

2024-cü ildə Astana ŞƏT sammiti çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edildi. Cəmi doqquz ay sonra, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.

Si Cinpinin 2025-ci ildə Tianjində İlham Əliyevə “əziz dostum” deyə müraciət etməsi iki lider arasındakı münasibətin protokol sərhədlərini aşdığını göstərirdi.

Azərbaycan son otuz ildə Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars, Ələt limanı və başqa layihələri dəyişən siyasi gündəmlərdən qoruyaraq uzunmüddətli dövlət strategiyasına çevirib.

Çin “Bir kəmər, bir yol” layihəsində məhz belə tərəfdaşlar axtarır.

Azərbaycan da təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən olub. Son illər Orta Dəhlizin əhəmiyyətinin artmasını Rusiya–Ukrayna müharibəsi ilə izah etmək geniş yayılıb. Lakin Bakı Şərq–Qərb infrastrukturu üzərində Ukrayna müharibəsindən çox əvvəl işləyirdi.

Əvvəlki onilliklərin investisiyaları indi yeni beynəlxalq şəraitdə strateji üstünlüyə çevrilir.

Rusiya üzərindən Şimal marşrutunun siyasi riskləri artıb. İran üzərindən yollar sanksiya və təhlükəsizlik problemləri ilə üzləşir. Süveyş istiqaməti daha uzun dəniz yoludur. Orta Dəhliz isə Çini Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır.

Azərbaycanın rəsmi nəqliyyat məlumatlarına görə, Çinlə Avropa arasındakı bu xətt təxminən 8–10 min kilometr təşkil edir və yüklərin 12–18 gün ərzində daşınmasına imkan verir.

Qarabağdan sonra yol siyasəti

Azərbaycanın ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə Qarabağ Zəfəridir.

2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açır. Bakı–İrəvan sülhünün perspektivə çevrilməsi ilə Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Azərbaycan–Naxçıvan–Türkiyə istiqamətində əlavə çıxış qazanması Cənubi Qafqazın kommunikasiya xəritəsini köklü şəkildə dəyişə bilər.

Prezident Əliyevin Tianjində həmin bağlantını həm Orta Dəhlizin, həm də Şimal–Cənub xəttinin gələcək mühüm hissəsi adlandırması təsadüfi deyildi.

Qarabağ Zəfərinin regional iqtisadi nəticələri artıq görünür. Peşəkar beynəlxalq araşdırmalara görə, yaxın on ildə Orta Dəhliz boyunca üç Qafqaz ölkəsinin birlikdə ÜDM-i 35 faizə qədər arta, yeni iş yerlərinin sayı isə 2 milyona çata bilər.

Otuz il münaqişənin ayırdığı coğrafiya sülhdən sonra Avrasiyanı birləşdirən platformaya çevriləcək.

Ermənistan da barışdan qazanmaq fürsəti əldə edir. İrəvan ərazi iddiaları və blokada siyasətinin yaratdığı qapalı vəziyyətdən çıxaraq Azərbaycan və Türkiyə üzərindən daha böyük iqtisadi məkana çıxa bilər. Sülhün iqtisadi dayağı nə qədər güclü olarsa, yeni müharibələrin də qarşısı bir o qədər alınar. 

Bakı ŞƏT-ə yeni iqtisadi-siyasi mərkəzin orbitinə daxil olmaq üçün getmir. Azərbaycan nə KTMT-yə qoşulub, nə Avrasiya İqtisadi İttifaqına, nə NATO üzvlüyünü dövlət strategiyasına çevirib, nə də Avropa İttifaqına daxil olmaq üçün müraciət edib.

Lakin onların hər biri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.

Uzun illər Azərbaycanın xarici siyasəti haqqında sual belə qoyulub: Bakı Qərbə gedir, yoxsa Şərqə?

Coğrafiyası eyni zamanda Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya və Avropa məkanına açılan dövlət üçün belə seçim süni olardı.

Azərbaycanın üstünlüyü müxtəlif siyasi və iqtisadi mərkəzləri öz ərazisində birləşdirmək bacarığındadır.

