Naxçıvan mədəniyyəti: Keçmişin mirası, gələcəyin strategiyası
Sənət aləmi 10 İyul 2026, 15:40
437
Mədəniyyət xalqın təkcə keçmişi deyil, həm də gələcəyini müəyyən edən strateji gücdür. Şəhər yolları təmiz ola bilər, amma onu tarixə çevirən mədəniyyətidir. Bir xalqı güclü iqtisadiyyat zənginləşdirə bilər, lakin onu millət kimi yaşadan mədəni yaddaşıdır. Naxçıvan isə məhz bu yaddaşın əsrlər boyu qorunub saxlandığı nadir Azərbaycan torpaqlarından biridir. Minilliklər boyu formalaşmış zəngin tarixi irs, qədim memarlıq nümunələri, teatr və musiqi ənənələri, muzeyləri, elmi və ədəbi mühiti bu diyarı Azərbaycanın mədəni xəritəsində fərqləndirən əsas amillərdəndir.
Bilirik ki, mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin düşüncə modelidir. Məhz buna görə də inkişaf etmiş dövlətlər mədəniyyətə təkcə incəsənət sahəsi kimi deyil, milli təhlükəsizlik, dövlətçilik və insan kapitalının strateji istiqaməti kimi yanaşır.
Son illərdə dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, xüsusilə "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının qəbul edilməsi bu sahənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu konsepsiya milli-mənəvi irsin qorunmasını, mədəniyyət müəssisələrinin müasir idarəetmə prinsipləri əsasında inkişafını, rəqəmsallaşmanı, yaradıcı sənayelərin genişləndirilməsini və gənc nəslin mədəni proseslərə daha fəal cəlb olunmasını prioritet istiqamətlər kimi müəyyənləşdirir.
Bu strateji baxış fonunda isə Naxçıvanın mədəni mühitinə yenidən nəzər salmaq zərurəti yaranır. Sual yalnız zəngin irsin qorunub saxlanılmasından ibarət deyil. Əsas məsələ bu irsin müasir dünyanın tələblərinə uyğun şəkildə yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə daha müasir forma və məzmunda çatdırılmasıdır.
Naxçıvanın mədəniyyət tarixindən bəhs edərkən ilk növbədə bir həqiqəti qəbul etmək lazımdır: bu diyarın mədəni irsi təkcə keçmiş deyil və onu qorumaq kifayət etmir, o, həm də gələcəyin inkişafı üçün etibarlı təməldir. Əsrlər boyu burada formalaşmış zəngin mədəni mühit xalqın estetik zövqünü, milli kimliyini və mənəvi dəyərlərini yaşadaraq bu günə qədər gətirib çıxarmışdır. Məhz buna görə də Naxçıvanın mədəniyyət müəssisələri yalnız fəaliyyət göstərən qurumlar deyil, milli yaddaşın və dövlətçilik ənənələrinin daşıyıcıları kimi qiymətləndirilməlidir.
Bu siyasəti həyata keçirən mədəniyyət ocaqlarından biri də biri də məhz teatrdır. Yüz ildən artıq inkişaf yolu keçən Naxçıvan teatr məktəbi müxtəlif dövrlərdə Azərbaycan dramaturgiyasının klassik nümunələrini, dünya ədəbiyyatının seçilmiş əsərlərini və müasir müəlliflərin yaradıcılığını tamaşaçıya təqdim etməklə regionun mədəni həyatında mühüm rol oynamışdır. Burada formalaşan aktyor və rejissor məktəbi yalnız səhnə sənətinin inkişafına deyil, həm də milli düşüncənin, vətənpərvərlik ideyalarının və estetik dünyagörüşün formalaşmasına xidmət etmişdir. Teatr bu gün də cəmiyyətlə sənət arasında canlı dialoq yaradan ən təsirli mədəni platformalardan biri olaraq qalır.