Türkiyə Azərbaycanın hərbi və siyasi qardaşıdır. Çinlə hərtərəfli tərəfdaşlıq qurulub. Pakistanla münasibətlər strateji müttəfiqlik  səviyyəsindədir. Mərkəzi Asiya dövlətləri ilə Xəzərin iki sahili vahid geosiyasi və geoiqtisadi regiona çevrilir. Avropa Azərbaycan qazını alır və Orta Dəhlizin inkişafında maraqlıdır. Rusiya və İran Şimal–Cənub xəttinin tərəfləridir. ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin yeni mərhələsində mühüm siyasi rol oynayır.

Azərbaycan üçün təhlükəsiz xarici siyasət modeli rəqib güc mərkəzlərinin heç birindən birtərəfli asılılığın yaranmamasıdır.

Qarabağ Zəfəri Azərbaycanın siyasi coğrafiyasını dövlət sərhədlərindən qat-qat böyük miqyasda genişləndirib",-deyə Zahid Oruc bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 Kişilik və mərdlik etalonu Fuad Poladov  

Mən xalq artistiyəm, necə xaricə gedib deyim ki, mənim ölkəmdə olan həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı.Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.Aktyorun özünün dediyinə görə çox şuluq, ipə-sapa yatmayan uşaq olub. Tez-tez dərs buraxıb, müəllimlərə mane olub. Atası həddindən artıq ciddi, zəhmli adam olduğundan şuluq hallar olanda onu məktəbə dayısı aparırmış.Anası Hənifə ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi...

31 Avqust 2026, 16:25

İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.CityPost.az xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani...

31 Avqust 2026, 16:14

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü başa çatıb.Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilir.

31 Avqust 2026, 16:11

Lukaşenko haqqında ən maraqlı 25 fakt

Ən yeni tarix. Maraqlı faktlar.Sağıcı oğlu, sağıcı əri - 32 ildir prezident olan 72 yaşlı Lukaşenko haqqında ən maraqlı 25 fakt.30 avqust Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun doğum günüdür. O, bir neçə dəfə ad gününün avqustun 31-də, oğlu ilə eyni gündə olduğunu açıqlasa da, prezidentin rəsmi anketində bu tarix 30 avqust göstərilir. 32 il prezident kürsüsündə əyləşən 72 yaşlı Aleksandr Lukaşenko haqqında ən maraqlı 25 faktı təqdim edir.1. Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Orşanski rayonunun Kopıs qəsəbəsində anadan olub.2. Uşaqlıqdan atasız böyüyən Aleksandr Lukaşenko anasının soyadını daşıyır.3. Anası Yekaterina Trofimovna 20 ildən artıq bir müddətdə kənddə sağıcı işləyib.4. Lukaşenko...

31 Avqust 2026, 15:36

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.CityPost.az xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

31 Avqust 2026, 11:49

Özünüzə xadimə tapın! -Aqşin Yenisey yazır

Azərbaycanın düşüncə mühiti sxolastik mühitdir. Alimlərimiz, yazıçı və şairlərimiz, siyasətçilərimiz, həkimlərimiz, müəllimlərimiz, din xadimlərimiz, bir sözlə, zehni əməklə məşğul olan hər kəs qartımış sxolastikdir, cüzi və təsirsiz istisnalar var əlbəttə.Nədir sxolastika? Öz sözlərimlə desəm, dincə qoyulmuş beyinlə düşünmək, daha doğrusu, bizə qədər düşünülənləri əzbərləmək və zamanla bunların öz düşüncələrimiz olduğuna inanmaq. Düşünmə əyləmini şüuraltılaşdırmaq. Cəmi 27 il ömür yaşamış ingilis riyaziyyatçısı və filosofu Frenk Ramsey isə sxolastikanı düşüncənin tənbəlliyi və süstlüyü adlandırıb onu fəlsəfə üçün təhlükə kimi görürdü. Ramseyə görə, nə vaxtsa bulanıq və qaranlıq olanı dəqiq bir əminlik kimi qətiləşdirib şübhəyə yer qoymamaqdır sxolastika.Bizim düşüncə mühitimiz də eynən bu...

31 Avqust 2026, 11:26