Naxçıvan Dövlət Filarmoniyası və onun nəzdində fəaliyyət göstərən yaradıcı kollektivlər regionun musiqi mədəniyyətinin qorunması və inkişaf etdirilməsində mühüm missiya daşıyır. Filarmoniya yalnız konsert təşkil edən müəssisə deyil, milli musiqi yaddaşının qorunub gələcək nəsillərə ötürülməsini təmin edən mühüm mədəniyyət institutudur.
Naxçıvanın zəngin muzey şəbəkəsi bu qədim diyarın tarixini, arxeoloji irsini, görkəmli şəxsiyyətlərini və milli-mədəni dəyərlərini gələcək nəsillərə çatdıran canlı elm və maarifçilik məkanlarıdır. Heydər Əliyev Muzeyi, Naxçıvan Tarix Muzeyi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bəhruz Kəngərli kimi görkəmli şəxsiyyətlərin ev-muzeyləri, eləcə də digər muzeylər təkcə eksponatların nümayiş etdirildiyi məkanlar olmamalı, həm də tarixlə müasir insan arasında mənəvi körpü rolunu oynamalıdır.
Mədəni inkişafın vacib dayaqlarından biri də kitabxanalardır. İnformasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi bir dövrdə kitabxanalar öz ənənəvi funksiyalarını qorumaqla yanaşı, bilik mübadiləsinin, elmi tədqiqatın və intellektual mühitin formalaşmasının əsas mərkəzlərindən biri olaraq fəaliyyət göstərir. Xüsusilə gənclərin mütaliəyə marağının artırılması, rəqəmsal informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və müasir kitabxana xidmətlərinin inkişafı bu sahənin gələcək perspektivlərini müəyyən edən mühüm amillərdəndir.
Naxçıvanın memarlıq irsi isə bu diyarın mədəni kimliyini tamamlayan ən möhtəşəm sütunlardan biridir. Möminə Xatun türbəsi, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, Əlincəqala, Xan Sarayı və digər tarixi-memarlıq abidələri yalnız keçmişin yadigarları deyil, Azərbaycan dövlətçilik tarixinin, memarlıq məktəbinin və yüksək estetik zövqünün canlı nümunələridir. Bu abidələr Naxçıvanın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiq etməklə yanaşı, mədəni turizmin inkişafı üçün də böyük potensial yaradır.
Bütün bunlar göstərir ki, Naxçıvan bu gün də zəngin mədəni potensiala malikdir. Tarixi irs, peşəkar sənət məktəbləri, yaradıcı kollektivlər, mədəniyyət müəssisələri və intellektual mühit regionun gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır. Qarşıda duran əsas vəzifə isə bu potensialı müasir dövrün tələblərinə uyğun idarə etmək, yeni yaradıcı yanaşmalarla zənginləşdirmək və milli mədəniyyətimizin davamlı inkişafına xidmət edən dayanıqlı modelə çevirməkdir.
Özümüzə belə bir sual verək: mədəniyyət cəmiyyətin həyatında hansı yerdədir?
Mədəniyyət yalnız teatr səhnəsində oynanılan tamaşa, filarmoniyada səslənən musiqi və ya muzey vitrinində nümayiş olunan eksponat deyil. O, cəmiyyətin düşüncə tərzi, həyat vərdişi və mənəvi davranış modelidir. Əgər mədəniyyət gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmirsə, deməli, onun cəmiyyətlə əlaqəsini daha da gücləndirmək üçün yeni yanaşmalara ehtiyac var.
Rəqəmsal texnologiyalar, sosial media platformaları və sürətlə yenilənən informasiya axını insanların diqqətini hər gün yeni istiqamətlərə yönəldir, onların yaşamaq və ünsiyyət qurmaq formasını köklü şəkildə dəyişir. Belə bir şəraitdə mədəniyyətin əsas vəzifəsi təkcə öz mövcudluğunu qorumaq deyil, həm də müasir insanın düşüncə ritminə uyğun yeni ünsiyyət vasitələri tapmaqdır. Bu gün artıq əsas məsələ insanların mədəniyyət müəssisələrinə gəlib-gəlməməsi deyil, mədəniyyətin insanların gündəlik həyatına nə dərəcədə daxil ola bilməsidir.
Burada cavabı axtarılan əsas suallardan biri də budur: biz mədəniyyəti insanlara aparırıq, yoxsa insanların mədəniyyətə gələcəyini gözləyirik? Müasir dövrdə bu yanaşmalar arasında böyük fərq var. Cəmiyyət artıq yalnız təqdim olunanı qəbul etmir; o, iştirak etmək, fikir bildirmək, paylaşmaq və mədəni prosesin bir hissəsinə çevrilmək istəyir. Deməli, mədəniyyətlə cəmiyyət arasında əlaqə birtərəfli deyil, qarşılıqlı və davamlı dialoq üzərində qurulmalıdır.
Digər mühüm məsələ isə mədəniyyətin həyat tərzinə çevrilməsidir. Mədəniyyət yalnız bayram və əlamətdar günlərlə məhdudlaşmamalı, insanların gündəlik seçimlərində, ailə mühitində, gənclərin maraq dairəsində və ictimai davranışında öz yerini tapmalıdır. Oxumaq, dinləmək, izləmək və müzakirə etmək mədəni vərdişə çevrildikcə, cəmiyyətin intellektual səviyyəsi də yüksələcəkdir. Mədəniyyətə olan tələbat inzibati üsullarla deyil, daxili ehtiyac və maraq əsasında formalaşdıqda onun təsir gücü daha davamlı olur.
Müasir dövr həm də yeni bir reallıq yaradıb: insanların ən qiymətli resursu vaxtdır. Çünki sürət dövründə yaşayırıq. Bu gün mədəniyyətin ən böyük rəqibi başqa bir mədəniyyət müəssisəsi deyil, insanların diqqətini cəlb edən saysız-hesabsız informasiya və əyləncə mənbələridir. Belə bir şəraitdə mədəniyyət ənənəvi təqdimat üsulları ilə kifayətlənə bilməz. O, müasir kommunikasiya vasitələrindən, rəqəmsal imkanlardan və yaradıcı təqdimat formalarından daha geniş istifadə etməklə cəmiyyətlə əlaqəsini möhkəmləndirməlidir.
Bununla yanaşı, gələcəyin mədəni mühitini formalaşdıracaq əsas qüvvə bugünkü gənclərdir. Əgər gənc nəsildə mədəni maraq, estetik zövq və milli-mənəvi dəyərlərə bağlılıq erkən yaşlardan formalaşdırılmırsa, gələcəkdə bu boşluğu doldurmaq daha çətin olacaq. Buna görə də mədəniyyət siyasətinin əsas hədəflərindən biri yalnız mövcud auditoriyanı qorumaq deyil, həm də yeni auditoriya formalaşdırmaq olmalıdır. Bu isə təhsil, ailə, media və mədəniyyət müəssisələrinin birgə fəaliyyətini tələb edir.
Naxçıvanın zəngin mədəni irsi və formalaşmış yaradıcı mühiti bu istiqamətdə geniş imkanlar yaradır. Lakin bu potensialın tam reallaşması üçün mədəniyyət yalnız qorunan sərvət kimi deyil, daim yenilənən, cəmiyyətlə nəfəs alan və dövrün çağırışlarına çevik cavab verən canlı bir sistem kimi inkişaf etməlidir. Ənənəyə sədaqət müasir yanaşmalara açıq olmaqla tamamlandıqda, mədəniyyət həm milli kimliyi qoruyan, həm də gələcəyə inamla baxan güclü ictimai institut kimi öz rolunu daha dolğun şəkildə yerinə yetirə bilər.
Bir sözlə, mədəniyyət cəmiyyətin arxasınca gedən deyil, cəmiyyətə istiqamət göstərən qüvvə olmalıdır.
Bəs bunun çıxış yolu nədədir?
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının müəyyən etdiyi strateji hədəflər Naxçıvanın mövcud mədəni potensialını yeni inkişaf mərhələsinə çıxarmaq üçün geniş imkanlar yaradır. Bu baxımdan regional model üç əsas istiqamət üzərində qurula bilər.
İlk növbədə, mədəniyyətin rəqəmsal transformasiyası sürətləndirilməlidir. Mədəniyyət müəssisələrinin fəaliyyəti yalnız fiziki məkanlarla məhdudlaşmamalı, rəqəmsal platformalarda da sistemli və cəlbedici şəkildə təqdim olunmalıdır. Bu, xüsusilə gənc nəslin mədəni proseslərə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İkinci istiqamət mədəniyyətlə təhsil və cəmiyyət arasında davamlı əməkdaşlığın gücləndirilməsidir. Məktəblər, ali təhsil müəssisələri, yaradıcı birliklər və mədəniyyət ocaqları arasında birgə layihələrin həyata keçirilməsi gənclərdə mədəni vərdişlərin formalaşmasına və milli-mənəvi dəyərlərin daha dərindən mənimsənilməsinə xidmət edəcəkdir.
Üçüncü istiqamət isə Naxçıvanın mədəni potensialının beynəlxalq səviyyədə daha fəal tanıdılmasıdır. Beynəlxalq festivalların, sərgilərin, yaradıcılıq mübadilə proqramlarının və mədəni turizm marşrutlarının genişləndirilməsi Naxçıvanın zəngin irsinin dünya miqyasında tanıdılmasına, eyni zamanda, regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verə bilər.
Nəticədə müasir dövr göstərir ki, mədəniyyətin uğuru artıq yalnız qorunan abidələrin, keçirilən tədbirlərin və ya fəaliyyət göstərən müəssisələrin sayı ilə ölçülmür. Əsl uğur mədəniyyətin insanın gündəlik həyatında nə qədər yaşaması, gənc nəslin dünyagörüşünün formalaşmasına necə təsir etməsi və cəmiyyətlə nə dərəcədə səmimi dialoq qura bilməsi ilə müəyyən olunur. Mədəniyyət yalnız keçmişi xatırlatmamalı, həm də gələcəyi formalaşdırmalıdır.
Həmçinin oxuyun
Mir Qabil Əkbərov
Naxçıvan Dövlət Milli Dram
Teatrının direktoru
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır
Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...
23 İyun 2026, 10:07
Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım
Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...
22 İyun 2026, 09:00
Şakira "Linkoln ilə Vəkil" serialının ulduzu ilə romantik münasibətə başlayıb?
Şakira "The Lincoln Lawyer" serialının ulduzu Manuel Qarsiya-Rulfo ilə görüşdə göründüyü zaman şəxsi həyatı ilə bağlı yeni şayiələr dalğasına səbəb olub .Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı qlobal ulduz çərşənbə axşamı gecəsi 44 yaşlı meksikalı aktyorla birlikdə Qərbi Hollivuddakı məşhur Sunset Tower Otelindən çıxarkən görüntüləndikdən sonra romantik münasibətlər şayiələrinə səbəb olub.Və bu, sadəcə iki məşhurun eyni anda səhnədən çıxması deyil. Cütlük eyni maşına minərkən paparassilər tərəfindən görüntülənib: Qarsiya-Rulfo maşın sürür, Şakira isə sərnişin oturacağında oturub.İkisi də bir-birinin yanında özlərini tamamilə rahat hiss edirdilər, dayanacaqda maşınlarını gözləyərkən zarafatlaşıb səmimi şəkildə gülümsəyirdilər.Qarsiya-Rulfo müğənni üçün otelin qapısını tutaraq əsl centlmen...
18 İyun 2026, 10:40
“Avroviziya” qalibi Bakıya gəlir
“Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.Festival 23-26 iyul tarixlərində Bakının “Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran “Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk “Avroviziya” qalibiyyətini gətirib....
17 İyun 2026, 17:37
Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti...
02 İyun 2026, 12:55
Roza Zərgərli Kadırovla görüşdü
Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.Citypost.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.“Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm.Bu, mənim üçün böyük şərəf və fəxrdir” , - deyə paylaşımda qeyd edib.
01 İyun 2026, 08:55